Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Fatimənin (s.ə) mübarək doğum günündə təşkil edilmiş ziyafət

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün iki aləmin seçilmiş xanımı Həzrət Siddiqeyi-Tahirənin (s.ə) və onun şərəfli övladı imam Xomeyninin (r.ə) mübarək doğum gününə həsr edilmiş mərasimdə onuncu prezident seçkilərini İlahi bir möcüzə adlandırdı. Daha sonra o, xalqın bu seçkilərdə misli-bərabəri görünməmiş əzəmətli iştirakına xüsusi işarə edərək xatırlatdı: “Ayıq-sayıq, müdrik və uzaqgörən İran xalqı bu böyük tarixi hadisədə özünün bu səviyyədə iştirakı ilə imam Xomeyninin (r.ə) irəli sürdüyü şüarlara, təməlini qoyduğu dəyərlərə daima ürəkdən bağlı olduğunu, öz səadət və tərəqqisini yalnız bu yolda axtardığını bir daha nümayiş etdirdi”.

Həzrət Ayətullah Xamenei ölkə prezidentliyinə onuncu seçkilərdə İran xalqının tarixin yaddaşında qalacaq iştirakına da işarə edərək, həmçinin bu seçkilərin olduqca pozitiv və müvəffəqiyyətli olduğunu bildirərək bu barədə fikirlərini belə izah etdi: “İslam dinini rəhbər tutan İran xalqı özünün bu seçkilərdəki hamılıqla, fəal və həyəcanlı iştirakı ilə bir daha sübut etdi ki, milli qürur və heysiyyətə böyük əhəmiyyət verir, ifratçı hegemon qüvvələr qarşısında müqavimət göstərməyi, hüquqlarının bərpa edilməsi uğrunda mübarizə aparmağı özünün əsas və şərəfli prinsiplərindən biri hesab edir. İran xalqı bunu ölkədə baş tutan onuncu prezident seçkilərində bariz formada nümayiş etdirdi”.

İslam İnqilabının Rəhbəri bu ölkənin düşmənlərinin ideoloji müharibəyə başlayaraq xarici informasiya agentlikləri vasitəsilə həyata keçirdikləri geniş təbliğatla xalqın əlini prezident seçkilərində iştirak etməkdən soyutmaq üçün cidd-cəhdlə çalışıb-vuruşduqlarına da işarə etdi: “Həqiqətən də, Allah-Taalanın ecazkar əli bu seçkinin başı üzərində oldu. Belə ki, seçkinin nəticəsi xalqın 30 il ərzində iştirak etdiyi seçkilərin ən yüksək göstəricisindən 10 milyon səs çoxdur”.

Ölkənin müxtəlif məntəqələrindən ismət və paklıq Əhli-beytini (ə) mədh edənlərin axışıb gəldiyi bu mərasimdə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Həzrət Zəhranı (s.ə) xeyir-bərəkət mənbəyi, o şərəfli xanımın doğum gününü isə “olduqca əhəmiyyətli və böyük bir gün” adlandıraraq  əlavə etdi: “Siddiqeyi-Tahirənin (s.ə) doğum günü, əslində, “vilayətin (imamətin) dünyaya gəlişi bayramı”dır. Çünki o dahi xanımın övladları, yəni ümmətə rəhbərlik edib doğru yola istiqamətləndirən imamlar həqiqətdə bu pak şəcərənin meyvələridirlər”.

Həzrət Ayətullah Xamenei şiə və sünnilərin birliyinin daha da möhkəmləndirilməsinə, habelə imam Xomeyninin (r.ə) İslam dünyasında birlik və qardaşlığın bərqərar edilməsi ilə bağlı tövsiyələrinə də işarə edərək xatırlatdı: “Dahi imam Xomeyni (r.ə) olduqca müdrik idi. O, düşmənin, xüsusilə də ingilislərin şiə və sünni ixtilafından zəif bir nöqtə kimi istifadə edərək İslam dünyasının vəhdətini pozmaq, müsəlmanları bir-biri ilə üz-üzə qoymaq niyyətində olduqlarını yaxşı bilirdi”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bu gün hər bir müsəlman İslam Respublikasının başı üzərində dalğalanan “Dini əqidə, İslamın şərəf və ucalığı” bayrağını görəndə onun qəlbi həyəcanla çırpınır və bütün müsəlmanlar bu bayraqla iftixar edirlər”. 

700 /