İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Haşimi Şahrudinin mübarək Məbəs bayramı münasibətilə ona ünvanladığı ümumi, inqilabi, hərbi məhkəmələrdə, habelə ölkə üzrə Dövlət Cəzalandırma və İslahetmə Təşkilatında mühakimə edilmiş bir qrup məhkumun cəzasının əfv edilməsi, yaxud yüngülləşdirilməsi ilə bağlı xahiş-müraciətə müsbət cavab vermişdir.
Ayətullah Haşimi Şahrudinin Həzrət Ayətullah Xameneiyə ünvanladığı məktubun və Ali Məqamlı Rəhbərin həmin məktuba verdiyi cavabın tam mətni aşağıdakı kimidir:
“Mehriban və bağışlayan Allahın adı ilə!
Həzrət Ayətullah Xameneinin mübarək hüzuruna müraciətlə
Ali Məqamlı İslam İnqilabının Rəhbəri,
Sizə öz salamımı və salamatlıq diləklərimi yetirərək bildirmək istəyirəm ki, mübarək Məbəs bayramı münasibətilə (29 tir ayı, 1388-ci il) və ölkə Konstitusiyasının 110-cu fəslinin 11-ci bəndinə əsasən ümumi, inqilabi, hərbi məhkəmələrdə, ölkə üzrə Dövlət Cəzalandırma və İslahetmə Təşkilatında mühakimə edilmiş, yuxarıda qeyd edilən tarixə qədər cəzası qətiləşdirilərək icrasına başlanmış bir qrup məhkumun aşağıdakı şərtlər daxilində əfv edilməsi, yaxud cəzasının yüngülləşdirilməsi xahiş olunur:
a) Həbs edilərək cəzaçəkmə müəssisələrində cəzasını çəkməkdə olan məhkumlar:
1. Üç ilə qədər həbs cəzasına məhkum edilmiş şəxslərin cəzasının geri qalan hissəsi; belə ki, 29 tir 1388-ci il tarixinə qədər ümumi cəzasının dörddə bir hissəsini çəkib qurtarmış olsun.
2. Üç ildən artıq həbs cəzasına məhkum edilmiş şəxslərin cəzasının üçdə iki hissəsi; belə ki, 29 tir 1388-ci il tarixinə qədər ümumi cəzasının beşdə bir hissəsini çəkib qurtarmış olsun.
3. Ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərin cəzası 15 ilə qədər azaldılır; belə ki, 29 tir 1388-ci il tarixinə qədər ən azı 10 il cəza çəkmiş olsun.
4. Qanuni hökmün çıxarıldığı tarixə qədər himayəsində bir, yaxud bir neçə övladı olan, hal-hazırda da onların qanuni himayəçisi sayılan qadın məhkumların cəzasının geridə qalan hissəsi;
5. 18 yaşına çatmamış məhkumların (cinayət törədərkən yaşı 18-dən aşağı olan məhkumlar nəzərdə tutulur) həbs və nağd pulla cərimə ödəmə cəzasının geridə qalan hissəsi; şəxsiyyətini təsdiq edən sənədə əsasən yaşı 65-dən yuxarı olan kişilər və 50-dən yuxarı olan qadınlar, şəxsiyyətini təsdiq edən mötəbər sənədi olmayan, vilayət mərkəzlərində rəsmi qaydada təsdiq edilmiş tibbi sənədə malik olan xarici vətəndaşlar.
b) Nağd pulla cərimə ödəməsinə məhkum edilmiş, lakin həmin cəriməni ödəmək üçün maddi imkanı olmayan və buna görə də həbsdə yatan şəxslər:
1. Yüz milyon riyala (100.000.000 riyal) qədər nağd pulla cərimə ödəməsinə məhkum edilmiş şəxslərin cəzasının geridə qalan hissəsi;
2. Yüz milyon bir riyaldan beş yüz milyon riyala qədər nağd pulla cərimə ödəmələrinin həcmi yüngülləşdirilərək məbləğin beşdə bir hissəsi həcminə endirilir.
Qeyd. Bir neçə dəfə mühakimə olunmuş şəxslərə (ömürlük həbs cəzası istisna edilməklə) əfv tədbiri tətbiq edilərkən onların barəsində məhkəmə tərəfindən çıxarılmış bütün əvvəlki hökmlər nəzərdən keçiriləcək.
c) Əfv tədbirindən yararlana bilmək üçün zəruri olan şərtlər:
1. Keçmişdə qəsdən cinayət törədərək mühakimə olunduğu halların sayı 2-dən artıq olmasın.
2. Həbsdə olan və əvvəllər əfv tədbirinin şamil olunduğu məhkumlar bu dəfəki əfv tədbirindən aşağıdakı şərtlər daxilində yararlana bilərlər: barələrində çıxarılan əvvəlki amnistiya hökmünün çıxarıldığı tarixdən etibarən ömürlük həbsə məhkum olunmuş şəxslər 5 il, qalanları isə cəzasının geridə qalan hissəsinin üçdə birini çəkmiş olsunlar.
Qeyd. Keçmişdə həbs cəzası əfv edilmiş, nağd pulla cərimə ödəməsi kəsilmiş və həmin məbləği ödəmək iqtidarında olmadıqları üçün məhbuslara onlara qarşı xüsusi şikayətçilər olmadıqda və sair müsbət hallar nəzərə alınmaqla əfv tədbiri şamil ediləcək.
3. 10 il və daha az müddətə həbs cəzasına, yaxud nağd pulla cərimə ödəməsinə məhkum olunmuş şəxslər əvvəlki dövrdə əfv tədbirindən yararlanmışlarsa, bu halda əvvəlki əfv tədbiri şamil olunduqdan sonra cəzalarının qalan hissəsi əsas götürülərək baxılacaqdır.
4. Barəsində xüsusi bir şikayətçi olmasın, 29 tir 1388-ci il tarixinə qədər şikayətçini razı salmış, yaxud xüsusi iddiaçıya və ya zərərçəkənə (istər fiziki, istərsə də hüquqi şəxs olsun) dəymiş zərəri ödəmiş olsun.
d) Hazırkı əfv tədbiri aşağıda sadalanan cinayətləri törədərək mühakimə olunmuş şəxslərə şamil edilmir:
1. Peşəkar qaçaqmalçılıq;
2. Silahlı qarət;
3. Qəddarcasına zorlama və zina;
4. Təhlükəsizlik əleyhinə cinayət törədərək mühakimə olunan şəxslər;
5. Müharibə;
6. Silah-sursat qaçaqmalçılığı;
7. Narkotik maddələrin silahlı, yaxud qruplaşma şəklində qaçaqmalçılığı;
8. Narkotik maddələrlə bağlı cinayət törətdiklərinə görə bir məhkəmə qətnaməsi ilə ömürlük, yaxud 20 ildən artıq həbs cəzasına məhkum edilmiş şəxslər;
9. Mühüm məzmuna malik olan adam oğurluğu, əmlakın mənimsənilməsi və rüşvətxorluq halları.
Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!”
Seyid Mahmud Haşimi Şahrudi
21.07.2009
“Allahın adı ilə!
Salamlarımı, salamatlıq diləklərimi və mübarək Məbəs bayramı münasibətilə təbriklərimi ifadə edərək irəli sürdüyünüz təkliflə tam razı olduğumu bildirirəm.
Allahın salamı və rəhməti sizə olsun!”
Seyid Əli Xamenei
21.07.2009