Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Xalqın qətiyyətli rəyi, ayrı-seçkilik və sosial təbəqələşmə ilə mübarizə aparılmasını dəstəkləyən yekdil bir rəydir

Bəşəriyyətin xilaskarı Həzrət Məhdi Sahibəz-Zəmanın (ə.f) mübarək doğum günü ərəfəsində – bu gün səhər mənəviyyat dolu möhtəşəm bir atmosferdə keçən mərasimdə İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei öz fərmanı ilə 10-cu ölkə prezidentinin hakimiyyətini rəsmən təsdiqləmişdir. İslam İnqilabının Ali Məqamlı Rəhbəri əzəmətli İran xalqının  12 iyunda keçirilən prezident seçkilərində özünün 40 milyonluq iştirakı ilə unudulmaz bir tarixi hadisəyə imza atmasını yüksək qiymətləndirmiş, xalqın rəyini təsdiq edərək cənab Mahmud Əhmədi Nejadı respublika prezidenti kimi səlahiyyətlərinin rəsmən icrasına başlaması üçün hökm çıxarmışdır.

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Əhmədi Nejadın ikinci dəfə dörd il müddətinə respublika prezidenti seçilməsini təsdiq edən fərmanda  onuncu prezident seçkilərində  müdrik və vüqarlı xalqın 85 faizinin iştirakını məhz şərəfli İran xalqının özünün 30 illik zəhmətinə optimizm, qeyrət və əzmkarlıqla yanaşdığının və böyük dəyər verdiyinin aşkar nümunəsi hesab etdiyini bildirmişdir.  Ali Məqamlı Rəhbər hikmətli Allahın mərhəmətinə və fəzilətinə çoxlu şükürlər edərək bildirmişdir ki, xalqın misli-bərabəri görünməmiş qətiyyətli rəyi İslam İnqilabının bərəkətli, iftixar doğuran şüarlarını, yoxsulluq, korrupsiya, ayrı-seçkilik və sosial təbəqələşmə ilə mübarizə aparılmasını, yorulmaq bilmədən səy və çalışqanlıq göstərilməsini, habelə beynəlxalq imperialistlərin qarşısında cəsarətlə dayanılmasını dəstəkləyən yekdil bir rəydir.

Cənab Əhmədi Nejadın prezidentliyini rəsmən təsdiqləyən fərmanı Ali Rəhbərlik Məqamı Baş İdarəsinin sədri Hüccətul-İslam vəl-müslimin Muhəmməd Qolpayqani oxumuşdur.

Fərmanın tam mətni:

“Mehriban və bağışlayan Allahın adı ilə!

Allaha şükürlər olsun ki, bir daha İrana başıucalığı nəsib etdi, müdrik və vüqarlı xalqımızı isə daha bir möhtəşəm tarixi hadisəyə imza atmağa müvəffəq etdi. 2009-cu il iyun ayının 12-si tarixi İran xalqının möhkəm əzmi və güclü iradəsi ilə sətir-sətir yazdığı, müdrikliyi, uzaqgörənliyi və mübarizliyi bahasına üstündə əsərək qoruduğu tale kitabında parlaq bir səhifə oldu. Sonuncu prezident seçkilərində xalqın 85 faizinin səsvermə məntəqələrinə gələrək hamılıqla səsvermədə iştirak etməsi, əslində, bu şərəfli, qədim xalqın özünün 30 illik əməyinə canıyananlıqla, qeyrət və əzmkarlıqla, bu əməyin günü-gündən təkmilləşən yüksəlişinə, nöqsan və çatışmazlıqlarının aradan götürüləcəyinə böyük ümid və optimizmlə yanaşmasının bariz nümunəsidir.

Bütün bunlar hikmətli Allahın mərhəmət və fəzilətindəndir; bu dəyərsiz, aciz bəndə və daim Rəbbini xatırlayıb Onun qəzəbindən qorxan bütün qəlblər  bu mərhəmət və fəzilətin qədrini bilməlidir və bizlər də hər zaman şükür və minnətdarlıqla nemətlərin ətaedicisi olan Allahın kandarına acizanə şəkildə üzümüzü sürtməliyik.

Seçilmiş möhtərəm prezidentə xalqın misli görünməmiş bir qətiyyətlə səs verməsi həqiqətdə IX ölkə administrasiyasının iş fəaliyyətinin özünəməxsus parlaq cəhətlərinə verilən səs və dəstək olmaqla yanaşı, xalqın qeyd-şərtsiz əksəriyyətinin hansı məcrada istiqamətləndiyini də bir daha aşkara çıxarır. Bu, İslam İnqilabının bərəkətli və iftixar doğuran şüarlarına verilən səsdir; bu səs anti-imperializmə və beynəlxalq müstəmləkəçiliyə, yoxsulluq, korrupsiya, ayrı-seçkilik, həmçinin dəbdəbəli, supersəviyyəli həyata meyilliliyə qarşı mübarizəyə verilən səsdir; bu səs sadə həyat tərzinə, xalqa yaxın olmağa, zəif və möhtac olanların halına ürək yandırmağa verilən səsdir; bu səs yorulmaq bilmədən, durmadan zəhmət çəkib çalışmağa verilən səsdir.

Bütün bunlar İran xalqının seçim etdiyi ölkə başçısının qarşısına qoyduğu tələblərin olduqca mühüm bir qismini əhatə etdi. Xalq sadalanan bu cəhətləri kimdə isə aşkara çıxardıqda ona könül bağlayır, İslam İnqilabının bu xalqa töhfə etdiyi azadlıq nemətindən bəhrələnərək həmin şəxsi iş başına keçirir, səlahiyyətli idarəetmə kürsüsünə oturdur.  

Mən bəşəriyyətin xilaskarı, Allahın əzəmətli vəlisi Həzrət Sahibəz-Zəmanın (ruhum Ona fəda olsun və Allah-Taala Onun zühurunu tezləşdirsin!) mübarək doğum günü ərəfəsində bu böyük bayram münasibətilə hamını səmimi-qəlbdən təbrik etmək istəyirəm. Həmçinin cənab Mahmud Əhmədi Nejadı onuncu prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edir, əzəmətli İran xalqının seçimini dəstəkləyir və bu seçimin qüvvədə olduğunu təsdiq etmək üçün bu şücaətli, zəhmətkeş, müdrik insanı İran İslam Respublikasının prezidenti təyin edirəm.

Uca Yaradana dua edirəm ki, cənab Əhmədi Nejada və onun həmkarlarına daim xalqın xidmətində durmaq, “İslam” kəlməsini ucaltmaq, əziz xalqımız və dövlətimiz yolunda dəyərli, layiqli və müsbət nəticələr verən addımlar atmaq, “ədalət və tərəqqi” istiqamətində çalışmaqda yardımçı olsun. Şübhəsiz ki, xalqın cənab Əhmədi Nejada verdiyi dəstək və mənim xalqın bu rəyini təsdiq etməyim yalnız və yalnız onun bu haqq yolda qətiyyətlə addım atdığı müddətdə keçərlidir.    

Sonda dahi imam Xomeyninin (r.ə), aliməqam şəhidlərimizin adını və xatirəsini sonsuz ehtiramla yad edirəm. Xalqımız əldə etdiyi möhtəşəm nailiyyətləri onlara borcludur. Onların pak ruhları üçün ən ali dərəcələri və Uca Yaradanın sonsuz rəhmətinin onların ruhuna şamil edilməsini Allah-Taaladan diləyirəm.

Salam olsun əməlisaleh bəndələrə!

Seyid Əli Xamenei

3 avqust, 2009-cu il

 

İnauqurasiya mərasiminin davamında İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bir daha hamını Həzrət imam Sahibəz-Zəmanın (ə.f) mübarək doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edərək ölkə başçısının inauqurasiya mərasiminin bu böyük bayram ərəfəsində keçirilməsini mübarək bir təsadüf adlandıraraq xüsusi qeyd etdi: “Diqqəti cəlb edən yeni, müstəsna və düşündürücü bir hadisə kimi dini demokratiya özündə xalqın seçkidə hamılıqla, ciddi şəkildə və heyranedici iştirakı ilə yanaşı, eyni zamanda onun İslami – İlahi meyarlara qarşı göstərdiyi diqqət və marağı da  təzahür etdirir. Xalq hakimiyyətinin dini əsaslara söykənən bu modeli bəşər cəmiyyətinin bugünkü ehtiyaclarına ciddi bir cavab hesab oluna bilər”.

Ali Məqamlı Rəhbər  istibdadçı rejimin hakimiyyəti dövründə ölkədə xalqın taleyüklü qərarların qəbul edilməsində heç bir rol oynamadığını, demokratiya və insan haqlarının saxta müdafiəçilərinin İslam İnqilabından əvvəlki diktator və monarxist rejimlə əlbir olduğunu, habelə bu rejimi himayə etdiyini xatırladaraq əlavə etdi: “Məhz İran xalqının həyata keçirdiyi möhtəşəm inqilab sayəsində bu xalqın ölkənin ictimai-siyasi meydanlarında fəal iştirakı və İlahi hökmlər qarşısında qorxu və itaətlə boyun əyməsi vəhdət halına gələrək “İslam Respublikası” adlanan bir gerçəkliyi formalaşdırmışdır”.

Həzrət Ayətullah Xamenei ölkədə dövlətçiliyin, yaxud İslamçılığın önə çəkilməli olduğu barədə fikirlərin yanlış və mənasız olduğunu deyərək xatırlatdı: “Dövlətçilik və İslamçılıq bir-birindən ayrı olan iki ünsür deyillər. Belə ki, İslamın, İlahi hökmlərə sığınmanın mahiyyətində məhz xalqa söykənmək, xalqın rəyinə və arzusuna ehtiramla yanaşmaq durur”.

Həzrət Ayətullah Xamenei son üç onlillikdə baş verən olayları, İran xalqının keçib gəldiyi enişli-yoxuşlu yolu İslam Respublikası dövlət quruluşunun işəyararlı bir hökumət modeli olduğuna bariz sübut adlandıraraq əlavə etdi: “Son 30 il ərzində ölkədə müxtəlif siyasi təmayüllü partiyaların iştirakı ilə 30-a yaxın seçkinin baş tutması, ümumxalq referendum yolu ilə Qurumun əsasnaməsinin, ölkə Konstitusiyasının və ölkənin əsas adminstrativ strukturunun təsdiq edilməsi İslam Respublikasının böyük bir potensiala malik olmasının əyani göstəricisidir. Bu potensialı kənardan hətta qərəzsiz olaraq müşahidə edənlər belə onu dərk etməkdə aciz qalmışlar”.         

Ali Məqamlı Rəhbər İslam İnqilabının qələbəsindən sonra İslam dövlətinin illər boyu tədricən keçdiyi yolu, hakimiyyət nüfuzunu saxlamasını, həmçinin icraedici hakimiyyət orqanlarının həmkarlıq şəraitində fəaliyyətini mövcud quruluşun təqdirəlayiq mahiyyət tutumuna malik olmasının real göstəricisi adlandıraraq xatırlatdı: “Bu illər ərzində ölkədə hakimiyyətdə olmuş bəzi administrasiyalar və onların fəaliyyətində mövcud dövlət quruluşunun əsas kursuna müvafiq olmayan bəzi sapmalara rast gəlinmişdir. Lakin İslam İnqilabı bu kimi neqativ halları həzm edərək, praktik olaraq, onlardan öz imkanlarının genişləndirilməsi istiqamətində bəhrələnmiş, təcrübə və potensialını artırmaqla öz yoluna daha da qüdrətlə davam etmişdir”.

Həmçinin Həzrət Ayətullah Xamenei İslam Respublikasının sarsılmaz və baqi olmasının sirrini onun təbiətində İslamçılıq və dövlətçilik, habelə dini demokratiya mahiyyətinin olması ilə əlaqələndirərək xüsusilə vurğuladı: “Allah-Taalanın fəziləti, xalqın, hakimiyyət nümayəndələrinin müdrikliyi və uzaqgörənliyi sayəsində İİR-in bu sarsılmaz mahiyyəti daim qorunub-saxlanacaq!”

Ali Məqamlı Rəhbərin inauqurasiya mərasimindəki çıxışının digər bir qismi isə 2009-cu il iyun ayının 12-də baş tutan seçkidən çıxarılan mühüm nəticələr və ismarışlarla bağlı oldu.

Həzrət Ayətullah Xamenei təkidlə qeyd etdi ki, olduqca mühüm olan onuncu prezident seçkilərinin İran xalqına ünvanladığı ən birinci ismarış məhz İslam Respublikası dövlət quruluşunun xalqın etimadını qazanmaq və kütləni səfərbər etmək qüdrətində olmasının sübutudur.

Ali Məqamlı Rəhbər bununla bağlı belə əlavə etdi: “İslam İnqilabının qələbəsindən sonrakı illərdə bəziləri İslam quruluşunun öz dövrünü başa vuracağını, camaatın gözündən düşəcəyini gözləyirdilər. Lakin ölkəmizdə baş tutan sonuncu seçki dünya miqyasında əhalinin seçkilərdə iştirak rekordlarını arxada qoyaraq belə bir aşkar həqiqəti sübuta yetirdi ki, İslam quruluşu 30 ildən sonra xalqın etimadını özünə cəlb etməkdə və insanları səfərbər etməkdə əvvəlkindən daha bacarıqlı və qüdrətlidir. Seçki fonunda baş vermiş bəzi hadisələr xalis həqiqət olan bu faktın üzərinə kölgə salmamalıdır”.

Həzrət Ayətullah Xamenei  İslam dövləti ilə xalqın arasında qarşılıqlı etimadın mövcud olmasını 12 iyun prezident seçkilərinin ikinci ismarışı kimi qeyd edərək bildirdi: “Müxtəlif siyasi təmayüllü insanların irəli çıxaraq öz sözünü deməsi, fikir mübadiləsi etməsi üçün meydanın açıq olması İslam dövlətinin özünəinam hissinə malik olmasının və mövcud quruluşun xalqa arxalanmasının əyani göstəricisi idi”.

Daha sonra Ali Məqamlı Rəhbər bu barədə bunları da əlavə etdi: “Xalq da qarşılıqlı olaraq movcud quruluşa etimad göstərdi. O, öz rəyini əks etdirən çoxsaylı bülletenləri seçki qutularına atmaqla seçim etdiyi dövlət quruluşuna diqqətlə yanaşaraq önəm verdiyini və bu quruluşu müsbət qarşıladığını bir daha  sübut etdi. Bu fakt həm də sübut etdi ki, İİR-də xalqın mövcud dövlət quruluşuna etimadsızlığından danışanlar əgər bunu qərəzli məqsədlə etməyirlərsə, onda məlumatsızlıqları ucbatından edirlər”.

Həzrət Ayətullah Xamenei təkidlə qeyd etdi: “Xalqın etimadı mövcud quruluşun əsas sərmayəsidir. Müxtəlif sferalarda çalışan məsul vəzifəli şəxslərdən öz davranışları ilə mövcud olan bu dəyərli etimadı daim artırmaları ciddi surətdə gözlənilir”.

Sonuncu prezident seçkilərinin ehtiva etdiyi daha bir ismarış kimi Ali Məqamlı Rəhbər camaatın canlanma və optimizm əhval-ruhiyyəsində olmasını qeyd etdi.

Həzrət Ayətullah Xamenei xatırlatdı: “Pərişan halda olan pessimist əhval-ruhiyyəli insan seçkidə iştirak etməyə əsla can atmır. Gənclərin, o cümlədən xalqın digər müxtəlif təbəqələrinin nümayəndələrinin seçkidə yekdilliklə iştirakı cəmiyyətdə ölkənin gələcəyinə olan optimist baxışın və böyük ümidvarlığın real göstəricisidir”.

İslam İnqilabının Rəhbəri 12 iyun prezident seçkilərinin bu kimi özəlliklərini açıqladıqdan sonra bu mühüm hadisədən qazanılan təcrübə barədə danışdı. Həzrət Ayətullah Xamenei xalqı və hökumət nümayəndələrini seçkidən qazanılan bu təcrübəyə ciddiyyətlə yanaşmağa dəvət edərək dedi: “12 iyun prezident seçkiləri bizə ciddi şəkildə xəbərdarlıq edir ki, düşmən hər an pusqudadır və hətta ən yaxşı şəraitdə belə onun vura biləcəyi zərbələrdən qəflətdə olmaq olduqca təhlükəlidir”.    

İslam İnqilabının Rəhbəri düşmənin xalq üçün başağrısı və sıxıntı törətmək məqsədilə planlar cızmasının və bu bədxah planları həyata keçirmək istiqamətində əməli fəaliyyət göstərməsinin əldə olunmuş dəqiq məlumatlara əsaslanan bir fakt olduğunu xüsusilə qeyd edərək bildirdi: “12 iyun prezident seçkilərindən qazanılan mühüm bir təcrübə bundan ibarətdir: əgər biz siyasi-ictimai sferada bir-birimizə bədbin yanaşıb, düşmən gözü ilə baxsaq, hadisələri düşüncə və uzaqgörənliklə qiymətləndirməsək, həqiqi düşmən tərəfdən ciddi zərbə ala bilərik”.

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri təkidlə qeyd etdi: “Hər kəs – xalqın nümayəndələri, vəzifəli şəxslərin hamısı, müxtəlif siyasi təmayüllü insanlar, dövlətə və mövcud quruluşa etinasız yanaşmayan şəxslər, sözün həqiqi mənasında, uzaqgörən və ayıq-sayıq olmalıdırlar. Əlbəttə, xoşbəxtlikdən, xalqımız ayıq-sayıqlıq göstərdi və düşmənin qarışıqlıqdan istifadə edərək öz məqsədlərinə çatmasına heç bir vəchlə imkan vermədi”.

Həmçinin Həzrət Ayətullah Xamenei düşmənləri də baş vermiş son olaylardan ibrət götürməyə dəvət edərək təkidlə bildirdi: “Düşmən bilməlidir ki, qarşısında cəsarətlə dayanan hansı xalq və hansı dövlətdir. Düşmən elə güman etməməlidir ki, bayağı işlər görməklə bu xalqı diz çökdürə bilər!”

Həmçinin İslam İnqilabının Rəhbəri bu barədə xəbərdarlıq da edərək dedi: “Düşmənlər elə güman etməsinlər ki, xalqın 1357-ci ildə baş vermiş İslam İnqilabında möhtəşəm iştirakını parodiya etmək və o əzəmətli hərəkata mənasız bir karikatura hazırlamaqla İslam dövlətinə zərbə endirə bilərlər. Belə qüdrətli, köklü-köməcli qurum bu qəbildən olan işlərlə əsla sarsılmayacaq!”

Həzrət Ayətullah Xamenei məhz xalqın müdrikliyi və ayıq-sayıqlığının düşmənlərin müvəffəqiyyət qazanmasına maneəçilik törətdiyini bildirərək, habelə İran dövlətinin tarixində xalqın dini əqidəsindən sui-istifadə hallarına bir neçə nümunə gətirərək təkidlə əlavə etdi: “Zirar məscidi (İslamın ilk illərində münafiqlər tərəfindən İslama zərər vurmaq məqsədilə tikilmiş məscid) tikməklə, cani-dildən Qurani-Kərimə qərq olmuş  bir şəxsiyyət olan dahi imam Xomeynini (r.ə) təqlid etməklə bu müdrik xalqı aldatmaq qeyri-mümkündür. Çünki bu xalqın qəlbi iman nuru ilə işıqlanmışdır”.

Ali Məqamlı Rəhbər prezidentin inauqurasiya mərasimindəki çıxışını 12 iyun prezident seçkilərinin ortaya qoyduğu sınaqlar barədə söhbəti ilə davam etdirdi.

İslam İnqilabının Rəhbəri vüqarlı və başıuca İran xalqının bu böyük İlahi sınaqdan qalibiyyətlə çıxdığını deyərək xatırlatdı: “Öhdəsinə düşən vəzifəni dərk etmək, iman və sədaqət hissləri camaatın böyük əksəriyyətinin, gənclərin, ziyalıların və cəmiyyətin seçilmiş üzvlərinin seçkidə iştirak etməsi üçün mühüm təkanverici rol oynamışdır. Habelə seçkidən sonra da onlar qanuna itaət etməklə bu böyük imtahandan uğurla çıxdılar”.

İslam İnqilabının Rəhbəri son iki ayda baş verən olaylarla əlaqədar cəmiyyətin bəzi üzdə olan tanınmış nümayəndələrinin bu imtahandan üzüqara çıxmasına da xüsusi işarə edərək dedi: “Bu seçkilərdə cəmiyyətin bəzi məşhur üzvləri sınaqdan uğurla çıxmadılar. Sədaqət və xoş niyyətlə işə qoşulmuş bəzi gənclər də konkret hallarda bir sıra səhvlərə yol verərək bu sınaqda müvəffəqiyyətsizliyə düçar oldular”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, seçilmiş ölkə prezidenti və digər dövlət rəsmiləri xalqın ictimai-siyasi arenada iştirakı kimi böyük bir nemətə qarşı öz qədirdanlıqlarını əməli surətdə nümayiş etdirməlidirlər. Bunun da öz növbəsində onlar üçün sınaq meydanı olduğunu xatırladan Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalq tərəfindən rekord səsvermə göstəriciləri ilə bu mühüm vəzifə səlahiyyətlərinin həvalə olunduğu ölkə prezidenti və onun gələcək hökumət komandasındakı həmkarları xalqın imanına, İslamına qədirbilənliklə yanaşmalı, o cümlədən bütün səy və bacarıqlarını xalqa layiqli şəkildə rəhbərlik etmək və inqilabi amalları  irəli aparmaq uğrunda səfərbər etməlidirlər”.

Çıxışının sonunda Həzrət Ayətullah Xamenei gələcək hökumətin öhdəsinə düşən vəzifələr barədə bir neçə məqamı açıqladı.

Ali Məqamlı Rəhbər inauqurasiya mərasimində cənab Əhmədi Nejadın çıxışındakı əsas müddəalarının mühüm və aktual olduğunu bildirərək vurğuladı: “Təşkil ediləcək hökumət komandası qanuna söykənən iş proqramına əsaslanmaqla prezidentin irəli sürdüyü bu başlıca müddəaları praktik surətdə həyata keçirməlidir”.               

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, mömin İran xalqının seçkilərdə yüksək səviyyədə iştirakı kimi böyük bir İlahi nemət müqabilində şükür və minnətdarlıq olaraq qanunçuluğa riayət edilməsi və üçlü hakimiyyət qüvvələrinin həmkarlıq etməsi zəruridir. O, dövlət, məclis və məhkəmə hakimiyyətini birgə və həmrəy olmağa çağırdı.

Həzrət Ayətullah Xamenei ölkə başçısının və onuncu hökumət kabinetinin xalqın nümayəndələrinə və 12 iyun prezident seçkilərində iştirak etmiş hər bir seçiciyə aid olduğunu deyərək əlavə etdi: “Bu gerçəklik əməldə və gələcəkdə müəyyən olunacaq iş planlarında mütləq nəzərə alınmalıdır”.

Ali Məqamlı Rəhbər ölkə prezidentinin  çoxsaylı tərəfdarlarına işarə edərək dedi: “Ölkə prezidentini dəstəkləyən həmin çoxsaylı insanlara paralel olaraq digər iki qrup da vardır ki, onlara diqqətlə yanaşmaq lazımdır. Belə ki, bunlardan biri gələcək 4 il ərzində dövlətə qarşı müqavimət göstərəcək olan seçkidə uğur qazanmamış aqressiv müxalifətdir. Digər bir qrup isə mövcud quruluşa və hazırkı dövlət başçısına tənqidi yanaşmalarına baxmayaraq  onlarla ədavət aparmayan insanlardır. Onların fikirlərinə lazımi diqqət yetirmək gərəkdir və ümidvaram ki, məhz belə də olacaq”.

Həmçinin İslam İnqilabının Rəhbəri baş verən son olaylar zamanı fiziki və maddi baxımdan zərər çəkmiş, bəzi hallarda isə şərəf və heysiyyəti alçaldılmış insanlara yardım edərək onlara dəstək olmağın zəruriliyini təkidlə vurğulayaraq dedi: “Zərərçəkənlərə kömək etmək, günahkarların isə şəxsiyyətini müəyyənləşdirərək onları məsuliyyətə cəlb etmək lazımdır”.

Çıxışının sonunda Həzrət Ayətullah Xamenei əziz İran ölkəsinin saysız-hesabsız təbii resurslarına, maddi sərvətlərinə və insan potensialına malik olduğunu xatırladaraq əlavə etdi: “Bir sıra çatışmazlıqlar və geridə qaldığımız məqamlar da vardır. Ölkə başçısı və onun həmkarlarının ardıcıl səyi və çalışqanlığı, həmçinin müxtəlif təmayüllü, hətta hazırkı hökumətə tənqidi yanaşan insanların yardımı ilə irimiqyaslı və uzunömürlü tədbirlərin görülməsi sayəsində bu çatışmazlıqlar mütləq aradan qalxmalı, İslam dövləti xalqın ali hədəflərinə çatmaq yolunda öz möhtəşəm hərəkatını davam etdirməlidir”. 

Mərasimdə İİR-nın prezidenti cənab Əhmədi Nejad da çıxış edərək onuncu hökumətin gələcək 4 il müddətindəki fəaliyyət kursunun başlıca müddəaları barədə danışdı.

Ölkə prezidenti dini əsaslı xalq hakimiyyəti quruluşunun Qərb demokratiyaları ilə fərqli cəhətlərini açıqlayaraq bildirdi ki, KİV-də sərvət, korporativ maraqlar, güc və qüdrət əldə etmək məqsədilə genişmiqyaslı və üzdəniraq təbliğatın təşkil olunması, əslində, ənənəvi Qərb demokratiyasının əsas prinsipləridir. Cənab Əhmədi Nejad dini demokratiya quruluşunda isə həqiqi və həlledici rolun yalnız xalqa məxsus olduğunu xüsusilə qeyd etdi.

Həmçinin cənab Əhmədi Nejad İslam Respublikasının qurulmasının, habelə ötən 30 il ərzində xalqın ölkədə baş tutmuş müxtəlif seçkilərdə iştirakının dini demokratiyanın açıq-aşkar təzahürü olduğunu bildirərək dedi: “Müdrik və ayıq-sayıq İran xalqı onuncu prezident seçkilərində 40 milyonluq iştirakı ilə öz iradəsini həyata keçirdi; bununla da bədxahların təbliğatının və misli görünməmiş psixoloji hücumlarının ona heç bir təsir etmək iqtidarında olmadığını bir daha göstərdi. İran xalqı bu dəfə də İslam İnqilabının şüarlarını və imam Xomeyninin (r.ə) yolunu seçdi”.

Ölkə başçısı prezident seçkilərində müdrikcəsinə və həlledici iştirakına görə xalqın bütün nümayəndələrinə, dini və elmi dairələrdəki görkəmli insanlara, gənclərə, yeniyetmələrə və qadınlara öz dərin təşəkkürünü bildirərək fikrini bu cür izah etdi: “Hökumət yalnız xalqın kontekstində məna kəsb edir. Dövlət özünü 70 milyonluq İran xalqının və 40 milyon seçicinin xidmətində durmuş hesab edir”.

Cənab Əhmədi Nejad xatırlatdı: “Mən özümü bütün xalqa məxsus hesab edirəm və onun qulluğunda durmuşam. 40 milyon iranlı seçicinin hər biri bu böyük tarixi hadisədə iştirakı ilə iftixar hissi duya bilər; İran xalqının bütün nümayəndələri mənim üçün əzizdir”.

Ölkə başçısı İran İslam Respublikasının yeni bir mərhələyə daxil olduğunu, böyük və çoxcəhətli bir sıçrayışın – dönüş nöqtəsinin astanasında durduğunu vurğulayaraq bildirdi: “Onuncu prezident seçkiləri bir daha ölkənin tərəqqi və yüksəlişə doğru yüksələn xətt üzrə inkişaf etmək üçün gərəkli milli potensiala malik olduğunu göstərdi. Hamımız əl-ələ verib güclü əzmlə ötən 30 ilin təcrübəsindən səmərəli isifadə edərək İslam Respublikasını nümunəvi bir dövlətə çevirməliyik”.

Ölkə başçısı “ədalət prinsipi”ni gələcək üçün nəzərdə tutulan bütün proqramların, atılacaq bütün addımların mehvərində duran başlıca prinsip adlandıraraq əlavə etdi: “Hər bir kəs, ilk növbədə, İİR-nın vətəndaşıdır və qanun qarşısında hamı bərabərdir. Heç bir fərd, yaxud qrup özünü camaatdan və qanundan daha yüksəkdə hesab etməməli, ümumi mənafeyə əl uzatmamalıdır”.

Cənab Əhmədi Nejad xalqa ehtiramla yanaşaraq onun hüquqlarına riayət etmək, camaata minnət qoymadan xidmət göstərmək, düzlük, sədaqət, cəsarət, canıyananlıq, məzlumların müdafiəsinə qalxmaq kimi cəhətləri İslam dövlətinin digər özəllikləri sırasında sadalayaraq bildirdi: “Heç bir amil İran İslam Respublikasının tərəqqi və yüksəlişinə mane ola bilməyəcək. Xalqın iradəsi bütün bədxahların iradəsinə üstün gələcək!”

O əlavə etdi: “Xalqın iradəsinin qələbə çalmasına misal olaraq nüvə problemini xüsusi qeyd etmək olar. Nüvə problemi ilə əlaqədar təzyiqlər artdıqca xalq daha da qətiyyətli şəkildə öz iradəsini ortaya qoydu, diqqətəlayiq addımlar atdı və qadağaların ən qatı formada tətbiq edildiyi bir vaxtda “Ümid” süni peykini fəzaya buraxdı”. 

Daha sonra ölkə başçısı onuncu hökumətin mədəniyyət, iqtisadiyyat, xarici siyasət və sosial sferalardakı əsas fəaliyyət prinsiplərinə toxunaraq dedi: “Elm, ədəbiyyat, incəsənət sahələrinin, dini və akademik sferaların görkəmli xadimləri cəmiyyətin hərəkətverici qüvvələridir və onların müxtəlif fəaliyyət proqramlarının müəyyənləşdirilməsində iştirakı həlledici rola malik olacaq”.

Həmçinin Cənab Əhmədi Nejad vurğuladı: “Mən hər kəsi, xüsusən də ictimaiyyətin görkəmli nümayəndələrini ölkənin fəaliyyət proqramlarının hazırlanmasında və idarə olunmasında fəal və həmrəy surətdə iştiraka dəvət edirəm”.

Ölkə prezidenti tərəqqi və yüksəlişə doğru yüksək templə hərəkət etmək üçün bəzi strukturların, xüsusilə də iqtisadi strukturların yenidən nəzərdən keçirilməsinin zəruriliyini təkidlə qeyd edərək dedi: “İqtisadi islahat layihəsi iqtisadi sferadakı çətinliklərin həll olunması üçün ən böyük layihələrdən biridir. Bu layihənin başlanğıcı olaraq isə bank, maliyyə, paylanma sistemlərində islahatların həyata keçirilməsi, milli valyuta məzənnəsinin yüksəldilməsi və subsidiyaların (maliyyə yardımlarının) məqsədyönlü istiqamətdə yönəldilməsinə ehtiyac var”.

Cənab Əhmədi Nejad xüsusilə gənclər üçün yaşayış və məşğulluq probleminin həll olunmasını, milli istehsala və milli sərvətin istehsalına diqqətin artırılmasını onuncu hökumətin birinci dərəcədə önəm verəcəyi iqtisadi məsələlər sırasında sadalayaraq xatırlatdı: “Ümumiyyətlə, cəmiyyətdə asayiş, təhlükəsizlik, sədaqət, optimizm əhval-ruhiyyəsi hiss olunmalı, ölkədə milli birlik və həmrəylik qorunub-saxlanmalıdır”.

Cənab prezident onuncu hökumətin xarici siyasət kursu barədə belə dedi: “Beynəlxalq siyasi arenada fəal surətdə və bacarıqla iştirak etmək, beynəlxalq idarəçilikdə özünəməxsus rol oynamaq dövlətin xarici siyasətinin sərlövhəsi olacaqdır”.

Ölkə başçısı seçki ərəfəsində və seçki baş tutduqdan sonra zorakı dövlətlərdən bir neçəsinin İrana qarşı tutduğu düşmənçilik mövqeyinə də toxunaraq əlavə etdi: “İran xalqı sağlam düşüncə və məntiq tərəfdarıdır. Bu xalq “ədalət” və “mərdlik” şüarları naminə kompromisə getməyi bacarır, lakin heç bir zaman xəyanəti, eqoizmi və ədəbsizliyi qəbul etməyəcək!”

Cənab Əhmədi Nejad təkidlə bildirdi: “Əgər bu dövlətlər keçmişdə baş verən xoşagəlməz, mənfi halları kompensasiya edə bilsələr, ola bilsin ki, İran xalqının dostlarının dairəsinə bir yol tapalar!”

Çıxışının sonunda İslam İnqilabının dəyərli şəhidlərinin və imam Xomeyninin (r.ə) əziz xatirəsini sonsuz ehtiramla yad edən ölkə başçısı İslam İnqilabının Ali Məqamlı Rəhbərinə onuncu prezident seçkilərinin cərəyan etdiyi müddət ərzində verdiyi hikmətli öyüd-nəsihətlərə, dözümlülük və mübarizlik çağırışlarına görə təşəkkür və minnətdarlığını ifadə etdi.  

***

 

Mərasimdə həmçinin Ölkə üzrə Baş İcraiyyə Komitəsinin sədri (BİK) də çıxış edərək onuncu prezident seçkilərinin gedişatı barədə məlumat verdi: “Keçən ilin ortalarından etibarən artıq ötən seçkilərin araşdırılması və yekunlaşdırılması ilə eyni zamanda seçkiyə hazırlıq işlərinə də start verilmişdi. BİK seçkinin kəmiyyət və keyfiyyət baxımından səviyyəsinin yüksəldilməsi üçün özünün bütün imkanlarını səfərbər etmişdir”.

Cənab Məhsuli seçki ilə əlaqədar həyata keçirilmiş mühüm tədbirlərə dair açıqlama verərək dedi: “Əhalinin seçkidə misli görünməmiş şəkildə və həddən artıq fəal iştirakını nəzərə alaraq xüsusi qeyd etmək lazımdır ki, səsvermə günü kiçicik belə olsun, asayiş pozuntusuna rast gəlinməmişdir. Belə ki, səsvermənin davam etdiyi saatlar ərzində insanlar tam təhlükəsizlik şəraitində seçki məntəqələrinə gələrək səs vermişlər”.

BİK-in sədri səsvermə üçün ayrılan vaxtın 4 mərhələdə saat 22:00-a qədər uzadılmasına da toxunaraq qeyd etdi: “Seçkinin nəticələri barədə 23 xordad gününün ilk saatlarından etibarən xalqa məlumat verildi. Həmçinin BİK-in rəsmi elektron saytında namizədlərin ayrı-ayrı şəhərlər və səsvermə məntəqələri üzrə əldə etdiyi nəticələr də təfsilatı ilə yayımlanmışdır”.

Cənab Məhsuli seçkidə səlahiyyətli şəxslər və icraçılarla yanaşı, Nəzarət Şurasını təmsil edən müşahidəçilər, namizədlərin nümayəndələri, habelə BİK-in müşahidəçi ekspertlərinin iştirakının səslərin sayılmasına daha artıq diqqətin və mərhələli nəzarətin təmin olunması üçün lazımi şərait yaratdığını bildirərək əlavə etdi: “Səslərin sayılması prosesində prezidentliyə namizədlərin nümayəndələri də daxil olmaqla orta hesabla 14 nəfər iştirak edirdi. Hər bir seçki qutusundan əldə olunan  nəticə ayrıca elan edilməklə yanaşı, səslərin sayılması prosesində müşahidəçi qismində iştirak edən hər bir şəxsin əldə edilmiş nəticələri müqayisə etməsi, ehtimal olunan kiçicik belə olsun, xətanın üzə çıxarılaraq aradan qaldırılması üçün müvafiq imkan yaradıldı”.

BİK-in sədri səslərin təkrar sayılması və tam əminliyə nail olunması məqsədilə seçkidə əldə edilən nəticələrin öncədən elan edilmiş nəticələrlə müqayisə edilməsi üçün səslərin yüzdə on faizinin yenidən sayılması məsələsinə də toxunaraq bildirdi: “İslam İnqilabından sonra ölkədə baş tutan bu əzəmətli seçki nəticəsində və möhtərəm Konstitusiyaya Nəzarət Şurasının təsdiqi ilə cənab Əhmədi Nejad ümumilikdə 39399975 səsdən 24607461 nəfərin mütləq səs çoxluğu ilə İİR-in prezidenti seçildi. Xalqın seçkidə 40 milyon nəfərlik və 85 faizli iştirak rekordunu əldə etməsi dini demokratiyaya əsaslanan dövlət quruluşunun qarşısında yeni, daha möhtəşəm potensial imkanlara yol açıldığını bir daha açıq-aşkar şəkildə göstərdi”.

700 /