İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstana səfərinin 5-ci günü – bu gün səhər (şənbə günü) Mərivan şəhərinin imanlı, qəhrəman və mehriban əhalisi ilə olduqca həyəcanlı atmosferdə keçən görüşdə “milli qürur”u İran xalqının parlaq gələcəyində təsirli rolu olan bir amil adlandıraraq vurğuladı: “Bu möhtəşəm gələcək gənclərə məxsusdur və həmin gələcək yalnız və yalnız İslami, etnik, milli göstərişlərə arxalanmaqla, yadellilərin buyruqlarına əməl etməkdən çəkinməklə gerçəkləşəcəkdir!”
Həzrət Ayətullah Xamenei Mərivan şəhərinin “Zaqros” bədən tərbiyəsi stadionunda keçirilən bu görüşdə xalqı alçaltmaq və zəlil vəziyyətə salmaq məqsədini güdən yadellilərlə mübarizənin milli qürur hissinin formalaşması üçün zəmin yaratdığını bildirərək xatırlatdı: “Bu böyük məmləkətin düşmənləri İslami əsaslara söykənən İranın inkişaf və əzəmətində öz mənafelərinə uyğun heç bir şey müşahidə etmirlər. Buna görə də “yadellilərin qələmi”ndən çıxan hər bir şeyə istənilən növ aludəlik milli mənafeyə tamamən ziddir, ölkənin müstəqilliyi, şərəfi və abadlığına qarşı təxribat törətmək məqsədi güdür”.
İslam İnqilabının Rəhbəri kapitalist Qərbin iqtisadi böhranlar qarşısında aciz qalmasını Qərb ölkələrinin dövlət idarəçiliyi metodlarının yanlışlığına dair əyani bir sübut olduğunu bildirərək əlavə etdi: “Vəzifəli şəxslər, xalq, xüsusilə də gənclər və ziyalılar bu gerçəklik haqqında dərindən düşünməlidirlər”.
Ali Məqamlı Rəhbər həqiqi İslamı, yəni Qurani-Kərimin, Peyğəmbərin (s) və onun Əhli-beytinin (ə) gətirdiyi İslamı xalqın, dövlətin tərəqqi və yüksəlişi üçün əsil strategiya adlandıraraq əlavə etdi: “Biz heç kəsin İslama kor-koranə şəkildə gəlməsini istəmirik. Bizim insanları dəvət etdiyimiz, dərdlərin əlacı, ölkənin inkişaf və yüksəlişinin qarantı adlandırdığımız İslam elə bir dindir ki, insanları dərindən düşünməyə, təfəkkür və götür-qoy etməyə çağırır. Bu din İslam İnqilabı kimi tarixi və əzəmətli bir hərəkatı doğurmağa qadirdir”.
Həzrət Ayətullah Xamenei müxtəlif dövrlərdə, o cümlədən seçki ərəfəsində insanların diqqətini özünə cəlb etmək üçün qərblilərin dediyi sözləri təkrarlayanları tənqid edərək dedi: “Bu qəbildən olan sözlər həmin insanlara heç vəchlə üstünlük, fərqlilik və xüsusilik qazandırmır, habelə “müsəlman ‒ iranlı” kimliyi və təfəkkürünə tamamilə zidd hesab olunur”.
Ali Məqamlı Rəhbər çıxışının digər hissəsində Kürdüstan və Mərivanı “əzəmətli qəhrəmanlar və təbii gözəlliklər diyarı”, “məhəbbət və sədaqətlə dolub-daşan bir məmləkət” adlandıraraq əlavə etdi: “Bu bölgəni Allah-Taalanın ölkəyə və mövcud quruluşa bəxş etdiyi nemət və bərəkətlərdən biri hesab edirəm”.
Həzrət Ayətullah Xamenei özünün 59-cu ildə BƏSA lideri Səddamın ölkəyə hücumunun ən şiddətli vaxtında Mərivana və Dəzli məntəqəsinə etdiyi səfərə işarə edərək dedi: “Xalqın tərəqqisinin düşmənləri yadellilərə muzdurluq edən bəzi ünsürlərə arxalanaraq bu olduqca önəmli və həssas məntəqənin əhalisi ilə ölkənin digər bölgələrinin əhalisi arasında etimadsızlıq uçurumu salmaq arzusunda idilər. Lakin imanlı, mərd, sədaqətli kürdüstanlılar həmin məkrli planı müvəffəqiyyətlə darmadağın etdilər. Bu bölgənin və ümumilikdə ölkənin gəncləri həmin ibrətamiz hadisənin tarixi ilə yaxından tanış olmalıdırlar”.
İslam İnqilabının Rəhbəri Səddamın kimyəvi silah növlərindən istifadə etməsinə, həmçinin digər cinayətlərinə işarə edərək 8 illik Müqəddəs Müdafiə Hərəkatı müddətində ölkənin qərb məntəqələrində, o cümlədən Kürdüstanda baş vermiş acı olayları Səddamı himayə edənlərin, insan haqları “müdafiəçilərinin” iddialarının yalan olmasını sübuta yetirən ən böyük sınaqlar adlandıraraq vurğuladı: “İran xalqının artıq 30 ildir ki, davam edən “səbat və qələbə” marafonunda üzləşdiyi eniş-yoxuşlar gənclər üçün ibrət dolu dərslər kimi izah olunmalıdır ki, imperializmin bugünkü təbliğatının tutumu və mahiyyəti onlar üçün büsbütün aydınlaşsın”.
Həzrət Ayətullah Xamenei dünya siyasətçilərinin, dünya siyasətini istiqamətləndirənlərin İİR-ın regionda və dünya arenasında özünəməxsus mövqe tutduğunu etiraf etməsini ölkənin qüdrətinə, özünütəsdiqinə dair aşkar bir sübut kimi qiymətləndirərək əlavə etdi: “Hal-hazırda Allah-Taalanın lütfü ilə İslam dövləti elə bir mövqe tutmuşdur ki, uzunmüddətli tərəqqi və yüksəliş layihələrinə əminliklə imza ata bilər”.
Ali Məqamlı Rəhbər 20 illik perspektiv proqramı müxtəlif orqanlarda çalışan vəzifəli şəxslər, müxtəlif idarələr üçün əsil iş planı, bələdçi və istiqamətləndirici bir vəsait adlandıraraq əlavə etdi: “Bu olduqca mühüm və mötəbər sənədin qarşıya qoyduğu məqsədlərə çatmaqda həm vəzifəli şəxslərin, həm də xalqın öhdəsinə çətin vəzifələr düşür. Diqqətli olmalıyıq ki, ölkənin inkişafını gözü götürməyənlər xalqın zehnini kənar məsələlərlə yayındırmasınlar”.
Həzrət Ayətullah Xamenei ölkədəki problem və çatışmazlıqların həlli istiqamətində məsul şəxslərinin təqdirəlayiq fəaliyyətini yüksək qiymətləndirərək, o cümlədən hökumət nümayəndələrinin iştirakı ilə keçirilmiş dünənki iclasa işarə edərək bildirdi: “Məsul şəxslər real vəziyyəti dəqiq qiymətləndirərək Kürdüstanın müxtəlif məntəqələri, xüsusilə də Mərivan şəhəri üçün dəyərli qərarlar qəbul etmişlər. Ümidvarıq ki, həmin qərarlar mükəmməl şəkildə icra olunacaq”.
Həzrət Ayətullah Xamenei Kürdüstanda sənaye və kənd təsərrüfatı sektoruna sərmayə qoyulmasının zəruriliyini xüsusi vurğulayaraq və məhz bunun işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılmasına lazımi şərait yaradacağını deyərək əlavə etdi: “Təəssüflər olsun ki, bölgənin bəzi gəncləri kifayət qədər iş yerinin olmaması ucbatından öz yaşayışlarını təmin etmək üçün çarəsiz qalaraq qeyri-qanuni, əyri yollara, o cümlədən qaçaqmalçılığa əl atır, ölkə iqtisadiyyatını belə bir faciəyə, belə dəhşətli bir virusa düçar edirlər”.
Ali Məqamlı Rəhbər təkidlə əlavə etdi: “Bölgədəki işsizlik problemi dövlətin səyi, xalqın köməyi və zəruri sahələrə investisiyanın cəlb edilməsi yolu ilə həll olunmalıdır ki, bizim imanlı, xeyirxah gənclərimiz ehtiyac və yoxsulluq səbəbindən qanunsuz yollara qurşanmasınlar”.
İslam İnqilabının Rəhbəri sabitlik və təhlükəsizliyi sərmayə qoyulması, maddi nemətlərin istehsalı və inkişaf üçün vacib şərt adlandıraraq xatırlatdı: “Xalqımızın tərəqqisinin düşmənləri sabitliyi pozmaqla bölgəyə investisiya qoyulmasına əngəl olmağa çalışırlar. Lakin İslam Respublikasının güc strukturları əhalinin, bölgənin cəsur, sədaqətli gənclərinin yardımına arxalanaraq məntəqədə sabitliyi poza biləcək amillərlə şiddətli mübarizə aparırlar və Allahın köməkliyi ilə düşmənlərə bölgədə asayişi və təhlükəsizliyi pozmaq üçün heç bir fürsət verməyəcəklər”.
İslam İnqilabının Rəhbəri Kürdüstana səfərinin başlıca hədəflərindən biri kimi digər məntəqələrin əhalisinin diqqətini bu “istedadlarla dolu, barlı-bərəkətli və gözəl” bölgəyə cəlb etmək, həmçinin xalqın etnik tərkibinə daxil olan müxtəlif millətlər arasında mənəvi bağları daha da möhkəmləndirmək olduğunu elan edərək xüsusilə əlavə etdi: “Bu tarixi diyarda yaşayan bütün millətlər ‒ kürdlər, türklər, lorlar, bəluclar “əzəmətli İran xalqı” adlanan nəhəng bir orqanizmi təşkil edən üzvlərdir”.
Ali Məqamlı Rəhbər çıxışının sonunda xalqın mətinliyini, İslam İnqilabının irəli sürdüyü şüarlara mənəvi cəhətdən bağlılığını və sədaqətli olmasını ölkənin və dövlətin müxtəlif arenalarda inkişafı və irəliləməsi üçün ən böyük dayaq hesab etdiyini bildirərək əlavə etdi: “Xalqın və bu quruluşun həqiqi qüdrət əldə etməsi İslam İnqilabının amallarına daim sadiq olmaqdan asılıdır”.
İslam İnqilabının Rəhbəri Mərivan şəhərinin əhalisindən ibarət böyük bir izdihamın qarşısında çıxış etməzdən əvvəl şəhərin İmam-cüməsi Mamusta Şirzadi Həzrət Ayətullah Xameneini salamlayaraq bu məntəqənin camaatının Ali Məqamlı Rəhbərə uzun illərdən bəri dərin məhəbbət bəslədiyini xüsusilə bildirdi.