İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün axşam Pakistan və Əfqanıstan respublikalarının ölkə başçıları ilə görüşündə hər üç qonşu ölkənin İİR-ın iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə qəti surətdə ehtiyac duyduğunu bildirərək xatırlatdı: “Biz üçtərəfli razılaşmanın əldə olunmasının qəti tərəfdarıyıq. Əminik ki, hər üç ölkənin prezidentlərinin səyi və səmimiyyəti sayəsində əldə olunmuş razılaşmalar gözlənilən müsbət nəticələri mütləq verəcək”.
Ali Məqamlı Rəhbər bu üç qonşu ölkənin, yəni İran, Əfqanıstan və Pakistanın özünün dini, mədəniyyəti və tarixi keçmişi baxımından müştərək olmasına, həmçinin hər üç ölkənin tarixən ümumi düşmənlərlə üz-üzə qalmasına da işarə edərək əlavə etdi: “Ekstremizm təkcə regiondakı dövlətlər və xalqlar üçün problemlər törətmir, eyni zamanda başqalarını da təhdid edir. Hal-hazırda bu problem ilk öncədən pul və siyasət gücünə ekstremizmin əsasını qoyanların özlərini belə kölgə kimi qarabaqara izləməkdədir”.
Həzrət Ayətullah Xamenei silahlı müdaxiləni regionun əsas problemlərindən biri hesab edərək bildirdi: “ABŞ məhz bu problemlərin, baş vermiş olayların səbəbkarı kimi regionda yaşayan insanların şiddətli nifrətini qazanmışdır”.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei iki qonşu ölkənin ‒ Pakistan və Əfqanıstanın inkişaf və tərəqqisinin, təhlükəsizliyinin İran üçün böyük əhəmiyyət kəsb etdiyini bildirərək, habelə bu cür görüşlərin mütəmadi olaraq təşkil olunmasının zəruriliyini xüsusilə qeyd edərək əlavə etdi: “İşgüzar görüşlər və həmkarlıq təkcə siyasət və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Üç ölkə arasında iqtisadiyyat və quruculuq sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin mövcuddur”.
Görüşdə İİR-ın prezidenti cənab Əhmədi Nejad üç ölkənin ‒ İİR, Əfqanıstan və Pakistanın ölkə başçıları arasında səmimi atmosferdə baş tutmuş bugünkü görüşə işarə edərək dedi: “Bugünkü görüşdə hər üç ölkənin mövqeyi olduqca şəffaf surətdə açıqlandı və bu ölkələrin mövcud problemlərin həlli istiqamətində təklif etdikləri çıxış yolları da nəzərdən keçirildi”.
Cənab Əhmədi Nejad ekstremizmi, hərbi müdaxiləni, narkotik maddələri və terrorizmi region üçün təhlükə törədən əsas amillər adlandıraraq əlavə etdi: “Tehranda baş tutan bugünkü iclasda 25 bənddən ibarət bəyannamə hazırlanaraq təsdiq edildi”.
Pakistan Respublikasının prezidenti cənab Asəf Zərdari də özünün Həzrət Ayətullah Xamenei ilə əvvəlki görüşünü xatırladaraq bildirdi: “Həzrət Ayətullah Xameneinin həmin görüşdə etdiyi tövsiyələr Tehran ‒ İslamabad əlaqələrinin tarixində yeni bir mərhələnin başlamasına səbəb oldu. Ümidvarıq ki, gələcəkdə hər üç ölkənin birgə əməkdaşlığı ilə daha da qabaqcıl səy və çalışmalara imza atacağıq”.
Görüşdə Əfqanıstan Respublikasının prezidenti cənab Hamid Kərzay xüsusilə qeyd etdi: “Bugünkü toplantı üç qonşu ölkə arasında yeni razılaşmaların əldə olunması, habelə bu ölkələrin müştərək hədəflərinin üzə çıxarılması üçün olduqca münasib bir fürsət yaratdı”.