Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün axşam Kürdüstan məntəqəsində yerləşən hərbi qüvvələrin keçirdiyi birgə hərbi tədbirdə “təhlükəsizliyin müdafiəsi və xalqın asayiş şəraitində yaşayışının təmin edilməsi”ni İran İslam Respublikasının Silahlı Qüvvələrinin varlığının fəlsəfəsi adlandırdı. Ali Baş Komandan xalqın, xüsusilə də hərbi qüvvələrin daimi hazırlığının gücləndirilməsini İran xalqının nüfuzunun və böyüklüyünün qorunub-saxlanmasının mühüm amili hesab etdiyini bildirdi.
Sənəndəc şəhərində yerləşən imam Əli (ə) adına qarnizonda keçirilən mərasimin əvvəlində İslam İnqilabının Rəhbəri meydana daxil olduğu zaman İslam Respublikasının himni çalındı. İİR-nın Ali Məqamlı Rəhbəri şəhidlərin şərəfinə qoyulmuş xatirə lövhəsinin qarşısında duraraq “Fatihə” surəsini qiraət etdi, Allah-Taaladan Kürdüstan vilayətinin məğrur və məzlum şəhidlərinin ruhuna ən ali dərəcələri nəsib etməsini dilədi.
Daha sonra Ali Baş Komandan meydandakı nümunəvi qoşun və korpus birləşmələrindən, səfərbərlik və nizam-intizama nəzarət edən qüvvələrdən ibarət dəstələrin təntənəli paradına baxış keçirdi, mərasimdə iştirak edən müharibə əlillərinin vəziyyəti, onların qayğıları ilə maraqlandı.
Bu mərasimdə Həzrət Ayətullah Xamenei Kürdüstanı “qəhrəmanlar diyarı”, “fədakarlıq, cihad və şəhidlik məmləkəti” adlandırdı. Ali məqamlı Rəhbər İslam İnqilabının ilk illərində düşmənin sabitliyi pozmaq və qardaş qırğını törətmək məqsədilə öz məkrli planlarını bu məntəqəyə yönəltdiyini də xatırladaraq əlavə etdi: “İslam Respublikası həmin çətin mərhələdə Allaha iman sayəsində mömin insanların qeyrətinə söykənərək son dərəcə mühüm bir sınaqdan üzüağ çıxdı. Silahlı Qüvvələr o böyük təxribata son qoyub öz varlığının fəlsəfəsini, yəni xalqın asayişinin və təhlükəsizliyinin təmin edilməsini əməli surətdə sübut etdi”.
Həzrət Ayətullah Xamenei yadellilərin bədxah planları ilə mübarizədə Kürdüstan vilayətinin qeyrətli əhalisinin – son damla qanına qədər vuruşmağa hazır olan müsəlman kürdlərin rolunu və həmkarlığını müsbət qiymətləndirərək xatırlatdı: “Həmin hadisələr böyük İran xalqının Kürdüstan məntəqəsindəki qəhrəmanlıq salnaməsinin unudulmaz məqamlarıdır”.
Ali Baş Komandan Kürdüstanın yadellilərin zərbəsindən amanda qalmasının Silahlı Qüvvələrin ağıllı, müdrik və bacarıqlı fəaliyyətinin nəticəsi kimi qiymətləndirərək və düşmənlərin hiylələrinə qarşı ayıq-sayıqlığın zəruri olmasını xüsusi vurğulayaraq dedi: “İslam Respublikası hal-hazırda dünyaya hökmranlıq edən quruluşla qarşı-qarşıya durmuşdur. Buna görə də hər an düşmənin məkrli sui-qəsd planlarından ehtiyatlı olmaq, Qurani-Kərimin göstərişinə uyğun olaraq öz hazırlığını qoruyub-saxlamaq və gücləndirmək vacibdir”.
Həzrət Ayətullah Xamenei yadellilərin ardı-arası kəsilmədən ölkədə sabitliyin və təhlükəsizliyin pozulması üçün zəmin hazırlamaq məqsədi güddüklərini də xatırlatdı. Ali Məqamlı Rəhbər xarici qüvvələrin, o cümlədən İraqı işğal edənlərin təhlükəsizlik xidməti orqanlarının bir sıra terror əməliyyatlarının törədilməsinə bələdçilik edib “xeyir-dua” verdiklərinə işarə edərək vurğuladı: “Xalq, xüsusilə də Silahlı Qüvvələr və vəzifəli şəxslər həmişə olduğu kimi ayıq-sayıq və hazırlıqlı olmalıdırlar!”
Ali Baş Komandan Tanrının yardımına arxalanmanı, müstəqilliyi və xalqın iradəsinə inam hissini hər bir millətin öz ehtiramını, böyüklüyünü və varlığını müdafiə edə bilməsi üçün vacib bir şərt adlandıraraq əlavə etdi: “Əzəmətli İran xalqı, qüdrətli İslam Respublikası təcavüzkarlığın və zorakılığın əleyhinədir. Buna baxmayaraq başqalarının özünə qarşı hədə-qorxu və təzyiqlərinə yubanmadan reaksiya verəcək! Şübhəsiz ki, Allah-Taalanın lütfü, xalqın, məsul şəxslərin və Silahlı Qüvvələrin günü-gündən möhkəmlənən hazırlığı düşmənlərin təhdid və hiylələrini, bədxah və məkrli planlarını boşa çıxaracaq!”
Həmçinin mərasimdə iştirak edən İslam İnqilabı Müdafiəçiləri korpusunun baş komandanı, diviziya generalı Cəfəri Kürdüstan məntəqəsindəki ümumi vəziyyət barədə məlumat verərək İslam Respublikasının müdafiə qüvvələrinin daim ayıq-sayıq və hazırlıqlı olduğunu bildirdi, eyni zamanda korpusun məntəqədə gördüyü maarifçilik və quruculuq işləri barədə məruzə etdi.
Habelə Həmzə Seyyidüş-şühəda adına qərargahın komandiri, briqada generalı Mahmudabadi bu qərargahın məntəqədə daimi təhlükəsizliyinin bərqərar edilməsi istiqamətindəki fəaliyyəti barədə də məlumat verdi.
Tədbirin sonunda meydandakı nümunəvi birləşmələr Ali Baş Komandanın dayandığı yerin qarşısından təntənəli keçid nümayiş etdirdilər.