İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqa ünvanladığı olduqca mühüm müraciətində tarixi bir gündə – xordad ayının 22-si (12 iyun) cümə günündə əzəmətli və qəhrəman İran xalqının həlledici, qüdrətli, mətin və sülhpərvər davranışını hikmətli Allah-Taalanın lütfü və mərhəməti, diqqətəlayiq və misilsiz bir hadisə adlandırmışdır. İslam İnqilabının Ali Məqamlı Rəhbəri respublikada onuncu prezident seçkilərinin həyəcanlı, pozitiv və olduqca möhtəşəm şəkildə keçdiyinə işarə edərək, həmçinin bu seçkilərin İran xalqının siyasi dünyagörüşünün artması, xalqın inqilabi əzmə və sivil səviyyəyə malik olmasını özündə əks etdirdiyini bildirərək qeyd etdi: “Camaatın 80 faizdən çoxunun seçkilərdə iştirak etməsi, seçilmiş ölkə prezidentinə 24 milyon nəfərin səs verməsi, həqiqətən də, böyük bir bayramdır. Düşmənlər öz bədxah təhrikedici planları ilə İran xalqının bu bayramın sevincini ürəkdolusu yaşamasına mane olmağa çalışırlar. Buna görə də xalqın nümayəndələri, xüsusilə də əziz gənclər ayıq-sayıq və diqqətli olmalı, prezident postuna seçilmiş namizədin və digər möhtərəm namizədlərin tərəfdarları hər cür təhrikedici, pessimist rəftar və sözlərdən çəkinməlidirlər”.
Müraciətin tam mətni:
Mehriban və bağışlayan Allahın adı ilə!
Əziz İran xalqı!
Müdrik, qəhrəman, zəmanənin incəliklərini duymağı bacaran qardaş və bacılar!
Allahın salamı sizlərə olsun! Çünki siz Tanrının salamını və mərhəmətini qəbul etməyə layiq olduğunuzu bir daha sübut etdiniz. Sizin tarixin yaddaşına yazılacaq cümə günündəki davranışınız diqqətəlayiq və misilsiz bir hadisə idi. Bu hadisə ilə İran xalqının yüksək siyasi dünyagörüşü, qətiyyətli, inqilabi ruhiyyəli siması, sivil səviyyəsi və güclü potensialı gözəl, möhtəşəm bir mənzərə ilə bütün dünya ictimaiyyətinə nümayiş olundu.
Siz sülhsevər, mətin və mükəmməl rəftarınızla öz qüdrət və izzətinizi ölkə tarixində bir daha sübut etdiniz, bu həlledici meydanda iştirak etməklə düşmənin psixoloji gülləbaranı altında öz sarsılmaz iradənizi nümayiş etdirdiniz. Bütün bunlar heç bir şablon sözlərlə ifadə oluna bilməyəcək qədər əhəmiyyətə malik önəmli faktorlardır. Yalnız bunu demək mümkündür ki, İran xalqı Uca Yaradanın mərhəmətini cəlb etmək üçün zəruri olan amilləri özündə qoruyub-saxlaya bilmişdir, bu ölkənin tərəqqi və yüksəlişinə əncam çəkmək üçün Tanrının qüdrət əli bu xalqın başı üzərindədir.
İran xalqının şücaəti nəticəsində 22 xordad seçkiləri xalqın uzunmüddətli seçki tarixində yeni bir göstərici oldu. Camaatın 80 faizdən çoxunun seçki məntəqələrinə gəlib prezident seçkilərində iştirak etməsi və prezidentliyə seçilmiş namizədə 24 milyon insanın səs verməsi, sözün həqiqi mənasında, böyük bir bayramdır. Bu bayram, Allahın dəstəyi və köməkliyi ilə, ölkənin tərəqqi və yüksəlişinin, milli təhlükəsizliyin, habelə ölkədə böyük sevinc və optimizmin yaşanmasının rəhni olacaqdır. Dünən siz bir daha sübut etdiniz ki, İran ölkəsi və İran xalqı məhz İslam İnqilabına məxsus dəyərlərin və şüarların bərəkəti ilə siyasi və psixoloji hücumlar qarşısında möhkəm və sarsılmaz qüvvə ilə durmuşdur, bu ölkədə dini demokratiya və xalq hakimiyyətinin bərqərar edilməsindən 30 il ötməsinə baxmayaraq həmişəkindən də yepyeni olan nəfəs və böyük şücaətlə meydanda hazır olaraq dostlarını və düşmənlərini öz işıqlı yoluna davam etməkdə olduğundan bir daha əmin edir.
Mən sizlərin – əziz xalqın əzm və imanı qarşısında baş əyərək bu böyük müvəffəqiyyət münasibətilə Həzrət Məhdi Sahibəz-Zamanı (ruhum ona fəda olsun!), əzəmətli imam Xomeyninin (r.ə) ruhunu, xalqın hər bir nümayəndəsini bircə-bircə təbrik edirəm. Hamıya bu İlahi lütfün qədrini bilməyi, hər şeyi bilən və hikmətli Allaha şükürlər etməyi tövsiyə edirəm. Belə güman olunur ki, düşmənlər özlərinin cürbəcür bədxah və təhrikedici planları ilə İran xalqının bu hadisənin sevincini ürəkdolusu yaşamasına mane olmağa çalışsınlar. Xalqın bütün nümayəndələrinə, xüsusilə də bu sensasiyalı hadisənin ən fəal və həlledici iştirakçıları olan əziz gənclərə tövsiyə edirəm ki, tamamilə ayıq-sayıq və diqqətli olsunlar! Həmişə seçkinin ertəsi günü, yəni şənbə günü “mehribanlıq və qardaşlıq günü” olmalıdır. İstər prezidentliyə seçilmiş namizədin, istərsə də digər möhtərəm namizədlərin tərəfdarları hər cür provakasiyaedici, bədgüman rəftar və sözlərdən çəkinməlidirlər. Prezident postuna seçilmiş möhtərəm namizəd bütün İran xalqının prezidentidir və hamı, o cümlədən onun dünənki rəqibləri yekdilliklə onu müdafiə etməli və hər cür köməklik göstərməlidirlər. Şübhəsiz ki, bunun özü də İlahi bir sınaqdır və ondan müvəffəqiyyətlə çıxmaq Uca Yaradanın mərhəmətini özünə cəlb etməyə səbəb olacaqdır.
Mən bu əzəmətli hadisədə həlledici rol oynamış hər kəsə: özünün siyasi, iqtisadi baxışlarını ifadə etməklə, öz rəftar və davranışları ilə müxtəlif siyasi və ictimai zövqlərə malik olan insanları seçkidə iştirak etməyə təşviq edən möhtərəm namizədlərə; insanlara müraciət edərək bu böyük sınaqda iştirak etməyə dəvət edən görkəmli şəxslərə, böyük mərceyi-təqlidlərə, alimlərə, ali təhsil ocaqlarında çalışan ziyalılara, siyasi və mədəni xadimlərə; milli teleradiokompaniyaya tətbiq etdiyi təqdirəlayiq yeniliklərlə bu unudulmaz hadisədə özünəməxsus həlledici rol oynamış “Səda və Sima” dövlət teleradiokompaniyasının müdriyyətinə, layihə rəhbərlərinə, icraçı kollektivinə və mütəxəssislərə; ölkə nazirliyinə, tam ixlas və mötəbərliklə öhdəsinə düşən olduqca ciddi və mühüm vəzifəyə sədaqətlə, işgüzarlıqla əməl etmiş Keşikçi Şuraya, İnzibati qüvvələrə və camaat üçün dinc, rahat və təhlükəsiz şərait yaratmış digər təhlükəsizlik orqanlarına; ən nəhayət və hamıdan daha artıq isə səs verərək özünün, ölkəsinin nüfuzunu, sabitliyini və təhlükəsizliyini təmin etmiş olan hər bir kəsə ayrı-ayrılıqda səmimi minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.
Bir daha acizanə surətdə yalvararaq əziz və qüdrətli Allaha qəlbimin dərinliklərindən gələn şükürlər edirəm. Tanrıdan bu millətə və bu gücsüz bəndəyə Öz rəhmətini nəsib etməsini diləyirəm. Həzrət Məhdi Sahibəz-Zamana (ruhum ona fəda olsun!) salamımı yetirərək, bu ölkənin əsl sahibi olan o Həzrətin (ə.f) dualarına və himayəsinə ümid edirəm. Mərhum imamın (r.ə) ruhuna və əziz şəhidlərimizin pak ruhlarına salam və salavat göndərirəm.
Allahın salamı və rəhməti sizlərə olsun!
Seyid Əli Xamenei