Bu gün səhər Həzrət Əli ibn Əbu Talibin (ə) mübarək doğum gününün ildönümü münasibətilə imam Xomeyni (r.ə) hüseyniyyəsində təşkil edilmiş tədbirdə xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insan iştirak etdi. Tədbirdə ölkənin dörd bir yanından gəlmiş insanların qəlbindəki imandan doğan böyük sevgi və şövq müşahidə olunur, xalqın müxtəlif nümayəndələri “Ya Əli!” nidaları ilə imamət məqamına özlərinin səmimi-qəlbdən gələn sevgi və bağlılıqlarını təzahür etdirirdilər.
Bu görüşdə Həzrət Ayətullah Xamenei Həzrət Əlinin (ə) ədalətin bərqərar olunması və cəmiyyətdə müsəlman birliyinin qorunub-saxlanması uğrunda ciddi səy və əzmkarlıq göstərdiyini xüsusi qeyd etdi. O, bildirdi ki, hal-hazırda İslam dünyasının, xüsusilə də İran xalqının ehtiyac duyduğu ən mühüm məsələ məhz yekdilliklə sözü bir yerə qoya bilmək, habelə düşmənlərin xalqın arasına təfriqə salmaq üçün göstərdiyi səylərə qarşı ayıq-sayıq olmaqdır. Ali Məqamlı Rəhbər bəzi Qərb dövlətlərinin başçılarını onların ölkədə cərəyan edən son hadisələrlə bağlı İran xalqının daxili işlərinə yersiz dəxalət etməsinə bu xalqın kəskin reaksiya verdiyi barədə xəbərdarlıq edərək təkidlə bildirdi: “Allaha şükürlər olsun ki, İran xalqı 22 xordad prezident seçkiləri günü əzəmətli və möhtəşəm bir hərəkata imza atdı, 40 milyona yaxın insan seçkidə iştirak etdi, İran xalqı birlik, mehribanlıq hisslərini, aydın və optimist baxışını qoruyub-saxlayır, xalq və görkəmli şəxsiyyətlər inqilabi hərəkatı davam etdirir. Bu xalq dostunu düşmənindən seçməyi bacarır!”
Ali Məqamlı Rəhbər İran xalqının birlik və həmrəyliyində İslam dininin, habelə İslam İnqilabının oynadığı müstəsna rola işarə edərək, həmçinin bu birlik və yekdilliyin qorunmasının vacibliyini xatırladaraq qeyd etdi: “22 xordad günü xalqın 85 faizinin misli-bərabəri görünməmiş fəallıqla iştirak etdiyi izdihamlı seçki 30 il keçməsinə baxmayaraq İslam İnqilabının hələ də xalqı meydanlara bu sayaq çəkib gətirə bilmək bacarığına malik olduğunu bir daha nümayiş etdirdi. Elə buna görə də düşmənlər xalqın arasına ixtilaf salmaq və qarşıdurma yaratmaq üçün qollarını çırmalayıb işə başladılar. Düşmənlər öz istəklərinə müəyyən qədər nail olsalar belə, İran xalqı onların bu məkrli planını puça çıxarmalıdır!”
İslam İnqilabının Rəhbəri İslam dövlətinin daxili siyasətinin tamamən aydın olduğunu bildirərək, həmçinin dövlət prezidentliyə namizədlər arasındakı rəqabəti bir ailə içərisində gedən rəqabət hesab edərək əlavə etdi: “Ola bilər ki, bir ailə içərisində cərəyan edən bu rəqabət bəzən emosiyalarla müşayiət olunsun. Lakin bunun yadlara heç bir aidiyyəti yoxdur!”
Həzrət Ayətullah Xamenei düşmənlərin ölkənin daxili işlərinə qarışmaqla ixtilaf və ikitirəlik yaratmaq məqsədi güddüyünə işarə edərək xüsusilə xatırlatdı: “Bəzi Qərb dövlətlərinin rəsmiləri prezident, baş nazir, xarici işlər naziri səviyyəsində özlərinə heç bir aidiyyəti olmayan məsələlərdə İran xalqının daxili işlərinə açıq-aşkar müdaxilə etdilər, sonra da İranın daxili işlərinə qarışmadıqlarını dedilər. Halbuki, onların özləri İran xalqını iğtişaşlara təşviq etməklə yanaşı, bu xalqı “iğtişaşçı” kimi qələmə verdilər”.
Ali Məqamlı Rəhbər iğtişaşçıların bəzi Qərb dövlətlərinin büdcəsindən maliyyələşən azsaylı bir qrupdan ibarət olduğunu təkidlə bildirərək dedi: “Bir qrup insanın dəstəklədiyi namizədin kifayət qədər səs tolamamasından narahatlıq duyması tamamilə təbiidir və bu, onların heç də iğtişaşçı olmasına dəlalət etmir. Belə ki, seçki nəticəsində ölkədə çoxluq və azlıq qazanmış tərəflər olur və bununla bağlı qaydalar mövcuddur. Buna görə də ABŞ-ın xəbər agentliklərinin və sionistlərin nüfuz dairəsində olan bəzi Qərb KİV-in İran xalqını iğtişaşçı kimi qələmə verməsi bu xalq üçün təhqirdir”.
İslam İnqilabının Rəhbəri bəzi Qərb dövlətlərinin başçılarına kəskin surətdə xəbərdarlıq da etdi: “Bu dövlətlər özlərinin düşmənçilik məqsədi güdən davranışlarına və sözlərinə diqqət yetirməlidirlər. Belə ki, İran xalqı bütün bunlara əks-reaksiya nümayiş etdirəcək!”
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Biz bu dövlətlərin müdaxiləçi davranış və sözlərini hesaba alacağıq və bütün bunlar gələcəkdə İran İslam Respublikası ilə onlar arasındakı əlaqələrə mütləq öz mənfi təsirini göstərəcəkdir!”
Həzrət Ayətullah Xamenei İran xalqını qüdrətli bir xalq, İslam Respublikasını isə artıq cəmiyyətdə dərin kök atmış, özünütəsdiq etmiş bir dövlət quruluşu adlandıraraq vurğuladı: “İslam Respublikasının məsul vəzifəli şəxslərinin arasında bəzi məqamlarda ixtilaf mövcud olsa belə, onlar düşmənə qarşı mübarizə aparmaqda və ölkənin müstəqilliyinin qorunmasında bir-biri ilə həmrəy və yekdildirlər. Qoy düşmən bilsin ki, İran xalqının arasına təfriqə salmağa müvəffəq olmayacaq!”
Həmçinin İslam İnqilabının Rəhbəri qeyd etdi: “Qoy imperialist hökumətlərin başçıları bilsinlər ki, İran xalqının nümayəndələri bəzən fərqli təmayüllərə malik olmalarına baxmayaraq düşmənlə mübarizə üçün bir yumruq kimi birləşməyi də bacarırlar”.
Həzrət Ayətullah Xamenei İran xalqının yadellilərin ona qarşı bəslədiyi ədavət və qurduğu məkrli planlara qarşı artıq 30 illik təcrübəyə malik olduğunu xatırladaraq bəzi Qərb dövlətlərinə müraciətlə dedi: “Elə bilməyin ki, siz öz zənninizcə ölkədəki hansısa cərəyanı müdafiə etdikdə, yaxud bəzi şəxslərin adlarını çəkdikdə həmin cərəyan sizə doğru meyillənəcək. Əsla belə olmayacaq! Çünki sizin yalançı olduğunuz İran xalqına tamamilə aydındır. Xalq yaxşı bilir ki, sizin əsl məqsədiniz camaatın, xalqın sayılıb-seçilən nümayəndələrinin arasında pessimist əhval-ruhiyyə yaymaq, İslam quruluşuna qarşı kin-küdurəti davam etdirməkdir”.
Həmçinin Ali Məqamlı Rəhbər bəzi imperialist dövlətlərin müstəqil, mübariz İslam dövlətinin onların təzyiqləri qarşısında süqut etdiyini yalnız və yalnız öz utopik xəyallarında canlandırdıqlarını bildirərək dedi: “Qərb dövlətlərinin konkret şəxsləri müdafiə etməsi, başqa birilərinin isə əleyhinə çıxış etməsi tamamilə yalandır. Belə ki, onların baxış aspektinə görə İslam dövlətinə, onun konstitusiyasına və İran xalqının amallarına qəlbən bağlı olan hər bir şəxs düşməndir!”
İslam İnqilabının Rəhbəri əlavə etdi: “30 il ərzində İslam dövlətinin mətin mübarizəsi, İran xalqının hegemon, təcavüzkar qüvvələrə qarşı kəskin rədd cavabları verməsi bəzi Qərb dövlətlərini hələ də yuxudan oyatmamışdır. Onlar əvvəlki kimi bu ölkəyə və xalqa qarşı tamah dişlərini qıcıdırlar. Halbuki, onlar çox böyük səhv edirlər və yol verdikləri bu səhvin nəticəsini mütləq görəcəklər”.
Həzrət Ayətullah Xamenei İslam Respublikası ilə ədavət aparan təxribatçı təbliğat aparatlarının bəzi əlaltılarına işarə edərək bildirdi: “Bu qəbildən olan əlbuyruqçuları keçmiş illərdə də daima mövcud olmuşlar. Lakin bu şəxslər bilməlidirlər ki, düşmənlər və ac qurdlar öz mənafelərinə uyğun olan qədər onlardan istifadə edəcək, bundan sonra isə onları lazımsız bir dəstmal kimi kənara atacaqlar”.
Ali Məqamlı Rəhbər uzaqgörən və ayıq-sayıq olmağın, dostu düşməndən düzgün ayırd edə bilməyin vacibliyini xüsusilə vurğuladı: “Həmin azsaylı, yalanlara aldanmış əlbuyruqçuları düşmənlərə yanlış siqnallar ötürür, düşmənlər isə buna inanırlar. Lakin camaat, görkəmli şəxslər və bütün cinahlar diqqətli olmalı, dostu düşməndən seçməli, düşmənə qarşı nümayiş etdirməli olduqları rəftarı dosta ünvanlamamalıdırlar”.
İslam İnqilabının Rəhbəri əhalinin təhlükəsizliyinə sui-qəsd edənləri başqaları ilə qarışdırmağı təkidlə vurğulayaraq dedi: “İslam dövləti üzərinə düşən vəzifəyə uyğun olaraq əhalinin həyat və asayişini təhlükə altında qoyan, gəncləri təhdid edən şəxslərlə ciddi mübarizə aparacaq. Lakin diqqətli olmaq lazımdır ki, dostla düşməni qarışıq salıb, dostumuzun bircə səhvi ucbatından onu düşmən hesab etməyək”.
Həmçinin Həzrət Ayətullah Xamenei qeyd etdi: “Digər tərəfdən isə bir sıra şəxslər diqqətli olmalıdırlar ki, bədxah düşməni dost bilib onun yalançı sözlərinə aldanmasınlar!”
Ali Məqamlı Rəhbər təkidlə bildirdi: “Haqqın, müdrik və ayıq-sayıq xalqın qarşısında bütün fitnə və provakasiyalar mütləq puça çıxacaq! Allah-Taalanın lütfü sayəsində düşmənin ölkəmizdə cərəyan edən son hadisələrlə əlaqədar ümidlərini bağladığı fitnə və provakasiyalara son qoyuldu”.
İslam İnqilabının Rəhbəri provakasiyalar və onların nəticəsi kimi ortaya düşmüş qarmaqarışıqlıq ötüb keçəndən sonra olayın əsl mahiyyətinin üzə çıxdığını təkidlə qeyd edərək bildirdi: “Əsl və təkzibolunmaz həqiqət budur ki, İran xalqı 40 milyon insanın iştirak etdiyi əzəmətli bir seçkiyə imza atmış, 30 ildən sonra bir daha İslami dövlət quruluşuna özünün böyük etimadını nümayiş etdirmiş, dövlət prezidenti 24 milyondan artıq seçici rəyinə əsasən seçilmişdir”.
Həzrət Ayətullah Xamenei hökumət nümayəndələrinin, həmçinin xalqın bu böyük nemətin qədrini bilməli və buna görə Tanrıya şükürlər etməli olduğunu xatırladaraq əlavə etdi: “Hökumət nümayəndələrinin və seçilmiş ölkə prezidentinin xalqın bu böyük etimadı müqabilində üzərinə düşən vəzifə məhz xalqın qayğı və problemlərinin həlli uğrunda mükəmməl və hərtərəfli xidmət göstərmək, ölkəni irəliyə doğru aparmaq, böyük İran xalqının birliyini qoruyub-saxlamaq məqsədilə yorulmadan səy göstərməkdir”.
Ali Məqamlı Rəhbər xalqın öhdəsinə düşən vəzifəyə də toxunaraq dedi: “İran xalqı da öz növbəsində düşmənin arzusunun əksinə davranmalı, yəni öz vəhdətini, ayıq-sayıqlığını, biri-birinə sevgi və səmimiyyət dolu münasibətini qorumalı, optimist əhval-ruhiyyə ilə inqilabi hərəkatı davam etdirməlidir. Belə olan təqdirdə, şübhəsiz ki, Həzrət imam Zaman (ə.f) xalqımızdan razı qalacaq!”
İslam İnqilabının Rəhbəri çıxışının digər qismində isə Həzrət Əlinin (ə) Peyğəmbəri-Əkrəmin (s) yanında malik olduğu məqam və dərəcəyə toxundu. Ali Məqamlı Rəhbər Əmirəl-mömininin (ə) keçdiyi həyat yolunu İslami tərbiyə üçün ən mükəmməl nümunə adlandıraraq, müsəlman ümmətini səadətə və kamala yetişmək yolunda istiqamətləndirə biləcək ibrətamiz dərslərlə zəngin olduğunu bildirərək əlavə etdi: “Bu əzəmətli imamın (ə) həyat yolunun bizə öyrətdiyi dərslərə misal olaraq onun ədalətin bərqərar edilməsi, müsəlman cəmiyyətində birliyin qorunub-saxlanılması uğrunda daim haqqı tələb etməsini qeyd etmək olar. İmam Əli (ə) bu yolda mübarizə apararaq olduqca çətin sınaqlara məruz qalmış, hətta bəzi məqamlarda İslamın mənafeyi xatirinə öz haqqına belə göz yummuşdur”.
Həzrət Ayətullah Xamenei düşmənin müsəlmanların arasına ixtilaf salmağa, şiə və sünni məzhəblərini üz-üzə qoymağa çalışdığını bir daha xatırladaraq dedi: “İslam dünyasının bugünkü problemlərinə və qarşıya qoyduğu böyük hədəflərə diqqət yetirdikdə görürük ki, hazırda müsəlmanların sözü bir yerə qoyaraq həmrəy olmağa əvvəlkindən də çox ehtiyacı var. Müsəlmanlar birlik və həmrəyliyi qoruyub-saxlaya bilsələr, düşmən öz məqsədlərinə çatmaq üçün onların zəif nöqtələrindən istifadə edə bilməyəcək!”
Qeyd edək ki, bu görüşdə Hüquq Elmləri Universitetinin bir qrup tələbəsi, Tehran camaatının ağsaqqalları, səfərbərliyə alınanlar, Məşhəd, Əhvaz, Sənəndəc, Vəramin, Məhriz, Ənar, Mübarəkə, Hürmez, Nəcəfabad, Kaşan, Ərak, Rey və Səbzvar şəhərlərindən olan şəhid ailələri iştirak etmişlər.