İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Mirhüseyn Musəvi ilə görüşündə ona problemlərin həllində qanunu rəhbər tutmağı təkidlə tövsiyə etdi.
Dünən axşamçağı baş tutan bu görüşdə cənab Mirhüseyn Musəvi məruzə edərək seçkinin gedişatı barədə öz şəxsi fikirlərini bildirdi.
Ali Məqamlı Rəhbər səbir və təmkini qoruyub saxlamağın vacib olduğunu xüsusilə vurğulayaraq xatırlatdı: “Ölkədə baş tutmuş əvvəlki seçkilərdə də bəzi namizədlər öz şikayətləri ilə bağlı seçki ilə əlaqədar şikayətləri araşdıran hüquqi orqan kimi Keşikçi Şuraya müraciət etmişlər. Təbii ki, bu seçkilərdə də problemlər öz həllini qanuni yolla tapmalıdır”.
Ali Məqamlı Rəhbər cənab Musəvinin Keşikçi Şuraya ünvanladığı məktubuna da işarə edərək belə əlavə etdi: “Keşikçi Şuraya təkidlə tövsiyə olunmuşdur ki, həmin məktubda toxunulan məsələlər diqqətlə araşdırılsın”.
İslam İnqilabının Rəhbəri düşmənin provokasiyalarına və küçələrdə iğtişaşların törədilməsi məqsədini daşıyan bəzi pərdəarxası planlara işarə edərək cənab Musəviyə dedi: “Siz bu qəbildən olan insanlardan tamamilə fərqlənirsiz. Buna görə də problemləri səbirlə və təmkininizi pozmadan həll etməyiniz lazımdır”.
Həzrət Ayətullah Xamenei xalqın 22 xordad tarixində baş tutmuş prezident seçkilərində əvvəllər misli-bərabəri görünməmiş iştirakını yüksək qiymətləndirərək əlavə etdi: “Allahın yardımı ilə seçkilər arxayınlıq, şəffaflıq və dinclik şəraitində keçdi. Siz də nəzərdə tutduğunuz məsələləri qanunla müəyyənləşdirilmiş yolla həll edin”.