Bu gün imam Xomeyninin (r.ə) vəfatının 20-ci ildönümü ilə əlaqədar keçirilmiş, xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin iştirak etdiyi izdihamlı və möhtəşəm tədbirdə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum imam Xomeyninin (r.ə) gerçəkləşdirdiyi tarixi hərəkatın iki önəmli cəhəti kimi “İslamın dirçəlişi” və “İranın, iranlının qüruru və başıucalığı” adlı iki bayrağın ucaldılmasını xüsusi qeyd etdi. Həzrət Ayətullah Xamenei düşmənin İran xalqının tərəqqi və yüksəlişinin qarşısını almaq üçün göstərdiyi çoxsaylı səylərə işarə edərək təkidlə dedi: “Bütün xalq, “dövlətin, İslamın və İran xalqının güclənməsi”ni arzulayan bütün insanlar 22 xordad (12 iyun) tarixində baş tutacaq seçkilərdə bütün qüvvə və bacarıqlarını göstərərək yüksək əhval-ruhiyyə ilə iştirak etməlidirlər”.
Əzəmətli imam Xomeyninin (r.ə) pak hərəmində mərhum Seyid Mustafa Xomeyni meydanında keçirilən mərasimdə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İran millətinə “Dahi Xalq Atası”nın vəfatı ilə bağlı yaşanan böyük müsibətin ildönümü ilə əlaqədar dərin hüznlə başsağlığı verdi. Ali Məqamlı Rəhbər imam Xomeyninin (r.ə) “İslamın dirçəlişi” bayrağını göylərə ucaltmasının dəyərli nəticələrindən biri kimi dünya müsəlmanlarında nəcabət, qürur və heysiyyət hisslərinin oyanışını xüsusilə qeyd edərək əlavə etdi: “Mərhum imamın (r.ə) əzəmətli İslam hərəkatının nəticəsi olaraq onillər boyu zülm içində boğulub-çırpınan Fələstin xalqı yenidən cana gəldi, ərəb ölkələri ardıcıl məğlubiyyətlərdən sonra ümid əldə etdilər, bədxassəli bir şiş kimi özünə “məğlubedilməzlik” siması qazanmış sionist rejimi müsəlman gənclərin silləsinin acısını daddı”.
İslam İnqilabının Rəhbəri Fələstin xalqının göstərdiyi ardı-arası kəsilməyən müqavimətə və fələstinlilərin sionist rejiminə dalbadal vurduğu zərbələrə işarə edərək işğalçı rejimin Livandan geri çəkilməsini və bu rejimin iki müharibədəki ‒ Livanda 33 gün və Qəzzada 22 gün davam edən müharibədə – məğlubiyyətini xatırlatdı: “Bütün bunlar imam Xomeyninin (r.ə) əli ilə İslamın dirçəliş bayrağının ucalmasının bərəkəti nəticəsində mümkün olmuşdur. Belə ki, sionist rejimi müvəqqəti də olsa, “Nildən Fərata qədər!” şüarını bir kənara qoymağa məcbur olmuşdur”.
Daha sonra Həzrət Ayətullah Xamenei “İslamın dirçəlişi” bayrağının yüksəlməsinin nəticə və təsirlərini açıqlayarkən belə əlavə etdi: “Müsəlman xalqlarının İslam dövləti və İslam hökumətini bərqərar etmək uğrunda səyi, müsəlman dünyasının ziyalıları arasında optimist əhval-ruhiyyənin yaranması, habelə Qərb dünyasının müsəlmanlarla danışıq tonunu bir qədər yumşaltması ‒ bütün bunlar İslam dünyasında ümumi oyanışın və müqavimətin bərəkətli nəticələrindəndir”.
Həmçinin Ali Məqamlı Rəhbər vurğuladı: “Bütün İslam dünyasının müsəlmanları bu uğurlu və dəyərli təcrübənin qiymətini bilməli, gələcəkdə hərəkət taktikası seçərkən mütləq bunu nəzərə almalıdırlar. Çünki müsəlman xalqlarına ehtiram və başıucalığı gətirəcək yeganə yol məhz onların müqavimət və mübarizlik nümayiş etdirməsidir”.
İslam İnqilabının Rəhbəri Qərb dünyasının müsəlmanlara qarşı müraciət tonunu bir qədər yumşaltmasına, yeni ABŞ administrasiyasının özünü yeni simada təqdim etməyə çalışmasına da işarə edərək əlavə etdi: “Qətiyyətlə deyirəm: dəyişikliklərin həyata keçirilməsi, yeni bir simanın kəsb olunması nitqlər, sözlər və şüarlarla əldə olunmaz, bəlkə ABŞ bunu əməldə sübut etməli, o cümlədən İran xalqına və regionun digər xalqlarına qarşı yol verdiyi çoxsaylı hüquq pozuntularının əvəzini verməlidir!”
Həzrət Ayətullah Xamenei xatırlatdı: “Əvvəlki ABŞ administrasiyası atdığı qəddar addımlar, həyata keçirdiyi hərbi müdaxilələr, təcavüzlər və zorakı müdaxilələrlə ABŞ dövlətinə murdar, mənfur və qəddar bir sima qazandırmışdır. Müsəlman xalqları qəlblərinin dərinliklərinə qədər ABŞ-a dərin nifrət hissi bəsləyirlər”.
Ali Məqamlı Rəhbər Amerikanın xalqların hüquqlarını tapdalamasına dair misal gətirərək əlavə etdi: “ABŞ demokratiyadan, xalqların rəyinin mötəbər olmasından danışdı, lakin Fələstin xalqının seçkilərdə nəzərdə tutduğu dövləti hakimiyyətə gətirmək rəyini qulaqardına vurub, sionist rejimini tam himayə edərək məzlum Fələstin camaatını iğtişaşçı və quldur adlandırdı”.
İslam İnqilabının Rəhbəri İranda nüvə texnologiyası məsələsinə münasibətdə nümayiş etdirdiyi davranışı bir daha xatırladaraq əlavə etdi: “Amerikalılar İran xalqının tamamilə təbii və qanuni bir hüququna ‒ nüvə texnologiyasına malik olmaq və müxtəlif sferalarda sülhsevər məqsədlə atom enerjisindən istifadə etmək istəyinə qarşı həqiqəti gizlədərək yalandan çıxış etdilər, İran xalqını nüvə silahı istehsal etmək üçün cəhd göstərməkdə ittiham etdilər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqı, ölkə rəsmiləri dəfələrlə elan etdilər ki, bizim silahlanma sistemimizdə atom silahı yoxdur. Hətta İslam dini baxımından nüvə silahından istifadənin haram olduğu da elan olundu. Lakin buna baxmayaraq qərblilər, xüsusilə də ABŞ öz yalançı təbliğatlarına davam edərək “İran nüvə silahı üçün çalışıb-vuruşur” – deyirlər. Bu isə açıq-aşkar hüquq pozuntusudur”.
Ali Məqamlı Rəhbər ABŞ-ın əvvəlki ağılsız prezidentinin terrorçuluqla mübarizə bəhanəsi ilə Əfqanıstanı və İraqı işğal etmək üçün atdığı addımlara da işarə edərək təkidlə qeyd etdi: “ABŞ rəsmilərinin doğruculluğu onda bilinər ki, dəyişikliklərin həyata keçirildiyini əməldə göstərsinlər. Əks təqdirdə, müsəlman xalqlarına nə qədər şirin sözlər, çıxışlar və nitqlərlə müraciət etsələr belə, yenə də heç bir dəyişiklik baş verməyəcək”.
Həzrət Ayətullah Xamenei “İranda və iranlıda qürur, heysiyyət, başıucalıq ruhiyyəsinin dirçəldilməsi”ni imam Xomeyninin (r.ə) möhtəşəm hərəkatının digər mühüm göstəricisi hesab edərək xatırlatdı: «İmam (r.ə) xarici qüvvələrdən asılı olan diktator hökumətlərin, qərbmeyilli ziyalıların ölkədə təlqin etdiyi həqarət hissini xalqın ruhundan uzaqlaşdırdı, daim özünə, öz gücünə inam hissini aşılamaqla İran xalqına sübut etdi ki, “Biz bacararıq, biz kifayət qədər qüdrətliyik!”»
Həzrət Ayətullah Xamenei hər bir ölkənin inkişafı üçün maliyyə imkanlarının zəruri olduğunu deyərək əlavə etdi: “Qüdrət və tərəqqinin əsl təməli mənəvi prinsiplər, xüsusilə də xalqın özünəinam və milli qürur hissidir. Çünki məhz bu hisslər xalqın seçdiyi hökumətə dünyadakı hegemon qüvvələrə qarşı mətinlik və mübarizlik ruhiyyəsi bəxş edə bilər, habelə millətin beynəlxalq siyasətdə təsir qoymasına da səbəb olar”.
İslam İnqilabının Rəhbəri milli qüruru olduqca önəmli bir zərurət adlandıraraq və onun müxtəlif praktiki cəhətlərini açıqlayaraq dedi: “Ölkə administrasiyası miqyasında xalqa arxalanma, iqtisadi sferada özünütəminetmə və mübadilə etmə imkanı, elmin yüksəlişi və dünya elmi xəzinəsində özünəməxsus paya malik olmaq, milli mədəniyyət və adət-ənənələrlə iftixar duymaq milli qürura anlam və mahiyyət bəxş edən önəmli məsələlər sırasındadır”.
Ali Məqamlı Rəhbər hər bir fərdə ehtiramla yanaşmanı cəmiyyətin idarə olunmasında milli qürurun əməli baxımdan əsl mahiyyəti adlandıraraq əlavə etdi: “Xarici siyasətdə milli qürurun mənası müstəqil fikir yürüdə bilməkdir. Belə ki, heç bir qüvvə heç bir məsələni ölkəyə və xalqa zorla qəbul etdirə bilməz”.
Həzrət Ayətullah Xamenei xalqın və dövlətin milli qürur və heysiyyət, milli özünəinam hissinə sədaqətli olmasını imam Xomeyninin (r.ə) dəyərli nəsihətlərindən biri kimi xatırladaraq əlavə etdi: “Ölkənin bu sahədə 30 il müddətində keçdiyi yol enişli-yoxuşlu olmuşdur. Lakin müdrik İran xalqı bu yolda heç bir zaman ayaq saxlamamışdır və bütün sferalarda milli qürur hissini qoruyub-saxlayaraq, hələ də tərəqqi və yüksəlişin zirvəsinə aparan yolu qət etməkdə davam edir. İran xalqı tam qüdrətlə elə bir zirvəyə çatacaq ki, düşmənlərin hətta ona hədə-qorxu belə gəlməyə cürəti çatmasın”.
İslam İnqilabının Rəhbəri İran xalqının xar olduğunu deyənləri tənqid edərək təkidlə vurğuladı: “Bu böyük millətin müxtəlif beynəlxalq məsələlərdə nüfuzunun təsiri açıq-aydın görünür. İran xalqının özünün fundamental prinsiplərinə sıx bağlılığı ucbatından dünyanın gözündən düşdüyünü deyənlərin sözlərini əsla qəbul etmək olmaz”.
Ali Məqamlı Rəhbər bu mövzu ətrafında danışarkən bunları da əlavə etdi: “Xalqa qarşı vahid cəbhədə birləşmiş, İslam Respublikası ilə ədavət aparan müdaxiləçi və diktator düşmənlər geniş təbliğat aparmaqla İran xalqının həqir və zəlil vəziyyətdə olduğunu təlqin etmək istəyirlər. Lakin reallıq budur ki, böyük İran xalqına, mərhum, əzəmətli imam Xomeyniyə (r.ə) qarşı ehtiram hissi bu quruluşun düşmənlərinin də qəlbində kök atmışdır”.
Həzrət Ayətullah Xamenei xalqdan, İslami dəyərlərdən uzaqlaşmağı, imam Xomeyninin (r.ə) mübarək strategiyasının unudulmasını ölkə üçün böyük bir təhlükə adlandıraraq əlavə etdi: “Əziz imamımızın (r.ə) yadigarı olan dövlət quruluşunun struktur möhkəmliyini qoruyub saxlamaqla, xalqın, xüsusilə də gənclərin əzminə arxalanmaqla yolumuzu qəti qələbəyə qədər davam etdirməliyik”.
Ali Məqamlı Rəhbər çıxışının yekun hissəsində olduqca həssas və taleyüklü bir məsələ olan “22 xordad – Prezident Seçkiləri” ilə əlaqədar 4 önəmli məqamı da açıqladı.
İslam İnqilabının Rəhbəri ilk öncə aylardır xarici informasiya agentliklərinin ölkədə keçiriləcək prezident seçkilərini nöqsanlı və qeyri-şəffaf kimi qələmə vermək səylərinə işarə edərək dedi: “Xalqın düşmənləri gah İrandakı seçkiləri “yuxarılar tərəfindən vəzifəyə təyinetmə” adlandırır, gah da namizədlər arasındakı rəqabətin hökumət daxili nəzarət altında olan bir oyun olduğunu və seçkilərin mütləq saxtalaşdırılacağını deyirdilər. Əlbəttə, bütün bunlardan məqsəd dini əsaslar üzərində qurulmuş demokratiyaya zərbə vurmaq və xalqın seçkilərdə fəal iştirakının qarşısını almaqdır”.
Həzrət Ayətullah Xamenei İran xalqını əziz, müdrik, ayıq-sayıq və çətin sınaqlardan çıxmış bir xalq adlandıraraq əlavə etdi: “Düşmən camaata pessimist əhval-ruhiyyə aşılamaqla İslam dövlətini möhkəm dayağından ‒ xalqın dəstəyindən məhrum etmək niyyətindədir. Çox təəssüf ki, ölkənin daxilində də bəzi insanlar cahillikləri ucbatından düşmənlərin sözlərini təkrar edir və praktik olaraq düşmənə məqsədinə çatmaqda yardım edirlər. Onların halına, doğrudan da, təəssüflənmək lazımdır”.
Ali Məqamlı Rəhbər müxtəlif dövlət vəzifəsi postlarına layiqli şəxslərin təyin olunmasını İran xalqı üçün iftixar doğuran faktlardan biri adlandıraraq təkidlə bildirdi: “Yadellilər bu iftixar və başıucalığı xalqın əlindən almaq istəyirlər. Lakin sağlam düşüncənin və İslam şəriətinin də təsdiq etdiyi kimi, İslam dövlətinin, İslam dininin və xalqın qüvvətlənməsində maraqlı olan hər bir kəsə seçkilərdə iştirak etmək vacibdir”.
Həzrət Ayətullah Xamenei seçkilər barəsindəki söhbətində ikinci mühüm məqam kimi müxtəlif fəaliyyət metodlarına və iş prinsiplərinə malik olan namizədlərin iştirakını, habelə xalqın müxtəlif nümayəndələrinin bu və ya digər namizədin lehinə, yaxud əleyhinə olmasını İslam dövləti üçün iftixar doğuran faktlardan biri hesab etdiyini xüsusilə qeyd etdi. Lakin bununla yanaşı Ali Məqamlı Rəhbər ciddi xəbərdarlıq da etdi: “Hamı, o cümlədən namizədlərin təəssübkeş tərəfdarları diqqətli olmalıdırlar ki, onların bu təəssüb və marağı konflikt və iğtişaşlara çevrilməsin, düşmən onların inamından və ideallarından sui-istifadə etməsin”.
Həzrət Ayətullah Xamenei namizədləri dəstəkləyən gənclərin küçələrdə təşkil etdiyi aksiyalara da işarə edərək əlavə etdi: “Bu barədə mən heç bir şey demirəm. Lakin bu məsələnin toqquşma, iğtişaş və qarşıdurmalara çevrilməsinə heç bir vəchlə yol verilməməlidir. Kimsə buna israr etsə, mütləqdir ki, ya xain, ya da cahildir”.
İslam İnqilabı Rəhbərinin geniş xalq kütləsi qarşısındakı nitqində seçki ilə əlaqədar toxunduğu üçüncü məsələ seçkidə iştirak edəcək möhtərəm namizədlərlə bağlı idi. O, ölkə prezidenti postuna 4 namizədi bir-birinə qarşı düşmənçilik və kin-küdurət ifadə etməkdən çəkinmək məsələsinə xüsusi diqqət göstərməyə çağıraraq təkidlə dedi: “Hər hansı bir namizədin xalqın qarşısında, yaxud televiziya vasitəsilə çıxışlarında özünü təsdiq etmək üçün başqa bir namizədin əleyhinə çıxış etməsi müsbət və bəyənilən bir hal deyil”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mənim polemika, diskussiya və tənqidlərə qarşı heç bir etirazım yoxdur. Lakin hamı çalışmalıdır ki, bütün bunlar dinin və şəriətin icazə verdiyi çərçivədə həyata keçirilsin. Xalq müdrikdir! O, hər şeyi dərk edir və yaxşı bilir!”
İslam İnqilabının Rəhbəri xatırlatdı: “Müxtəlif məsələlərlə bağlı ziddiyyətli fikirlərin olması təbiidir. Lakin namizədlər və onların tərəfdarları öz çıxışlarında və görüşlərdə elə davranmalıdırlar ki, hadisələr dostluq və mehribanlıq şəraitində, problemsiz cərəyan etsin”.
Həzrət Ayətullah Xamenei çıxışının seçkilərlə əlaqədar olan qismində yekun olaraq bir daha təkidlə vurğuladı: “Şəxsən mənim birdən artıq səs hüququm yoxdur. Mənim kimə səs verəcəyimi heç kəs bilmir. Belə ki, mən heç kəsə “Hansısa bir namizədin lehinə, yaxud əleyhinə səs ver” – demirəm. Çünki bu məsələnin çözümü hər kəsin özünə aiddir və xalqın ixtiyarındadır”.
İslam İnqilabının Rəhbəri sözünü yekunlaşdıraraq belə vurğuladı: “Mənim xalqdan istədiyim yalnız budur ki, hamı bütün qüvvə və bacarığı ilə 22 xordad günü tam fəallıq göstərib seçki məntəqələrinə getsin!”