Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xameneinin ölkə prezidentliyinə 4 namizədlə görüşü

Bu gün axşam ölkə prezidentliyinə onuncu seçkilərin 4 namizədinin qərargah nümayəndələri İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşmüşlər. Dostluq və səmimiyyət şəraitində keçən bu görüşdə namizədlər ölkədə baş tutmuş prezident seçkiləri və bununla əlaqədar məsələlərlə bağlı öz fikirlərini birbaşa və açıq-aşkar söylədilər, həmçinin aidiyyətli orqanlarda çalışan məsul şəxslər müəyyən məsələlərə aydınlıq gətirdilər.

Ölkə üzrə Baş İcraiyyə Komitəsi, Konstitusiyaya Nəzarət Şurası, Ölkə üzrə Baş Təftiş Komitəsi və Seçki Təbliğatı Komissiyasından bir çox nümayəndələrin iştirak etdiyi bu görüşdə İslam İnqilabının Rəhbəri ölkədə baş tutan seçkilərin daim milli birlik və qüruru əks etdirdiyini təkidlə vurğulayaraq xatırlatdı: “4 milyona yaxın insanın seçki qutularına yaxınlaşaraq səs verməsi İslam dövləti üçün iftixar doğuran bir faktdır. Özünəməxsus nəzər nöqtəsinə malik olan hər bir seçicinin bu böyük tarixi olayda öz payı vardır və bu milli birliyin keşiyində durmaq  hamının borcudur”.

Həzrət Ayətullah Xamenei xalqın yekdilliklə seçki məntəqələrinə gələrək səs verməsini, əslində, İslam Respublikasına səsvermə və İslam quruluşuna dəstək verən bir davranış adlandıraraq əlavə etdi: “Bütün seçkilər ərəfəsində daim xalqın seçkidə fəal və hamılıqla iştirakına təkid olunmuşdur. Çünki insanların seçkidə fəal iştirakı xalqın kifayət qədər məlumatlı olmasının, İslam quruluşunu, milli qürur və birliyi dəstəkləməsinin bariz göstəricisidir”.

Ali Məqamlı Rəhbər seçkinin camaat arasında ixtilaf və qarşıdurmanın yaranması üçün bir alətə çevrilməsinin yolverilməzliyini təkidlə bildirərək əlavə etdi: “Seçicilərin iki cinaha parçalandığını, bir tərəfdə 24, digər tərəfdə isə 14 milyon seçicinin yer aldığını düşünmək böyük bir səhvdir. Çünki seçilmiş ölkə prezidentinə, o cümlədən digər namizədlərə səs verən seçicilərin hamısı İslami dövlət quruluşuna eyni dərəcədə bağlıdırlar və böyük etimad bəsləyirlər”.

Daha sonra İslam İnqilabının Rəhbəri əlavə etdi: “Seçicilər seçkidə bu və ya digər namizədə səs verməkdə özünəməxsus rəyə və təmayülə malikdirlər. Lakin onların hamısının mövcud quruluşa etimad və İslam Respublikasını müdafiə etməkdə rəyi və fikri yekdilliklə birdir”.

Həzrət Ayətullah Xamenei son seçkidə ən mühüm məsələ kimi 40 milyona yaxın insanın verdiyi səsdə milli birliyin özünü əks etdirdiyini xüsusi vurğulayaraq təkidlə dedi: “Seçkiqabağı təbliğat kampaniyası zamanı insanlar fəal və optimist bir atmosferdə küçələrdə toplaşır və istədikləri namizədi heç bir qarşıdurma baş vermədən sərbəst surətdə dəstəkləyirdilər. Bu, İslam Respublikasında həqiqi xalq hakimiyyətinin var olduğunu açıq-aşkar göstərir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Həmin dostluq atmosferi seçkidən sonra qətiyyən qarşıdurma və ədavət atmosferinə çevrilməməlidir. Çünki hər iki tərəfdə duranlar İran xalqının övladları və İslam quruluşuna etiqad bəsləyən insanlardır”.

İslam İnqilabının Rəhbəri bildirdi: “Əlbəttə, xalq hakimiyyətinin qaydasına görə çoxluğun rəyi azlıqdan üstün tutulur. Lakin bu, düşmənçiliyin və qarşıdurmanın yaradılması demək deyil. Ədavət və kin-küdurət atmosferinin yaranmasının qarşısını almaq hər bir kəsin öhdəsinə düşən mühüm bir vəzifədir”.

Həzrət Ayətullah Xamenei seçki ilə bağlı iradların qanuni yollarla həll edilməsinin vacibliyini təkidlə vurğulayaraq xatırlatdı: “Bütün bu iradlar mütləq araşdırılmalıdır. Mənim Nəzarət Şurasından və Ölkə üzrə Baş İcraiyyə Komitəsindən xahişim budur ki, heç bir şübhənin qalmaması üçün irəli sürülən bütün iradlar tam dəqiqliklə araşdırılsın”.   

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əgər seçki ilə bağlı iradların araşdırılması üçün bəzi seçki qutularındakı səslərin yenidən sayılmasına ehtiyac duyulsa, hamının arxayın olması üçün bu iş də namizədlərin qərargah nümayəndələrinin iştirakı ilə mütləq həyata keçiriləcək”.

İslam İnqilabının Rəhbəri ölkədə baş tutmuş əvvəlki seçkilər zamanı daim ölkənin məsul şəxslərinə etimad bəslənildiyini xüsusi vurğulayaraq xatırlatdı: “Keçmiş dönəmlərdə baş tutan çoxsaylı seçkilərdə seçkinin gedişatına cavabdeh olan məsul şəxslərin müxtəlif təmayüllü olmalarına baxmayaraq mən onlara etimad etmişəm. Lakin bu inam seçki ilə bağlı müxtəlif iradların, şübhələrin araşdırılmasına, həqiqətin üzə çıxarılmasına qətiyyən mane olmamalıdır”.

Həzrət Ayətullah Xamenei 40 milyon nəfərə yaxın seçicinin prezident seçkilərində iştirakını son 30 il ərzində seçkidə ən yüksək iştirak göstəricisi adlandıraraq əlavə etdi: “Hətta xarici informasiya agentliklərinin belə fövqəladə adlandırdıqları böyük iftixar doğuran bu faktı mütləq qorumaq lazımdır. Çünki bu iftixar xalqa və bütün seçicilərə aiddir”.      

Ali Məqamlı Rəhbər seçki nəticəsində qalib gəlmiş və uğur qazanmamış hər iki cinaha müəyyən məsələlərdə diqqətli olmağı təkidlə tövsiyə etdi: “Həm əksəriyyətin dəstəyini qazanmış, həm də qələbəyə müvəffəq olmamış tərəflər lazımi səbir və təmkin nümayiş etdirərək öz rəftar və davranışlarında diqqətli olmalıdırlar”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Qələbə, yaxud məğlubiyyət zamanı dözüm və təmkinini qoruyub-saxlamaq asan bir iş deyil. Çünki bu, insana məxsus fəzilətli xüsusiyyətlərdən biridir və belə bir xüsusiyyətə malik olmaq mədəniyyəti görkəmli şəxslər, eləcə də geniş kütlə arasında geniş təbliğ olunmalıdır”.

Həzrət Ayətullah Xamenei bəzilərinin İran xalqının milli birliyini, habelə İslami quruluşun möhkəmlənməsini əsla gözü götürmədiyini təkidlə qeyd edərək xatırlatdı: “Bunlar həqiqətə uyğun olmayan sözləri camaat arasında yayan, hətta təxribatlar da törədən şəxslərdir”.      

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu təxribatlar, çirkin əməllər və baş vermiş bəzi cinayətlər adi camaat – namizədləri dəstəkləyən sadə insanlar tərəfindən deyil, iğtişaşçılar tərəfindən törədilmişdir. Hamı onlara qarşı yekdilliklə çıxış edərək öz mövqeyini açıq-aşkar və çəkinmədən elan etməlidir”.

İslam İnqilabının Rəhbəri təkidlə bildirdi: “Heç bir vəchlə belə bir mülahizəyə yol vermək olmaz ki, həmin şəxslər hansısa namizədin tərəfdarlarıdır və onların məqsədi dövlətin əsaslarına və ölkədəki sabitliyə qarşı çıxmaqdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu şəxslər iğtişaşların və qeyri-sabitliyin tərəfdarlarıdırlar. Seçkilər başqa cür nəticələnsəydi belə, mütləqdir ki, onlar bu cür hadisələri törədəcəkdilər”.

Ali Məqamlı Rəhbər bir qrup şəxsin ölkədəki sabitliyi və təhlükəsizliyi hədəfə aldığını təkidlə qeyd edərək fikrini bu cür izah etdi: “Heç kəs qarma-qarışıqlıq yarada biləcək bir işə yol verməməlidir. Hamı iğtişaşlara qarşı çıxdığını açıq-aşkar formada bildirməlidir”.

İslam İnqilabının Rəhbəri hamıya, xüsusilə də seçki nəticəsində iki cinahda mövqe tutmuş insanlara təhrikedici addımlardan çəkinməyi təkidlə tövsiyə etdi: “İki cinah ‒ istər dəstəklədiyi namizəd qələbə çalmış, istərsə də uğur qazanmamış olsun – bir-birinin əsəblərini tarıma çəkməməlidir. Hamı seçkidə iştirak edərək mövcud quruluşu müdafiə etməkdən ibarət olan əsl mehvərin ətrafında mərkəzləşməlidir”.

Həzrət Ayətullah Xamenei xatırlatdı: “Bu gün bizim hamımızın öhdəsinə düşən vacib vəzifə ölkənin ümumi maraqlarını qorumaq və mövcud quruluşun mahiyyətinin müdafiəsinə qalxmaqdır. Gəlin, insanlar arasında qarşıdurmanın yaranmasına imkan verməyək! Bu, Allah-Taalanın rəhmətinin ölkəmizə cəlb olunmasına, Həzrət Məhdi Sahibəz-Zəman (ə.f) dövlətimizdən razı qalmasına səbəb olacaq”.

700 /