Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Kürdüstan vilayəti istedadlar beşiyidir!

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün axşam respublika prezidentinin birinci müavini, dövlət heyətinin üzvləri, Kürdüstanın vilayət başçısı, Vəliyyi-fəqihin Kürdüstan bölgəsi üzrə nümayəndəsi, Kürdüstan camaatını Xubriqan Məclisində və İslami Şurada təmsil edən nümayəndələr, o cümlədən ölkənin və vilayətin müxtəlif dövlət orqanlarında çalışan  məsul şəxsləri ilə keçirilən görüşdə Kürdüstan vilayətində vəziyyətin yaxşılaşması və bu vilayətin inkişaf tempinin sürətlənməsi məqsədilə təsdiq edilmiş bütün layihələrin mütəmadi şəkildə tam məsuliyyətlə həyata keçirilməsini olduqca zəruri və mühüm bir məsələ adlandırdı.

İcra aparatının və vilayətin səlahiyyətli şəxslərinin iştirakı ilə keçirilmiş müxtəlif işgüzar iclaslardan sonra baş tutan bugünkü görüşdə Həzrət Ayətullah Xamenei insanların təsdiq edilmiş layihələrin mükəmməl şəkildə həyata keçiriləcəyinin intizarında olduqlarını xatırladaraq əlavə etdi: “Öz fəaliyyətinizi elə planlaşdırın ki, istisnasız olaraq bu layihələrin hamısı lazımi sürət tempi ilə yüz faiz həyata keçirilsin və Kürdüstan vilayətinin mömin və səmimi əhalisi məntiqi zaman çərçivəsində onların praktik nəticələrinin şahidi olsun”.

Ali Məqamlı Rəhbər Kürdüstan vilayətinin təbii şəraitinin, coğrafi imkanlarının investorların və istehsalçıların cəlb edilməsi üçün münasib zəmin yaratdığını bildirərək qeyd etdi: “Bölgənin bir sıra təbii imkanları bu vilayətdə ticarət və ixracat sektorunun fəaliyyətinin daha da genişləndirməsinə yol aça bilər”.

Həzrət Ayətullah Xamenei Kürdüstan məntəqəsinin gənclərinin böyük  potensialının inkişaf etdirilməsini bu vilayətin tərəqqisi üçün əsaslı və diqqətəlayiq baza adlandıraraq xüsusi vurğuladı: “Bu vilayət istedadlar beşiyidir! Onun görkəmli şəxsiyyətlərindən, parlaq istedadlarından istifadə etməklə İslam Respublikasının ölkənin müxtəlif məntəqələrində, o cümlədən kürdlərin yaşadığı regionda görkəmli insanların yetişdirilməsində maraqlı olduğunu bir daha hiss etdirmək lazımdır!”

Ali Məqamlı Rəhbər vilayətdə təhlükəsizliyin və asayişin qənaətbəxş səviyyədə təmin olunduğuna da işarə edərək dedi: “Düşmənlərin əlbir surətdə birgə hazırladıqları təhrikçi planlar barədə bir an belə olsun unutmadan vilayətdə daimi asayiş və təhlükəsizliyi bacardıqca gücləndirin!”

Həzrət Ayətullah Xamenei Kürdüstan vilayətinin mərd, imanlı və sədaqətli əhalisinin həmişə olduğu kimi İslam dövləti və böyük İran uğrunda fədakarlıq edib, qurbanlar verməyə hazır olduğunu xatırladaraq dedi: “Bu sivil, İslam Respublikasının dövlətçiliyinə sadiq olan insanlara bütün sferalarda dəstək olun!”

İslam İnqilabının Rəhbəri ölkənin qərb regionlarının inkişaf etdirilməsinə nəzarət edən şuranın ciddi fəaliyyət göstərməsinin vacibliyini vurğulayaraq əlavə etdi: “Bu şuranın hərtərəfli diqqət göstərməsi, reallığı tam nəzərə alması, bölgə əhalisinin İslam Şurası Məclisindəki nümayəndələrinin köməyindən istifadə edərək  ardıcıl olaraq problemlərin həlli ilə məşğul olması, habelə vilayətin inkişafının sürətləndirilməsi istiqamətində lazımi qərarları qəbul etməsi və bu qərarları tam ciddiyyətlə həyata keçirməsi lazımdır”.

Ali Məqamlı Rəhbər Kürdüstan vilayətinin çalışqan və fəal vilayət başçısına öz dərin təşəkkürünü bildirərək doqquzuncu hökumət aparatının bu vilayətdə gördüyü işlərin, həqiqətən də, təqdirəlayiq olduğunu bildirərək əlavə etdi: “Əlbəttə, irəlidə görüləsi işlər hələ çoxdur. Hələ də vilayət əhalisinin bir sıra qayğı və problemləri vardır. Ölkə resurslarının məhdudluğunu nəzərə alaraq gərgin əməklə çalışaraq, yorulmadan, səylə və sistematik şəkildə ciddi fəaliyyət göstərərək problemlərlə real imkanlar arasında mövcud olan məsafəni günü-gündən azaltmaq lazımdır ki, bu məntəqənin səmimi və mehriban əhalisi Kürdüstan vilayətinin daha sürətli inkişafının və çiçəklənməsinin şahidi olsun”.

700 /