İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün hökumət nümayəndələri və xalqın müxtəlif təbəqələrini təmsil edən bir qrup insanla görüşündə əzəmətli İslam Peyğəmbərinin (s) besətini bəşər tarixində mühüm bir mərhələ adlandıraraq vurğuladı: “Bu gün müsəlman cəmiyyəti başlıca olaraq Peyğəmbərin (s) gətirdiyi İlahi ismarışlara əməl etməyə, ağlı və dərin düşüncəni meyar götürməyə, əxlaqi dəyərləri üstün tutmağa, habelə cəmiyyətdə qanunçuluğun hakim olmasını təmin etməyə böyük ehtiyac duyur. Bu baxımdan görkəmli şəxslərin, tanınmış insanların öhdəsinə düşən vəzifə olduqca əhəmiyyətlidir”.
Həzrət Ayətullah Xamenei bütün müsəlmanları və İran xalqını Besət bayramı münasibətilə ‒ İslam Peyğəmbərinin (s) “Tanrı peyğəmbəri” missiyasını yerinə yetirmək üçün təyin olunması ilə əlaqədar səmimi-qəlbdən təbrik edərək, həmçinin İslam Peyğəmbərinin (s) İlahi missiyasının ən önəmli qisminin məhz intellektual tərbiyə, təfəkkür və dərindən düşünməyə dəvətdən təşkil olunduğunu bildirərək əlavə etdi: “Böyük İslam Peyğəmbərinin (s) gördüyü birinci iş rasional düşüncəni cəmiyyətdə hakim etmək olmuşdur. Çünki cəmiyyətdə ağıl, düşüncə və təfəkkür qabiliyyətinin formalaşdırılması ilə bütün problemlərin həlli, nəfsin ram edilməsi, insanın daim ibadət və itaətdə olması üçün lazımi zəmin yaradıla bilər”.
Ali Məqamlı Rəhbər əxlaqi tərbiyəni İslam Peyğəmbərinin (s) öhdəsinə düşən missiyanın ikinci hissəsi hesab edərək xatırlatdı: “Cəmiyyətdə əxlaqi dəyərlərin rəvac tapması sağlam yaşayışı təmin edən təmiz ab-hava kimidir. Belə ki, əxlaqi dəyərlər insanları ambisiyalardan, cəhalətdən, dünyapərəstlikdən, şəxsi-qərəzlikdən, bir-birinə qarşı bədgümanlıqdan çəkindirir. Məhz buna görə də İslam dinində insanın əxlaqi cəhətdən saflaşması və yüksəlişi təlimdən daha üstün hesab olunur”.
İslam İnqilabının Rəhbəri qanunlara riayət edilməsi və qanunçuluğun təbliğini peyğəmbərlik missiyasının üçüncü önəmli qismi kimi qeyd edərək, habelə İslam Peyğəmbərinin (s) bu dinin göstərişlərinə və hökmlərinə əməl etməkdə hamıdan üstün olmasına xüsusi işarə edərək bildirdi: “Bütün bunlar müsəlman cəmiyyəti üçün bir meyar, həyat isə insanlar üçün sınaq meydanıdır”.
Həzrət Ayətullah Xamenei İran xalqının bugünkü izzət və əzəmətini bu xalqın ötən 30 il ərzində üz-üzə gəldiyi bütün sınaqlardan müvəffəqiyyət və başıucalıqla çıxmasının nəticəsi kimi qiymətləndirərək təkidlə dedi: “Uca Yaradan bu müvəffəqiyyətlərin mükafatı olaraq İran xalqına olduqca böyük nailiyyətlər bəxş etmişdir. Hal-hazırda da xalqımız İslam dininin uca hədəflərinə çatmaq yolunda cidd-cəhdlə hərəkət etməkdədir. Bütün bu səylərin nəticəsi isə İran xalqının öz kimliyini dərk etməsi və milli qürur hissi duymasıdır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dünyadakı imperialist supergüclərin İran İslam Respublikasına qarşı mübarizə aparmağı qarşılarına məqsəd qoymaları, İslam dövlətini öz xəbis niyyətlərinin, xüsusilə də Orta Şərq regionu ilə bağlı planlarının həyata keçməsi üçün maneə hesab etmələri İran xalqının, İslam quruluşunun və İran dövlətinin əzəmətinin bariz göstəricisidir”.
İslam İnqilabının Rəhbəri bütün bu nailiyyətləri məhz İran xalqının dini göstərişlərə əməl etməsinin real nəticəsi kimi dəyərləndirərək, habelə həlledici bir amil kimi görkəmli xadimlərin, cəmiyyətin tanınmış nümayəndələrinin, məsul vəzifəli şəxslərin toplum üçün örnək olduqlarını xatırladaraq qeyd etdi: “Ötən 30 il ərzində İran xalqı sədaqətli, güzəştə getməyi bacaran bir xalq olduğunu göstərdi. Prezident seçkilərinin ardınca ölkədə baş verən son olaylar zamanı da İran xalqının bu xarakterik cəhəti bir daha aşkara çıxdı”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqının nümayəndələri sırasında ictimai həyat sferasında müxtəlif zövqlərə malik olan insanlar vardır və sözsüz ki, onların hər biri öz nöqteyi-nəzərini bildirir. Buna baxmayaraq İran xalqı özünün mövcud dövlət quruluşu ilə düşmənçilik məsələsinin ortaya atıldığından, kimlərinsə (hətta xalqın ürəyincə olan və onun etiqad bəslədiyi şüarlarla çıxış etsələr belə) İslam dövlətinə zərbə endirməyə çalışdığından duyuq düşən kimi dərhal bu qrup insanlardan uzaqlaşır”.
Ali Məqamlı Rəhbər ölkədə baş vermiş son hadisələri İran xalqı üçün ötən illər ərzində topladığı təcrübələrə əlavə olunan bir təcrübə, mühüm, ibrətamiz bir dərs kimi qiymətləndirərək xüsusi vurğuladı: “İran xalqı baş vermiş hadisələrdən mühüm bir təcrübə qazandı, ibrət dərsi götürdü. Həmin dərs bundan ibarətdir ki, möhtəşəm xalq hərəkatı hətta tamamilə dinc və sabit şəkildə yüksələn xətt ilə cərəyan etdikdə belə düşmənin məkrli sui-qəsd planlarından bixəbər olmamaq lazımdır”.
İslam İnqilabının Rəhbəri xatırlatdı: “Baxmayaraq ki, hamı 40 milyona yaxın insanın iştirak etdiyi sonuncu seçkilərin İslam İnqilabının qələbəsindən bəri baş verən möhtəşəm bir hadisə, 30 ildən sonra mövcud quruluşun hələ də xalqı ictimai-siyasi meydana çıxarmaq iqtidarının göstəricisi olduğunu etiraf etdi, bununla belə hər kəs hətta belə bir şəraitdə də pusquda durmuş düşmənə və onun xalqa zərbə endirmək məqsədilə qurduğu məkrli planlara qarşı ayıq-sayıq olmağın zərurətini anladı”.
Həzrət Ayətullah Xamenei İran xalqının düşmənlərinin ölkənin daxili işlərinə qarışmadıqlarına əsaslanan iddiasına da toxunaraq bildirdi: “Düşmənlərin, xüsusilə də onların KİV-nin İranın daxili məsələlərinə dəxalət etdiyi tamamilə açıq-aşkardır. Belə olan halda bunun əksini iddia etmək düşmənlərin nə dərəcədə həyasız olduğunu bir daha göstərir”.
Ali Məqamlı Rəhbər özünün hələ bir neçə il öncə imperialistlərin informasiya agentlikləri və KİV-nin xalqların müstəqilliyinə qarşı iş aparmaqda, onları istiqlala və milli qürura aparan yoldan sapındırmaqda böyük rol oynadığı barədə xəbərdarlıq etdiyini xatırladaraq dedi: “İran xalqının düşmənləri öz KİV-inin köməkliyi ilə nadan və iğtişaşçı qruplara asayişi pozmaq, təxribat və qarşıdurmalar yaratmaq barədə açıq-açığına göstəriş verirlər. Digər tərəfdən isə onlar İranın daxili işlərinə qarışmadıqlarını iddia edirlər. Halbuki, onların ölkənin daxili işlərinə qarışması ən aşkar bir faktdır”.
İslam İnqilabının Rəhbəri iğtişaşçılarla camaat arasında fərq qoymağın zəruriliyini təkidlə vurğulayaraq əlavə etdi: “Əlbəttə, imperialistlərin KİV-i iğtişaşçıları himayə etmək məqsədilə onları “camaat” adlandırırlar. Halbuki, əslində, camaat bu iğtişaşçıları gördükdə kənara çəkilən və onların törətdiyi əməllərə nifrətlə yanaşan həmin 40 milyonluq bir cəmiyyətdir”.
Həzrət Ayətullah Xamenei təkidlə vurğuladı: “Ad-sanından, tutduğu mövqedən asılı olmayaraq cəmiyyəti təhlükəsizliyin, asayişin pozulmasına sövq etmək niyyətində olan hər bir fərd ümumilikdə İran xalqının nəzərində mənfur bir insandır”.
Ali Məqamlı Rəhbər təkidlə qeyd etdi ki, İran xalqının qarşıya qoyduğu yüksək amallar, cəmiyyətin dünya və axirət səadətinə qovuşması yalnız asayiş və təhlükəsizlik sayəsində reallaşacaq. O, görkəmli şəxslərə üzünü tutub əmin-amanlıq və təhlükəsizliyi pozmağı ən böyük günah hesab etdiyini bildirərək dedi: “Üzdə olan tanınmış və görkəmli şəxslər son dərəcə diqqətli olmalıdırlar. Belə ki, onlar tərəfdən cəmiyyətdə asayiş və təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hər bir şey ‒ deyilən hər bir söz, verilən təhlil və atılan hər bir addım İran xalqının zərərinədir”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Hər kəs danışdığı sözlərə, tutduğu mövqeyə, hətta demədiyi sözə qarşı da çox diqqətli olmalıdır. Belə ki, danışmaq lazım olan məqamda susmaq üzərinə düşən vəzifəyə əməl etməmək, danışılası olmayan məsələləri dilə gətirmək isə öhdəsinə düşən vəzifənin əksinə hərəkət etmək deməkdir”.
Həmçinin Həzrət Ayətullah Xamenei xüsusilə vurğuladı: “Görkəmli şəxslər xeyli diqqətli olmalıdırlar. Belə ki, onlar böyük bir imtahan qarşısındadırlar. Bu imtahandan uğursuz çıxmaq təkcə bir məğlubiyyət deyil! Bu, həm də onların gələcək süqutuna səbəb ola biləcək bir amildir!”
Ali Məqamlı Rəhbər belə bir xoşagəlməz aqibətdən qurtulmağın yeganə yolunun məhz ağıl və məntiqin əsas meyar kimi rəhbər tutulması olduğunu bildirərək əlavə etdi: “Şübhəsiz, ənənəvi siyasi işbazlıq rasional düşüncə demək deyil. Belə ki, siyasətbazlıq rasional düşüncəyə tamamilə ziddir və siyasi işbazlığı rasional bir addım hesab edənlər səhvə yol verirlər”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Rasional düşüncənin yeganə düzgün yolu məhz Tanrıya ibadət qapısını üzümüzə açıb genişləndirən yoldur. Onun meyarı isə budur ki, biz özümüz danışdığımız hər bir söz, tutduğumuz mövqe barədə ciddi düşünək. Düşünək ki, doğrudanmı bizim bu sözlərimiz, yaxud mövqeyimiz Allahın razılığını əldə etmək məqsədilə və saf niyyətlədir? Yaxud biz bunları bəzi şəxslərə xoş gəlməkdən ötrü edirik? Elə buna görə də biz özümüzü aldatmamalıyıq!”
Həzrət Ayətullah Xamenei Besət hadisəsinin özündə ehtiva etdiyi İlahi ismarışlar barədə dərindən düşünməyin və bu hadisəyə təkcə bir bayram kimi baxmamağın zəruriliyini xatırladaraq dedi: “İslam Peyğəmbərinin (s) yer üzünə göndərilməsi bəşəriyyət üçün olduqca mühüm bir mərhələdir. Belə ki, İslam Peyğəmbərinin (s) özünün 10 illik hakimiyyəti dövründə gerçəkləşdirdiyi hərəkat və onun bəşər tarixində əmələ gətirdiyi dəyişikliklər heç bir başqa hərəkatla əsla müqayisə oluna bilməz”.
Görüşün əvvəlində İİR-nın prezidenti cənab Əhmədi Nejad çıxış edərək iştirakçıları və bütövlükdə xalqı əziz İslam Peyğəmbərinin (s) Besət günü münasibətilə təbrik etdi. Ölkə prezidenti bu böyük tarixi hadisənin bəşəriyyətin cəhalət və zülm qaranlığından nicat taparaq doğru yola istiqamətlənməsində oynadığı əvəzsiz rolu xüsusilə qeyd etdi. Həmçinin o, bildirdi ki, İslam Peyğəmbəri (s) İslam dininin göstərişlərinə əməl etməkdə daim hamıdan öncül olmuşdur və bəşəriyyətin düçar olduğu bugünkü problemlər məhz onun İlahi Peyğəmbərin (s) bələdçilik etdiyi nurlu yoldan uzaq düşməsindən qaynaqlanır.
Ölkə prezidenti İran xalqının ötən 30 il ərzində nümayiş etdirdiyi səbir, dözümlülük və mübarizəyə toxunaraq əlavə etdi: “Müsəlman İran toplumu əzəmətli və aliməqam İslam Peyğəmbərinin (s) işıqlı yolu ilə getmək iftixarının daşıyıcısıdır. Bu xalq Peyğəmbərin (s) keçdiyi həyat yolunu özünə nümunə götürərək bəşəriyyətin düşmənlərinə insan hüquqlarını ayaqlar altına salaraq tapdamasına qətiyyən icazə verməyəcək!”
Həmçinin cənab Əhmədi Nejad ölkədə baş tutmuş prezident seçkilərinə toxunaraq xüsusilə vurğuladı: “Ölkəmizdə ən demokratik, ən izdihamlı və misli-bərabəri görünməmiş seçkinin baş tutması və xalqın iftixar doğuran İslam İnqilabı yolunu seçməsi İran xalqının və bəşəriyyətin işıqlı gələcəyinin müjdəsidir!”