İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Kürdüstan məntəqəsinin din alimləri, ruhaniləri və din elmlərini öyrənən tələbələri ilə keçirdiyi görüşdə “intellektual sərvətin, informasiyanın ötürülməsi metodlarının inkişafı və çoxşaxəliliyi”ni, həmçinin “İranda İslami hökumətin varlığı”nı hazırkı dövrün iki spesifik xüsusiyyəti adlandıraraq dedi: “Alimlər və ruhanilər müasir situasiyanı lazımınca qiymətləndirməli, diqqətli olmalı, dövrün bu iki spesifik xüsusiyyətindən istifadə edərək haqq-ədalətin dirçəldilməsi, zülm, fəsad və təxribatla mübarizə işində üzərlərinə düşən ağır vəzifəni yerinə yetirməlidirlər”.
Sənəndəc şəhərinin came məscidində keçirilən bu görüşdə Həzrət Ayətullah Xamenei din alimlərini xalqın islahının, tərəqqi və inkişafının öndərləri adlandıraraq qeyd etdi: “Alimlərin və ruhanilərin öhdəsinə düşən vəzifə yalnız Allahın haram, yaxud halal buyurduqları hökmləri izah etməklə bitmir. Onlar Tanrı peyğəmbərlərinin varisləri olaraq sanki bütə sitayiş edirmiş kimi millətləri öz qarşısında müti olmağa məcbur edənlərə, o cümlədən bütün istibdadçı təzahürlərə etiraz edərək mübarizə aparmalıdırlar”.
Ali Məqamlı Rəhbər müasir dövrün özəlliklərini açıqlayarkən intellektual məhsulun ötürülməsinin metod və vasitələrində yaranmış əsaslı dəyişikliklərə işarə edərək dedi: “Günümüzdə imperializm özünün təhdid qılıncını göstərərək qorxutmaqdan əlavə öz yanlış ideologiyasını, zülmkar siyasətini zorla xalqların boynuna qoymaq üçün bütün informasiya vasitələrindən, modern mədəniyyət və incəsənət janrlarından istifadə edir. Belə bir mürəkkəb və çoxşaxəli ideoloji hücumun qarşısında alimlər insanları düzgün yola istiqamətləndirmək üçün mütləq müasir dövrə inteqrasiya olunmalıdırlar”.
Həzrət Ayətullah Xamenei yadellilərin gənclərin qəlbinə nüfuz etmək, məktəblilərin və tələbələrin zehninə yeni-yeni şübhə toxumları səpmək üçün dəridən-qabıqdan çıxmasını xatırladaraq alimlərə belə bir tövsiyə də etdi: “Sizlər əqidə sərhədlərinin qoruyucuları olaraq gənc nəslin fikirlərinə, hiss-həyəcanlarına diqqət yetirməli, düşmənlərin hücumlarına qarşı müasir dövrə müvafiq surətdə mübarizə aparmalısınız”.
İslam İnqilabının Rəhbəri İranda Qurani-Kərimə və İslam dininə söykənən hökumətin varlığını hazırkı dövrün ikinci spesifik xüsusiyyəti olduğunu deyərək əlavə etdi: “Əlbəttə, biz bu hökumətin tamamilə Qurana müvafiq olduğunu qətiyyən iddia etmirik. Lakin inanırıq ki, hökumətimizin strategiyası və siyasi kursu doğrudur. Hamı, xüsusilə də ruhani alimlər İslam dininin təlimlərini və həqiqətlərini yaymaq, xalqın tərəqqisinə nail olmaq üçün İslamın yüksəliş dövründən sonra rast gəlinən bu ikinci müstəsna gerçəklikdən, bu misilsiz fürsətdən maksimum dərəcədə bəhrələnməlidirlər”.
Ali Məqamlı Rəhbər İslam Respublikasının süqutunun, yaxud İran xalqının inkişafdan geri qalmasının xarici qüvvələrin iki böyük, lakin nakam qalmış arzusu olduğunu bildirərək xatırlatdı: “İslam İnqilabı bütün məkrli planlara və süni şəkildə yaradılan əngəllərə baxmayaraq möhkəm dayandı, kosmosa peykin buraxılmasında və başqa sahələrdə çoxsaylı heyranedici elmi nailiyyətlər əldə edərək xalqların tərəqqi yarışında dini əsaslarla qurulmuş bir dövlətin öz yeri olduğunu sübut edərək müsəlmanların iftixarına və nüfuzunun artmasına səbəb oldu”.
Həzrət Ayətullah Xamenei bir sıra xalqların İslam Republikasına mənəvi cəhətdən bağlılığını, İslam dünyasında görkəmli şəxslərin və tələbələrin İslam dövlətinə ideoloji meyilliliyini imperialistlərin və regionun bəzi mürtəce dövlətlərinin İslam Respublikasına qarşı düşmən mövqe tutmasının səbəblərindən biri hesab edərək xüsusi vurğuladı: “Müxtəlif məntəqələrdə şiə-sünni münaqişəsini şiddətləndirmək səyləri, əhli-sünnə olmasına baxmayaraq əhalisinin çoxunun Peyğəmbər Əhli-beytinin (ə) eşqi ilə yaşadığı ölkələrdə müxtəlif insanların şiəliyin təbliğatına görə ittiham edilməsi diktatorların və onların məntəqədəki əlaltılarının İslam İnqilabından, İslam Respublikasının varlığından dəhşət hissi keçirdiyinə dair daha bir əsaslı sübutdur”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, imperialistlərin İslam Respublikası ilə düşmənçiliyi və hiyləgər planlarının bitib-tükənməməsi mömin İran xalqının nəhəng müstəmləkə aparatına nə dərəcədə sarsıdıcı bir zərbə vurduğunun əyani göstəricisidir. Sonra Həzrət Ayətullah Xamenei İran xalqını və İslam Respublikasını yerində möhkəm dayanmış dağlara bənzədərək əlavə etdi: “Xalqımıza, məsul şəxslərimizə xas olan ayıq-sayıqlıq, mübarizlik kimi xüsusiyyətlərdə biz İlahi rəhməti müşahidə edirik. Tanrının bu böyük dəstəyi hamının, xüsusilə də alimlərin üzərinə düşən məsuliyyəti ikiqat artırır”.
Həzrət Ayətullah Xamenei dostu düşməndən seçməkdə, müstəmləkəçilərin bəzi dolaşıq və qaranlıq planlarının vaxtında aşkara çıxarılmasında müdriklik və uzaqgörənliyin son dərəcə zəruri olmasına xüsusi işarə edərək dedi: “İslam dövlətinin və İran xalqının Qəzzadakı 22 günlük müharibə zamanı məzlum Fələstin xalqına hərtərəfli dəstək olduğu bir dövrdə cəmiyyətdə qəflətən dağıdıcı və şeytani bir virus meydana gəldi. Həmin virus Fələstin xalqının nasebi təriqətinə etiqad bəslədiyi və Peyğəmbər Əhli-beytinə (ə) düşmən olduğu barədə şayiələr yaymağa başladı ki, xalq arasında əhli-sünnəyə qarşı bədbin münasibət yaradıb təhrikçilik etməklə İslam Respublikasını öz mövqeyindən geri çəkilməyə, Fələstin xalqına yardım göstərməməyə vadar etsin”.
Həmçinin Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əks cəbhədə də bir qrup şəxslər gecə-gündüz bəzi çıxışlarda və şiə yönümlü ədəbiyyatda əhli-sünnəni şiələrə qarşı qaldırmaq məqsədilə əhli-sünnənin müqəddəslərini təhqir etmə elementləri axtarmaqla məşğuldurlar. Lakin xalqın nümayəndələri, xüsusilə də sünni və şiə alimləri İslam dininə müxalif olanların hiyləgər və dolaşıq planlarını dərindən dərk etməli, düşmənin gizli və aşkar təhrikləri ilə mübarizə aparmalı, təfriqə, ixtilaf və bədgümanlığın Tanrı bəndələrinin həmrəyliyini və səmimi birliyini pozmasına heç bir vəchlə icazə verməməlidirlər”.
Görüşün əvvəlində Kürdüstan məntəqəsində Vəliyyi-fəqihin nümayəndəsi olan Hüccətul-İslam vəl-muslimin Musəvi bu vilayətin din alimləri və ruhanilərindən 70 nəfərin şəhid olmasına işarə edərək bildirdi: “Bu gün də şiə və sünni alimləri İslam dövlətinin amallarına çatmaq uğrunda üzərlərinə düşən vəzifəni bir-biri ilə çiyin-çiyinə yerinə yetirməyə hazırdırlar”.
Kürdüstan əhalisinin Xubriqan Məclisində nümayəndəsi olan Mamusta Şeyxul-İslam da bu vilayətin camaatının imanlı və saf niyyətli olmasını vurğulayaraq dedi: “Kürdüstanın şiə və sünnə əhli İslam İnqilabının qələbəsinin ilk illərindən etibarən imam Xomeyninin (r.ə) əmrlərinə tabe olmuşlar və bu gün də özlərinin dini etiqadı baxımından İslam İnqilabının Ali Rəhbərinə itaət edirlər”.
Həmçinin Mamusta Xaledi Həzrət Ayətullah Xameneini salamlayaraq onun Kürdüstan vilayətinə səfərindən şad olduğunu bildirdi.