Ali Məqamlı Rəhbərin informasiya bloku

Kürdüstan vilayətinin yüzlərlə görkəmli xadimi ilə görüşündə:

Kürdüstanın görkəmli xadimləri müxtəlif problemlərlə əlaqədar öz fikirlərini bildirmişlər

Bu gün səhər İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Kürdüstan vilayətində yaşayan yüzlərlə tanınmış elm, ədəbiyyat, incəsənət, mədəniyyət, idman, siyasi-iqtisadi və ictimai xadimlə görüşündə bu vilayətin görkəmli xadimlərinin nümayəndələri çıxış edərək müxtəlif problemlərlə əlaqədar öz fikirlərini bildirmişlər. Təxminən 3 saat davam edən bu görüşdə aşağıda adları sadalanan xanımlar və cənablar çıxış etmişlər:

1. Əhməd Qazi tərcüməçi, “Kürd dilinin qrammatikası” kitabının müəllifi, Şah diktaturası dövründə siyasi məhbus qismində həbs edilmişdir.  

 2. Fərdin Sadiq Əyyubi İslam dünyasının məşhur rəssamı, qrafisti və heykəltəraşı

3. Əkrəm Bəhramçı şair, “Xorrəmşəhr” şer müsabiqəsinin laureatı

4. Cəmşid Xeyrabadi Avropa güləşi üzrə milli komandanın məşqçisi, bir çox medalların sahibi

5. Doktor Hamid Qadirzadə Kürdüstan Universitetinin Elmi Şurasının üzvü

6. Məhəmməd Hüseyn Sadiqi əməkdar kənd təsərrüfatı işçisi

7. Tara Əhmədi tədqiqatçı, ölkə daxilində və xaricdə fəaliyyət göstərən elmi təşkilatların fəal üzvü

8. Mamusta Məlaömrü Salehi Sahib folklor janrında yazan kürd şairi, çoxsaylı mükafatların sahibi, Şah diktaturası dövründə siyasi dustaq qismində həbs olunmuşdur.

9. Doktor Bayəzid Mərduxi iqtisadçı

10. Faruq Keyxosrovi Kürd Mədəniyyət və Ədəbiyyat Nəşrləri” mərkəzinin təsisçilərindən biri 

Bu görüşdə Kürdüstan vilayətinin görkəmli şəxslərinin toxunduğu ən mühüm məsələlər aşağıdakılardan ibarət idi:

Yadellilərin mədəni hücumlarına qarşı mübarizə aparmaq üçün etnik-mədəni irsdən istifadənin və yerli mədəniyyət potensialının gücləndirilməsinin zəruriliyi;

Fars və kürd dillərinin tarixi köklərinin bir olması;

  Vahid İran xalqının müxtəlif qollarının, o cümlədən kürd milliyyətli əhalinin tarix boyu İslam mədəniyyətinin formalaşmasındakı əsaslı rolu;

Kürd dilinə, ədəbiyyatına və mədəniyyətinə daha artıq qayğı və diqqətin göstərilməsi;

İranda mədəniyyət və dilçilik sahəsində müşahidə olunan yüksəlişin milli sərvət və qiymətli fürsət kimi dəyərləndirilməsi;

İncəsənət sahəsi üzrə ixtisaslaşdırılmış kitabxananın yaradılması;

İncəsənət sahəsinin maliyyə durumuna və incəsənət xadimlərinin məişət rifahına xüsusi diqqət yetirilməsi;

Kürdlərin öz əcdadlarının məskəninə, dədə-baba yurdlarına, yəni İrana qandan gələn sevgisi və bağlılığı;

Kürdüstan vilayətində idmana göstərilən qayğı və diqqətin, o cümlədən bu sahəyə qoyulan sərmayənin artması;

Xarici investorların cəlb edilməsi və xarici ölkələrlə dostluq əlaqələrinin genişləndirilməsi üçün Kürdüstan vilayətinin əlverişli coğrafi mövqeyə malik olması;

Vilayətdə əkinçilik, xidmət və sənaye sektoruna daha artıq diqqət verilməsinin zəruriliyi;

Vilayətin inkişaf etdirilməsi üçün lazımi infrastrukturun yaradılması istiqamətində hazırda görülən işlərin tempinin sürətləndirilməsi;  

İslam İnqilabı Rəhbərinin Kürdüstan vilayətinə olan pozitiv və sivil  münasibətin ümumxalq miqyasda gücləndirilməsi istiqamətində tövsiyələrinə lazımi diqqət yetirilməsi;

Gənclərin problemlərinə xüsusi diqqət yetirilməsi və işsizlik probleminin aradan qaldırılması istiqamətində daha artıq səy göstərilməsi;

Gənclərin elmi yaradıcılıq və proqramlaşdırma istiqamətində araşdırma, tətbiqetmə bacarığına etimad göstərilməsi;

Xalqın həmahəng inkişafına nail olmaq məqsədilə bütün sahələrdə proqram və layihələrin hazırlanmasında 20 ilin mənzərəsinə diqqət yetirilməsinin zəruriliyi;

Kürdüstan vilayətində hazırda mövcud olan 800 sənaye obyektinin kəmiyyət baxımından artırılması və  keyfiyyətinin daha da yüksəldilməsi;

Kürdüstan vilayətinin müxtəlif inkişaf göstəricilərinin yüksəldilməsi istiqamətində səylərin artırılması;

Xalqın arasına nifaq salmağa çalışanların, eləcə də İslamın və İranın düşmənlərinin hiyləgər təxribatçı planlarına münasibətdə şiə və sünnilərin çox diqqətli və ayıq-sayıq olmağının zəruriliyi.

Kürdüstan vilayətinin görkəmli xadimlərinin təxminən iki saat yarım davam edən çıxışlarından sonra Həzrət Ayətullah Xamenei  vilayətin ziyalıları ilə keçirilən bu görüşün olduqca xoş təsir bağışladığını və sevindirici olduğunu bildirərək dedi: “Çıxış edənlərin toxunduqları mövzularda bir çox faydalı və diqqətəlayiq məqamlar var idi ki, müxtəlif sahələrdə qərarlar qəbul edilərkən onları nəzərə almaq və faydalanmaq olduqca vacibdir”.

Ali Məqamlı Rəhbər Kürdüstan vilayətinin bəzi ədibləri və ziyalıları ilə yaxından tanışlığına da işarə edərək dedi: “Bir sıra digər görkəmli kürd milliyyətli qələm ustadları ilə elə onların özlərinin müəllif və tərcümə əsərlərinin vasitəçiliyi ilə tanışlıq əldə etmişəm. Mən kürd millətinin mədəniyyət və incəsənət sahələrindəki müstəsna şəxsiyyətlərini açıq-aydın bir reallıq kimi qəbul edirəm. Lakin bugünkü görüş Kürdüstanın görkəmli insan potensialının geniş imkanlarını və böyük qabiliyyətlərini daha da qabarıq formada aşkara çıxardı”

Eyni zamanda İslam İnqilabının Rəhbəri Kürdüstan camaatının qəhrəmanlığını və şücaətini onların bariz xüsusiyyətlərindən biri adlandıraraq əlavə etdi: “Həqiqətən də, bu məntəqənin camaatı bir sıra başqa gözəlliklərə o cümlədən iman, gözəl xarakter, mehribanlıq, açıqfikirlilik, gözəl təbiət, zərif şer, yüksək səviyyəli ədəbiyyata da sahibdir”.

Ali Məqamlı Rəhbər həmin mövzu ətrafında bunu da xüsusilə qeyd etdi ki, ölkənin  vəzifəli şəxsləri Kürdüstanın, həmçinin əziz İran ölkəsinin digər məntəqələrinin əhalisinin mədəni, mənəvi-əxlaqi dəyərlərinə qədirbilənliklə yanaşmalıdırlar.

İslam İnqilabının Rəhbəri böyük İran məmləkətinin etnik tərkibinin müxtəlifliyini real və qiymətli fürsət kimi dəyərləndirərək təkidlə vurğuladı: “İslam Respublikası ölkənin heç bir məntəqəsinə təəssübkeşlik, tayfabazlıq, ayrı-seçkilik və qərəzlə yanaşmır, verdiyi qərarlarda yalnız İslam dinini və iranlı olmağı əsas meyar götürür. Görkəmli insanlar, xalqın seçilən təbəqəsi və ziyalılar  bu aydın həqiqəti insanlara yaxşı izah etməlidirlər”.

Həzrət Ayətullah Xamenei İslamın və İranın düşmənlərinin İslam İnqilabının ilk illərində etnik və təriqət qarşıdurması törətmək, habelə Kürdüstanı “təhlükəsiz hərbi zona”ya çe­virmək cəhdlərini xatırladaraq əlavə etdi: “İslam Respublikası xalqın dəstəyinə arxalanaraq bu düşmənçiliklərə qalib gəldi, lakin hamının, o cümlədən xalqın görkəmli nümayəndələrinin yadellilərin xəbis niyyətlərinə qarşı ayıq və ehtiyatlı olması olduqca vacibdir”.  

İslam İnqilabının Rəhbəri Kürdüstan vilayətinin bəzi sahələrdəki geriliyinin səbəblərindən biri kimi məhz İslam İnqilabının ilk illərində törədilmiş təxribatçı planları qeyd edərək bildirdi: “Biz hamılıqla əlimizdən gələni etməliyik ki, Kürdüstan vilayəti məlum səbəblərin ucbatından düçar olduğu bu geriliyi aradan qaldıra bilsin və bu vilayət əziz vətənimizdə öz layiqli yerini tutsun!”

Həzrət Ayətullah Xamenei dünya imperialistlərinin İran xalqı ilə düşmənçiliyinin səbəblərini açıqlayaraq dedi: “İran İslam Respublikasının dövlət quruluşu özünün xarakteri yəni müstəqil baxışa malik olması, dünyanın hegemon qüvvələrinin təsiri altına düşməməsi etibarilə diktaturanın güc mərkəzlərini İran xalqına qarşı düşmən mövqedə durmağa sövq edir. Bu ədavətlə üz-üzə qalan İslam Respublikasının özünümüdafiə mövqeyində durması labüddür”.

Həmçinin Ali Məqamlı Rəhbər xatırlatdı: “Şübhəsiz, biz öz müstəqilliyimizə nail olmayıb imperialistlərin zülmünə, alçaldıcı siyasətinə boyun əysəydik, ortalıqda bu ədavətdən heç bir əsər-əlamət olmazdı. Lakin o zaman Pəhləvi rejiminin hakimiyyəti dövründə olduğu kimi milli qürur, xalqın tərəqqisi, İranın mədəniyyəti və sivilizasiyası ilə həqiqi iftixar duyğusu da müzakirə mövzusu ola bilməzdi”.

Həzrət Ayətullah Xamenei Şah diktaturası dövründə yüksək vəzifələrdə çalışmış bəzi şəxslərin öz xatirələrini kitab halında çap etdirməsi təşəbbüsünə də xüsusi işarə edərək əlavə etdi: “Həmin xatiratlarda Pəhləvi rejiminin yadellilərdən şiddətli asılılığı və onların qarşısında nümayiş etdirdikləri həqarət hissi barədə yazılmış sətirləri oxuyanda istər-istəməz hər bir iranlının alnından xəcalət təri süzülür”.

Ali Məqamlı Rəhbər “zillət, həqarət və asılılıq büsatı”nın darmadağın edilməsini İslam İnqilabının qələbəsinin müsbət nəticələrindən biri kimi qiymətləndirərək dedi: “İslami dövlət quruluşu yeni, həqiqi, konkret, açıq-aşkar və dəyərli fikirlərlə çıxış edərək öz sözünü demişdir. Aparılan təhlillərdə, yürüdülən mühakimələrdə bu mühüm məqama xüsusi diqqət yetirmək lazımdır”.

Həzrət Ayətullah Xamenei gənclərin istedad və potensialının çiçəklənməsi üçün lazımi şəraitin yaradılması və büdcə təminatının zəruriliyinə işarə edərək, həmçinin görkəmli şəxsiyyətlərin yetişdirilməsini ziyalıların, tanınmış insanların əsas vəzifələrindən biri hesab edərək bildirdi: “Əlbəttə, burada məsuliyyətin böyük bir qismi dövlət orqanlarının payına düşür və onlar bu vəzifəyə ciddi surətdə əməl etməlidirlər”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda bir daha təkidlə vurğuladı: “Vahid, formalaşmış, inkişaf etmiş və böyük nailiyyətlərə imza atmış İran dövlətinin varlığı dünyanın istibdadçı qüvvələrini ciddi narahat edir. Lakin onlar bu günə qədər olduğu kimi, bundan sonra da İran xalqının irəliyə doğru optimist addımlarının qarşısını əsla ala bilməyəcək, habelə xalqın müxtəlif qollarının birliyi və həmrəyliyi, məsul şəxslərin uzaqgörənliyi, xüsusən də görkəmli şəxsiyyətlərin, ziyalıların müdrik tövsiyələri sayəsində  istədiklərinə heç vaxt nail ola bilməyəcəklər!”

Həmçinin İslam İnqilabı Rəhbərinin Kürdüstan vilayətinin görkəmli şəxsiyyətləri və tanınmış insanları ilə görüşündə konqfu idman növü üzrə çempion Mustafa Hacı Muradi özünün çoxsaylı medallarını Ali Məqamlı Rəhbərə təqdim etmişdir.

700 /