Hər il olduğu kimi bu il də Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin, həmçinin Aliməqam Rəhbərin mühafizə alayının kollektivi öz ailə üzvləri ilə birlikdə İslam İnqilabının Rəhbəri ilə görüşmüşdür.
Həzrət Ayətullah Xameneinin bu görüşdə etdiyi çıxışın tam mətni:
“Mehriban və bağışlayan Allahın adı ilə!
Əvvəla, sizləri bir-birinin ardınca gələn bu böyük bayramlar münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Həqiqətən də, bu bayramların hər biri şiələrin qəlbi üçün parlaq bir günəşə, gözqamaşdıran bir şüaya bənzəyir: Həzrət Əba Əbdillahil-Hüseynin (ə), Həzrət Səccadın (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) doğum günləri. İnşaallah, sizlərin hamınız üçün bu böyük bayramlar mübarək olacaqdır. Onların bərəkəti isə bundan ibarətdir ki, əvvəla, qəlbləriniz şad olsun, İnşaallah, ruhlarınız rahatlıq və İlahidən gələn mənəvi bir dinclik tapsın, bütün varlığınız Allaha inam, Uca Yaradana təvəkkül hissləri ilə dolub-daşsın. Əgər bu sadaladıqlarımı əldə edə bilsəniz, hesab edin ki, bu bayramlar sizin üçün büsbütün mübarək olmuşdur. Çalışmalıyıq ki, bütün bu xüsusiyyətləri özümüzdə görək. Qəlblərimiz şad olsun, ruhumuz və canımız İlahi bir rahatlığa qovuşsun, varlığımızda Allah-Taalaya inam və etimad hissi günü-gündən daha da artsın.
Normal halda hansısa bir pis işini görmədiyimiz insanın sözünə inanırıq, ondan borc pul istəyirik, onun vasitəsilə hansısa işləri görürük. Bu zaman o, bizim üçün müəyyən işləri görəcəyinə vəd verir. Adətən, belə bir halda biz onun sözlərinə inanır, irəli düşüb lazımi işləri görür, hazırlıq edirik. Halbuki, o, sadəcə olaraq bir insandır. Ola bilər ki, bizə söz verdiyinə görə peşman olsun, kimsə onu fikrindən döndərsin, bizə verdiyi vəd barədə unutsun, ya da bizə kömək üçün istifadə etməyi planlaşdırdığı imkanlar əlindən çıxsın. Onun vədinə xilaf çıxacağını ehtimal etmək üçün onlarla, bəlkə yüzlərlə səbəb vardır. Lakin buna baxmayaraq biz yenə də ona etimad göstəririk. Yaxşı, gəlin, xatırlayaq, Uca Yaradan möminlərə hansı vədləri verib? Tanrı möminlərə onlara qələbəni nəsib edəcəyi, düz yola istiqamətləndirəcəyi, ehtiyac duyduqlarını öyrədəcəyi:
اتّقوا اللَّه و يعلّمكم اللَّه و
“...Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədəndir...” (“Bəqərə” surəsi, ayə 282), həmçinin möminləri daim qoruyacağı, dünya işlərində yardımçı olacağı barədə vədlər verib. Uca Yaradan bizə bir bu qədər vədlər verib. Əlbəttə, bu İlahi vədlər mütləq deyil, onların gerçəkləşməsi üçün müəyyən şərtlər mövcuddur. Bu şərtlər də bir o qədər çətin deyillər, bizim öhdəsindən gəlmək iqtidarında olduğumuz şərtlərdir. Bu İlahi vədlərin reallaşacağına sübut isə budur ki, biz həmin şərtlərə əməl etdiyimiz bütün məqamlarda Uca Yaradan bizə yardımçı olmuşdur. Misal üçün, bir vaxtlar dövlətimizin güclə sövq etdirildiyi müharibəni qeyd etmək olar. Sizlər gəncsiniz və çox güman ki, məcburi müharibə illərində baş verən hadisələri dərk edəcək yaşda olmamısınız. Müharibə başlayanda bütün analitiklər, rəy və nəzər sahibləri, cəmiyyətin görkəmli nümayəndələri qəti şəkildə deyirdilər: “Bu müharibədə Səddam qələbə çalacaq, İran isə məğlub olacaq”. Yalnız müəyyən azsaylı insanlar – Allaha imanı, İslam dininin baxış aspektinə etiqadı olanlar, imam Xomeyninin (r.ə) hadisələrə baxış prizmasına etiqad bəsləyən şəxslər istisna idi. Onların qəlbi ümidlə çırpınırdı, az və ya çox! Onlar ümid edirdilər! Bəziləri kor-koranə ümid edirdilər, bəzilərinin isə qəlbi işıqlı və aydın idi.
Mən dəfələrlə bu xatirəni qeyd etmişəm: müharibənin ilk günləri idi. Birləşmiş ştabın kazarmasında toplaşmışdıq. Mən də orada idim, ölkə rəsmiləri – Prezident, Baş nazir (o zamanlar ölkə Prezidenti Bəni Sədr, Baş nazir isə mərhum Rəcai idi), Məclis nümayəndələrindən bir neçə nəfər və başqaları da iştirak edirdi. Hamımız bir yerə toplaşıb söhbət edir, məsləhətləşirdik. Həmin müşavirədə hərbçilər də iştirak edirdi. Arada hərbçilərdən biri mənə yaxınlaşıb: “Dostlarımız qonşu otaqda sizinlə xüsusi bir söhbət etmək istəyirlər”. Mən qalxıb onların ardınca getdim. Orada mərhum Fukuri, mərhum Fəllahi (bunları dəqiq xatırlayıram) və bir neçə başqa adam var idi. Əyləşdik, söhbətə başladıq. Məsələni xəbər aldım. “Ağa, bir baxın...” – deyib önümə bir vərəq qoydular (həmin vərəqi indiyə qədər xatirələrimin arasında qoruyub-saxlamışam; o vərəq əziz qardaşlarımızın öz əl xətti ilə yazılıb). “Bizim təyyarələrimiz bunlardır...”. Məsələn: F
Səddam müntəzəm olaraq Rusiya istehsalı olan təyyarələrlə hücuma keçir. Onun pilotları bizim pilotlarımız qədər məharətli deyildisə də, gördükləri işin həcmi böyük idi. Bir-birinin ardınca gəldikcə gəlirdilər. Müxtəlif növlü MİQ təyyarələrinə malik idilər.
Mən: “Oldu!” – deyib kağızı hərbçilərdən aldım, imam Xomeyniyə (r.ə) ‒ Cəmkarana apardım. Dedim: “Ağa, bu qardaşlar bizim qoşun komandirlərimizdir və bizim əlimizdəki olan-qalan hərbi qüvvə vur-tut bundan ibarətdir. Komandirlər belə deyirlər. Deyirlər ki, hərbi təyyarələrimiz maksimum 50-60 gündən artıq davam gətirməyəcək. Bizdə olan axırıncı C 130 qırıcı təyyarələrin 30-33 gündən artıq davam gətirməsi qeyri-mümkündür. Bizim bunlardan başqa təyyarəmiz yoxdur”. İmam (r.ə) mənə baxıb dedi (mən İmamın (r.ə) sözlərinin məzmununu sizə çatdırıram, eynilə hansı ibarələri işlətdiyi dəqiq yadımda deyil; çox güman ki, onun dəqiqliklə hansı sözləri dediyini hardasa qeyd etmişəm): “Bu, nə sözlərdir? Onlara deyin ki, getsinlər və döyüşsünlər! Allah yetirər, çatmayanı düzəldər, heç nə olmaz!” İmam (r.ə) təyyarə mütəxəssisi olmadığına görə məntiqlə onun sözləri mənim üçün qaneedici deyildi. Lakin İmamın (r.ə) daim haqlı, qəlbinin nurlu olmasına, Allah-Taalanın onu daim Öz himayəsi altında saxlamasına etiqadım var idi. Bilirdim ki, Uca Yaradan bu dahi insanı böyük bir işi yerinə yetirmək üçün yaradıb və onu heç vaxt darda qoymayacaq. Buna sidq ürəkdən inanırdım. Elə buna görə də ürəyim yerinə gəldi. Yadımda deyil, həmin gün, ya ertəsi gün hərbçilərin yanına qayıdıb dedim: “İmam (r.ə) buyurdu ki, gedin, əlinizdə olan hərbi təyyarələri bacardığınız qədər təmir edin və işə başlayın”.
5-6 gündən sonra tamamilə istifadədən çıxacağı ehtimal olunan həmin F 5, F 4 və F 14 təyyarələri bu günün özünə qədər hələ də Hərbi Hava Qüvvələrimizdə istifadə olunur! 1980-ci ildən artıq 29 il ötür; həmin hərbi təyyarələr isə hələ də işləyirlər! Əlbəttə, onlardan bir qismi müharibədə düşmən tərəfindən vurularaq yerə endirildi, aldığı güclü zərbələr nəticəsində sıradan çıxdı. Lakin bu biri tərəfdən də, həmin itkinin yeri doldurulurdu. Əlaqədar orqanlarda çalışan mütəxəssislərimiz lazımi detalları hazırlayaraq çatışmazlıqları təmin etməyə, tətbiq edilən sanksiyalara rəğmən bəzi zəruri ehtiyat hissələrini – bu sanksiyaları tətbiq edənlərə göz dağı olaraq – müəyyən yollarla ölkəyə gətirməyə və təyyarələri işlək vəziyyətdə saxlamağa müvəffəq oldular. Bundan əlavə, mütəxəssislərimiz həmin təyyarələrin konstruksiyasını öyrənərək iki cür yeni hərbi təyyarə də istehsal etdilər. Bildiyiniz kimi, hal-hazırda Hərbi Hava Qüvvələrimizdə ölkədə istehsal edilmiş iki növ hərbi təyyarə vardır ki, (əlbəttə, eynilə bizim əvvəlki təyyarələrimizə bənzəməsələr də, bunların konstruksiyasında əvvəlki təyyarələrdən də istifadə olunmuşdur. Mühəndisdir də... Hansısa konstruksiyaya baxır, onu diqqətlə öyrənir, təcrübə qazanır və özü yeni bir layihə hazırlayır) bunlardan biri təlim üçün istifadə olunan iki kabinəli, digəri isə hücum məqsədilə istifadə edilən bir kabinəli təyyarədir. Bundan əlavə, hələ də bazalarımızda əvvəlki təyyarələrimiz durmaqdadır.
Bax, bu, Allaha təvəkküldür! Bax, bu, Tanrının öz verdiyi vədə sadiqliyinin bariz nişanəsidir! Uca Yaradan təkidlə vurğulayaraq, hərtərəfli surətdə:
ينصره و لينصرنّ اللَّه من
“Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər...” (“Həcc” surəsi, ayə 40)
– deyə buyurursa, bu, o deməkdir, heç şübhəsiz, mütləq və mütləq Allah-Taala Onun dininə yardım edənlərə qələbə nəsib edəcək və yardımçı olacaq. Allah bunu vəd edirsə, mən və sizlər də Onun dinini dəstəklədiyimiz biliriksə, onda gərək Uca Yaradanın bizlərə qələbəni nəsib edəcəyindən xatircəm olmalıyıq!
Məcburi müharibə başladıqdan sonra da biz bəlkə onlarla, yüzlərlə dəfə (əgər xırdalıqları ilə hesablamaq istəsək, həddən artıq böyük rəqəmlər alınar və bu barədə uzun-uzadı danışmaq olar) Allahın nəsib etdiyi qələbələrin şahidi olmuşuq. Dəfələrlə Tanrının bizə yardımçı olduğunu görmüşük. Misal üçün, elə əsirlərin gəlişini qeyd edək... Bizim İraq tərəfdə 50 000 əsirimiz var idi. Əlli min! İraq tərəfdən də bizim əlimizdə bundan bir qədər az sayda əsir var idi. Fərq burasında idi ki, o tərəfin bizdə olan əsirləri hərbçilər, bizim onlarda qalan əsirlərimizin xeyli hissəsi isə mülki vətəndaşlar idi; insanları çöllərdən toplayaraq əsir aparmışdılar. Müharibə başa çatanda mən düşünürdüm ki, həmin əsirlərin Səddamdan alınması, yəqin ki, 30 il çəkər. 30 il! Çünki müharibələrdə əsirlərin dəyişdirilməsi prosesinin necə cərəyan etdiyinə yaxşı bələd idim. Dünya müharibəsində, Yaponiya müharibəsində 20-30 il ötəndən sonra hələ də tərəflərdən biri filan qədər əsirin qarşı tərəfdə qaldığını iddia edirdi. Qarşı tərəf isə bunu qəbul etmir və nəticədə də çək-çevir başlanırdı. Sonda, nəhayət ki, ortaq bir məxrəcə gəlirdilər. Azı yüz konfrans, iclas çağırılmalı idi ki, necə deyərlər, iynə ilə gor qaza-qaza filan qədər əsirin hələ də qarşı tərəfdə qaldığını sübuta yetirə bilək. Səddamın təbiəti bu cür idi də... Adamayovuşmaz, bədxasiyyət, xəbis, mərdimazar bir insan idi. Özündə müəyyən güc və qüdrət hiss edən kimi hökmən gücünü nümayiş etdirməyə çalışırdı. Belə bir adam idi... Səddam olduqca alçaq və mənfurxislətli bir insan idi. Alçaq və mənfur insanlar özlərində bir balaca güc və qüdrət hiss edən kimi özlərindən elə razı və aqressiv olurlar ki, onlarla qətiyyən qarşılıqlı münasibət yaratmaq olmur. Qətiyyən! Lakin bir az zəifləyəndə, özlərindən bir balaca güclüsünün qarşısında duranda qarışqadan da cılız olurlar! Özünüz də gördünüz ki?! Səddam ABŞ-a yalvarırdı. Sonuncu dəfə – amerikalılar İraqa hücum etməzdən əvvəl Səddam yalvarırdı ki, gəlin, bizimlə müttəfiq olun, hamımız İslam Republikasının əleyhinə birləşək. İntəhası, bəxti gətirmədi. Yəni ABŞ onun təklifini qəbul etmədi.
Mən güman edirdim ki, əsirlərin azad edilməsi 30 il çəkər. Lakin Uca Yaradan elə bir situasiya yaratdı ki... Bu səfehin Küveytə hücumu məsələsi ortaya çıxdı. O, bilirdi ki, Küveytlə vuruşmaq istəyirsə (əlbəttə ki, Küveytə qarşı döyüşməkdə məqsədi onu bütünlüklə işğal etmək idi), İrandan xatircəm olmalıdır. Əsirlər o tərəfdə qaldığı müddətdə isə bu, mümkün deyildi. Əvvəlcə o zamankı ölkə başçısına və mənə məktub yazdı. Qarşı tərəfdən müsbət cavab almadığına görə özü əsirləri azad etməyə başladı. Yəqin ki, həmin hadisəni xatırlayanlar var. Bir vaxt xəbər tutduq ki, əsirlər sərhədi keçib bu tərəfə gəlməkdədirlər. Eləcə bir-birinin ardınca dəstə-dəstə gəlib bu tərəfə keçdilər... Bax, bu, Allahın işi idi, məhz bu, Uca Yaradanın bizlərə nəsib etdiyi qələbə idi. Və bunun kimi hadisələr bu günün özünə qədər də davam etməkdədir.
Sizlər əziz bacı və qardaşlarımızsınız: həm buranın mühafizə edilməsində, həm də administrasiyasında xidmət göstərənlər, onların xanımları, övladları, oğlanları və qızları. Siz, həqiqətən də, xidmət göstərməkdəsiniz. Həm də olduqca həssas bir yerdə xidmət edirsiniz. Mən sizə hər hansı bir tövsiyə etmək istəsəm, şübhəsiz, tövsiyəm bundan ibarət olacaq ki, bəsirətinizi, ehtiyatlılığınızı və uzaqgörənliyinizi artırın. Uzaqgörənlik, bəsirət və ehtiyat! Xalqların başına gələn bəlalar bir çox hallarda gələcəyi görə bilməməyin, ehtiyatsızlığın nəticəsi olur! Bəzi şəxslərin yol verdiyi xətalar (siz elə bizim öz cəmiyyətimizdə də bəzən adi insanların, daha çox isə görkəmli şəxslərin səhvə yol verdiyinin şahidi olursunuz. Görkəmli şəxslərdən bu cür davranışlar daha az gözlənilir. Buna baxmayaraq bəzən onların yol verdiyi xətalar kəmiyyət baxımından adi insanlarınkından az olsa da, keyfiyyət baxımından daha ciddi olur), adətən, uzağı görə bilməmək, ehtiyatsızlıq ucbatından törədilir. Hamısını demirəm; əlbəttə, bir çoxu...
Uzaqgörənliyinizi, ehtiyatınızı artırın! Mən dəfələrlə çıxışlarımda Əmirəl-möminin Əlinin (ə), zənnimcə, Siffeyn döyüşündə dediyi bu sözləri qeyd etmişəm: Bilirsiniz ki, müəyyən baxımdan Əmirəl-möminin (ə) üçün döyüş bayrağını daşımaq Peyğəmbərdən (s) daha çətin idi. Belə ki, Peyğəmbərin (s) döyüş bayrağını ucaltdığı müharibələrdə dost və düşmən məlum idi. Əmirəl-mömininin (ə) bayraqdarı olduğu döyüşlərdə isə dost və düşmən bir o qədər də aydın seçilmirdi; düşmən də dostun dediyini deyirdi. Əmirəl-mömininin (ə) düşərgəsində qılınan camaat namazı Cəməl, Siffeyn və Nəhrivan döyüşlərində qarşı tərəfin düşərgəsində də qılınırdı. Bircə anlıq düşünün, həmin anda siz olsanız, nə edərdiniz? Təsəvvür edin ki, sizə deyirlər: “Qarşı tərəf batildir (haqsızdır)”. Siz isə cavabında: “Necə yəni? Bu namaz, bu ibadətlə?” – deyə cavab verirsiniz. Xəvaricdən bir çoxu zahirən olduqca ədəb-ərkanla namaz qılırdılar... Bir çoxu! Gecənin qaranlığından istifadə edib xəvaricin düşərgəsinə keçən Əmirəl-möminin (ə) gecəyarı birinin xoş avazla Quran ayələrini oxuduğunu gördü; olduqca yanıqlı, təsiredici bir səslə oxuyurdu... Əmirəl-mömininin (ə) yanında onunla birgə düşmən düşərgəsinə keçmiş bir nəfər də var idi. O, dedi: “Ey Əmirəl-möminin! Bəh, bəh! Bu ayəni bu cür gözəl oxuyan bir kəsin xoş halına! Kaş ki, mən onun saçının bir tükü olaydım! Çünki o, behiştə gedəcək, mütləq,..., sözsüz! Mən də onun bərəkəti ilə behiştə gedərdim...”
Bu hadisənin üstündən xeyli vaxt keçdi. Nəhrivan döyüşü başlamışdı. Düşmən məğlub edildikdən sonra Əmirəl-möminin (ə) qarşı tərəfdən öldürülənlərin yanına gəldi. Həzrət Əli (ə) ölmüş düşmən döyüşçülərinin başı üstündə dolaşır, üzü üstə düşənləri qaldırmağı əmr edir və onlarla söhbət edirdi. Həmin döyüşçülər ölmüşdülər, buna baxmayaraq Əmirəl-möminin (ə) məqsədi bu idi ki, dediklərini səhabələr eşitsinlər. Ölənlərdən birini qaldırmağı əmr etdi. Qaldırdılar. Həzrət Əli (ə) həmin gecə yanında olan şəxsə dedi: “Bunu tanıyırsan?”. O: “Xeyr, tanımıram” – deyə cavab verdi. Əmirəl-mömininin (ə) dedi: “Bu, həmin gecə Quranı o cür yanıqlı avazla oxuyan adamdır. Həmin o şəxsdir ki, sən onun başında bir tük belə olmağı arzu etmişdin. Burada “Danışan Quran”ın – Əmirəl-mömininin (ə) qarşısında durub, onun üstünə qılınc çəkir! Çünki bəsirəti bağlanıb, uzaqgörənliyi yoxdur, buna görə də nə baş verdiyini dərk edə bilmir”.
Mən dəfələrlə siyasi arena ilə müharibə meydanı arasında bənzətmə aparmışam. Hərbi əməliyyat zamanı ərazinin həndəsi planı əlinizdə olmasa, böyük səhvlərə yol verəcəyiniz ehtimal oluna bilər. Məhz buna görə də hərbçilər kəşfiyyata gedirlər. Hərbi əməliyyatlarda ən mühüm işlərdən biri kəşfiyyatdır. Hərbçilər ərazini yaxından görmək, düşmənin harada və necə yerləşdiyini, hansı mövqeləri tutduğunu, nə kimi maneələrin mövcud olduğunu öyrənmək, nə etməli olduqlarını bilmək üçün kəşfiyyata çıxırlar. Əgər bu məlumatlar əldə edilməsə, döyüş meydanı ilə yaxından tanışlıq olmasa, düşmən nəzarət altından çıxar və bir də görərsiniz ki, topxana, mərmilər səhvən düşmən tərəfin əvəzinə dost cəbhəyə tuşlanıb atəş yağdırır. Səhvən, bilməməzlik ucbatından... ! Siyasət meydanı da eynilə bu cürdür. Əgər bəsirətiniz açıq olmasa, müdrik və uzaqgörən olmasanız, dostu düşməndən ayırd edə bilməsəniz, bir də ayılıb görərsiniz ki, təbliğat artilleriyanız, danışığınız və əməlləriniz düşmənlərin deyil, dostların toplaşdığı tərəfə atəş açır. Hər kəs düşmənini tanımalıdır! Düşməni tanımaqda əsla səhvə yol verməməliyik! Məhz buna görə də uzaqgörənlik, aydın təsəvvür qabiliyyəti vacibdir!
Görkəmli şəxslərin, tanınmış insanların öhdəsinə düşən mühüm işlərdən biri də budur! Onlar reallığı qərəzsiz surətdə aydınlaşdırmalı, izah etməlidirlər! Korporativ maraqlar, cinahların təəssübü bir kənara qoyulmalıdır! Bunlar yalnız ziyan verə bilər! Həqiqəti dərk etmək lazımdır! Siffeyn döyüşündə cənab Əmmar Yasirin gördüyü ən mühüm işlərdən biri məhz həqiqəti açıqlamaq olmuşdur. Belə ki, qarşı tərəfdə duran Müaviyə və onun tərəfdarları cürbəcür təbliğatlar aparırdılar. Hal-hazırda, müasir dövrdə “psixoloji müharibə” adlandırılan bu davranış metodu yeni kəşf olunmuş bir metod deyil; üsulları o dövrkündən fərqlidir. Bu, əvvəllər də olub...! Həm də o dövrdəki psixoloji müharibədə düşmənlər indikindən xeyli məharətli olublar... Xeyli! Gördükləri işlərə baxanda, anlayırsan ki, bu işdə çox mahir olublar. Həm də zehinləri korlamaq formalaşdırmaqdan daha asandır! Bir söz eşidəndə, hansısa məqamda bəd gümana düşəndə, bu mənfi düşüncələrin zehninizə yol tapması onların zehninizdən təmizlənməsindən daha asandır. O dövrdə də bədxahlar üçün zehinlərə şübhələr, bəd gümanlar sızdırmaq asan bir iş idi. Bu tərəfdə isə həmin psixoloji müharibəyə qarşı müqavimət göstərməkdə özünü məsuliyyətli bilən şəxs cənab Əmmar Yasir idi. Siffeyn döyüşü zamanı baş verən hadisələr sırasında cənab Əmmar Yasirin ata minərək cəbhə boyu – öz döyüşçülərinin sıraları arasında gəzərək, bu günün təbiri ilə desək, ayrı-ayrı batalyonlara, briqadalara yaxınlaşıb hər birinin qarşısında durur, bir qədər söhbət edirdi. Onlar üçün müəyyən həqiqətləri açıqlayır, qəlblərində və zehinlərində təsir qoyurdu. Hardasa ixtilaf yarandığını, hansısa bir qrupun tərəddüd içində qaldığını, mübahisə düşdüyünü görən kimi dərhal özünü həmin yerə çatdırır, döyüşçülərlə söhbət aparır, izah edir, yaranmış düyünləri açırdı.
Elə buna görə də bəsirət, uzaqgörənlik olduqca mühümdür. Tanınmış, görkəmli şəxsiyyətlərin mühüm rolu da bundan ibarətdir ki, nəinki özlərində, ətrafdakılarda da bu uzaqgörənliyi və bəsirəti formalaşdırsınlar. Təəssüflər olsun ki, bəzən insan görür ki, görkəmli şəxsiyyətlərin özləri də uzaqgörən deyillər, dərk etmirlər, hadisələrin mahiyyətinə qətiyyən varmırlar. Bəzən düşmənin xeyrinə işləyən sözlər danışırlar, İslam Respublikasını təməlindən söküb-dağıtmaq istəyən bir cəbhənin mənafeyinə xidmət edən sözlər deyirlər. Bunlar tanınmış, görkəmli insanlardır, heç də pis, bədniyyətli adamlar deyillər... Lakin buna baxmayaraq bu cür xətalara yol verirlər. Uzağı görə bilməməkləri, bəsirətlərinin bağlı olması ucbatından... Bunu siz gənclər dəyərli əsərlər oxumaq, dərindən düşünmək, mötəbər və püxtələşmiş insanlarla söhbətlər aparmaqla (Mən təqlidçiliyi, deyilən hər bir sözü qəbul etməyi nəzərdə tutmuram) aradan qaldırın! Elə şəxslər var ki, lazımi arqumentlər gətirməklə insanı qane edə bilirlər. İnsanın zehnini qane edirlər. Hətta Həzrət Əba Əbdillahil-Hüseyn (ə) də hərəkatının başlanğıcında və davamında bu üsuldan istifadə etmişdir. Bu günlər imam Hüseynə (ə) aid olan günlər olduğu üçün bunları qeyd etməyi lazım bilirəm: imam Hüseyni (ə) yalnız Aşura günü baş verən döyüşlə tanımaq lazım deyil! Aşura günü imam Hüseynin (ə) həyata keçirdiyi cihad hərəkatının yalnız bir hissəsidir. İmam Hüseyni (ə) etdiyi açıqlamalarla, bəyənilən əməllərə dəvət etməsi, pisliklərdən çəkindirməsi, Mina və Ərəfatda müxtəlif məsələlərlə bağlı verdiyi izahlarla, alimlərə, görkəmli insanlara ünvanladığı müraciətlərlə (Həzrətin (ə) müxtəlif kitablarda qeyd olunmuş olduqca maraqlı və diqqətəlayiq bəyanatları var), daha sonra Kərbəlaya aparan yol boyu, həmçinin Kərbəlada – döyüş meydanında tanımaq gərəkdir! Kərbəla meydanının özündə belə o Həzrət (ə) həqiqətləri açıqlamağa, izah etməyə davam edirdi. Lazımi şəxslərin yanına gedib onlarla söhbət aparırdı. Təsəvvür edin, döyüş meydanıdır; tərəflər bir-birinin qanını tökməyə hazırlaşıb; o Həzrət (ə) isə qarşı tərəflə söhbət etmək, onları qəflət yuxusundan oyatmaq üçün hər bir fürsətdən istifadə edir. Əlbəttə, bəziləri qəflət yuxusunda yatmışdılar və İmamın (ə) söylədiyi sözlər onları ayıltdı. Bəziləri isə özlərini yuxuluğa vurmuşdular və sona qədər də ayılmadılar. Özünü yuxuluğa vuranları oyatmaq çətin, bəzən isə qeyri-mümkündür.
İnşaallah, bu sevincli bayram, bu sevincli bayramlar sizlərin hamınız üçün mübarək olsun! Qəlbləriniz sevinc və ümidlə, varlığınız isə İlahidən gələn dinclik və rahatlıq hissi ilə dolub-daşsın. İnşaallah, Allah-Taala qarşıya qoyduğunuz məqsədlərə çatmaq üçün sizə – kişili-qadınlı, qocalı-cavanlı hamıya inam, stimul bəxş etsin!
Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!”