İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei XXVI Beynəlxalq Quran müsabiqəsinin iştirakçıları ilə görüşdə Qurani-Kərimin göstərişlərinə əməl olunmasını İslam ümmətinin izzət və ehtiramını, inkişaf və tərəqqisini, əzəmət və vəhdətini təmin edən mühüm amil adlandırdı. O, ölkədə birlik və həmrəyliyin qorunmasının vacibliyinə işarə edərək təkidlə bildirdi: “Ölkədə son günlər ərzində baş verən hadisələr heç bir vəchlə ixtilaf və uçurumun yaranması üçün bir vasitə olmamalıdır. Hamı qardaşcasına əl-ələ verərək bir-biri ilə həmkarlıq etməli və ölkənin tərəqqisi uğrunda çalışmalıdır”.
Görüşün əvvəlində beynəlxalq dərəcəli münsif və Quran ustadı cənab Əbülqasimi, Quran qiraəti bölməsinin birincisi cənab Hüseyni, Quranın bütövlükdə əzbərlənməsi üzrə birinci yeri tutmuş cənab Zuidat və XXVI Beynəlxalq Quran müsabiqəsinin beynəlxalq hakimi ustad Əbdülfəttah Taruti Qurani-Kərimdən ayələr oxudular.
İslam İnqilabının Rəhbəri xüsusilə bildirdi ki, bu cür Quran müsabiqələrinin və tədbirlərin keçirilməsinin əsas hədəfi müqəddəs Qurani-Kərimə yaxınlaşmaqdır. Daha sonra Ali Məqamlı Rəhbər qeyd etdi ki, Quran oxunduğu anda bizim bundan götürdüyümüz bəhrə yalnız Quran məclisində iştirak etmək, Quran tilavətini seyr etmək və dinləməkdən ibarət olmamalıdır. O, həqiqətdə qəlblərin də Quran tilavətindən bəhrə götürməli olduğunu bildirərək dedi: “Qurani-Kərim əməl etmək, dərk etmək və düşünmək üçündür. Qurana nə dərəcədə əməl etmiş olsaq, onun təsirini özümüzdə və yaşayışımızda bir o qədər hiss edəcəyik”.
Ali Məqamlı Rəhbər Allah-Taalanın möminlərə verdiyi qələbə vədinin mütləq reallaşacağını bildirərək qeyd etdi ki, əgər biz Qurani-Kərimin göstərişlərinə əməl edib İlahi vədlərin reallaşması üçün zəruri olan şəraitin yaranmasını təmin etsək, öz yaşayışımızda Tanrının bu vədlərinin necə gerçəkləşdiyinin şahidi olacağıq. Həmçinin Ali Məqamlı Rəhbər xatırlatdı: “Bu gün İslam dünyası Qurana əməl etməyə olduqca təşnə və möhtacdır. Quran bizim düşüncə və əməllərimizin əsas meyarı, mehvəri olmalıdır!”
İslam İnqilabının Rəhbəri İslam və Quranın düşmənlərinin müsəlmanların vəhdətinə zərbə endirməyə, vahid İslam ümmətinin üzvlərinin qəlbini biri-birinə qarşı bədbin ruhda kökləməyə çalışdıqlarını xatırladaraq əlavə etdi: “İslamın düşmənləri hiyləgərcəsinə Quranla heç bir ixtilaflarının olmadığını deyirlər. Halbuki, onlar Quranın bəşəriyyətə təlim edərək aşıladığı təməl prinsiplərə tamamilə müxalifdirlər”.
İslam İnqilabının Rəhbəri İran xalqının birgə və bölünməz bir xalq olmasına xüsusi işarə edərək bildirdi: “Birgə olmağın, Allahın ipindən möhkəm yapışmağın mənası budur ki, biz İslam dininin əsas prinsipləri baxımından həmrəy olaq! Hərçənd biz bəzi qeyri-prinsipial məsələlərlə bağlı müxtəlif nöqteyi-nəzərlərə malik ola bilərik. Bu isə vəhdət və həmrəyliyimiz üçün qətiyyən maneə deyil”.
Həzrət Ayətullah Xamenei bir daha səsləndirilən hər bir fikrə qarşı xeyli diqqətli olmağı, ixtilaf törədilməsindən çəkinməyi tövsiyə edərək təkidlə əlavə etdi: “İkinci dərəcəli məsələlər ucbatından başqalarını qəti şəkildə inkar edib onlardan uzaqlaşmaq məsləhət deyil. Hamı ölkənin quruculuq işində qardaşcasına əl-ələ verib həmkarlıq etməlidir”.
Ali Məqamlı Rəhbər son iki-üç gün ərzində baş verən olaylara da toxunaraq bildirdi: “Baş verənlər əsla ixtilaf və ziddiyyətin yaranması ilə nəticələnməməlidir. Heç kəsə haqsız yerə töhmət vurmaq, bircə işinə görə onu müsbət və məqsədyönlü hesab olunan hər bir şeydən uzaqlaşdırmaq lazım deyil”.
İslam İnqilabının Rəhbəri hamını əməllərində və danışığında vicdanlı olmağa çağıraraq, həmçinin Uca Yaradanın Qurani-Kərimdə hətta düşmənlərə qarşı belə insaf və ədalətə riayət etməyin vacibliyi ilə əlaqədar göstəriş verdiyini xatırladaraq qeyd etdi: “İslam Respublikasında cəmiyyətin müxtəlif rəy və düşüncəyə malik olan üzvləri mövcud dövlət quruluşunun əsas prinsiplərinə öz bağlılıqlarını elan edərək mütləq birgə olmalıdırlar!”
Ali Məqamlı Rəhbər zövqlərin və nöqteyi-nəzərlərin müxtəlifliyini tamamilə təbii bir hal adlandıraraq, habelə bunun müxtəlif dövrlərdə müşahidə olunduğunu qeyd edərək təkidlə bildirdi: “Rəy və yanaşmalardakı bu müxtəlifliyin şəxsi ambisiyalara qarışması işləri korlaya bilər. Elə buna görə də rəylərdəki bu fərqliliyin hansı məqamda şəxsi ambisiyalar, hansında isə öz öhdəsinə düşən məsuliyyəti dərk etməkdən irəli gəldiyini diqqətlə götür-qoy etmək lazımdır”.
Həzrət Ayətullah Xamenei Tanrının lütf və fəzilətini cəlb edən amillər sırasında vəzifəyə əməl etməkdə diqqətli olmağı və təqvaya riayət etməyi – yəni öhdəsinə düşən vəzifəyə əməl etmək naminə əlindən gəldiyi qədər lazımi səy və canıyananlıq göstərməyi xüsusi qeyd edərək dedi: “Vəzifəyə əməl etməkdə də diqqətlilik olduqca vacibdir. Belə ki, bu vəzifənin çərçivəsindən bir addım belə kənara çıxaraq ifratçılığa qətiyyən yol verilməməlidir”.
Sonda İslam İnqilabının Rəhbəri öz vəzifəsinə əməl etmək üçün səy göstərməyin və təqvaya riayət olunmasının zəruriliyinə işarə edərək əlavə etdi: “Allaha həmd olsun ki, bu günə qədər Onun lütfü və dəstəyi İran xalqına şamil olmuşdur”.
Görüşdə Vəliyyi-fəqihin nümayəndəsi, Vəqflər və Xeyriyyə İşləri Təşkilatının sədri Hüccətul-İslam vəl-muslimin Moslehi də öz növbəsində Qurani-Kərimlə bağlı görülən işlər barədə qısaca məlumat verərək bildirdi: “Təhsil sahəsində Vəqflər və Xeyriyyə İşləri Təşkilatının atdığı mühüm addımlardan danışarkən ali təhsil ocaqlarında fəaliyyət göstərən Quran Elmləri kafedralarının yeni yaradılmış Quran Elmləri universitetinin tərkibində birləşdirilməsini xüsusi qeyd etmək olar”.
Həmçinin o, qeyd etdi ki, müqəddəs məqbərə komplekslərinin və məscidlərin təşəbbüsü ilə 850 təfsir dərsi təşkil olunmuşdur və bu tədbirlərin mübarək Ramazan ayında daha da genişləndirilməsi planlaşdırılır. Daha sonra Hüccətul-İslam vəl-muslimin Moslehi əlavə etdi: “Xarici dillər üzrə tərcümə mərkəzi də öz növbəsində Qurani-Kərimi 7 dilə tərcümə etmiş və həmin tərcümələr müxtəlif ölkələrdə dəfələrlə nəşr edilmişdir”.
Hüccətul-İslam vəl-muslimin Moslehi XXVI Beynəlxalq Quran müsabiqəsində Quran mövzusunda 820 tədqiqat məqaləsinin təqdim olunduğunu xəbər verərək dedi: “Builki müsabiqədə 55 ölkəni təmsil edən 98 nəfər iştirakçı iştirak etdi. Ölkə daxilindən Quran qarilərinin yeni nəslinin görkəmli təmsilçiləri beynəlxalq münsiflər heyətində yer aldı”.