Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Namizədlər diqqətli olmalıdırlar ki, düşməni sevindirə biləcək bir fikir söyləməsinlər

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər üzvlərindən ikisini və ya bir neçəsini İslama, İslam İnqilabına qurban vermiş əziz və dəyərli ailələrdən bir qrupu ilə görüşündə  İslam Respublikasının özünün hazırkı nüfuzunu, iftixarını və tərəqqisini şəhidlərin qanına borclu olduğunu deyərək xüsusilə vurğuladı: “İran xalqı əbədi olaraq şəhidlərin axıdılan qanına və şəhid ailələrinə borcludur!”  

İİR-ın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xürrəmşəhrin azad edilməsinin ildönümü tarixini ‒ xordad ayının 3-nü qeyd etməklə yanaşı bu böyük hadisənin İslam dininə iman, İslama sədaqət və bağlılığın nəticəsi olduğunu deyərək əlavə etdi: “İslami dövlət quruluşunun möhkəm və baqi olmasının əsas amili məhz İslam dinidir. Bu quruluş İslam dini vasitəsilə ərsəyə gəldiyi kimi İslam dini ilə bərabər öz varlığını sürdürəcək!”

İslam İnqilabının Rəhbəri imam Xomeyninin (r.ə) İslam dini ilə bağlı daim etdiyi tövsiyələri bir daha xatırlatdı: “Bütün İran xalqı, həmçinin İslam quruluşunda məsul vəzifələri tutan şəxslər həmişə İslam dini və bu dinin dəyərləri ilə fəxr etməlidirlər. Çünki İran xalqının mətinliyi və qüdrəti onun İslam dininə bəslədiyi imanın bərəkəti sayəsində mümkün olmuş və bundan sonra da belə olacaqdır!”

Daha sonra Həzrət Ayətullah Xamenei belə qeyd etdi: “İranın və iranlının düşmənləri İslam dini və bu dinin dəyərləri ilə iftixar etmə duyğusunu əsla bəyənmirlər. Buna görə də hamı, o cümlədən məsul şəxslər və seçkilərdə namizədliyini irəli sürmüş insanlar diqqətli olmalıdırlar ki, düşməni xoşhal edib sevindirə biləcək hər hansı bir fikir söyləməsinlər!”

Həzrət Ayətullah Xamenei təkidlə vurğuladı: “Yalnız Allahın razılığı nəzərə alınmalı, hər növ mühakimələrdə İslama möhkəm bağlılıq meyarı əsas götürülməlidir!”

İslam İnqilabının Rəhbəri əlavə etdi: “İran xalqının müsəlman xalqları arasındakı bugünkü əzəməti, ölkənin təhlükəsizliyi, quruculuğa doğru hərəkəti, elm və texnologiya sahəsindəki böyük irəliləyişlər, ölkədə alimlərin, tədqiqatçıların, tələbələrin sayının artması ‒ bütün bunlar şəhidlərin axıdılmış qanının bərəkəti sayəsindədir!”

Həzrət Ayətullah Xamenei İran xalqının ümumi oyanışının da şəhidlərin qanı bahasına başa gəldiyini deyərək təkidlə bildirdi: “Şəhidlərin qanı möcüzəli bir iksir kimi bu xalqı dəyişdirərək tərəqqi və yüksəliş yoluna yönəltdi”.

Ali Məqamlı Rəhbər şəhidlərə, həmçinin şəhidlərin, müharibədə sağlamlığını itirmiş əlil və veteranların ailə üzvlərinə qarşı qədirdanlıqla yanaşmanın vacibliyini xüsusi vurğulayaraq xatırlatdı: “Şəhid ailələrinin güclü imanı, polad kimi möhkəm iradəsi, verdikləri qurbanlar və etdikləri fədakarlıqlar İslam quruluşunun bünövrəsini elə möhkəmlətmişdir ki, heç bir qasırğa bu möhtəşəm binaya xətər yetirmək qüdrətində deyil!”

İslam İnqilabının Rəhbəri cəmiyyətdə Müqəddəs Müdafiə Hərəkatı illərində həlak olmuş şəhidlərin xatirəsini daim yaşatmağın zəruriliyini xüsusilə qeyd edərək bildirdi: “Bəziləri çalışırdılar ki, cəmiyyətdə Müqəddəs Müdafiə Hərəkatı şəhidlərinin xatirəsini tədricən solğun çalarlarla təqdim etsinlər. Əgər bu, bilməməzlik ucbatından olmuşdursa, heç şübhəsiz, belələri böyük bir qəflət içində imişlər. Yox, əgər qəsdən baş vermişdirsə, yalnız və yalnız xəyanətdir!”

Görüş çərçivəsində şəhidlərin möhtərəm ailə üzvlərindən bir qrupu İslam İnqilabının Rəhbəri ilə yaxından səmimi söhbət etmişlər. Həmçinin görüşün əvvəlində ölkə prezidentinin müavini, Şəhid və Müharibə Əlilləri Fondunun sədri cənab Dehqan artıq 4 dəfə əlillərin və müharibədə fədakarlıq nümayiş etdirərək sağlamlığını itirmiş şəxslərin xidmətlərinin yüksək qiymətləndirilməsi məqsədilə Milli Qurultayın keçirildiyi barədə məlumat verərək bildirdi: “İndiyə qədər 482 şəhid ailəsi “Fədakarlıq” milli ordeni ilə təltif olunmuşdur”.          

700 /