İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün axşam ali təhsil ocaqlarının yüzlərlə tələbəsi və görkəmli elm xadimi ilə görüşündə İslam İnqilabının dördüncü dekadasında “ədalət və tərəqqi”nin reallaşması uğrunda optimist əhval-ruhiyyə və yüksək intellektlə çalışmağı hazırkı gənc nəslin, xüsusən də fəal tələbə hərəkatının öhdəsinə düşən ən mühüm vəzifə hesab edərək təkidlə qeyd etdi: “Əzmkar, müsəlman gənc nəsil gələcəyə optimizm dolu bir baxışla, dayanmadan səy göstərərək, düzgün və prinsipial bir strategiyanı rəhbər tutaraq yeni təfəkkür tərzinin formalaşdırılması, maddi və mənəvi baxımdan inkişaf etmiş bir müsəlman cəmiyyətinin yaradılması yolunda irəliləməlidir”.
Həzrət Ayətullah Xamenei İslam Respublikasının qurulmasından 30 il keçməsinə baxmayaraq bu quruluşun hələ gənc olduğunu və onun əsaslarının möhkəmləndirilməsi üçün hələ daha çox səy və çalışmaya ehtiyac duyulduğunu bildirərək əlavə etdi: “Məhz buna görə də İslam İnqilabının dördüncü onilliyi üçün “ədalət və tərəqqi” şüarı əsas seçilmişdir. İnqilabın dördüncü dekadasında bütün səylər və bütün sahələrdə hazırlanacaq tədbirlər proqramları bu böyük amallara doğru istiqamətləndirilməlidir”.
İslam İnqilabının Rəhbəri İslam Respublikası üçün nəzərdə tutulan inkişaf modeli barədə danışarkən belə xatırlatdı: “Bu, hərtərəfli – maddi və mənəvi aspektlərin hər ikisini özündə ehtiva edən bir inkişaf olmalıdır. Çalışmaq lazımdır ki, cəmiyyət yüksək məişət rifahından, məşğulluq səviyyəsindən, münasib elmi tərəqqidən bəhrələnməklə yanaşı ədalət, ali müsəlman əxlaqı, mənəviyyat, dərin iman, insanlarda həyat və fəaliyyət stimulunun günü-gündən artması kimi göstəricilərə də lazımi dərəcədə malik olsun”.
Həzrət Ayətullah Xamenei inkişaf və tərəqqiyə doğru aparan yolda insanı əsas məqsədindən sapındıran dolanbac yollara düşməməyin vacibliyini təkidlə qeyd edərək xatırlatdı: “Belə dolanbac yollara misal olaraq İslam İnqilabından əvvəlki dövrdə ölkədə rəhbər tutulan yanlış inkişaf yolunu göstərmək olar. Belə ki, o zamanlar qərbliləri zahirən təqlid etmək tərəqqi və inkişafa nail olmaq kimi qələmə verilirdi”
Ali Məqamlı Rəhbər əlavə etdi: “İnkişaf və tərəqqi yolunda bəzən cəmiyyət üzvlərinin düçar olduğu digər yanlış və dolanbac bir yol isə onların öz müsəlman, iranlı kimliyini inkar etməmələrinə baxmayaraq, ölkənin gələcək yüksəlişinə pessimistcəsinə, ümidsizliklə yanaşmasıdır”.
İslam İnqilabının Rəhbəri bu cür təfəkkür tərzinin bəzi şəxslər tərəfindən təbliğ olunmasına da işarə edərək dedi: “Təəssüflər olsun ki, belə bir yanlış düşüncə tərzinə “reallığı görüb, düzgün qiymətləndirmək” adı qoyulur, bunun mənası isə belədir ki, müsəlman bir xalq daim Qərbin ardınca getməyə, Qərbi təqlid etməyə məhkumdur”.
Həzrət Ayətullah Xamenei qeyd etdi: “Bu yanlış təfəkkür tərzi bəşəriyyətin uzunmüddətli təcrübəsinə ziddir. Belə ki, Uca Yaradan heç bir zaman insanlardan hansısa bir qrupunu tərəqqi və sivilizasiyanın mütləq sahibi kimi xəlq etməmişdir”.
Ali Məqamlı Rəhbər ölkənin son illərdəki elmi nailiyyətlərinə də toxunaraq dedi: “Cəmiyyəti dolanbac yollara istiqamətləndirən həmin yanlış təfəkkür tərzi başlanğıcda hazırkı elmi inkişafı da səmərəsiz və nəticəsiz hesab edirdi. Lakin əzmkar, müsəlman iranlı gənc öz zəhməti, habelə ardıcıl surətdə öz üzərində işləyərək elmini artırması nəticəsində hal-hazırda bəzi sahələr üzrə dünya səviyyəsindən də xeyli irəli getmişdir”.
Həmçinin Həzrət Ayətullah Xamenei xüsusilə vurğuladı: “Həqiqi tərəqqi və yüksəlişə çatmaq üçün optimist əhval-ruhiyyə ilə durmadan və proqramlı şəkildə çalışmaq lazımdır”.
Ali Məqamlı Rəhbər İslam İnqilabının gənc nəslinin ən mühüm vəzifəsinin məhz maddi-mənəvi tərəqqidən bəhrələnən nümunəvi bir müsəlman cəmiyyəti formalaşdırmaq naminə optimist və şüurlu fəaliyyət göstərməkdən ibarət olduğunu bildirərək əlavə etdi: “Bu yolda konkret missiya yerinə yetirməkdə təşəbbüs göstərən tələbələrin, yaxud tələbə hərəkatının öhdəsinə çətin bir vəzifə düşür. Lakin məsul şəxslərin və cəmiyyətin müxtəlif görkəmli nümayəndələrinin öhdəsinə düşən vəzifə daha ağırdır”.
İslam İnqilabının Rəhbəri rasionallığı və sağlam düşüncədən bəhrələnməyi İslam cəmiyyətinin bərqərar edilməsi və həqiqi tərəqqiyə nail olmaq üçün olduqca mühüm bir amil kimi qiymətləndirərək əlavə etdi: “Zəruri işlərdən biri də genişmiqyaslı debatların təşkil edilməsidir. Tələbələrlə yanaşı dini dairələrin nümayəndələrinin də iştirak edəcəyi bu cür debatlar müxtəlif problemlər ətrafında müzakirə və fikir mübadiləsinin aparılması, nəticədə isə novator düşüncə tərzinin meydana çıxmasında əhəmiyyətli rol oynaya bilər”.
Həzrət Ayətullah Xamenei təkidlə qeyd etdi: “Novator təfəkkürün düzgün istiqamətə yönəldilməsi olduqca vacibdir. Düzgün istiqamətə yönələ bilmək üçün isə təməl prinsiplərdən sapınmamaq əsas şərtdir”.
Ali Məqamlı Rəhbər cəmiyyətin rəhbər tutduğu təməl prinsipləri onun düzgün inkişaf istiqamətində olmasının əsas göstəriciləri adlandıraraq dedi: “Təməl prinsiplər çərçivəsində hərəkət etmək yanlışlığa, dolanbac yollara düçar olmanın qarşısını alır”.
İslam İnqilabının Rəhbəri çıxışının digər bir hissəsində tələbə hərəkatı üçün xarakterik olan xüsusiyyətlər sırasında öz fikrini və sözünü açıq-açığına demək, mühafizəkarlıqdan uzaq olmaq kimi cəhətləri sadalayaraq xüsusilə vurğuladı: “Əlbəttə, cəsarətli çıxışlar edən şəxsin niyyəti də təmiz və sədaqətli olmalı, həmçinin hansısa bir məqamda səhvə yol verdiyi aşkara çıxdıqda öz səhvini dərhal qəbul etməyi də bacarmalıdır”.
Həzrət Ayətullah Xamenei tələbələrdən birinin imam Xomeyninin (r.ə) görüşləri ilə necə tanış olmaq barədə verdiyi suala toxunaraq bildirdi: “İmam Xomeyninin (r.ə) bütün çıxışlarını, təfəkkür tərzini əks etdirən yazıları mütaliə edərək bütün bu əsərlərin məcmusundan onun nəzərlərini əxz etmək olar”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə, imamın (r.ə) görüşləri və etdiyi çıxışlar içərisində ümumi və xüsusi, mütləq və nisbi müddəalar var. Həmin müddəaları bir-biri ilə tutuşdurmaq və bütün bunların toplusundan İmamın (r.ə) görüşlərini çıxarış etmək üçün xüsusi işçi qruplar təşkil olunmalıdır”.
İslam İnqilabının Rəhbəri bəzi tələbələrin “Səda və Sima” dövlət teleradiokompaniyası barədə dediklərinə işarə edərək xatırlatdı: “Səda və Sima”nın sədrinin Rəhbərlik məqamı tərəfindən təyin edilməsi bu təşkilatın tənqid hədəfi olmasının qeyri-mümkünlüyünə əsla dəlalət etmir. Belə ki, milli Teleradio Yayım Şirkətinin idarə olunması birbaşa “Səda və Sima” rəhbərliyinin öz əlindədir”.
Həzrət Ayətullah Xamenei bildirdi: “Mən “Səda və Sima” dövlət teleradiokompaniyası barədə müxtəlif mənbələrdən məlumatlar almışam və şirkət rəhbərliyinə müəyyən məqamlarla bağlı öz iradlarımı və etirazımı da bildirmişəm. Qeyd edim ki, “Səda və Sima” Teleradio Yayım Şirkətinin rəhbərliyi də öz növbəsində bu iradların bəzilərini obyektiv, bəzilərini isə qeyri-obyektiv dəlillər gətirərək cavablandırmışdır”.
Görüşün əvvəlində imam Sadiq (ə) adına Universitetin “Ədalət Naminə” Tələbə Hərəkatının nümayəndəsi cənab Məhəmməd Saleh Miftah, “Şərif” Sənaye Universitetinin təmsilçisi, mexanika üzrə olimpiadanın qalibi Camal Ərğəvan Hadi, Tələbə Səfərbərliyinin nümayəndəsi Dəhnəvi, Azad İslam Universitetləri Birliyinin nümayəndəsi Seyid Murtəza Mahmudi, iqtisad elmi olimpiadasının qalibi Meysəm Əmiri, Tələbə İslam Cəmiyyətinin nümayəndəsi Əli Cavadi, Birlik və Həmrəyliyin Möhkəmləndirilməsi Komitəsinin nümayəndəsi Mehdi Abbasi Mehr, Cihad Orduları Birliyinin nümayəndəsi Məhəmməd Mehdi Keşavərziyan, xanımlardan isə 2008-ci ildə keçirilmiş humanitar elmlər üzrə ölkə yarışının qalibi xanım Ətiyyə Əssadat Ədnani, eləcə də ölkənin ali təhsil ocaqlarının Müstəqil Tələbə İslam Cəmiyyətləri Birliyinin nümayəndəsi Zəhra Sultani ali təhsil müəssisələrində elmi-tədqiqat sahəsi ilə bağlı məsələlər və cəmiyyətdəki aktual problemlər barədə öz fikirlərini bildirmişlər.
Tələbələrin toxunduğu əsas məsələlər aşağıdakılardan ibarət idi:
1. Tələbələr arasında ədalətlilik cərəyanının əsas meyarlarının düzgün formada açıqlanması;
2. Cəmiyyətin müxtəlif sferalarında ədalət tələbetmə, “ədalət” şüarını irəli sürmə mədəniyyətinin yayılması və möhkəmləndirilməsi;
3. Üçlü hakimiyyət qüvvələrinin, xüsusilə də Məhkəmə Strukturunun ölkədə korrupsiya halları ilə ciddi mübarizə aparmasının zəruriliyi;
4. Elmi hərəkatın yüksəlişi üçün lazımi sivil zəminin yaradılması, xüsusilə də milli özünəinam hissinin gücləndirilməsi;
5. Ali təhsil müəssisələrində laboratoriyaların əvvəlkindən də yüksək səviyyədə təchiz edilməsi üçün səy göstərilməsi;
6. İmam Xomeyninin (r.ə) görüşlərinin və İslam İnqilabının əsas meyarlarının gənc nəsil üçün dəqiq surətdə açıqlanmasının əhəmiyyəti;
7. Gənc istedadların üzə çıxarılması və onların potensialının çiçəklənməsi üçün lazımi zəmin yaradılması (xüsusilə də ucqar və kasıb regionlarda);
8. Elm və təhsil mərkəzlərində sərbəst elmi diskussiyalar və elmi tədqiqat fəaliyyəti üçün əlverişli atmosferinin yaradılması məqsədilə təhsil sisteminin tədqiqat əsasları istiqamətində dəyişdirilməsi;
9. Ali təhsil ocaqlarında elmi tənqid və mütəxəssis tənqidi istiqamətində müsbət atmosferin yaradılması;
10. Universitetlərdə maarifləndirici dərslərin zənginləşdirilməsi və günün tələblərinə uyğunlaşdırılması;
11. Ölkədə elmin iqtisadi prinsip əsasında istiqamətləndirilməsi;
12. Qərarlar qəbul edilərkən gənc və istedadlı şəxslərin potensialından səmərəli istifadə olunması;
13. İstedadlar üçün lazımi şəraitin yaradılması və onlara maliyyə vəsaitinin ayrılması işində ədalət prinsipinin qorunması;
14. Gənc nəslin imam Xomeyninin (r.ə) görüşlərinin qismən, yaxud toplu şəkildə təhrif edilməsi və aradan getməsi istiqamətində göstərilən səylərə qarşı ayıq-sayıq olması;
15. Cəmiyyətdə açıq-aşkar destruktiv, təxribatçı fəaliyyət əvəzinə ədalətə əsaslanan tənqidi atmosferin genişləndirilməsi;
16. Ədalətin bərqərar edilməsi naminə üçlü hakimiyyət qüvvələrinin, xüsusilə də IX hökumətin sözü ilə əməli fəaliyyətinin bir-birinə uyğun olmasının zəruriliyi;
17. Milli Teleradio Şirkətinin yayımladığı proqramların və filmlərin dini ‒ müsəlman mədəniyyətinə uyğun olaraq istiqamətləndirilməsinin zəruriliyi;
18. Təhsil və mədəniyyət sahəsində çalışan vəzifəli şəxslərin, xüsusilə Ali Mədəni İnqilab Şurasının məsul şəxslərinin tələbələrlə daha sıx ünsiyyətdə olması;
19. Məsul şəxslərin görkəmli elm xadimləri ilə sıx ünsiyyətdə olması üçün əlverişli şəraitin yaradılması;
20. Müxtəlif iqtisadi, elmi və ictimai layihələrdə mədəniyyət işçilərinin iştirakının təmin edilməsinin zəruriliyi;
21. Ölkənin elmi ictimaiyyətinin və mədəni mühitinin ümumi planının hazırlanma tempini sürətləndirməyin zəruriliyi.
Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə məğrib və işa namazları qılındı, daha sonra görüş iştirakçıları İslam İnqilabının Rəhbəri ilə birlikdə iftar etdilər.