İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilahiyyatçı alim Həzrət Ayətullah Behcətin vəfatı ilə əlaqədar verdiyi başsağlığı müraciətində bu aliməqam fəqihin, ziyalı və arif şəxsiyyətin dünyadan getməsinin əvəzsiz bir itki olduğunu bildirmişdir. İslam İnqilabının Rəhbəri üz vermiş bu ağır müsibətlə əlaqədar Həzrət Bəqiyyətullaha (ruhlarımız Ona fəda olsun!), böyük ruhani alimlərə və mərceyi-təqlidlərə, mərhumun ailə üzvlərinə, qəlbində bu dahi şəxsiyyətə sevgi bəsləyən və onunla mənəvi bağlılıq hissi olan hər bir kəsə dərin hüznlə başsağlığı vermişdir.
Müraciətin mətni:
“Mehriban və bağışlayan Allahın adı ilə!
انا لله و انا الیه راجعون
“Həqiqətən, biz Allahınıq və həqiqətən, Ona tərəf qayıdacağıq”. (“Bəqərə” surəsi, 156-cı ayə)
Sonsuz təəssüflə xəbər tutduq ki, ilahiyyatçı alim, ali məqamlı fəqih, böyük mütəfəkkir və arif şəxsiyyət olan Həzrət Ayətullah Hacı Şeyx Muhəmmədtəqi Behcət (Allah onun pak ruhunu ucaltsın!) fani dünya ilə vidalaşaraq Haqqın rəhmətinə qovuşmuşdur.
Mənim üçün və o dahi şəxsiyyətə mənəvi cəhətdən bağlı olan bütün insanlar üçün bu, ağır müsibət, əvəzsiz bir itkidir. Müasir dövrün ən görkəmli mərceyi-təqlidlərindən hesab olunan bu dahi insan böyük əxlaq və ürfan müəllimi, sonsuz mənəvi feyzlər mənbəyi idi. Bu pərhizkar möminin pak və nurani qəlbi Tanrının bəndəyə ilham etdiyi gözəllikləri əks etdirən tərtəmiz, cilalanmış bir ayna, onun rayihəli kəlamları isə Haqqa doğru yol, nicat axtarışında olanların düşüncə və əməlləri üçün bələdçi idi.
Mən Həzrət Bəqiyyətullahın (ruhlarımız Ona fəda olsun!) hüzuruna, böyük alimlərə və mərceyi-təqlidlərə, o dühanın öz ilıq nəfəsi ilə qəlblərini isitdiyi şagirdlərinə və ona ruhən bağlı olanlara, xüsusilə də mərhumun kəramətli ailə üzvlərinə, möhtərəm övladlarına öz səmimi təəssüf və kədər hisslərimi bildirir, başsağlığı verirəm. Uca Tanrıdan özümlə bahəm bu ağır itki ilə qəlbi dağlanmış bütün insanlar üçün səbir və təsəlli, bu əzəmətli insanın pak ruhu üçün isə rəhmət və bağışlanma diləyirəm.
Allahın salamı və rəhməti sizlərə olsun!”
Seyid Əli Xamenei
17 may, 2009-cu il