İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Kürdüstan vilayətinin ali təhsil ocaqlarının minlərlə ziyalı müəllim və tələbəsi ilə keçirdiyi izdihamlı görüşdə “inkişaf və tərəqqi”nin həqiqi meyarlarını, xarakterik cəhətlərini və aspektlərini sadalayaraq ziyalıları, ali təhsilli insanları tərəqqinin yerli modelinin işlənib-hazırlanması istiqamətində araşdırma və tədqiqatlar aparmağa çağıraraq xüsusi vurğuladı: “İslam İnqilabının dördüncü onilliyində “ədalət və tərəqqi” şüarının millətin devizinə çevrilməsi üçün xalqın özünəməxsus bir modelin layihəsini işləyib hazırlayaraq həyata keçirməsi lazımdır ki, İslam dövləti və böyük İran xalqı hazırkı onilliyin sonunda bu sferada əsaslı addımların atıldığının şahidi olsun”.
Həzrət Ayətullah Xamenei “tərəqqi” anlayışının həqiqətdə Qərbdə geniş yayılmış “inkişaf və yüksəliş” anlayışından tamamilə fərqli olduğunu bildirərək dedi: “Əlbəttə, bu iki məfhum bir-birindən müxtəlif çalarlar ilə fərqlənməklə yanaşı, bəzi müştərək nüanslara da malik ola bilərlər. Həmin nüanslara diqqət yetirmək olduqca vacibdir”.
Ali Məqamlı Rəhbər ölkələr arasında “inkişaf etmiş”, “inkişaf etməkdə olan” və “inkişafdan geri qalmış” ölkələr kimi bölgü aparılmasını qərblilərin bir növ hiyləgər taktikası adlandıraraq xatırlatdı: “Bu taktikaya əsasən “inkişaf” anlayışı Qərbə məxsus dəyərlərlə eyniləşdirilir. Belə ki, həmin taktika zehinlərdə belə bir stereotip formalaşdırır ki, inkişaf etmiş bir ölkə hökmən Qərb ölkəsi, yaxud ona bənzər bir ölkə olmalıdır. Şübhəsiz ki, bu ölkə Qərbin sivilizasiyası, mədəniyyəti və siyasi mövqeyini də özündə əks etdirməlidir. Biz isə belə bir yanaşmanı əsla qəbul etmirik”.
İslam İnqilabının Rəhbəri hər bir ölkənin tarixi keçmişini, coğrafi şəraitini, siyasi vəziyyətini, həmçinin insan və mədəniyyət potensialını onun “inkişaf və tərəqqi” modeli üçün həlledici amil adlandıraraq əlavə etdi: “Müxtəlif dünya ölkələrinin fərqli şəraitə malik olmasını nəzərə alaraq demək olar ki, onların hamısı üçün vahid inkişaf modelinin irəli sürülməsi qeyri-mümkündür”.
Daha sonra Həzrət Ayətullah Xamenei bu mövzuya dair bunları əlavə etdi: “Bizlər də İranın tarixi, mədəni və s. baxımdan şəraitini nəzərə alaraq inkişaf və tərəqqi yolunda Amerikanın, Qərbi və Şimali Avropanın, yaxud digər ölkələrin modelindən istifadə edərək məqsədimizə nail ola bilmərik. Təqdirəlayiq iş bu olardı ki, yerli inkişaf modelinin işlənib-hazırlanması üçün ciddi təşəbbüs göstərilsin. Bu tarixi məsuliyyətin yerinə yetirilməsində isə ən ümdə vəzifə ali təhsilli insanların, ziyalıların öhdəsinə düşür”.
İslam İnqilabının Rəhbəri “həqiqi tərəqqi” anlayışının aspektlərindən biri kimi hər bir millətin inkişaf modelinin seçilməsində onun mənəvi-əxlaqi spesifikasının, dünyagörüşünün fövqəladə və həlledici təsirə malik olduğunu bildirərək qeyd etdi: “Hər bir ölkə öz fəlsəfi baxış prizmasına diqqət yetirərək “tərəqqi və yüksəliş” kimi uca mərama yetişmək üçün mütləq özünəməxsus bir modelin ardınca getməlidir”.
İslam İnqilabının Rəhbəri bu əhəmiyyətli məsələni izah edərkən bunları əlavə etdi: “Əgər bir cəmiyyətin mənəvi-əxlaqi dünyagörüşünə “pul və sərvət”, yaxud hər “müxtəlif ləzzətlər” hakim olarsa, insana həzz verən hər bir şey, yaxud hər nə yolla olursa-olsun ‒ hətta istismar və işğalçılıq hesabına olsa belə, əldə edilmiş maddi sərvət məqbul sayılacaq, “tərəqqi və yüksəliş”ə xidmət edən bir amil kimi təqdir olunacaq. Halbuki, “şəriətə uyğun olmayan hər hansı bir yolla sərvət toplamağın” qadağan olunduğu, habelə hər hansı bir təşəbbüs üçün “ləzzət” məfhumunu rəsmən səbəb kimi tanımayan bir əxlaq konsepsiyasını rəhbər tutan bir cəmiyyət əvvəldə qeyd etdiyim cəmiyyətin inkişaf modeli ilə həqiqi “tərəqqi və yüksəliş”ə əsla nail ola bilməz”.