İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədr və məmurları ilə görüşdə bu hakimiyyət orqanının başlıca vəzifəsinin məhz ədalətin təmini olduğunu xüsusilə bildirdi. Bu vəzifənin reallaşması üçün isə qanunlara riayət olunmasının vacibliyini vurğulayan Ali Məqamlı Rəhbər ölkədə baş vermiş son hadisələrə toxunaraq təkidlə dedi: “Baş verən insidentlərin qanuni meyarlar əsasında öz həllini taparaq yoluna qoyulması mümkündür. Hər iki tərəfdən olan tanınmış, fəal şəxslər və siyasi cinahlar da hər cür emosional provakasiyalardan, xalqın vəhdətini poza biləcək addımlardan çəkinməlidirlər”.
1360-cı ilin tir ayında baş vermiş hadisədə şəhid olanların ailə üzvlərinin də iştirak etdiyi bu görüşdə Həzrət Ayətullah Xamenei həmin əziz şəhidlərin, xüsusən də Şəhid Ayətullah Beheştinin dəyərli xatirəsini ehtiramla yad edərək dedi: “Bu hadisənin ən mühüm özəlliyi bundan ibarətdir ki, baş verən həmin faciədə bir çox görkəmli şəxsiyyətlər, yüksək vəzifəli insanlar, nazirlər, Məclis nümayəndələri və tanınmış siyasətçilər İslam İnqilabının və dövlətin yüksək amalları uğrunda qurban getdilər”.
Həzrət Ayətullah Xamenei bu qəbildən olan terror aktlarının İslam İnqilabını görkəmli şəxsiyyətlərdən məhrum etmək məqsədi daşıdığını deyərək xatırlatdı: “Düşmənlərin təsəvvür etdiyinin əksinə olaraq törədilən bütün bu terror hadisələrinə baxmayaraq İslam İnqilabına heç bir xətər toxunmadı. Əksinə, bu inqilabın əsl təməli ‒ xalqla mövcud quruluşun sıx əlaqəsi daha da möhkəmləndi”.
Ali Məqamlı Rəhbər Şəhid Ayətullah Beheştinin İslam İnqilabında, habelə İslami Ədliyyə Hakimiyyətinin əsasının qoyulması işində oynadığı bariz və müstəsna rola xüsusilə işarə edərək bildirdi: “Ötən 30 il müddətində Məhkəmə Hakimiyyəti orqanında olduqca müsbət işlər görülmüşdür. Məxsusən də sonuncu 10 il ərzində cənab Şahrudi kimi görkəmli və alim bir şəxsiyyət bu hakimiyyət orqanına rəhbərlik etmişdir. Cənab Şahrudiyə, həmçinin Məhkəmə Hakimiyyətinin yüksək vəzifəli məmurlarına çəkdikləri zəhmətə görə təşəkkür etmək və bu insanların fəaliyyətini qədirbilənliklə qiymətləndirmək lazımdır”.
İslam İnqilabının Rəhbəri Məhkəmə Hakimiyyətinin əsas vəzifəsi olan “ədalətin təmin edilməsi prinsipi”nə toxunaraq təkidlə dedi: “Ədalətin meyarı qanuna əməl etməkdir. Əgər cəmiyyətdə davranış meyarı kimi qanun rəhbər tutularsa, ədalət gerçəkləşər”.
Həzrət Ayətullah Xamenei ədalətin gerçəkləşməsinin həddindən artıq çətin olduğunu, bunun üçün quruluş mexanizmi və proqram təminatı baxımından çoxsaylı infrastrukturlara ehtiyac duyulduğunu qeyd edərək dedi: “Cəmiyyətdə ədalətin bərqərar edilməsi üçün bu infrastrukturlardan əlavə Allaha təvəkkül etməyə, güclü iradə və əzmə sahib olmağa da böyük ehtiyacı duyulur. Məhkəmə Hakimiyyəti orqanlarında məhz belə bir əhval-ruhiyyə genişləndirilməlidir”.
Ali Məqamlı Rəhbər xatırlatdı: “Ən mühüm məsələ işin nəticəsi və çıxış nöqtəsidir. Əməllərimizin çıxış nöqtəsi ədalət olarsa, Uca Yaradanın, xalqın və öz vicdanımızın qarşısında başıuca olacağıq”.
İslam İnqilabının Rəhbəri ədalətin gerçəkləşməsi yolunda qarşıya çıxan maneələrə də toxunaraq bildirdi: “Ədalətin bərqərar olunması işinin ən çətin mərhələsi həmin mərhələdir ki, qarşı tərəfdə duran hegemon və tələbkar qüvvələrə müqavimət göstərmək, yalnız Uca Yaradanı və qanunu nəzərə almaq lazım gəlir”.
Həzrət Ayətullah Xamenei ölkədə baş vermiş son hadisələrə toxunaraq qanun meyarlarının bütün insidentlərin yeganə həlli yolu olduğunu bildirdi: “Baş verən olaylarla bağlı camaatın, xüsusilə də gənclərin emosiyalarını təhrik etmək, onları bir-biri ilə üz-üzə qoymaq lazım deyil. Çünki zövqlərin, meyilliliklərin müxtəlifliyinə rəğmən İran xalqı ölkəsindəki mövcud quruluşla olduqca gözəl və pozitiv münasibətdə olan vahid və yekdil bir xalqdır!”
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Elə insanların seçkidə geniş və hamılıqla iştirakı da xalqın İslam dövlətinə bəslədiyi etimadın əyani göstəricisidir”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, qanunlara riayət etmək bəzi insanlar üçün xoşagəlməz olub onların ovqatını təlx edə bilər, lakin qanunsuzluq və qanun pozuntularına yol verilməsi ölkə üçün bundan qat-qat acı və arzuolunmaz hadisələrlə nəticələnə bilər.
Ali Məqamlı Rəhbər təkidlə qeyd etdi: “Allah-Taalanın lütfü ilə İran xalqı imanlı, müdrik, ictimai-siyasi hadisələr meydanında var olmağa hazır olan bir xalqdır və ölkəsindəki mövcud quruluşla heç bir problem yaşamaqda deyil. Üzdə olan tanınmış siyasətçilər və görkəmli insanlar isə öz rəftar və danışıqlarında diqqətli olmalıdırlar”.
Həzrət Ayətullah Xamenei hər iki tərəfdən olan fəallara və siyasi cinahların nümayəndələrinə qarşı tərəfin emosiyalarını qıcıqlandırmamağı dönə-dönə tövsiyə edərək xatırlatdı: “Xalq və görkəmli siyasətçilər birgə və yekdil olsalar, o zaman beynəlxalq provokatorların, zülmkar siyasi oyunbazların və başqa araqızışdıranların səyləri heç bir nəticə verməz”.
Ali Məqamlı Rəhbər bəzi ABŞ və Avropa rəsmilərinin İranın daxili işləri ilə bağlı müdaxiləçi mövqeyinə də işarə edərək təkidlə bildirdi: “Bu məmurlar İran haqqında cılız və mənasız çıxışlar edir və elə danışırlar ki, sanki özlərinin bütün çətinlikləri yoluna qoyulub və onları İrandan başqa narahat edən heç bir problem yoxdur. Halbuki, tamamilə xəbərsizdirlər ki, məhz tutduqları siyasi mövqe ucbatından İran xalqı üçün onların qədəm basdığı hər bir yer murdar hesab olunur”.
İslam İnqilabının Rəhbəri İran xalqının müdrik və təcrübəli bir xalq olduğunu vurğulayaraq dedi: “Bu cür tərəfkeşlik əks nəticə verəcək. İran xalqı yaxşı bilir ki, 8 illik Müqəddəs Müdafiə Hərəkatı illərində bu xalqa qarşı cinayətlər törədildikdə, onların evləri bomba və raketlərdən atəşə tutulduqda və onlara qarşı kimyəvi silahdan istifadə olunduqda həmin bu dövlətlər İran xalqına qarşı heç bir mərhəmət əlaməti nümayiş etdirmədilər, əksinə bu xalqın düşməninə kömək etdilər”.
Həzrət Ayətullah Xamenei ABŞ-ın və bəzi Avropa dövlətlərinin Əfqanıstan, İraq, Pakistan və Fələstin xalqlarına qarşı yol verdikləri amansızlıqlara və törətdikləri cinayətlərə toxunaraq təkidlə bildirdi: “Mərhəmət və humanizm hissləri bu dövlətlərə yaddır. Bu gün onların İran xalqı ilə bağlı ölkədəki bəzi şəxslərlə həmrəylik nümayiş etdirməklə hansı məqsədi güdmələri tamamilə aydındır və bunu xalq da çox gözəl başa düşür”.
Sonda Ali Məqamlı Rəhbər xatırlatdı: “Əgər İslam İnqilabının İran xalqına bəxş etdiyi birlik və güclü mübarizə əhval-ruhiyyəsi qorunub-saxlanılsa, düşmənlər əsla heç bir şeyə nail olmayacaq, İran xalqına heç vaxt heç bir zərər vura bilməyəcəklər”.
Görüşün əvvəlində Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Şahrudi xalqın onuncu prezident seçkilərində hamılıqla geniş iştirakını dini demokratiya təcrübəsində daha bir qızıl səhifə adlandırdı, xalqın böyük əksəriyyətinin dəstəyi ilə bir daha ölkə başçısı seçilməsi münasibətilə Cənab Əhmədi Nejadı təbrik etdi, İslam İnqilabı Rəhbərinin cümə namazının xütbələrində etdiyi dəyərli çıxışları yüksək qiymətləndirdiyini bildirdi, həmçinin ötən 10 il ərzində Məhkəmə Hakimiyyətinin fəaliyyəti və bu hakimiyyət orqanında görülmüş işlər barədə məruzə etdi.