Bu gün İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın cümə namazının möhtəşəm təntənəsini yaşayan Tehran şəhəri mənəvi bir atmosferlə və imam Zamanın (ə.f) rayihəli xatirəsi ilə dolu idi.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Tehranda qılınan tarixi əhəmiyyətli, birlik və həmrəylik əhval-ruhiyyəli cümə namazında etdiyi son dərəcə əhəmiyyətli söhbət zamanı daima Allahı yad etməyi, Tanrının yardımına ümidvar olmağı, habelə dinclik və asayişin artmasını mömin İran xalqının son 30 il ərzində başına gələn keşməkeşlərdən başıuca çıxmasının mühüm amilləri adlandırdı. O, seçkiqabağı rəqabətin, o cümlədən seçkidən sonra baş verən məsələlərin müxtəlif cəhətlərini aydın şəkildə izah edərək təkidlə bildirdi: “Xalqın 22 xordad günü (12 iyun) baş tutan prezident seçkilərində misli-bərabəri görünməmiş tarixi iştirakı, habelə xalqın etimadının, optimist və yüksək əhval-ruhiyyəsinin əzəmətli nümayişi İranın və İslam İnqilabının düşmənləri üçün sanki siyasi bir zəlzələ, dostları üçün isə tarixi bir bayram idi. Seçkidə iştirak etmiş 40 milyon müdrik və uzaqgörən seçicinin hamısı imam Xomeyniyə (r.ə), İslam İnqilabına və şəhidlərə səs vermişlər. Həmçinin prezidentliyə namizədliyini irəli sürmüş 4 möhtərəm namizədin 4-ü də İslam Respublikasına aiddirlər. Məhz buna görə də hamı problemlərin həllini mövcud olan açıq-aşkar qanunvericilik çərçivəsində axtarmalıdır”.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei cümə namazının ikinci xütbəsində dəfələrlə insanların təkbir (Allahu-əkbər) səsləri və emosiyalarının ifadəsi ilə müşayiət olunan çıxışı zamanı seçkilərlə bağlı müxtəlif məsələlərə də aydınlıq gətirdi. Ali Məqamlı Rəhbər xalqa, ölkə prezidentliyinə namizədlərə, görkəmli şəxslərə, fəal siyasətçilərə, həmçinin Qərbin bəzi imperialist dövlətlərinə üzünü tutaraq ayrı-ayrı məsələlər barədə öz fikrini bildirdi.
Ali Məqamlı Rəhbər mömin və müdrik İran xalqını yüksək qiymətləndirərək təqdir etdiyini bildirdi, həmçinin 22 xordad günü ölkədə baş tutmuş prezident seçkilərində 40 milyona yaxın əziz seçicinin iştirakını “xalqın üzərinə düşən məsuliyyəti dərk etməsi və hamılıqla iştirak əhval-ruhiyyəsinin əzəmətli nümayişi” adlandıraraq əlavə etdi: “Xalqın İslam dövlətinə öz bağlılığını yekdilliklə elan etməsi və camaatın 85 faizinin seçkidə misli-bərabəri görünməmiş iştirakı İran xalqına və İslam Respublikasına Allah-Taalanın mərhəmət və fəzilətlərinin, habelə imam Zamanın (ə.f) xüsusi diqqətinin nəsib olmasının aşkar nişanəsidir”.
Həzrət Ayətullah Xamenei ölkənin bütün gənclərinin onuncu prezident seçkilərində “həyəcanlı və izdihamlı” iştirakını İslam İnqilabının birinci nəslindəki “öhdəsinə düşən siyasi vəzifəni və məsuliyyəti dərk etmək hissi”nin bugünkü gənc nəslə də ötürülərək davam etməsinin əyani nümunəsi adlandıraraq dedi: “İran xalqı və gənclərimiz qarşısında səmimi-qəlbdən baş əyirəm”.
İslam İnqilabının Rəhbəri insanların ölkə prezidentliyinə seçki məsələsində müxtəlif nöqteyi-nəzərlərə malik olmasına və onların müxtəlif namizədlərə səs verməsinə xüsusilə işarə edərək əlavə etdi: “İnsanların verdiyi müxtəlif səslərin məcmusunun arxasında ölkənin, İslam quruluşunun qorunub-saxlanılması üçün hamılıqla məsuliyyət hissi durur. Belə ki, “qadınlı-kişili, qocalı-cavanlı”, “müxtəlif etnik və məzhəb mənsubiyyətinə malik olan”, “kənd və şəhər əhalisi sayılan” insanların seçkidə iştirakı yaddaşlardan silinməyəcək tarixi bir hadisədir. Bu hadisə İranın və İslam İnqilabının düşmənləri üçün siyasi bir zəlzələ, İran xalqının bütün dünyadakı dostları üçün isə həqiqi və tarixi bir bayram hesab olunacaq”.
Ali Məqamlı Rəhbər 22 xordad prezident seçkilərində 40 milyon insanın iştirak etməsini xalqın imam Xomeyniyə (r.ə), İslam İnqilabına və şəhidlərə öz sədaqətini bariz surətdə ifadə etməsi naminə hamılıqla həyata keçirdiyi əzəmətli bir hərəkat adlandıraraq əlavə etdi: “Belə bir möhtəşəm addımla İslam quruluşu öz inkişaf və yüksəliş yolunu davam etmək üçün yenidən sinə dolusu nəfəs aldı və dini xalq hakimiyyətinin həqiqi mahiyyəti mövcud quruluşun bədxahlarının üzünə möhkəm bir sillə kimi dəydi”.
Həzrət Ayətullah Xamenei xalqın prezident seçkilərində “etimad, azadlıq, optimizm və yüksək əhval-ruhiyyə” ilə müşayiət olunan yekdilliklə iştirakını İran xalqının imperialistlərin informasiya aparatının qərəzli təbliğatına tutarlı cavabı adlandıraraq xatırlatdı: “Xalqın İslam quruluşuna etimadı İslam Respublikasının ən qiymətli sərmayəsi kimi 22 xordad prezident seçkilərində bir daha öz əksini tapdı. İranın və İslamın düşmənləri ölkədə baş tutmuş seçkinin üzərinə şübhə və inamsızlıq kölgəsi salmaqla bu milli etimadın təməlini laxlatmağa, xalqın birlik və hamılıqla iştirak əhval-ruhiyyəsini qırmaqla mövcud quruluşun legitimliyini sual altında qoymağa çalışırlar. Əgər onların həmin xəbis niyyəti həyata keçsə, bu, heç bir zərər, yaxud zərbə ilə müqayisə oluna bilməz”.
Ali Məqamlı Rəhbər imperialist cəbhəsinin bir neçə ay müddətində apardığı 22 xordad prezident seçkilərinin guya saxtalaşdırılacağı fikri üzərində qurulmuş təbliğatı xatırladaraq əlavə etdi: “Fərvərdin ayının (may ayı) əvvəlində etdiyim çıxışda ölkə daxilindəki dostlarımıza düşmənlərin saxtalaşdırılma barədə dediklərini təkrar etməmələri ilə əlaqədar ciddi xəbərdarlıq etmişdim. Belə ki, yadellilər İslami dövlət quruluşunun 30 il ərzində məsul şəxslərin fəaliyyəti və dövlətin ümumi strategiyası sayəsində qazandığı etibarı sual altına salmaq niyyətindədirlər”.
İslam İnqilabının Rəhbəri namizədlərin tamamilə azad və ciddi formada rəqabət apararaq öz seçkiqabağı təbliğat-təşviqat kampaniyalarını həyata keçirdiklərini, o cümlədən televiziyada yayımlanan açıq-aşkar və şəffaf polemikaları bir daha xatırladaraq əlavə etdi: “Seçkidə iştirak edən 4 möhtərəm namizədin arasında gedən şiddətli rəqabət İslam quruluşuna aid olan cərəyanların rəqabəti idi. Lakin xəbis sionistlərin informasiya agentlikləri yalanlar uyduraraq bunu məhz mövcud quruluşun tərəfdarları ilə əleyhdarları arasında yaranan çəkişmə kimi qələmə verməyə çalışırdılar”.
Həzrət Ayətullah Xamenei prezidentliyə namizədliyini irəli sürmüş 4 namizədlə şəxsən yaxından tanış olduğunu deyərək əlavə etdi: “Namizədlərdən biri olduqca zəhmətkeş, böyük etimad qazanmış, diqqətəlayiq xidmətlərə imza atmış hazırkı ölkə prezidentidir. Başqa biri isə şəxsən mənim rəhbərliyimlə 8 il ərzində baş nazir vəzifəsində çalışmışdır. Namizədlərdən digəri isə İslam İnqilabı Müdafiəçiləri Korpusunun komandiri və Müqəddəs Müdafiə müharibəsinin həqiqi komandanlarından biridir. Digər bir namizəd isə 8 il müddətində İslami Şura Məclisinin başçısı vəzifəsini yerinə yetirmişdir. Buna görə də bu cənabların hamısı mövcud quruluşa aid olan ünsürlərdir və onlar arasındakı rəqabət sionistlərin, ABŞ və İngiltərənin informasiya agentliklərinin xəbis təbliğatının tam əksinə olaraq qurumun öz daxilindəki rəqabətdir”.
İslam İnqilabının Rəhbəri seçkidə iştirak etmiş 4 namizədin baxışları, siyasi mövqeləri və proqramlarındakı fərqi xatırladaraq təkidlə bildirdi: “Baxışlar və nöqteyi-nəzərlər arasındakı bu ixtilaf mövcud qurumun öz çərçivəsi daxilində aparılır. Şübhəsiz ki, mən namizədlərdən bəzisini ölkəyə xidmət baxımından daha uyğun hesab edirəm. Lakin mən öz rəyimi və öz seçimimi xalq üçün açıqlamamışam və insanların mənim rəyimi rəhbər tutaraq addım atması qətiyyən lazımlı və məqsədəuyğun da deyildi. Belə ki, seçki xalqa aiddir və onun nəticəsi xalqın seçimi əsasında müəyyənləşir”.
Ali Məqamlı Rəhbər televiziya ilə yayımlanan qarşılıqlı polemikaları olduqca mühüm və dəyərli təşəbbüs kimi qiymətləndirərək əlavə etdi: “Namizədlər arasındakı ciddi, şəffaf və açıq-aşkar polemikalar seçkiqabağı rəqabətləri qeyri-real hesab edən xaricilərin təbliğatını puça çıxardı”.
Həzrət Ayətullah Xamenei polemikalar zamanı müşahidə olunan ciddilik, aşkarlıq atmosferini, insanların özünü müdafiə edərək irad və tənqidləri cavablandırmaq məcburiyyətində qalmasını, habelə konkret şəxslərin və qrupların hansı mövqeyi tutduğuna aydınlıq gətirilməsini həmin polemikaların müsbət cəhətləri kimi qiymətləndirərək dedi: “İnsanlar bu debatları və digər təbliğat-təşviqat məqsədli proqramları seyr edərək öz rəylərinə əsasən mühakimə yürütmək qabiliyyəti əldə etmiş, İslam dövlətinin daxili və xarici quruluşunun fərqli olmadığının, qurumun xalqı özünə yad hesab etmədiyinin və həqiqətən də, xalqa şüurlu surətdə öz azad seçimini etmək üçün lazımi şərait yaratdığının şahidi olmuşlar”.
Ali Məqamlı Rəhbər söz azadlığının genişlənməsi, xalqın maariflənməsi və seçim qabiliyyətinin yüksəlməsini polemikaların digər müsbət tərəfi kimi qiymətləndirərək, eyni zamanda burada toxunulan mövzuların məhəllələrdə, evlərdə müzakirə mövzusuna çevrildiyini də xatırladaraq qeyd etdi: “Sözsüz ki, keçmiş seçkilərə nisbətən bu dəfəki seçkidə 10 milyon nəfərdən çox seçicinin səs verməsi faktını doğuran səbəblərdən biri məhz xalqın seçkilərdə şüurlu və intellektual surətdə iştirak etməsidir. Xalqın seçkidə bu cür yüksək səviyyəli iştirakında məhz bu amil əsaslı rol oynamışdır. Bu baxımdan da seçkiqabağı polemikalar məqsədəuyğun addım hesab oluna bilər”.
Həzrət Ayətullah Xamenei polemikaların administrativ dairələr səviyyəsində davam etdirilməsini müsbət və zəruri bir iş adlandıraraq dedi: “Polemikaların mənfi və nöqsanlı cəhətlərini aradan qaldırmaq şərtilə onları davam etdirmək lazımdır ki, hər kəs, o cümlədən məsul vəzifəli şəxslər tənqid və irad obyektinə çevriləcəyini və cavabdehlik daşıyacağını bilsinlər”.
İslam İnqilabının Rəhbəri polemikalardakı mənfi məqamlar kimi kin-küdurətin yaranması, şaiyələrə istinad edilməsi, mübahisələrdə məntiqliliyin zəif olması, tərəflərin gərgin emosiyalara qapılaraq əsəbilik keçirməsini xüsusi qeyd edərək, habelə polemikaların bu kimi nöqsanlı cəhətlərindən ciddi narazılığını ifadə edərək dedi: “Təəssüflər olsun ki, zaman-zaman polemikalar təxribatçı xarakter alır, burada qarşılıqlı olaraq hazırkı və keçmiş hökumətlərin xidmətlərinin ifrat formada gözdən salınmasına yol verilirdi. Bu isə namizədləri dəstəkləyən insanlar arasında gərginliyin yaşanması üçün şərait yaradırdı”.
Həzrət Ayətullah Xamenei belə bir gərgin vəziyyətin yaranmasında polemikalarda iştirak edən hər iki tərəfin müqəssir olduğunu bildirərək əlavə etdi: “Bir tərəfdən, ölkənin qanuni prezidentinin ünvanına açıq-aşkar surətdə ən alçaldıcı iftiralar söylənir, xalqın verdiyi səslərə söykənən ölkə başçısına saxta kağızlar yaymaqla yalançı və xürafatçı damğası vurulur, etik normalar, qanun və insaf ayaqlar altına atılırdı. Qarşı tərəf də öz növbəsində buna bənzər addımlar atmaqla İslam İnqilabının 30 illik parlaq əməyini zəif çalarlarda təqdim edir, ömrünü İslami dövlət quruluşu naminə sərf etmiş şəxsiyyətlərin üzərinə kölgə salmağa çalışır, hüquqi orqanlarda sübuta yetirilməmiş ittihamlarla çıxış edirdi”.
Ali Məqamlı Rəhbər cənab Haşimi Rəfsəncaninin və cənab Natiq Nurinin ətrafındakı komandanın maliyyə sahəsində nöqsanlara yol verməsi mövzusu ilə bağlı gedən söhbətləri tənqid edərək bildirdi: “Əlbəttə, heç kəs bu cənabların özlərini maliyyə işləri ilə əlaqədar nöqsanlara yol verməkdə günahlandırmırdı. Lakin onların ətrafındakı insanların bu cür neqativ hallara yol verdiklərini iddia edən hər bir kəs öz iddiasını qanunla nəzərdə tutulmuş qaydada aidiyyətli orqanlarda sübuta yetirməyincə bu barədə KİV-də qətiyyən çıxışlar etməməlidir. Çünki bu cür addımlar cəmiyyətdə, xüsusilə də gənclərin zehnində mənfi təsir qoyur”.
Ali Məqamlı Rəhbər cənab Haşimi Rəfsəncanini 50 ildən artıq bir müddətdə tanıdığına, həmçinin onun İslam İnqilabı uğrunda göstərdiyi xidmətlərə işarə edərək bildirdi: “Cənab Haşimi Rəfsəncani istibdadçı şah rejimi ilə mübarizə hərəkatının ən ciddi və mühüm simalarından biri olmuşdur. Bu insan İslam İnqilabından sonra da imamın (r.ə) ən təsiredici rola malik olan silahdaşlarından olmuş, dəfələrlə şəhidliyin astanasına yaxınlaşmışdır. Cənab Haşimi Rəfsəncani dahi imam Xomeyninin (r.ə) vəfatından sonra da bu günə qədər Rəhbərlik məqamına daim yaxın olmuşdur”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Cənab Rəfsəncani İslam İnqilabından öncə öz əmlakını mübarizə yolunda sərf edirdi. Son 30 ildə də bir sıra məsuliyyətli işləri öhdəsinə götürərək ən həssas dövrlərdə inqilaba və quruma xidmət etmişdir. Bu insan heç bir zaman İslam İnqilabından özünə maddi sərvət toplamaq üçün istifadə etməmişdir və insanlar bu gerçəkliklərə lazımi diqqət göstərməlidirlər”.
Həzrət Ayətullah Xamenei eyni zamanda özü ilə cənab Haşimi Rəfsəncaninin baxışları arasında bir sıra məqamlarla bağlı təbii ziddiyyətin olduğunu da qeyd etdi: “Nəzər nöqtələrindəki bu müxtəliflik tamamilə təbiidir və insanlar bunu əsla yanlışlıq kimi qəbul etməməlidirlər”.
Ali Məqamlı Rəhbər sözünə belə davam etdi: “Cənab Haşimi Rəfsəncani ilə ölkə prezidentinin görüşləri arasında da xarici siyasət, ictimai ədalətin bərqərar edilməsi metodu və bəzi digər mədəniyyət sahələri ilə bağlı məsələlərlə əlaqədar 2005-ci ildən bəri ixtilaf mövcuddur. Əlbəttə ki, ölkə başçısının nəzər nöqtəsi şəxsən mənim baxış aspektimə daha yaxındır”.
İslam İnqilabının Rəhbəri həmçinin cənab Natiq Nurinin də İslam İnqilabı uğrunda çoxsaylı xidmətləri olan şəxslər sırasında olduğunu bildirərək bu insanın inqilaba və mövcud quruluşa qəlbən bağlı olmasında heç bir şəkk-şübhə olmadığını xüsusilə bildirdi.
Həzrət Ayətullah Xamenei bir daha polemikaların mənfi təsirlərinin aradan qaldırılmasının vacibliyini vurğulayaraq bildirdi: “Polemikaların getdiyi verilişlər efirə çıxan kimi ilk günlərdən bəri ölkə başçısına orada səslənən fikirlərə heç bir reaksiya verməməyin zəruriliyi barədə xatırlatdım”.
Ali Məqamlı Rəhbər İslam dövlətinin daima maliyyə sahəsində nöqsanlar və korrupsiya halları ilə ciddi və ardıcıl mübarizə mövqeyində durduğunu bir daha təkrarlayaraq əlavə etdi: “Əgər ölkədə maliyyə sahəsində nöqsanlar və korrupsiya halları olmasaydı, bir neçə il öncə üçlü hakimiyyət qüvvələrinin başçılarına 8 maddədən ibarət məktub göndərilməzdi. Lakin, heç şübhəsiz ki, İslam Respublikası dünya arenasındakı ən sağlam ictimai-siyasi quruluşlardandır. Sionist mərkəzlərinə və KİV-lərinə istinad edərək ölkəni maliyyə sahəsində nöqsanların mövcudluğunda ittiham etmək, yaxud ayrı-ayrı şəxsləri əsassız yerə korrupsiyada günahlandıraraq şübhə altına salmaq lazım deyil”.
İslam İnqilabının Rəhbəri çıxışının bu hissəsini yekunlaşdıraraq xatırlatdı: “Əziz İran xalqı 22 xordad günü bütün dünyaya səs salan tarixi bir hadisəyə imza atdı. Lakin düşmənlərdən bəziləri İslami dövlət quruluşunun bu mütləq qələbəsini milli məğlubiyyətə çevirməyə, seçkiləri nöqsanlı və qeyri-şəffaf kimi qələmə verməklə bütün dünyada seçicilərin seçkidə ən yüksək iştirak göstəricisinin məhz İran xalqının adı ilə bağlanmasına yol verməməyə çalışırlar. Şübhəsiz ki, onların səylərinə baxmayaraq bu parlaq göstərici məhz İran xalqının payına düşdü və bu reallığı dəyişmək qeyri-mümkündür”.
Həzrət Ayətullah Xamenei söhbətinin bu hissəsini yekunlaşdırmağa davam edərək üzünü xalqa tutub dedi: “Dörd möhtərəm namizəddən hansısa birinə səs verən bütün insanlar İslam İnqilabı cəbhəsindədirlər, İslam dövlətinə aiddirlər və İnşallah, Allah-Taala onların bu əməlinin mükafatını mütləq verəcəkdir. Elə bu səbəbdən də məhz belə demək lazımdır ki, inqilab xətti seçilmiş prezidentə aid olan 24,5 milyon səsə deyil, 40 milyon seçici səsinə malikdir”.
İslam İnqilabının Rəhbəri təkidlə bildirdi: “Xalq, əlbəttə ki, tam arxayındır. Lakin bəzi namizədlərin tərəfdarları da bundan əmin olmalıdırlar ki, İslam Respublikası quruluşu seçicilərin verdiyi səslərə heç bir zaman və heç bir vəchlə xəyanət etməz, ölkəmizdə seçki ilə bağlı hüquqi normalar saxtalaşdırmaya, özü də 11 milyon seçici rəyi miqyasında saxtalaşdırmaya qətiyyən imkan vermir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Buna baxmayaraq möhtərəm Keşikçi Şuraya təkidlə göstəriş verilmişdir ki, seçkinin şəffaflığına şübhəsi olan şəxslərin təqdim etdiyi müraciətlər mütləq araşdırılsın və əgər hansısa məntəqədə toplanmış səslərin yenidən sayılmasına ehtiyac olsa, bu, namizədlərin nümayəndələrinin iştirakı ilə həyata keçirilsin”.
Ali Məqamlı Rəhbər seçki ilə bağlı şübhə və iradların yalnız qanuni yolla həll olunmasının vacibliyini xüsusilə vurğulayaraq bildirdi: “Mən qeyri-qanuni metodları heç bir vəchlə qəbul etmirəm. Çünki hər bir seçkidə uğur qazanmayan tərəflər olur və əgər bu gün qanunların çərçivəsi pozulsa, gələcəkdə baş tutan heç bir seçkiyə etimad göstərilməyəcək və seçkilər öz şəffaflığını itirəcək”.
Həzrət Ayətullah Xamenei seçki ilə əlaqədar şikayətlərin araşdırılması üçün ölkədə kifayət qədər mükəmməl qanunların olduğuna işarə edərək dedi: “Qanun namizədlərə seçkiyə nəzarət və seçki ilə əlaqədar irad və şikayətlərlə çıxış etmək hüququ verdiyi kimi bu şikayətlərə baxılması yollarını da müəyyənləşdirmişdir. Bütün problemlər düzgün hüquqi normalar əsasında həll edilməlidir”.
Həzrət Ayətullah Xamenei ikinci xütbənin davamında üzünü siyasətçilərə, namizədlərə, siyasi partiya və cərəyanların liderlərinə tutaraq dedi: “Bu gün ölkə üçün olduqca həssas, tarixi bir məqamdır. Dünyada, Orta Şərqdə və qonşu ölkələrdəki vəziyyətə, həmçinin dünyanın iqtisadi durumuna nəzər yetirdikdə mühüm tarixi bir mərhələni yaşadığımızı aydın şəkildə görürük. Buna görə də bizim hamımızın vəzifəsi bu tarixi mərhələdə ayıq-sayıq, diqqətli olmaq və səhvə yol verməməkdir”.
Ali Məqamlı Rəhbər xalqın, həqiqətən də, seçki məsələsində öhdəsinə düşən vəzifəyə, sözün əsl mənasında ən gözəl tərzdə əməl etdiyini təkidlə vurğuladı: “Siyasətçilər və ümumi təfəkkürün formalaşmasına təsir edə bilən şəxslər öz davranışlarına və danışdıqları sözlərə qarşı olduqca diqqətli olmalıdırlar. Çünki onların azacıq ifrata yol verməsi kütlənin ekstremizmə meyillənməsi ilə nəticələnə bilər. Sonda isə vəziyyət gərginləşərək elə bir həssas və təhlükəli məqama yetişə bilər ki, onların özləri də ortalığa çıxmış arzuolunmaz nəticələrin qarşısını almaqda aciz qalarlar”.
İslam İnqilabının Rəhbəri hər bir ekstremist davranışın cəmiyyətdə digər ekstremist hallara yol açdığını təkidlə vurğulayaraq dedi: “Siyasətçilər qanuna barmaqarası baxsalar, istər-istəməz qanların axıdılmasında, gərginlik və hərc-mərcliyin yaranmasında məsuliyyət daşıyacaqlar”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Köhnə dostlarımızın və qardaşlarımızın hamısına tövsiyəm budur ki, səbirli olub, özlərini ələ alsınlar. Bu gün artıq get-gedə diplomatik maskalarını kənara atmaqda olan düşmənlərin, pusquda oturmuş ac qurdların ölkəmizə uzanan əllərini görsünlər və qətiyyən onlardan bixəbər olmasınlar”.
Ali Məqamlı Rəhbər üzdə olan siyasətçilərin öz davranışlarına görə Tanrı qarşısında daşıdıqları məsuliyyəti yaddan çıxarmamalı olduqlarını təkidlə vurğuladı: “Qardaşlar, dahi imam Xomeyninin (r.ə) son vəsiyyətlərini yada salın. O, deyirdi ki, hər bir şəxs qanunu rəhbər tutmalıdır”.
İslam İnqilabının Rəhbəri bütün ixtilafların seçki qutularının qarşısında öz həllini tapmasını “seçkinin fəlsəfəsi” adlandıraraq xatırlatdı: “Seçki buna xidmət edir ki, küçələrdən deyil, seçki qutularından çıxan nəticələrə əsasən insanların nə istədiyi məlum olsun”.
Həzrət Ayətullah Xamenei təkidlə bildirdi: “Əgər ölkədə baş tutan hər seçkidən sonra səs toplamayanlar küçələrə “qoşun” çəkəcəksə və buna əks reaksiya olaraq qələbə qazanan tərəf də öz tərəfdarlarını küçələrdə toplayacaqsa, daha ölkədə seçkilərin keçirilməsi nə üçündür? Bu camaatın nə günahı var ki, bizim bu işlərimiz ucbatından iş-gücündən, bir parça çörəyindən məhrum olmalıdır?”
Ali Məqamlı Rəhbər çoxlu sayda insanın küçələrdə toplaşmasının ölkəyə nüfuz etmək istəyən terroristlər və terror aktları üçün ən əlverişli komuflyaj olmasını bildirərək əlavə etdi: “Küçə toplantıları zamanı terror aktı baş verərsə, bunun məsuliyyəti kimin üzərinə düşəcək? Ötən günlər ərzində həlak olmuş adi insanların, mülki şəxslərin ölümündə kim məsuliyyət daşıyaraq cavabdehlik edəcək? Bu ekstremist təzahürlərin müqabilində partlayan emosional reaksiyalara görə cavabdeh qismində kim sorğu-sual olunacaq?”
İslam İnqilabının Rəhbəri Tehran Universitetinin yerləşdiyi küçədə baş vermiş bəzi olayları şiddətlə tənqid edərək xatırlatdı: “Universitetin yerləşdiyi küçədə gənc, mömin və hizbullahçı tələbələrin hücuma məruz qalması faktını eşidəndə, həqiqətən də, insanın qəlbi qan ağlayır”.
Həzrət Ayətullah Xamenei seçkidən sonra küçələrdə güc nümayiş etdirməyi, əslində, seçkinin əsl mahiyyətinin və demokratiyanın ayaqlar altına atılması kimi mənalandıraraq təkidlə qeyd etdi: “Hər kəsdən istəyim budur ki, bu yanlış metoddan istifadə etməyə son qoysunlar. Əks təqdirdə baş verənlərin arzuolunmaz nəticələrinə, hərc-mərcliyə görə onlar məsuliyyət daşımalı olacaqlar”.
Həmçinin İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bəziləri dərk etməlidirlər ki, küçə hərəkatı ilə mövcud quruluşa təzyiq göstərə və “məsləhətləşmək” adı altında ölkə rəsmilərinə öz istəklərini qəbul etdirə bilməyəcəklər. Çünki təzyiqlərə məruz qalaraq qeyri-qanuni məsələlərlə razılaşmaq bir növ diktaturanın başlanğıcıdır”.
Həzrət Ayətullah Xamenei xatırlatdı: “Bu cür təsəvvürlər tamamilə yanlışdır və əgər onlar insanlar içərisində özlərinə ardıcıllar da tapsalar, sözsüz ki, pərdəarxası buyruqçuların diqqətini özlərinə cəlb edəcəklər. Lakin xalq lazım gələrsə, vaxtı çatanda həmin pərdəarxası ünsürləri də tanıyacaq”.
Ali Məqamlı Rəhbər hamını dostluq, qardaşlıq və qarşılıqlı anlaşma bayrağı altında birləşib qanuna riayət etməyə dəvət etdi: “Qanunun, qarşılıqlı sevgi və saf niyyətin yolu açıqdır. Ümidvaram ki, hamı məhz bu yolda irəliləyəcək, xalqın 40 milyonluq qələbə bayramını əziz tutacaq, düşmənin bu böyük bayramı pozmasına əsla imkan verməyəcək”.
Eyni zamanda İslam İnqilabının Rəhbəri xəbərdarlıq da etdi: “Əgər kimlərsə başqa bir yolla getmək niyyətində olsalar, o zaman mən insanların qarşısına keçib öz sözümü daha da aşkar və birbaşa surətdə deyəcəyəm”.
Həzrət Ayətullah Xamenei seçki ilə bağlı məsələlər barədə söhbətinə davam edərək bəzi Avropa dövlətləri və ABŞ rəsmilərinin tutduğu mövqeyə də xüsusi işarə etdi: “Seçki başlamamışdan öncə Qərb informasiya agentliklərinin və dövlət rəsmilərinin mövqeyi bundan ibarət idi ki, onlar seçkilərin üzərinə şübhə kölgəsi salmaq, xalqın bu seçkidə zəif iştirakını təmin etmək üçün zəmin hazırlamaq uğrunda çalışırdılar. Lakin xalqın seçkidə 40 milyon nəfərlik möhtəşəm iştirakı Qərb informasiya agentliklərini və Qərbin yüksək dövlət məmurlarını şoka salaraq bir daha onlara başa saldı ki, İran İslam Respublikası ilə bağlı məsələlərdə yeni bir səhifə açılmışdır və onların bu yeni mərhələni qəbul etməkdən başqa heç bir çarəsi yoxdur”.
İslam İnqilabının Rəhbəri seçkidən sonra qarşıya çıxmış bəzi problemlərə və etiraz aksiyalarına işarə edərək dedi: “Belə bir şəraitdə bəzi Qərb dövlətlərinin rəsmiləri öz istəklərini həyata keçirmək üçün fürsəti əldən buraxmadılar. Tədricən onların danışıq tonu da dəyişdi, maskalar atıldı və kimin kim olduğu üzə çıxdı”.
Həzrət Ayətullah Xamenei xatırlatdı: “Həftənin əvvəlindən etibarən bəzi Qərb dövlətlərinin prezidentləri və xarici işlər nazirləri öz mövqelərini bildirdilər, həmçinin İslam Respublikasına qarşı özlərinin düşmən münasibətini də nümayiş etdirdilər. Bunların içərisində hamısından daha xəbis olanı isə İngiltərə hökuməti idi”.
Ali Məqamlı Rəhbər ABŞ rəsmilərindən bəzilərinin: “Biz insanların küçələrə axışacağı bu günləri gözləyirdik” – tipli çıxışlarını misal gətirərək dedi: “Bu fikirlər ABŞ rəsmilərinin okeanın o tayından məktublar yazaraq İslam Respublikasına öz ehtiramını ifadə etmək, bu dövlətlə əlaqələr qurmaq niyyətində olduqlarını bildirdikləri bir vaxtda səslənir. Bu sözlərdən hansına inanmaq lazımdır?”
İslam İnqilabının Rəhbəri xatırlatdı: “Eyni vaxtda ölkənin daxilində də həmin bu xarici ünsürlərin xəfiyyələri işə başladılar, təxribat və yanğınlar törədildi, ümumi və şəxsi əmlakın talan edilməsinə, insanların təhlükəsizliyinin pozulmasına başlandı. Şübhəsiz ki, bu təxribatların xalqla və namizədləri dəstəkləyən insanlarla heç bir əlaqəsi yoxdur. Bütün bunlar İran xalqına xor gözlə baxan bədxahların, Qərbin və sionistlərin kəşfiyyat xidmətlərinin əlaltısı olan muzdurların işidir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu vəziyyət düşmənləri şirnikləndirdi və onlar elə təsəvvür etdilər ki, İranda da bəzi kiçik dövlətlərdə olduğu kimi hansısa sionist kapitalistin 40-50 min dollar pulu ilə məxməri inqilab edə bilərlər. Lakin bu nadan düşmənlərin əsas problemi budur ki, onlar hələ də İran xalqını yaxşı tanımayıblar”.
Ali Məqamlı Rəhbər xatırlatdı: “Bu arada hər şeydən daha çirkin olanı isə bu idi ki, ABŞ rəsmiləri ürəyiyananlıqla insan haqlarından danışır, İran xalqının zorakılığa məruz qaldığını iddia edirdilər. Lakin maraqlıdır ki, Əfqanıstanda və İraqda baş vermiş o cinayətləri törədən, zalım sionist rejiminə maddi və siyasi dəstək verənlər insan hüquqlarından necə ağızdolusu dəm vura bilirlər?”
Həzrət Ayətullah Xamenei demokrat Klinton hökumətinin Davudilər firqəsinə aid olan 80-dən çox insanı qətli-am etməsi olayını xatırladaraq əlavə etdi: “80-dən çox qadın, uşaq və kişini diri-diri yandıran sizlər, ümumiyyətlə, insan hüquqlarının nə demək olduğundan xəbərdarsınızmı?”
İslam İnqilabının Rəhbəri İran İslam Respublikasının bəşər hüquqlarının müdafiəsinin və məzlumları himayənin bayraqdarı olduğunu təkidlə vurğulayaraq, habelə Qərbin nəsihətlərinə heç bir ehtiyacı olmadığını bildirərək dedi: “Yaxşı olar ki, ABŞ-ın, Avropanın rəsmiləri və siyasətçiləri bir az utanıb həya etsinlər və bu cür işlərdən əl çəksinlər”.
İslam İnqilabının Rəhbəri cümə namazının ikinci xütbəsinin sonunda Həzrət imam Zamana (ə.f) müraciət edərək bu cür dua etdi: “Ey bizim ağamız və mövlamız! Biz lazım olana əməl etdik, zəruri olanı dedik və həmişə də deyəcəyik. Biz hər nəyimiz varsa ‒ azacıq qüdrəti olan canımızı, nüfuz və heysiyyətimizi ortaya qoymuşuq, onu İslam inqilabının və İslamın yolunda fəda edəcəyik. Biz bu yola bütün qüdrətimizlə davam edəcəyik. Bu İnqilabın və bu ölkənin əsl sahibi olan Siz isə bizim üçün dua edin!”
Həzrət Ayətullah Xamenei namazın birinci xütbəsində möminlərin mənəvi rahatlıq və arxayınlıq tapmasında Allahı yada salmağın və imanlı olmağın rolu barədə danışaraq təkidlə bildirdi: “Qəlbləri təşvişə salıb mənəvi iztirab verən hadisələr baş verdikdə Allahı zikr etmək, Uca Yaradanı anmaq, Tanrının verdiyi vədlərə inanmaq lazımdır. Belə olduqda Uca Yaradan möminlərin qəlbinə İlahi bir sakitlik və arxayınlıq nazil edər. Bu sakitlik və rahatlıq isə qəlblərin qüvvət tapmasına, atılan addımların möhkəmlənməsinə səbəb olar”.
Ali Məqamlı Rəhbər İslam İnqilabının qələbə çaldığı ilk dönəmlərdən bəri baş vermiş müxtəlif hadisələrə də toxunaraq xatırlatdı: “Baş vermiş həmin hadisələrdən, ölkəmizin düşdüyü fırtınalardan hər biri hər hansı bir xalqı, quruluşu kökündən tamamilə qopara bilərdi. Lakin, obrazlı şəkildə desək, “İran İslam Respublikası” adlanan bu əzəmətli gəmi düşdüyü bu fırtınalardan azacıq belə olsun, xəsarət almadı. Bu isə Tanrının mərhəmət və fəzilətlərinin nişanəsidir”.
İslam İnqilabının Rəhbəri təkəbbürün, Uca Yaradanı yada salmamağın Allahın mərhəmətinin insana, yaxud ümmətə cəlb olunmasına son qoyan amillər olduğunu bildirərək əlavə etdi: “Diqqətli olmaq lazımdır ki, siyasi emosiyalar və azad bir ölkədə tamamilə təbii bir hal kimi qəbul olunan bəzi hərc-mərcliklər heç bir vəchlə bizi Allahı anmaqdan və əsl məqsədimizdən yayındırmasın”.
İslam İnqilabının Rəhbəri ölkədəki əziz gənclərin imanlı olmasını və mənəviyyata yüksək dəyər verməsini xatırladaraq hamıya, xüsusən də gənclərə ölkədə mənəviyyat baxımından mövcud olan şəraitdən maksimal səviyyədə faydalanmağı tövsiyə etdi: “Artıq rəcəb ayı yaxınlaşmaqdadır və mərifət ümmanı olan bu ayın dualarını qənimət bilmək lazımdır”.