Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Zülm və ədalətsizliyin əlacı İslamdadır

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstan vilayətinə səfərinin üçüncü günündə – bu gün axşam Kürdüstan, Qərbi Azərbaycan və Kirmanşahda yaşayan yüzlərlə tayfa və qəbilə başçısı, nüfuzlu və hörmətli şəxslərlə görüş keçirdi. Səmimi bir atmosferdə və böyük canlanma şəraitində keçən bu görüşdə Ali Məqamlı Rəhbər qəbilələri İslamın, İslam İnqilabının və İranın daim sədaqətli, iftixar doğuran əsgərləri, qeyrətli, mömin və qəhrəman sərhədçiləri adlandırdı. Ali Məqamlı Rəhbər xüsusilə vurğuladı: “Allah-Taalanın yardımı, camaatın, vəzifəli şəxslərin ayıq-sayıqlığı və uzaqgörənliyi, hamının səyi və əməyi sayəsində əzəmətli İran xalqını parlaq gələcək gözləyir!”

İslam İnqilabının Rəhbəri bu önəmli, konkret bəyanatın, şübhəsiz ki, ölkənin qərb və şimal-qərb regionlarını əhatə edən vilayətlərin qəbilə başçılarına da şamil edildiyini, həmçinin İran xalqının özünün iftixar doğuran uğurlarını məhz birlik, cəsarətli təşəbbüslər və müdriklik sayəsində əldə etdiyini, bundan sonra da eyni xətlə həmin uğurları artıracağını bildirdi.

İslam İnqilabının Rəhbəri  kürd məntəqəsinin cəsur və qeyrətli qəbilələrinin xalqın və İslam dövlətinin qazandığı qələbələrin gedişatında müstəsna və qabarıq rola malik olduğunu bildirərək əlavə etdi: “Möhtərəm imam Xomeyni (r.ə) özünəməxsus uzaqgörənliyi ilə qəbilələri İslam İnqilabının rezerv qüvvəsi adlandırmışdır. Ölkədə yaşayan qəbilələr, xüsusən qərb və şimal-qərb bölgəsinin qəbilələri özlərinin son otuz ilin keşməkeşli hadisələrində parlaq iştirakı ilə imam Xomeyninin (r.ə) bu sözünü yaxşıca sübut etdilər”.

Həzrət Ayətullah Xamenei bu məntəqənin qəbilələrinin ayıq-sayıqlığını və uzaqgörənliyini İslam İnqilabının ilk illərində yadellilərin məkrli təxribatçı planlarının boşa çıxarılmasında həlledici və dəyərli rol oynadığına xüsusi işarə edərək və qəbilə başçılarına, o cümlədən nüfuzlu şəxslərə üzünü tutaraq dedi: “Qədirbilən İran xalqı və İslam İnqilabının tarixi yaddaşı onun sərhədlərinin keşiyində duran qeyrətli insanların qəhrəmanlıq salnaməsini heç vaxt unutmayacaq!”

İslam İnqilabının Rəhbəri həmçinin İranda İslam İnqilabının qələbəsinin bütün dünyada təbəddülatların yaranmasına, bəşəriyyətdə yeni baxış prizmasının, yeni ideoloji hərəkatın formalaşmasına yol açdığını da bildirərək əlavə etdi: “Tarix boyu istibdadçıların zülm, ədalətsizlik və ayrı-seçkiliyi nəticəsində bəşəriyyəti düçar olduğu dərdlərin, ağrı-acıların əlacı yalnız və yalnız İslam dinində və İslam İnqilabındadır!”

Ali Məqamlı Rəhbər müasir dünyanın diktatorlarını tarix boyu gəlib-getmiş fironlardan və əbucəhllərdən daha təhlükəli hesab etdiyini bildirdi. Belə ki, dövrün müstəmləkəçiləri yeni-yeni məcburiyyət, hiylə və aldatma metodlarından istifadə edərək özlərini humanizm, insan haqlarının müdafiəçisi kimi qələmə verirlər.

İslam İnqilabının Rəhbəri İİR-ın dünyanın təhlükəli, hiyləgər zor və yalan cəbhəsinin qarşısında müqavimət göstərməsini İran xalqı üçün əvəzsiz bir uğur adlandıraraq xatırlatdı: “Bizlər bu torpağın, bu diyarın övladları fəxr edirik ki, Uca Yaradan öz qüdrəti ilə İslam İnqilabı kimi mübarək bir ağacı bu məmləkətin torpağında əkmiş, ədalət, vicdan, intellekt və tərəqqi bayrağını bu xalqın əlində dalğalandırmışdır!”

İslam İnqilabının Rəhbəri  təhlükəsizlik və asayişi məntəqənin inkişafının əsas amili və bu günün ən aktual problemi adlandıraraq əlavə etdi: “İndiyə qədər bu məntəqədə tam məsuliyyətlə əmin-amanlığın keşiyində durmuş qəbilələr öz imkanlarını gücləndirməklə həmin məsuliyyət hissini öz gənc nəsillərinə və övladlarına da ötürməlidirlər”.

Ali Məqamlı Rəhbər uğursuzluqla üzləşmiş, planları boşa çıxmış düşmənin öz məğlubiyyətinin əvəzini çıxmaq üçün addımbaşı fürsət gözlədiyini bildirərək təkidlə dedi: “Ayıq-sayıqlıq, uzaqgörənlik, xırdaçılıqlara aludə olmaqdan çəkinmək düşmənin məkrli planlarına daim qalib gəlməyin ən mühüm şərtidir”.

Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə Hərəkatı illərində İraq kürdlərinin İran döyüşçüləri ilə həmkarlıq etməsinə də işarə edərək əlavə etdi: “Sərhədin o tayında yaşayan kürd qardaşlarımızın İrana və İslam İnqilabına bağlılığı və qarşılıqlı etimadı hiss olunmaqdadır, lakin düşmən qətiyyən dinc oturmaq niyyətində deyil. O, ixtilaf yaratmaq, yaxud digər bir yolla zərbə endirməkdən ötrü daim xəbis planlar qurur, ölkəmizə nüfuz etmək üçün hər hansı bir zəif nöqtə axtarır. Buna görə də biz bir an belə olsun, ehtiyatı əldən vermədən hərtərəfli hazırlığımızı - o cümlədən psixoloji, siyasi və mədəni cəhətdən hazırlığımızı daha da artırmalıyıq”.

İslam İnqilabının Rəhbəri təhlükəsizliyin bir qədər də qorunmasının əmək, istehsal, xidmət, quruculuq və tərəqqi baxımdan yüksəliş üçün bir o qədər geniş şərait yaratdığını bildirdi. Daha sonra Ali Məqamlı Rəhbər xatırlatdı ki, dəyərli təbii sərvətlərdən və insan potensialından, qəbilələrin gənclərinin parlaq istedadından istifadə olunaraq bu bölgənin inkişaf və çiçəklənmə tempi daha da sürətləndirilməlidir.

Ali Məqamlı Rəhbər sonuncu üç onilliyin təcrübəsinə istinad edərək ölkənin işıqlı gələcəyinə böyük optimizm və əminliklə baxmağın tam real olduğunu bildirdi, habelə İİR-ın regionda və dünyada tutduğu mövqeyə, xalqların İslam İnqilabını qəlbən dəstəkləməsinə işarə edərək vurğuladı: “Biz malik olduğumuza Allahın lütfü və mərhəməti sayəsində sahib olmuşuq. Lovğalıqdan çəkinərək birliyimizi, həmçinin xalqla vəzifəli şəxslər arasında qarşılıqlı səmimiyyəti qorumaqla ümid və iftixarla dolu olan gələcəyə doğru hərəkətimizi davam etdirməliyik!”

Bu görüşdə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneidən əvvəl aşağıda adları çəkilən şəxslər müxtəsər şəkildə çıxışlar etdilər:

       Dara Qadir Xanzadə Kürdüstan vilayətinin nüfuzlu şəxslərindəndir, Banə şəhərindəndir.

       Mam Əziz Qadiri Qərbi Azərbaycan vilayətində yaşayan Qadiri elatının başçısı

       Mohsen Məazi Kirmanşah vilayətinin mötəbər şəxslərindəndir, Pavə şəhərinin Uramanat məntəqəsindəndir.

       Əbulqasim Memar Kürdüstan vilayətinin nüfuzlu şəxslərindən biri, Bicar şəhərindəndir.

       Rəhman Bəhrampur Qərbi Azərbaycan vilayətində yaşayan qəbilələri təmsil edir, Sərdəşt şəhərindəndir.

       Siyamək Zərza Qərbi Azərbaycanda yaşayan qəbilələrdəki şəhid ailələrini təmsil edir, Oşnuyə şəhərindəndir.

       Seyidfateh Hüseyni Kirmanşah vilayətinin mötəbər şəxslərindən biri, Cəvanrud şəhərindəndir.

       Əziz Mənquri Kordestani Qərbi Azərbaycan vilayətinin qəbilə başçılarından biri, Piranşəhrdəndir.

Bu görüşdə Kürdüstan, Qərbi Azərbaycan və Kirmanşah vilayətlərinin qəbilə başçıları, nüfuzlu və mötəbər şəxsləri sədaqət, mərdlik dolu həyəcanlı çıxışlarında özlərinin İslam dininin, İslam İnqilabının yüksək amalları ilə qırılmaz mənəvi bağlılıqlarını bir daha ifadə edərək sərhəd zolağında yaşayan cəsur və qeyrətli insanların İranın sərhədlərinin qorunması, milli və inqilabi hədəflərin həyata keçirilməsi uğrunda fədakarlıq etməyə hər an tam hazır olduğunu elan etdilər. Ölkənin qərb və şimal-qərb bölgələrində yaşayan qəbilələrin başçılarının, mötəbər şəxslərinin üzərində xüsusi dayanaraq vurğuladıqları digər bir məsələ isə yadellilərin etnik və məzhəb qarşıdurması yaratmaq, ölkədə asayişi pozmaq məqsədilə hazırladıqları təxribatçı və təhrikedici planlara qarşı ayıq-sayıq və ehtiyatlı olmağın vacibliyi idi.

Görüşün əvvəlində isə Həmzə Seyyidüş-şühəda adına qərargahın komandiri, briqada generalı Mahmudabadi qəbilələrin və sərhəd zonasında yaşayanların problemlərinin aradan qaldırılması istiqamətində dövlət orqanlarının kompleks şəkildə fəaliyyət göstərdiklərini bildirdi. 

700 /