Ali Məqamlı Rəhbərin informasiya bloku

Zahidandakı terror aktı ilə əlaqədar Həzrət Ayətullah Xamenei:

Düşmənin hədəfi - müsəlmanlar arasında qardaş qırğını yaratmaqdır

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Zahidanda törədilmiş qanlı terror aktı ilə əlaqədar ünvanladığı başsağlığı müraciətində bəzi müdaxiləçi dövlətlərin yürütdüyü siyasətin ssenari müəlliflərinin, habelə onların kəşfiyyat orqanlarının müsəlmanlar arasında fitnə-fəsad və qardaş qırğınının yaradılmasında əli olduğuna işarə etmişdir. Ali Məqamlı Rəhbər xalqı ayıq-sayıq olmağa çağırmış, hökumət nümayəndələrinə ardıcıl surətdə ciddi fəaliyyət göstərməyi, milli və İslami birliyi qoruyub-saxlamaqla düşmənlərin qurduğu məkrli planlara qarşı kifayət qədər diqqətli olmağı təkidlə tövsiyə etmişdir.

Müraciətin mətni

Mehriban və bağışlayan Allahın adı ilə!

Həzrət Siddiqeyi-Tahirənin (s.ə) şəhid olmasının ildönümü günü Zahidanda baş vermiş, qəlbləri Peyğəmbər Əhli-beytinin (ə) məhəbbəti ilə çırpınan insanların bir qrupunun şəhid olması, sayca daha da çoxunun isə yaralanması ilə nəticələnmiş qanlı terror aktı məndə olduqca böyük təəssüf və narahatlıq hissləri doğuraraq məni xeyli mütəəssir etdi. Allahın evində Yaradanına ibadət etmək, Əhli-beytə (ə) özünün mənəvi bağlılığını ifadə etmək üçün toplanmış insanların həyatına qəsd etmək elə bir böyük cinayətdir ki, Allah bu cinayətə əl atanları və səbəb olanları əsla bağışlamayacaq:

وَ مَن یَقتُل مُؤمِناً مُتَعَمِّداً فَجَزاؤُهُ جَهَنَّمُ خالِداً فیها وَ غَضِبَ اللهُ عَلَیهِ

“Kim bir mömini öldürsə, onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər...” (“Nisa” surəsi, ayə 93)

Ola bilsin ki,  cinayətin icraçılarını  belə bir böyük günahı işləməyə nadanlıq, cəhalət və aqresiya sövq etmişdir. Lakin heç şübhə yoxdur ki, bəzi müdaxiləçi dövlətlərin siyasi ssenaristlərinin, habelə onların kəşfiyyat orqanlarının da əli bu olayda qətlə yetirilmiş günahsızların qanına bulaşmışdır. Regionda və bizim doğma ölkəmizdə müsəlmanlar arasında fitnə-fəsad, çaxnaşma və qardaş qırğınının yaradılması  İslam Respublikasının düşmənlərinin daimi hədəflərindən biridir və siyasət aləmindəki bu rəzilliyin, xəbisliyin qarşısını yalnız əhalinin ayıq-sayıqlığı, məsul şəxslərin ardıcıl ciddi fəaliyyəti ilə almaq mümkündür. Zahidan şəhərində, həmin vilayətin digər şəhərlərində, ölkənin hər bir yerində yaşayan imanlı, uzaqgörən əhalinin düşmənin hazırladığı məkrli sui-qəsd planlarına qarşı kifayət qədər diqqətli olması, daim milli, İslami vəhdət və yekdilliyi qoruyub-saxlamaqla İranın, İslamın düşmənlərini müvəffəqiyyətsizliyə düçar etməsi lazımdır. Həmin vilayətdə əhli-sünnə alimlərinin, mötəbər insanların “əhli-sünnə qorumaq” bəhanəsi ilə bu cür cinayətlərə əl atan təxribatçılara qarşı bir daha öz qəti mövqelərini birbaşa, kəskin formada bildirərək insanları düşmənin hiylə və məkrindən xəbərdar etməsi lazımdır. Həmçinin şiə alimləri, nüfuzlu şəxslər hamını düşmənin təriqət və etnik mənsubiyyətə əsaslanan qarşıdurmalar yaratmaqdan ibarət olan xəbis planları barədə məlumatlandırmalı, insanları emosiyalara qapılmaqdan, düşünülməmiş formada əks-reaksiya nümayiş etdirməkdən çəkindirməlidirlər. Siyasi və təhlükəsizlik orqanlarında çalışan məsul vəzifəli şəxslər, dövlət məmurları tam ciddiyyət və ayıq-sayıqlıqla bütün müsəlman əhalinin təhlükəsizliyinin keşiyində duraraq bu cinayəti törədənləri ədalət məhkəməsinə təhvil verməlidirlər. Mən qəlbi dağlanmış ailələrə onlarla həmdərd olduğumu bildirərək dərin hüznlə başsağlığı verirəm, Uca Yaradandan şəhidlərin ruhu üçün ən ali dərəcələri, yaralananların  isə tez bir zamanda şəfa tapmasını diləyirəm.

 

Seyid Əli Xamenei

29 aprel, 2009-cu il     

700 /