Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xameneinin

Kürdüstan vilayətinə səfəri ilə bağlı Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin bəyanatı

Mehriban və bağışlayan Allahın adı ilə!

Əzəmətli iman, qəhrəmanlıq və müdriklik diyarı, başdan-başa mədəniyyət, incəsənət və ədəbiyyat məskəni, safqəlbli, nəcib və sədaqətli insanlar yurdu olan Kürdüstan son günlər ərzində İslam İnqilabının Ali Məqamlı Rəhbərini yüksək səviyyədə, böyük qonaqpərvərliklə qarşılamaqla hələ uzun müddət yaddaşlarda qalacaq günlər yaşadı. Şiə və sünnilərin bərəkətli vəhdəti tamamilə aşkar olan bütöv bir həqiqəti əks etdirdi. Bu həqiqət ondan ibarətdir ki,  İranda yaşayan bütün etnik qruplar vahid bir xalqın – “birlik, hamılıqla iştirak, məlumatlılıq və uzaqgörənlik”  kimi keyfiyyətləri özündə birləşdirən, bu əziz və vüqarlı məmləkətin parlaq gələcəyinin qarantı olan bir millətin ayrılmaz tərkib hissələridir.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi Kürdüstanın cəsur və sədaqətli əhalisinin iman, birlik, müdriklik kimi xüsusiyyətlərə malik olmasını Allah-Taalanın bu ölkəyə, bu xalqa olan sonsuz rəhmətinin nişanəsi hesab edir və buna görə Öz lütfü ilə bəndələrinin boynunda böyük minnəti olan Uca Yaradanın dərgahına bol-bol şükürlər edir.  Eyni zamanda Ali Məqamlı Rəhbərlik Baş İdarəsi Sənəndəc şəhərinin, Kürdüstan vilayətinin digər şəhərlərinin cəsur, sevimli və həqiqətən də qonaqpərvər əhalisinin müxtəlif təbəqələrinin nümayəndələrinə, ziyalı şiə və sünni ruhani və alimlərinə, şəhidlərin, müharibə əlillərinin, veteranlarının səbirli, məzlum, dözümlü ailə üzvlərinə, elmli və maarifpərvər görkəmli xadimlərinə, ali təhsil ocaqlarının savadlı, çalışqan tələbə və müəllim kollektivlərinə, qəhrəman, ayıq-sayıq qəbilə və tayfaların nümayəndələrinə, bölgənin  korpus, ordu, səfərbərlik qüvvələri, cəsur və müsəlman kürd döyüşçüləri, habelə inzibati qüvvələr, asayiş və təhlükəsizliyin keşiyində duran qüvvələr də daxil olmaqla bütün güc strukturlarına, Vəliyyi-fəqihin Kürdüstan vilayətindəki möhtərəm nümayəndəsinə, vilayət başçısına, o cümlədən bölgədə çalışan fəal məsul şəxslərə öz dərin və səmimi təşəkkürünü bildirir.

Allahın böyüklüyü və lütfü ilə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstan vilayətinə xalqın şiə və sünni məzhəbli nümayəndələrinin vəhdəti, məlumatlılığı, sədaqəti və uzaqgörənliyi, camaatın, xüsusilə də vilayətin mömin, ağıllı, tükənməz enerji və potensiala malik olan gənclərinin nadir istedadının üzə çıxarılması ilə müşayiət olunan səfəri bir daha sübut etdi ki, bu məntəqənin gələcək üfüqlərinə tamamilə optimist bir nəzərlə baxmaq mümkündür. Hökumət nümayəndələrinin səyi və təşəbbüsü, bölgədə çalışan məsul şəxslərin ciddi və ardıcıl fəaliyyəti, daim xalqının xidmətində duran dövlətin əziz Kürdüstan vilayətinin problemlərinin həlli ilə məşğul olmaq və inkişaf tempini daha da sürətləndirmək məqsədilə bu vilayətə təşkil etdiyi əvvəlki iki səfər, xüsusilə də Ali Rəhbərlik Məqamının son səfəri zamanı qəbul edilmiş bütün qərar və qətnamələrin gələcəkdə həyata keçməsinə zəmanət verəcək.

Ümid edirik ki, bu səfər zamanı İran İslam Respublikasının Ali Məqamlı Rəhbərinin ölkənin, kürd əhalisinin əsas problemləri, şiə və sünnilərin vəhdəti, təxribatçı, destruktiv hərəkətlərdən çəkinmək və s. məsələlərlə bağlı verdiyi mühüm, fundamental tövsiyə və göstərişlər üçlü hakimiyyət qüvvələrini təmsil edən bütün hakimiyyət nümayəndələrinin, məsul şəxslərin, mədəniyyət orqanlarının, habelə İslami əsaslı dövlət quruluşunu sevən, ona mənəvi dəstək olan hər bir kəsin diqqət mərkəzində olacaqdır.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi

700 /