İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei respublikada baş tutan onuncu prezident seçkisinin və Xubriqan Məclisinin yarımmərhələ etapının ilk dəqiqələrində imam Xomeyni (r.ə) adına hüseyniyyədə 110 saylı seçki qutusunun qoyulduğu yerə gələrək səs vermişdir.
Həzrət Ayətullah Xamenei seçkiləri xalqın ölkənin siyasi həyatında hamılıqla, fəal və həyəcanlı iştirakının bariz göstəricisi, habelə millət üçün böyük bir sınaq adlandıraraq və ölkədə seçkilərlə əlaqədar yaşanan həyəcan və canlanmaya xüsusi işarə edərək dedi: “İnanırıq ki, Allah-Taalanın dəstəyi ilə xalq ardı-arası kəsilməyən izdihamla seçki qutularına yaxınlaşıb səs verəcək və əzəmətli İran xalqı daha bir böyük sınaqdan başıuca çıxacaqdır”.
İslam İnqilabının Rəhbəri ölkənin Ali İcraedici Administrasiyasının təyin edilməsinin hər kəsin hüququ və eyni zamanda dinə, şəriətə və məntiqə əsaslanan bir vəzifəsi olduğunu bildirərək əlavə etdi: “Mən xalqa müraciət edərək deyirəm ki, hamı yubanmadan, ertə ikən seçki məntəqələrinə getsin, ölkənin idarə olunmasında öz öhdəsinə düşən vəzifəni yerinə yetirsin, özünün gəldiyi nəticə əsasında ən yaxşı və ən layiqli şəxsi 4 il müddətinə icraedici hakimiyyətə rəhbər seçsin”.
Həzrət Ayətullah Xamenei son günlərdə seçki arenasında izdihamlı və fəal iştirak etdikləri üçün hamıya öz dərin təşəkkürünü bildirərək əlavə etdi: “Xalq özünün müdrikliyi, kifayət qədər məntiqli düşüncəsi ilə bu izdihamlı arenada xoşagəlməz bir olayın baş verməsinə əsla imkan vermədi”.
Ali Məqamlı Rəhbər seçki günü asayişin və təhlükəsizliyin qorunmasını olduqca əhəmiyyətli və böyük bir nemət adlandırıb, ölkədə əvvəllər baş tutmuş seçkilərin asayiş və təhlükəsizlik şəraitində keçdiyinə işarə edərək xatırlatdı: “Bu asayiş və təhlükəsizlik Tanrının fəzilətindən, xalqın müdrikliyindən qaynaqlanır. Ümidvarıq ki, camaat həmişəki kimi aramla, səbir və mətanətlə, yüksək tolerantlıq, vüqar və sakit əhval-ruhiyyə nümayiş etdirərək seçki günü gərginliyin yaşanması üçün çalışıb-vuruşan bədxahların arzusunu ürəyində qoyacaq. Çünki bu gərginlik və qarışıqlıq ölkəyə, xalqın verəcəyi səslərə böyük ziyan vura bilər!”
Həzrət Ayətullah Xamenei həmin bədxah insanların son günlərdə yaydığı bəzi şayiələrə və müxtəlif söz-söhbətlərə də işarə edərək təkidlə bildirdi: “Camaat seçkinin müxtəlif məsələləri ilə bağlı nadürüst insanların yaydığı bu və ya digər şayiələrə qətiyyən əhəmiyyət verməməlidir!”
Sonda İİR-nın Ali Məqamlı Rəhbəri ümidvarlığını ifadə edərək dedi: “Allah-Taalanın lütfünə və yardımına, insanların intellektinə, məlumatlılığına və uzaqgörənliyinə inanaraq izdihamlı bir seçkinin şahidi olacağımıza ümid edirəm!”