İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstan vilayətinə səfərinin sonuncu səkkizinci günü, bu gün səhər Səqqez şəhərinin hələ bir həftə öncədən Rəhbərin gəlişinin intizarında olan qəhrəman və şücaətli əhalisi ilə görüşündə vilayət sakinlərinin daim uzaqgörən və ayıq-sayıq olmasını yüksək qiymətləndirərək təkidlə dedi: “Kürd milliyyətli əhalinin İslam dininə, İslami dövlət quruluşuna daimi sədaqəti bizim bölgəyə bu dəfəki səfərimizdə bütün İran xalqı üçün, İslam Respublikasının dostları və düşmənləri üçün bir qədər də aşkar olan gözəl bir həqiqətdir”.
Ali Məqamlı Rəhbər Kürdüstan vilayətinin digər şəhərləri kimi Səqqez şəhərinin də fədakar əhalisini sınaqlardan başıuca çıxmış iftixarlı bir camaat adlandıraraq əlavə etdi: “Səqqez gənclərinin Müqəddəs Müdafiə Hərəkatı illərinin olduqca çətin mərhələlərində, o cümlədən “Xeybər” və “Bədr” əməliyyatlarında yaratdığı parlaq qəhrəmanlıq salnaməsi heç vaxt yaddaşlardan silinməyəcək!”
Həzrət Ayətullah Xamenei İranda etnik və məzhəb qarşıdurmalarının törədilməsi, habelə İİR ilə digər müsəlman ölkələr arasında süni surətdə ixtilaf salınmasını İslamın düşmənlərinin hazırladığı növbəti məkrli plan adlandıraraq əlavə etdi: “Ölkə daxilində həyata keçirilməsi məqsədilə hazırlanmış bu məkrli plan xalqın, o cümlədən kürd millətinin uzaqgörənliyi nəticəsində müvəffəqiyyətsizliyə uğradı. Həmin plan İslam dünyasının imperializmdən asılı olan bəzi dövlətlərində öz təsirini qoydusa da, müsəlman dünyasına aid olan müxtəlif xalqlar, mütəfəkkirlər, ziyalılar və ali təhsilli insanlar İran dövlətini İslam ümmətinin iftixarı hesab edirlər. Bu reallıq “dünyanın qoluzorluları”nı olduqca təəccübləndirmiş və sarsıtmışdır”.
İslam İnqilabının Rəhbəri Kürdüstan əhalisinin müxtəlif təbəqələri ilə keçirdiyi çoxsaylı görüşlərə işarə edərək bildirdi ki, vilayətin görkəmli xadimlərinin, ziyalılarının, ali məktəb tələbələrinin, qəbilə və tayfa başçılarının, ümumən xalqın digər təbəqələrinin nümayəndələrinin irəli sürdüyü fikirlər İranda yaşayan etnik qrupların birlik və həmrəyliyinin, son dərəcə önəmli olan müsəlman mənliyi şüurunun formalaşmasının bariz göstəricisidir. Daha sonra Ali Məqamlı Rəhbər xatırlatdı: “İran xalqı, İslam İnqilabının dostları və düşmənləri televiziya ekranlarında Kürdüstanın şərəfli sakinlərinin səmimi, coşqun emosiyalarını müşahidə etdikdə, müdrik sözlərini dinlədikdə bu vilayətin camaatının böyük sədaqətini, geniş dünyagörüşünü və gözüaçıqlığını daha yaxşı dərk etdilər”.
Həzrət Ayətullah Xamenei yadellilərə muzdurluq edən bəzi azsaylı qrupların Kürdüstanda törətdiyi əməllərin bu vilayətin sədaqətli və imanlı sakinlərinə heç bir aidiyyatı olmadığını bildirərək dedi: “Bütün İran xalqı şücaətli kürd gənclərinin uzaqgörənliyinə, hadisələrə düzgün qiymət vermək bacarığına və böyük fədakarlığına, həmçinin ölkənin digər məntəqələrinin gənclərinin də onlara dəstək olması faktına xüsusi diqqət yetirməlidir. Məhz bütün bunların bərəkəti sayəsində bu vilayətdə tam asayiş və təhlükəsizlik bərqərar olunmuşdur”.
Həzrət Ayətullah Xamenei Kürdüstan vilayətinin təhlükəsizliyinin təmin edilməsi, düşmənə qarşı mübarizədə müsəlman kürd əhalisinin fədakarlığını, son damla qanına qədər vuruşmağa hazır olmasını təqdirəlayiq və həlledici bir amil hesab etdiyini bildirərək xatırlatdı: “Bu məzlum qəhrəmanlar hətta özlərinin şəhid olması, ailələrinin əcnəbilərin muzdurlarının əli ilə incidilməsi bahasına olsa belə, İslamın, İranın müdafiə səngərlərindən bir addım geri çəkilmirdilər. Mən şəxsən bu fədakarlıq öndərlərinə ən səmimi salamlarımı və xeyir-dualarımı çatdırıram”.
İslam İnqilabının Rəhbəri bir daha Kürdüstan əhalisinin daim ayıq-sayıq, uzaqgörən olmasının vacibliyini vurğulayaraq dedi: “Sərhədin o tayındakı dostlarımızın vasitəsilə əldə etdiyimiz məlumatlara əsasən tam qətiyyətlə deyə bilərik ki, ABŞ qərb sərhədlərimizin o tərəfində informasiya, maliyyə vəsaiti və silah toplamaqla mərkəzləşmiş formada terrorçuların, təxribat tədbirlərinin, bədxah və məkrli planların hazırlanması ilə məşğuldur. Buna görə də iranlı kürdlər və bütövlükdə xalq tamamilə ayıq-sayıq və uzaqgörən olmalıdır!”
Ali Məqamlı Rəhbər İranda təxribat planları hazırlayan ABŞ-ın əsas hədəfinin kürd milliyyətli əhalini özünün nüfuz dairəsinə salmaq olduğunu deyərək bir daha xatırlatdı: “Kürdlər hətta İrandan kənarda belə əksər hallarda özlərini iranlı sayır və bundan iftixar duyurlar. Lakin mümkündür ki, azlıq təşkil edən bir qrup insanlar kürd mənlik və heysiyyətini unudaraq ABŞ-ın şirnikləndirici vədlərinə və puluna aldansınlar. Belələri bilməlidirlər ki, gələcəkdə onlar yalnız kürd millətinin lənət və nifrətini qazanmış olacaqlar”.
Həmçinin İslam İnqilabının Rəhbəri bədxahların sünni-şiə münaqişəsi törətmək qəsdlərinə qarşı ehtiyatı əldən verməmək məsələsini də xüsusi vurğulayaraq təkidlə dedi: “Mövcud quruluş şiə, yaxud sünnilərin müqəddəslərinə hörmətsizliklə yanaşmanın qarşısına birmənalı şəkildə qadağa zolağı çəkmişdir. İstər sünni, istərsə də şiə olsun heç bir kəsin bilməməzlik və yaxud təəssübkeşlik ucbatından həmin qadağa zolağını keçib düşmənlərin dəyirmanına su tökməyə qətiyyən haqqı yoxdur!”
Ali Məqamlı Rəhbər vilayət sakinlərinin istəklərinə, qayğı və problemlərinə də toxunaraq dedi: “Kürdüstan əhalisinin, görkəmli şəxsiyyətlərin, tələbələrin, məsul şəxslərin, İmam-cümələrin ifadə etdiyi arzu və istəklər əksəriyyət etibarilə haqlı və məntiqəuyğundur. Lakin bəziləri toxunduqları məsələləri ağlasığmaz, əlçatmaz kimi qələmə verməyə səy göstərirlər, bu isə düzgün deyil”.
Həzrət Ayətullah Xamenei məşğulluq problemini camaatın ən ümdə istəyi, vilayətin əsas ehtiyac duyduğu zəruri bir məsələ adlandıraraq bildirdi: “Bu problem Kürdüstan vilayətinin təhlükəsizliyinə lazımi səviyyədə diqqət yetirilməsi, sənaye və kənd təsərrüfatı sahələrinə investorların cəlb edilməsi, eləcə də dövlətin maliyyə yardımı və həvəsləndirici tədbirləri ilə həll oluna bilər”.
İslam İnqilabının Rəhbəri dövlətin iki vilayətə təşkil etdiyi səfərlər zamanı, habelə cümə günü Sənəndəc şəhərində nazirlərin iştirakı ilə keçirilən iclasda qəbul edilmiş qərarların mükəmməl surətdə icra olunmasının Kürdüstan vilayətinin ən ümdə problemlərinin həllinə mühüm təsir göstərəcəyini də xüsusilə qeyd etdi: “Vilayətin olduqca müsbət istiqamətdə fəaliyyət göstərən müdiriyyəti bu qərarların həyata keçirilməsi işinə daim ciddi yanaşmalı, ölkənin müxtəlif məntəqələrinə qayğı və diqqətlə yanaşan hökumət nümayəndələri də bu sahədə əllərindən gələn səy və köməyi əsirgəməməlidirlər”.
Ali Məqamlı Rəhbər kürd dilini, kürd mədəniyyətini, bu məntəqənin gənclərinin elm, incəsənət, idman sahələrindəki istedadını milli sərvət adlandıraraq nikbinliklə qeyd etdi: “Allahın köməkliyi ilə iftixar dolu İran məmləkətinin başqa bölgələri kimi əziz Kürdüstan diyarının da gələcəyi daha parlaq, daha mütərəqqi olacaq!”
Həzrət Ayətullah Xamenei Banə şəhərinin və Kürdüstan vilayətinin digər şəhərlərinin onunla yaxından görüşmək imkanı əldə edə bilməyən sakinlərinə öz atəşli salamlarını yetirərək Uca Yaradandan kürdlərə günü-gündən daha artıq dəstək olmasını dilədi.
Görüşün əvvəlində Səqqez şəhərinin İmam-cüməsi Mamusta Hüseynzadə Səqqez sakinlərinin İslam İnqilabının Rəhbərini coşqunluqla qarşılamasına xüsusi işarə edərək bildirdi: “Belə bir izdihamlı qarşılanma mərasimi bu məntəqənin əhalisinin İslam quruluşuna və onun rəhbərliyinə sədaqətdə birgə və həmrəy olmasının aşkar göstəricisidir”.