İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstana səfərinin yeddinci günü – bu gün səhər Bicar şəhərinin imanlı, mehriban və alicənab sakinləri ilə baş tutan izdihamlı görüşündə üç amili ‒ “birlik, hamılıqla iştirak və məlumatlı olma”nı İran xalqının tərəqqisinin, sarsılmaz qüdrətinin və böyük təntənəsinin davamlılığının qarantı adlandırdı. O, xalqın prezident seçkilərində məlumatlı formada iştirakının zəruriliyini vurğulayaraq əlavə etdi: “Elə şəxsləri iş başına gətirin ki, imam Xomeyninin (r.ə) yolunu, o dahi insanın dəyərlərini, fundamental ideyalarını davam etdirə bilsinlər, dünyanın zorakı qüvvələrinin qarşısında müqavimət göstərməyi “dəyər” kimi qiymətləndirsinlər!”
Həzrət Ayətullah Xamenei dahi mərceyi-təqlid, arif fəqih olan Həzrət Ayətullah Behcətin vəfatını, həqiqətən də, qəlblərə dağ çəkən ağır bir müsibət adlandırdı və Uca Yaradandan o böyük ilahiyyatçı alimi Qiyamət günü İslam Peyğəmbəri (s) və müqəddəs övliyalarla bir cərgədə saxlamasını dilədi.
Həzrət Ayətullah Xamenei əzəmətli İslam İnqilabının ərsəyə gəlməsini və qələbəsini təmin edən amilləri açıqlayarkən “milli birlik” məsələsinə xüsusilə toxunaraq qeyd etdi: “Müxtəlif etnik qruplara, məzhəblərə mənsub olan insanların həmrəyliklə birləşib dahi Rəhbərin – imam Xomeyninin (r.ə) arxasınca getməsi dünyanın siyasi məfkurəsində yeni bir sivilizasiya, yeni bir cərəyan yaratdı. Bu cərəyanın istiqamətverici təsiri Fələstin, Liviya olaylarında və digər problemlərdə açıq-aşkar duyulmaqda, həmçinin onun xalqların qəflət yuxusundan ayılmasında oynadığı böyük rolu Afrikanın şimalından Asiyanın şərqinə qədər daha da artmaqdadır”.
İslam İnqilabının Rəhbəri ölkənin başı üstə dalğalanan İslam bayrağının qorunub-saxlanması üçün İranda yaşayan etnik qrupların, müxtəlif siyasi cərəyanların vəhdətinin sarsılmazlığının çox zəruri bir faktor olduğunu bildirərək bu birliyin davamlığını xalqın parlaq gələcəyinin qarantı adlandırdı. Ali Məqamlı Rəhbər bir daha Kürdüstan camaatına müraciət edərək təkidlə dedi: “Əziz sünni və şiə qardaşlar, bütün varlığınızla İslamın bərəkətli vəhdətini qoruyun!”
Həzrət Ayətullah Xamenei xalqın müxtəlif arenalarda yekdilliklə iştirakının ölkənin tərəqqi və yüksəlişinə zəmanət verən ikinci faktor adlandıraraq hamıya belə bir tövsiyə etdi: “Seçkilərdə möhtəşəm bir formada iştirak edin! Həmçinin iqtisadi quruculuq sahəsində və digər sferalarda da öz iştirakınızın həlledici, təyinedici rolunu qoruyub-saxlamağa çalışın!”
Həzrət Ayətullah Xamenei məlumatlı və xəbərdar olmanı ölkənin bu günü və sabahında zəruri əhəmiyyət kəsb edən amil adlandıraraq, həmçinin bu amilin nə kimi faydalı təsirlər göstərə biləcəyinə qısaca toxunaraq dedi: “Əgər bilikli, məlumatlı xalq kütləsi imam Xomeyninin (r.ə) arxasında möhkəm durmasaydı, İslam İnqilabının ilk illərində ölkədə mövcud olan, xalqın ideallarına heç bir etiqad bəsləməyən, ABŞ-ın qorxusundan dünyadakı hegemon qüvvələrin qarşısında zəiflik göstərib boyun əyməyə hazır olan destruktiv qüvvələr öz bildiklərini edəcək və o zaman bu xalqın milli qürurundan, tərəqqisindən, dünyadakı əzəmətindən heç bir əsər-əlamət olmayacaqdı!”
İslam İnqilabının Rəhbəri gənc nəslin bilikli olması məsələsinə də toxunaraq bildirdi: “Xalqın hamılıqla məlumatlı olması bütün başqa sferalarda olduğu kimi seçkilərdə də özünü əks etdirməlidir ki, bu, idarəçilik sükanının düşmənlərin qarşısında təslim olub, xalqın ehtiramına xələl gətirmək fikrinə düşə biləcək şəxslərin əlinə keçməsinə mane olsun”.
Həzrət Ayətullah Xamenei ölkə prezidenti postuna ən layiqli namizədin seçilməsinin meyarlarından danışarkən bunları da əlavə etdi: “Əgər seçkinin nəticəsi olaraq siyasi və iqtisadi arenada imam Xomeyninin (r.ə) yolunu davam etdirmək, onun və İslam İnqilabının amallarını, dəyərlərini yaymaq əvəzinə Qərbin imperialist dövlətlərinə yaltaqlanmaq məqsədilə İran ölkəsi üçün öz ağıllarına görə bir reallıq qurmaq istəyənlər iş başına keçsələr, bu, xalq üçün böyük bir faciə olar”.
Bicar şəhərinin “17 Şəhrivər” adlanan idman kompleksində keçirilmiş bu görüşdə Həzrət Ayətullah Xamenei Bicar və Gərus sakinlərinin keçmişdə imza atdığı iftixar doğuran olayları xatırlatdı, habelə bu məntəqənin sakinlərinin son 30 ildə baş vermiş müxtəlif hadisələrdə, o cümlədən Müqəddəs Müdafiə Hərəkatında yaxından iştirakını qəhrəman, şücaətli Bicar əhalisinin tarixin yaddaşında buraxdığı parlaq bir iz kimi dəyərləndirərək əlavə etdi: “Şiələr və qəlbində Peyğəmbər Əhli-beytinə (ə) məhəbbət bəsləyən sünnilər, xüsusən də Əhli-beyt (ə) məktəbinin ardıcılları olan şiələr böyük sınaqlardan başucalıqla çıxmışlar!”
İslam İnqilabının Rəhbəri istibdadçı rejimin müxtəlif etnik qrupları arxa plana keçirmək siyasətinə də xüsusi işarə edərək bildirdi: “Bu günümüzdə İslamın və İslam İnqilabının bərəkəti ilə bu əziz və əzəmətli ölkənin hər hansı bir məntəqəsindən olan hər bir fərd özünəməxsus müstəqil şəxsiyyətə və dəyərlərə malikdir. Bu müstəqil fikirli, möhkəm iradəli şəxsiyyətlər bu vaxta qədər görünməmiş bir səbat nümayiş etdirməklə başqa millətlər üçün gözəl nümunəyə çevrilmiş böyük bir xalqı təşkil etmişlər”.
Həzrət Ayətullah Xamenei imam Xomeyninin (r.ə) Kürdüstan vilayətinə ilk qurucu briqadanı ezam etməsini İslam dövlətinin istibdadın hakimiyyəti dövründə diqqətdən kənarda qalmış və geriliyə düçar olmuş bölgələrə xüsusi qayğısının aşkar göstəricisi adlandıraraq əlavə etdi: “Bu xalqın və kürdlərin əleyhinə olan ünsürlər sabitliyi pozmaqla İslam quruluşunun bölgəyə qayğı və xidmətini əngəlləmişlər. Buna baxmayaraq müxtəlif orqanlar keçən üç onillik ərzində bu məntəqədə saysız-hesabsız işlər görməyə müvəffəq olmuşlar. Daim xalqın xidmətində duran dövlət də mövcud çatışmazlıqları aradan qaldırmaq məqsədilə məqsədyönlü qərarlar qəbul etmişdir. Ümidvarıq ki, həmin qərarlar Kürdüstanın müxtəlif şəhərlərinin, o cümlədən Bicar şəhərinin sakinlərinin köməyi ilə mükəmməl şəkildə həyata keçiriləcək”.
Ali Məqamlı Rəhbər çıxışının digər hissəsində Bicar şəhərindən bəzi digər məntəqələrə baş verən miqrasiyaları bu bölgənin inkişafı üçün maneə törədən amil adlandıraraq bu şəhərin sakinlərinə bir daha xatırlatdı: “Hökumət nümayəndələri və vilayətin məsul şəxsləri Bicar şəhərinin qayğı və problemlərinin nədən ibarət olduğunu yaxşı bilirlər və bu problemlərin həlli üçün geniş, dəyərli proqramlar işləyib-hazırlamışlar. Buna görə də bu şəhərin, onun yamyaşıl, bərəkətli çöllərinin qədrini bilin, məsul şəxslərə yardım edərək bu vilayətin inkişaf və tərəqqiyə doğru irəliləmə tempini daha da sürətləndirin!”
Görüşün əvvəlində Bicar şəhərinin İmam-cüməsi Hüccətul-İslam vəl-muslimin Mərvi dedi: “Sünni və şiələrin vəhdəti, seçkilərdə məlumatlı surətdə fəal iştirak etmək, gənclərin aşıb-daşan potensiala malik olması bu məntəqənin İslam İnqilabının tərəfdarı olan imanlı əhalisinin səciyyəvi xüsusiyyətlərindəndir”.
Hüccətul-İslam vəl-muslimin Mərvi bəzi mövcud problemlərə, o cümlədən əkinçilikdə istifadə edilən suyun çatışmazlığı məsələsinə toxunaraq əlavə etdi: “Bu problemin həlli Bicar şəhərinin inkişafına böyük kömək göstərəcək”.