İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Həzrət imam Xomeyninin (r.ə) vəfatının 20-ci ildönümü mərasimini qeyd edən komitə üzvləri ilə görüşdə əzəmətli, möhtərəm imam Xomeynini (r.ə) “İslamın simvolu” və “xalqın müstəqilliyinin, qürurunun və vəhdətinin simvolu” adlandıraraq vurğuladı: “İmamın (r.ə) bu dəyərli miraslarını bütün varlığımızla qorumalı və onun xatirəsini İlahi nemət kimi daim yaşatmalıyıq!”
Ali Məqamlı Rəhbər bu dahi insanın vəfatından uzun illər keçməsinə baxmayaraq onun şəxsiyyətindəki yeni-yeni cəhətlərin üzə çıxarılaraq dərk edilməsini mərhum imamın (r.ə) bitib-tükənmək bilməyən möhtəşəm mənəvi tutuma malik olmasının aşkar nişanəsi hesab edərək dedi: “İslam İnqilabının dahi memarı belə bir şəxsiyyətə, ləyaqətə və mənəvi tutuma malik idi. Uca Yaradan öz rəhmət və iradəsini imamın (r.ə) vasitəsilə izhar edərək onu əzəmətli bir İlahi möcüzənin ‒ İslam İnqilabının gerçəkləşməsi üçün ən mühüm vasitə etdi”.
Həzrət Ayətullah Xamenei imam Xomeyninin (r.ə) varlığını müxtəlif aspektlərdən İran xalqının milli birliyinin simvolu kimi açıqlayarkən xatırlatdı: “Bizim dahi imamımız (r.ə) xalqın mənəvi, psixoloji və əməli birliyinin parlaq çırağı idi. Hətta ona müxalif olanlar belə qəlblərində ona dərin ehtiram bəsləyir, imamın (r.ə) əzəmətini təsdiq və təqdir edirdilər”.
İslam İnqilabının Rəhbəri o dahi şəxsiyyətin İranda və müsəlman dünyasında “İslam dininin simvolu”na çevrilməsinin əsas amili kimi məhz onun “əsl İslam dininə arxalanmasını və həqiqi İslama yüksək qiymət verərək onunla iftixar etməsi”ni xüsusilə qeyd edərək əlavə etdi: “O əziz insanın vəfatından 20 il ötməsinə baxmayaraq İran xalqı və müsəlman xalqları bu gün də imamı (r.ə) “İslam dininin simvolu” hesab edirlər və bu, inkarolunmaz bir həqiqətdir”.
Ali Məqamlı Rəhbər İran xalqının imam Xomeyniyə (r.ə) olan olduqca möhkəm və qəlbi bağlılığının imamın (r.ə) ideologiyası və şüarlarının digər şüar və ideologiyalara qələbə çalmasına səbəb olduğunu bildirərək xatırlatdı: “Cəmiyyətdəki ümumi atmosfer imamın (r.ə) Allah-Taala tərəfindən bəxş edilmiş, optimist əhval-ruhiyyə yaradan xatirəsi ilə doludur. Bütün siyasi cərəyanlar, hətta ideoloji baxımdan imamın (r.ə) bütün nəzəriyyələrini və fundamental görüşlərini qəbul etməyənlər də özlərini onun tərəfdarı kimi təqdim edirlər. Çünki onlar nəhəng xalq kütləsi üçün (həmin xalq kütləsi ki, dövlət onun ümumi rəyinə söykənir) imamın (r.ə) tərəfdarı olmağın necə böyük bir dəyər olduğunu yaxşı bilirlər. Bu, həqiqətən də, düşündürücü bir gerçəklikdir”.
Həzrət Ayətullah Xamenei imam Xomeyninin (r.ə) İslam dinindən qaynaqlanan fundamental-nəzəri görüşlərini onun dünya xalqları, o cümlədən müsəlman dünyasının ziyalıları tərəfindən dəstəklənməsinin əsas amili adlandıraraq xatırlatdı: “Əzəmətli imam (r.ə) başqalarının qarşısında azacıq belə olsun, çəkingənlik nümayiş etdirmədən, heç kəsin nazı ilə oynamadan, Şərq və Qərb ziyalı təfəkküründə qəbul olunmuş anlayış və kateqoriyalara məhəl qoymadan əsl İslamı bəyan edir, onu çox uca tutaraq fəxr edirdi. Məhz bu səbəbdən də o əzəmətli, İlahi şəxsiyyət dünya xalqlarını, bütün müsəlman dünyasının ziyalılarını özünə cəzb edirdi”.
İslam İnqilabının Rəhbəri imam Xomeynini (r.ə) “milli müstəqilliyin və qürurun həqiqi simvolu” adlandıraraq əlavə etdi: “Hikmətli Yaradan özünün o əməlisaleh bəndəsini elə xəlq edərək yetişdirmişdi ki, o, azacıq belə olsun, acizlik hiss etmədən dünyanın siyasi hegemon qüvvələrinin hücumlarına qarşı qətiyyətlə müqavimət göstərir, onun ideoloji görüşlərini “mürtəce və fundamentalist” adlandıranların ittiham seli qarşısında əsl İslam dinini müdafiə edirdi. Elə buna görə də o, İran xalqının milli qürur və heysiyyətinin həqiqi simvoluna çevrildi”.
Həzrət Ayətullah Xamenei düşmənin yüz il ərzində İran xalqına həqarət hissi aşılamaq üçün göstərdiyi ciddi səylərə də xüsusi işarə edərək xatırlatdı: “İmam (r.ə) özünün həyat bəxş edən nəfəsi ilə bu xalqı dünyadakı hegemon qüvvələrin qarşısında başıuca və vüqarlı bir xalqa çevirdi və qədirbilən İran xalqı bu reallığı dərindən dərk edir, dünyadan köçmüş o əziz insanı öz milli istiqlaliyyətinin simvolu hesab edir”.
Həzrət Ayətullah Xamenei İranda yaşayan müxtəlif etnik qrupların, müxtəlif məzhəblərə etiqad bəsləyən insanların, habelə siyasi cərəyan və təmayüllərin birliyini güclü bir mehvər olan imam Xomeyni (r.ə) fenomeninin təsiri, mərhum imamın (r.ə) bir araya gətirən, vəhdət bəxş edən şəxsiyyətinin gözəl bəhrəsi adlandıraraq təkidlə dedi: “Bir qrup insanlar bu bərəkətli milli birliyi pozmaq niyyətindədirlər. Elə buna görə də ümummilli birliyin hardasa özünü büruzə verdiyini görən kimi onlar başqa bir yerdə bəzi pərdəarxası ünsürlərin rəhbərliyi altında səthi düşüncəyə malik olan insanları təhrik etməklə xalqın vəhdətinə zərbə vurmağa çalışırlar”.
Həzrət Ayətullah Xamenei Zahidanda faciənin baş verməsinə səbəb olmuş bədxah niyyətli şəxslərə işarə edərək təkidlə dedi: “Ondan sonra düşmənlər ölkədə qarma-qarışıqlıq salmağa çalışırdılar. Lakin hamı ayıq-sayıq olmalı, ölkənin müstəqilliyinin, inkişafının əleyhinə olanların arzularının həyata keçməsinə əsla imkan verməməlidirlər. Şübhəsiz ki, camaatımız, Allahın lütfü ilə, ayıq-sayıqdır, ehtiyatlıdır və özünəməxsus müdriklik və uzaqgörənliklə davranacaq”.
Ali Məqamlı Rəhbər şiə, yaxud əhli-sünnə, müxtəlif etnik mənsubiyyətə, siyasi-ictimai təmayüllərə malik olmalarından asılı olmayaraq xalqın hər bir nümayəndəsini imam Xomeyninin (r.ə) qiymətli mirası olan milli vəhdəti qoruyub daha da möhkəmləndirməyə çağıraraq təkidlə bildirdi: “Bütün məsələlərdə, həmçinin seçkilərdə ortaq mənbələrə, o cümlədən ölkə konstitusiyasına söykənmək, tamamilə təbii olan fikir müxtəlifliyinin bəzilərinin əlində milli birliyə zərbə vurmaq üçün alətə çevrilməsinə icazə verməmək, habelə bir-birinə, eləcə də fundamental baxış və nəzəriyyələrə hörmətlə yanaşmaq lazımdır”.
Həmçinin Həzrət Ayətullah Xamenei imam Xomeyninin (r.ə) vəfatının 20-ci ildönümünün qeyd edilməsi komitəsində çalışanlara, xüsusilə də komitənin sədri cənab Məhəmmədəli Ənsariyə çəkdikləri zəhmətə görə öz səmimi təşəkkürünü bildirərək xatırlatdı: “İran xalqının qədirbilən nümayəndələri xordad ayının 14-də keçiriləcək mərasimə qəlbən bağlıdırlar. Hər şey elə təşkil olunmalıdır ki, insanlar həmin mərasimdə heç bir çətinlik olmadan tam rahatlıqla iştirak edə bilsinlər”.
Görüşün əvvəlində imam Xomeyninin (r.ə) vəfatının 20-ci ildönümünün qeyd edilməsi komitəsinin sədri cənab Məhəmmədəli Ənsari keçiriləcək mərasimlə əlaqədar məlumat verərək dedi: “Qarşıda prezident seçkilərinin gözlənildiyini nəzərə alaraq bu il üçün hazırlanmış maarifçi proqramların ana xəttini – imam Xomeyninin (r.ə) baxış prizmasına görə – ölkənin siyasi səhnəsində xalq kütləsinin iştirakı məsələsinin şərhi təşkil edir. Buna paralel olaraq imamın (r.ə) keçdiyi həyat yolu və davranışında qənaətli istehlak məsələsi də tədqiq olunaraq geniş surətdə xalqa təqdim olunacaq”.
Daha sonra cənab Ənsari belə əlavə etdi: “Bütün icra və hakimiyyət orqanlarının olduqca yüksək səviyyəli və təqdirəlayiq birgə həmkarlığı nəticəsində imam Xomeyninin (r.ə) vəfatının 20-ci ildönümü imama (r.ə) vəfalı olan bütün insanların birliyini əks etdirən, həmin insanların imam Xomeyninin (r.ə), onun layiqli davamçısı olan İslam İnqilabı Rəhbərinin amalları ilə öz həmrəyliklərini ifadə edə bilməsi üçün olduqca möhtəşəm bir mərasimə çevriləcək”.