İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İslami Şura Məclisinin sədri, idarə heyəti və nümayəndələri ilə görüşündə qanunların İslam İnqilabının təməl prinsipləri, həmçinin cəmiyyətin ehtiyacları ilə uzlaşmasının vacibliyini təkidlə vurğulayaraq bildirdi: “Qanunlar qəbul edilərkən onların mədəni və tərbiyəvi təsirləri də ciddi surətdə nəzərə alınmalıdır”.
İslam İnqilabının Rəhbəri İslami Şura Məclisini “ölkənin mütəfəkkir hakimiyyət orqanı” adlandıraraq əlavə etdi: “Bu hakimiyyət qəbul olunan qanunlarda öz əksini tapır, daha sonra isə həmin qanunlar bütün ölkəyə yayılmağa başlayır. Elə buna görə də həmin qanunların İslam İnqilabının təməl prinsip və dəyərləri, o cümlədən cəmiyyətin ani və uzunmüddətli ehtiyacları ilə uzlaşmasına riayət etmək olduqca vacib bir məsələdir”.
Həmçinin Həzrət Ayətullah Xamenei xatırlatdı: “Əgər ölkədə qəbul edilən qanunlarda bu iki xüsusiyyət öz əksini taparsa, həmin qanunlar düzgün olmaqdan əlavə, həm də səmərəli olarlar”.
Ali Məqamlı Rəhbər bu mövzu ilə əlaqədar bir qədər də geniş açıqlama verərək bildirdi: “Qanunlar İslam İnqilabının əsas prinsiplərinə müvafiq olmasa, mötəbər hesab olunmayacaqlar. Camaatın ehtiyacları ilə uyğun olmayan qanunlar isə mötəbər və qüvvədə olan qanunlar hesab olunsalar da, kütlə tərəfindən qəbul edilməyəcəklər”.
Həzrət Ayətullah Xamenei İslam İnqilabının təməl prinsiplərinin daim nəzərə alınmasının vacibliyini xüsusilə vurğulayaraq xatırlatdı: “İmam Xomeyni (r.ə) dahi və müdrik bir insan idi. Onun göstərişlərinin və nəsihətlərinin məcmusu İslam İnqilabının əsaslarını və təməl prinsiplərini təşkil edir. Qəbul olunan qanunlar və mövqe seçimi həmişə bu istiqamətdə olmalıdır”.
Həmçinin Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qanunlar qəbul edilərkən onların qanunçuluğa, əxlaqa, dini dəyərlərə və tərbiyəvi məsələlərə müvafiq olmasına xüsusi diqqət yetirmək lazımdır”.
Ali Məqamlı Rəhbər İslami Şura Məclisinin nümayəndələrinə tolerantlıq əhval-ruhiyyəsinin yüksəldilməsini tövsiyə edərək xatırlatdı: “Məclisdə ifadə olunan fikirlər elmi, arqumentlərə əsaslanan, sağlam və etik olmalı, habelə şəxsi və partiya miqyasında hərc-mərclik və inadcıllıq əhval-ruhiyyəsindən tamamilə uzaq olmalıdır”.
İslam İnqilabının Rəhbəri ölkənin idarə olunması, cəmiyyətin irəliyə doğru aparılmasında İslami Şura Məclisinin və dövlətin üzərinə düşən vəzifəyə işarə edərək təkidlə bildirdi: “Məclis dövlətlə münasibətlərini güzəşt, xoş münasibət və qarşılıqlı həmkarlıq əsasında qurmalıdır. Belə ki, icraedici orqan olaraq dövlətin çiyinlərinə olduqca ağır bir yük düşür”.
Həzrət Ayətullah Xamenei icraiyyə işlərinin olduqca çətin və ağır olmasını təkidlə vurğulayaraq dedi: “Bu enişli-yoxuşlu, çətin yolda dövlətə yardım etmək, güzəştə gedərək anlayışlı mövqe nümayiş etdirmək lazımdır”.
Ali Məqamlı Rəhbər təkidlə bildirdi: “Əlbəttə ki, bu, xətalara göz yummaq mənasını vermir. “Güzəşt və anlayışlı mövqe” dedikdə, əslində, problemlərin həlli ilə bağlı səmimi və mehriban münasibətin qurulması nəzərdə tutulur”.
İslam İnqilabının Rəhbəri İslami Şura Məclisinin bəzi əvvəlki dövrlərində müşahidə olunmuş gərginlik və konfliktlərə də işarə edərək xatırlatdı: “Camaat konfliktləri heç bir vəchlə müsbət qarşılamır və onlara təsadüf edilməsi qətiyyən müsbət bir hal deyil. Çünki xalq ölkədəki problemlərin həll olunması üçün məhz məsul şəxslərin səmimi bir atmosferdə həmkarlıq etməsini arzulayır”.
Həzrət Ayətullah Xamenei bir daha qanunvericilik işində bütün ölkənin mənafeyinin nəzərə alınmasının vacibliyini təkidlə vurğulayaraq bildirdi: “Möhtərəm deputatlar öz məntəqələrinin mənafeyini ölkənin ümumi mənafeyi fonunda nəzərdən keçirməlidirlər”.
Ali Məqamlı Rəhbər çıxışının digər bir qismində isə ölkədə ictimai etikaya, qanunçuluğa riayət olunmasının zəruriliyini xatırladaraq təkidlə dedi: “Mən prezident seçkiləri ilə bağlı son vaxtlar ölkədə baş verən hadisələrlə əlaqədar qanunlara qəti surətdə riayət olunmasını təkid edirəm və gələcəkdə də daim bunu edəcəyəm. İslam dövləti və İran xalqı da heç nəyin müqabilində zorakılığa və təzyiqlərə boyun əyməyəcək!”
İslam İnqilabının Rəhbəri qanunçuluğa riayət edilməsinin və qanunlara tabe olmanın əks halının məhz diktatura və zorakılıq olduğunu təkidlə qeyd edərək xatırlatdı: “Qanuna tabe olmaqdan boyun qaçırma halları baş verərsə, o zaman diktatura əhval-ruhiyyəsi təzahür etməyə başlayacaq”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkənin bütün işlərində qanunlar rəhbər tutulmalıdır ki, xalqın yaşayışı və cəmiyyətin işləri öz qaydasında getsin”.
Ali Məqamlı Rəhbər qanunsuzluğun insanların mənafeyinin ayaqlar altına atılmasına səbəb olduğunu bildirərək təkidlə dedi: “Qanuna riayət etməməkdə inadkarlıq qarma-qarışıqlığa və problemlərin daha da dolaşıq hala gəlməsinə səbəb olacaq. Buna görə də hamı mütləq qanunun aliliyini tanımalıdır”.
İslam İnqilabının Rəhbəri qeyd etdi: “Qanunçuluq mədəniyyəti bütün digər məsələlər kimi görkəmli şəxsiyyətlərdən cəmiyyətə ötürülməlidir. Belə ki, əgər cəmiyyətin seçilən nümayəndələri qanuna riayət etməsələr, camaatdan da qanuna əməl etmələrini gözləmək mümkün deyil”.
Həmçinin Həzrət Ayətullah Xamenei son olaylarla bağlı İslami Şura Məclisinin tutduğu mövqeyi və deputatların ünvanladığı məktubu yüksək qiymətləndirdiyini bildirərək dedi: “Düşmənin zərbə endirmək üçün zəif nöqtə axtarışında olduğu və fürsət gözlədiyi bir şəraitdə birlik və yekdilliklə əsas və vahid mövqe bildirmək olduqca müsbət və mühüm bir işdir”.
Daha sonra Ali Məqamlı Rəhbər VIII Məclisin bilik və peşəkarlıq səviyyəsini olduqca yüksək qiymətləndirərək, habelə icraiyyə işinin yüksəlişinə və təntənəsinə nail olmaq üçün deputatlara əldə olan mənəvi və əxlaqi imkanlardan əvvəlkindən daha da çox faydalanmağı tövsiyə edərək bildirdi: “Rəcəb ayının İlahi feyz dolu günləri, ardınca isə Şəban və Ramazan aylarının olduqca dəyərli günləri qəflət və bixəbərliyin aradan qaldırılması, imanı möhkəmləndirmək və saleh işlər görməklə Tanrıya daha da yaxınlaşmaq üçün ən yaxşı fürsətdir”.
Görüşün əvvəlində isə İslami Şura Məclisinin sədri cənab Laricani qurumun sistemləşdirilməsi, həmçinin qanunların icrasına nəzarət baxımından Məclisin öhdəsinə düşən vəzifəyə işarə edərək bildirdi: “VIII Məclisin fəaliyyətinin ana xəttini ölkənin ümumi mənzərəsi, qurumun ümumi siyasi kursu, xüsusilə də 44-cü doktrinada nəzərdə tutulan siyasətlər təşkil edir”.
O, ticarət, İslami cəza növləri, maliyyə yardımlarının istiqamətləndirilməsi, iş və yaşayış mühitinin təhlükəsizliyi və maldarlıq sektoru ilə əlaqədar qanunları İslami Şura Məclisində qəbul edilmiş, yaxud oxunmaqda olan qanunlar sırasında sadalayaraq əlavə etdi: “VIII Məclis iqtisadi və məişət problemləri ilə ciddi məşğul olmaqla yanaşı, quraqlıq illəri, müsabiqələr, sənaye müəssisələrinin, əkinçi və maldarların üzləşdiyi çətinliklərlə bağlı problemlərə də xüsusi diqqət yetirmişdir”.
İslami Şura Məclisinin sədri beynəlxalq, həmçinin regional miqyasda baş verən hadisələrin və mövcud problemlərin diqqətlə izlənilməsini VIII Məclisin səciyyəvi xüsusiyyətlərindən biri kimi qeyd edərək dedi: “Fələstin Konfransının keçirilməsi, hegemon qüvvələrin yersiz tələbkarlığına qarşı, o cümlədən nüvə problemi, İraqda baş verən olaylar, həmçinin ölkədə baş verən son hadisələrlə əlaqədar müqavimət göstərmək VIII Məclisin beynəlxalq və regional problemlərlə bağlı gördüyü işlərdən bir hissəsidir”.
Cənab Laricani İslami Şura Məclisinin digər qüvvələrlə həmkarlığın və yaxından təmasın müsbət nəticələr verəcəyinə inanaraq, qanuna riayət edilməsinə nəzarət işində də tam ciddi olduğunu bildirərək əlavə etdi: “Səslərin Sayılması Komissiyası tətbiq etdiyi yeni metoda əsasən ixtilafların qarşısını almaq məqsədilə digər orqanların da nəzarət işini həyata keçirməsini tam məqsədəuyğun hesab edir”.
Həmçinin İslami Şura Məclisinin sədri ölkədə baş tutmuş prezident seçkilərindən sonra baş verən son hadisələrlə bağlı belə dedi: “İslami Şura Məclisi son günlər ortalığa çıxmış problemlərin öz həllini tapmasının yalnız qanuni yolla mümkün olduğuna inanır və deputatlar qeyri-qanuni davranışlara mane olacaqlar”.
Cənab Laricani heç kəsin qanuna qarşı saymamazlıq etməkdə özünə qətiyyən haqq verməməli olduğunu təkidlə bildirərək dedi: “Seçki ilə bağlı son problemlər yalnız Konstitusiya Müdafiəçiləri Şurasının fəaliyyəti baxımından yekunlaşdı. Bu münaqişəyə aidiyyəti olan cənablar dərk etməlidirlər ki, qanun əsasən dinc və asudə yaşanan günlər üçün deyil. Qanunçuluq bütün dövrlərdə rəhbər tutulmalıdır”.