İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Sənəndəcin Azadlıq Meydanında və ətrafdakı küçələrdə toplaşmış çoxsaylı Kürdüstan əhalisi ilə görüşündə Kürdüstan camaatına təntənəli və səmimi qarşılanma mərasiminə görə öz dərin təşəkkürünü bildirdi. Sonra o, bu vilayətin imanlı, ziyalı, mədəni əhalisinin mətinliyini, ayıq-sayıqlığını və mübarizliyini yüksək qiymətləndirdiyini bildirdi. İslam İnqilabının Rəhbəri öz çıxışında milli şərəf və heysiyyətin qorunmasının zəruriliyini xüsusilə vurğulayaraq prezidentliyə namizədliyini irəli sürmüş əməlisaleh insanların içərisindən ən yaxşısını seçməyin meyarlarını da açıqladı.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri millətin şərəf və heysiyyət hissinin qorunmasının mühüm və prinsipial məsələlərdən biri olduğunu qeyd edərək bu məsələnin müxtəlif səbəb və amillərini açıqladı. İslam İnqilabının Rəhbəri milli qürurun qorunmasının azad, başıuca və həqiqət axtarışında olan bir cəmiyyətin varlıq nişanələrindən, eləcə də yadellilərin hücumları qarşısında davam gətirməyin mühüm amillərindən biri hesab edərək əlavə etdi: “Öz tarixi keçmişindən, mədəniyyətindən və varlığından xəcalət çəkməyən, habelə əsrlərdən keçib gələn adət-ənənəsinə, tarixinə və iftixar doğuran maddi-mənəvi irsinə böyük qürur hissi ilə optimistcəsinə baxan bir millət milli şərəf və özünəhörmət hisslərindən bəhrələnməkdədir. Qurani-Kərimdə qeyd olunduğu kimi, bu önəmli məqama yetişmək üçün Allaha sığınmaq və Ona iman gətirmək olduqca zəruridir. Belə ki, şərəf, izzət və ehtiram Allaha, Onun Peyğəmbərinə (s) və Ona iman gətirmiş mömin bəndələrə məxsusdur”.
Ali Məqamlı Rəhbər imperialistlərin və onlara dəstək olan dövlətlərin İran xalqına həqarət hissini aşılamaq üçün cidd-cəhdlə göstərdikləri səylərə işarə edərək, həmçinin İslam İnqilabından əvvəl hakimiyyətdə olmuş istibdadçı Qacar və Pəhləvi şahlarının İngiltərə və Amerika qarşısında apardığı rüsvayçı siyasətin İran xalqının taleyində böyük bir müsibət olduğunu bildirərək xatırlatdı: “İran xalqı İslam dininə, bu məmləkətin və bu xalqın dayağı olan möhtərəm imam Xomeyninin (r.ə) rəhbərliyinə söykənərək belə bir böyük müsibətə qarşı üsyan etdi. Bu gün İran xalqı iranlı və müsəlman olması ilə fəxr edir və dünyanın hegemon qüvvələri də göstərdikləri təzyiqlərin şərəfli İran xalqına, nüfuzlu və qüdrətli İslam Respublikasına heç bir təsir etmədiyini qəbul etmək məcburiyyətindədirlər”.
Həzrət Ayətullah Xamenei milli şərəf və heysiyyətin qorunub-saxlanmasının Allaha imandan, xalqın vəhdət və həmrəylik bayrağı altında birləşməsindən, cəsarətli addımların atılmasından, mətinlikdən, “əməksevərlik, səy və təşəbbüs göstərmə” əhval-ruhiyyəsinin yüksəldilməsindən asılı olduğunu bildirərək əlavə etdi: “Milli qürurun qorunması siyasi hadisələri qiymətləndirməkdə xüsusi əhəmiyyətə malik olan ən önəmli məqamlardan biridir. Bütün insanlar, xüsusilə gənclər baş verən hadisələri təhlil edərkən milli heysiyyətin qorunması prinsipinə kifayət qədər diqqətlə yanaşmalıdırlar”.
İslam İnqilabının Rəhbəri milli birliyi pozan ünsürlərin xalqa qarşı qəsdən, yaxud bilməyərəkdən düşmən mövqe tutduğunu bildirərək qeyd etdi: “Məzhəb mənsubluğu, o cümlədən şiəliyə, yaxud sünniliyə tərəfkeşlik bəhanəsi ilə millətin vəhdətinə zərbə vuran hər bir kəs bu xalqın və İslam düşmənlərinin muzdlusudur. Fərqi yoxdur, istər şiə, istərsə də sünni olsun! İstər bunu qəsdən, istərsə də bilməyərəkdən etsin!”
Həzrət Ayətullah Xamenei düşmənə muzdurluq edən həmin ünsürlərin özlərinin də bundan xəbərsiz olduğunu qeyd edərək vurğuladı: “İraqda, Əfqanıstanda və Pakistanda terror aktları törədən vəhhabi və sələfi ünsürlərin böyük əksəriyyəti muzdur olduğundan xəbərsizdir. Həmçinin əhli-sünnənin müqəddəslərini təhqir edən bir şiə özü xəbərdar olmasa belə, yenə də düşmənə nökərlik edir”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Sələfi və vəhhabilərin nəzərində şiələr və Peyğəmbər Əhli-beytini (ə) sevən, eyni zamanda qədəri əqidəsinin davamçıları olan əhli-sünnə dünyanın harasında olurlarsa-olsunlar, kafirdirlər. Reallıqda isə zehnində həmin bədxah əqidəni daşıyanların həyata keçirdiyi bu vəzifə yalnız və yalnız müsəlman qardaşlar arasında ixtilaf salmaqdan ibarətdir. Habelə nadanlıq, yaxud qərəz ucbatından Əhli-sünnənin müqəddəslərini alçaldan bir şiə, əslində, ixtilaf yaratmaq missiyasını yerinə yetirir. Hər bir halda hər iki dəstənin davranışı şəriət baxımından haram, qanuna isə ziddir”.
Ali Məqamlı Rəhbər xalqın nümayəndələrinə “dövlətin xalq ilə birgə olmasına”, dövlətə isə “xalqın dini əqidəsinə, ölkədəki ictimai-siyasi proseslərdə hamılıqla yaxından və emosional iştirakına” lazımi qiymət verməyi tövsiyə edərək vurğuladı: “Xalqın, xüsusilə də gənclərin göstərdiyi təşəbbüsləri, taleyüklü məsələlərdə həlledici mövqe tuta bilmək bacarığını yüksək qiymətləndirmək lazımdır”.
Həmçinin İslam İnqilabının Rəhbəri Kürdüstan məntəqəsini iman, mədəniyyət, sənətkarlıq, səfalı sədaqət diyarı, “böyük fədakarlıqlar ostanı” adlandıraraq əlavə etdi: “Bu diyarın İslam Respublikasının qurulduğu ilk və ən həssas illərdə düşmənin məkrli planlarından ayıq-sayıqlıqla duyuq düşüb, düşmənə qarşı mərdliklə müqavimət göstərmiş qəhrəman camaatının böyük şücaətini İran xalqı heç vaxt unutmayacaq!”
Həzrət Ayətullah Xamenei özünün Kürdüstan əhalisi ilə yaxından tanışlığına da işarə edərək dedi: “Bu vilayətin camaatı sınaqdan başıuca çıxaraq öz böyüklüyünü sübut etmişdir. Belə ki, düşmən etnik və dini qarşıdurmalar yaratmaqla əzəmətli İran xalqının arasına təfriqə salmaq kimi xəbis siyasət apardığı bir dövrdə Kürdüstan əhalisi həmin böyük təxribatı ayıq-sayıqlığı və şücaətli mübarizəsi ilə aradan qaldırdı”.
İslam İnqilabının Rəhbəri Kürdüstan vilayətinin səfalı və yamyaşıl təbiətə, o cümlədən bu ölkənin əhalisinin mehriban və səmimi xarakterə malik olduğunu bildirərək, mədəniyyət diyarı olan Kürdüstan vilayətinin böyük şairlər və alimlər yetişdirdiyini xüsusilə qeyd edərək bildirdi: “İranın əzəmətini və başucalığını gözü götürməyənlər İslam İnqilabının ilk illərində bu məntəqəni təhükəsizlik ostanına çevirmək istəsələr də, qüdrətli İslam Respublikası xalqın dəstəyi ilə bu böyük problemi həll etdi”.
Həzrət Ayətullah Xamenei Kürdüstan əhalisinin şəhidlərə ‒ Kavə, Səyad Şirazi, Motəvəsseliyan, Borucerdi, Kazimi və digər şəhid olmuş sərkərdələrə qədirbilənliklə yanaşmasına da işarə edərək dedi: “Döyüşlərdə iştirak edərkən bu diyarda olmuş gənclər də Kürdüstan camaatının məhəbbətini və səmimiyyətini unutmayacaqlar”.
İslam İnqilabının Rəhbəri istibdadçı rejimin yürütdüyü Kürdüstan vilayətinin qəsdən geriliyə düçar etmə məqsədini güdən siyasətinə işarə edərək dedi: “İslam İnqilabından əvvəl bu vilayətdən olan cəmi 360 tələbə var idi, xalqın yalnız otuz faizi oxuyub-yazmağı bacarırdı, abadlaşdırma və quruculuq işlərinin göstəriciləri də sıfra bərabər idi. Hal-hazırda isə bu vilayətin yetirməsi olan 40 mindən artıq tələbə 20-dən çox ali təhsil müəssisəsində təhsil almaqdadır”.
Ali Məqamlı Rəhbər İslam Respublikası qurulduqdan sonra Kürdüstan vilayətində möhtəşəm yenidənqurma işlərinin aparıldığını da xatırlatdı. Lakin eyni zamanda qeyd etdi ki, qarşıda hələ bir çox görüləsi işlər var. Vəzifəli şəxslərin daha artıq təşəbbüs göstərməsi və diqqətli olması vacibdir və bu vilayətin iki əsas probleminin ‒ işsizlik və investisiya qoyuluşunun azlığı kimi problemlərin həlli istiqamətində ciddi tədbirlər görülməlidir.
Həzrət Ayətullah Xamenei İslam Respublikasının müxtəlif etnik qruplara münasibətinin İslam mənbələrindən qaynaqlandığını bildirərək əlavə etdi: “Bizim baxış prizmamıza görə vahid İran xalqının etnik tərkibinin rəngarəngliyi həmin etnik qrupların bir-biri ilə sağlam dostluq və mükəmməl birlik şəraitində yaşayaraq bir-birini hər etnosun özünəməxsus istedad və qabiliyyətləri ilə təkmilləşdirməsi üçün çox gözəl bir fürsətdir.”
Ali Məqamlı Rəhbər həmin məsələ ilə əlaqədar olaraq bir daha təkidlə vurğuladı: “Bizim Kürdüstan vilayətinə münasibətimiz son dərəcə dolğundur və bu, sevgi, qardaşlıq, birlik və həmrəyliyə əsaslanır. Belə bir münasibətə müxalif olan hər bir şəxs İslam Respublikasının daxili siyasətinə qarşı çıxmış hesab olunacaq”.
Həzrət Ayətullah Xamenei bir vaxtlar xarici qüvvələrin əlaltısı olan bəzi şəxslərin, əslində, düşmənlərə aid olan qərəzli fikirləri qəsdən kürd millətinə mənsub olan əhaliyə aid etdiklərini də xüsusilə xatırladaraq dedi: “Həmin dövrdə Kürdüstan əhalisi və ümumilikdə vətən uğrunda canından keçməyə hazır olan cəsur, şərəfli, müsəlman kürdlər İran xalqının arasına təfriqə salmağa çalışan qüvvələrə qarşı çıxıb 5400 nəfər şəhid verərək böyük iftixar doğuran bir mübarizəyə imza atdılar”.
İslam İnqilabının Rəhbəri Kürdüstan vilayətinin gənclərinə bu diyarın camaatının fədakar və qəhrəman tarixi keçmişi ilə yaxından tanış olmağı tövsiyə edərək əlavə etdi: “Bu məntəqənin tarixi salnaməsində ibrətamiz məqamlar çoxdur. O cümlədən bu vilayətdə elə ailələr vardır ki, onların övladları yadellilər tərəfindən aldadılmış, Amerika və sionizmin hədəfləri uğrunda hədər yerə qanı axıdılmışdır. Biz həmin qəlbi dağlanmış ailələrə ürək yanğısı ilə yanaşır, bunu əks-inqilabçı qüvvələrin Kürdüstan vilayətinə vurduğu zərbələrdən biri hesab edirik”.
Həzrət Ayətullah Xamenei əks-inqilabçıların İslam Respublikasının təşkil olunduğu ilk illərdəki fəaliyyətinin Kürdüstan vilayətində quruculuq, abadlaşdırma işlərinin aparılmasına və daha artıq investisiya qoyulmasına əngəl törətdiyini bildirərək əlavə etdi: “Dövlət bu vilayətdə bir sıra mühüm işlər görmüşdür. Belə ki, bu gün istibdad dövründən fərqli olaraq dövlət nümayəndələri ölkənin müxtəlif vilayət və şəhərlərində olurlar. Ölkənin ən ucqar məntəqələrinin əhalisi belə ölkə prezidentinin, nazirlərin və digər məsul şəxslərin həmin məntəqələrə səfər etdiyinin şahidi olurlar”.
İslam İnqilabının Rəhbəri imperialistlərin hazırladıqları məkrli planlara qarşı ayıq-sayıq olmağın zəruriliyinə də işarə edərək dedi: “Düşmən dəfələrlə uğursuzluğa düçar olmasına rəğmən öz məqsədindən əsla əl çəkmir, xalqın və İslam Respublikası rəsmilərinin mətinliyi onu özündən çıxarır. Buna görə də hamı xarici qüvvələrin təhrikedici planlarından gözdə-qulaqda olmalıdır. Çünki düşmən öz metodunu dəyişməsinə baxmayaraq hələ də əvvəlki çirkin məqsədləri güdə bilər”.
Həzrət Ayətullah Xamenei sözünə davam edərək dedi: “İran xalqı, xüsusən də gənc nəsil bütün səy və diqqətini cəmləşdirərək İslam Respublikasının və onun ərazi bütövlüyünün keşiyində durub. Xalqımız bu günə qədər düşmənin boş-boşuna əsib-coşmasından qorxuya düşmədiyi kimi, bundan sonra da qorxub geri çəkilməyəcək!”
Həzrət Ayətullah Xamenei çıxışının digər bir hissəsində prezident seçkilərini böyük ümumxalq sınaqlarından biri adlandıraraq xatırlatdı: “Xalqın prezident seçkilərində hamılıqla və fəal iştirakı son dərəcə mühüm bir məsələdir. Yüksək səviyyədə keçirilən prezident seçkiləri milli qürur və nüfuzun artmasına, ölkənin qüdrətinin daha da möhkəmlənməsinə səbəb olacaq, habelə düşməni bu ölkəyə qarşı tamah dişini qıcıyıb, məkrli planlar, fitnə-fəsad törədən təxribatlar hazırlamaqdan ümidsiz edib çəkindirəcək”.
Ali Məqamlı Rəhbər İran xalqının bədxah və kinli düşmənlərinin bu seçkilərə son dərəcə həssaslıqla yanaşdığına da xüsusi işarə edərək dedi: “Düşmənlər artıq bir il bundan əvvəl başladıqları və tədricən yürütdükləri təbliğatla, ilk növbədə, İİR-də keçiriləcək seçkiləri əngəlləmək məqsədi güdürlər və əlbəttə ki, buna əsla nail ola bilməyəcəklər. Onların ölkə parlamentinə seçkilər barədə planı da məhz bundan ibarət idi. Lakin Uca Yaradan və xalqın möhkəm iradəsi onların qurduğu bu hiyləni boşa çıxardı”.
Həzrət Ayətullah Xamenei xarici qüvvələrin ikinci qərəzli planının məhz xalqın seçki günü seçki məntəqələrinə getməməsinə və prezident seçkilərinin qeyri-fəal keçməsinə nail olmaqdan ibarət olduğunu xüsusi bildirərək xatırlatdı: “Müdrik İran xalqı düşmənin arzusunun tam əksinə olaraq seçki günü hamılıqla, canlanma və həvəslə, tam məlumatlı surətdə və böyük fəallıqla seçki qutularına yaxınlaşacaq! Çünki xalq seçkiləri milli qürur faktoru, millətin şərəf və heysiyyətinin artması, nüfuzunun çoxalması üçün bir vasitə, o cümlədən xalqın tərəqqi və yüksəlişinin göstəricisi kimi qiymətləndirir!”
İslam İnqilabının Rəhbəri icraedici hakimiyyətin başçısının olduqca geniş səlahiyyətlərə malik olmasını xordad ayının 22-də keçiriləcək seçkilərin əhəmiyyətinin digər səbəblərindən biri olduğunu bildirərək əlavə etdi: “Əzəmətli İran xalqı ölkənin administrasiyası və idarəetməsinin gedişatında lazımi qərarları qəbul etmək, təsiredici rol oynamaq işində özünü səlahiyyətli və bacarıqlı hesab edir, həmçinin yaxşı bilir ki, əgər onun seçdiyi ölkə başçısı şövqlü və iradəli olsa, daha böyük xidmətlərə imza ata bilər”.
Həzrət Ayətullah Xamenei prezident seçkiləri ilə bağlı ilkin və ən mühüm məsələnin məhz xalqın bu seçkilərdə hamılıqla və fəal iştirak etməsi olduğunu bildirərək əlavə etdi: “Qarşıdakı seçkidə ən önəmli məsələ budur ki, xalq Müdafiə Şurası tərəfindən tam araşdırmalar aparıldıqdan sonra elan ediləcək səlahiyyətli namizədlər arasından ən yaxşısını seçsin!”
Həmçinin Ali Məqamlı Rəhbər həmin mövzuda bunları da əlavə etdi: “Müdafiə Şurasının adlarını açıqladığı bütün namizədlər layiqli namizədlərdir. Buna baxmayaraq ölkə başçısının seçilməsi kimi əhəmiyyətli bir məsələdə minimum göstəricilərlə kifayətlənməmək, eyni zamanda meyarlara əsaslanaraq layiqli namizədlərin arasından ən yaxşı, ən əməlisaleh və ən layiqlisini seçmək lazımdır”.
İslam İnqilabının Rəhbəri heç bir vəchlə konkret namizədlər haqqında fikir irəli sürmədiyini xatırladaraq ən layiqli ölkə başçısının seçilməsinin meyarlarını açıqlayıb, xalqa müraciətlə dedi: “Elə bir şəxsi seçin ki, ölkənin, xalqın problemlərini dərk etsin, insanların dərdinə yansın, xalqla birgə və səmimi olsun, sadə həyat tərzi keçirsin, özü, ailə üzvləri və yaxınları fəsaddan, dəbdəbəli həyata meyillilikdən, israfçılıqdan uzaq olsun. Çünki vəzifəli şəxslərin aristokratik yaşayışa və zahiri dəbdəbəli həyata meyilli olması böyük bir bəladır”.
Həzrət Ayətullah Xamenei bu mövzuda sözünü yekunlaşdırarkən bir daha vurğuladı: “Namizədlər arasında bax, bu meyarları rəhbər tutaraq fərqləndirmə aparın ki, düşünüb-daşınaraq ən əməlisaleh, ən layiqli namizədi özünüz üçün müəyyənləşdirəsiniz, bundan sonra isə gəldiyiniz nəticəyə Allaha xatir səs verəsiniz. O zaman əmin olun ki, Allah sizin əməlinizin mükafatını mütləq verəcək!”
Həzrət Ayətullah Xamenei həmçinin özünün təbliğat-təşviqat kompaniyası ilə məşğul olan möhtərəm namizədlərə üzünü tutaraq onları vicdanlı olmağa, neqativ hallardan çəkinməyə, həqiqətə uyğun şəkildə sədaqətlə davranmağa çağırdı və əlavə etdi: “Namizədlər bəzən ölkədəki ümumi vəziyyət, iqtisadi durum barədə reallığa tamamilə uyğun gəlməyən bəyanatlarla çıxış edirlər. Bu isə xalqı narahat edir və insanlar reallıqla heç cür uzlaşmayan uyğun bu qədər sözün vicdanla, səmimi qəlbdən deyildiyinə inana bilmirlər”.
Ali Məqamlı Rəhbər prezidentliyə namizədlərə bir daha xatırlatdı: “Mən ümid edirəm ki, İnşallah, bu cür təxribatçı sözlər səhvən deyilmişdir, bununla belə həmin çıxışlar heç kəsin diqqətini özünə cəlb edə bilməyəcək. Buna görə də möhtərəm namizədlər diqqətli olmalıdırlar ki, əksəriyyəti ölkədəki mövcud gerçəkliklə üst-üstə düşməyən sözlərlə ictimaiyyətin ümumi rəyinə neqativ təsir göstərməsinlər”.
Həzrət Ayətullah Xamenei çıxışının sonunda təkidlə bildirdi: “İran xalqı və ölkə rəsmiləri insanların dünya və axirətdə əbədi səadətinə zəmanət verən İslam hakimiyyətini özü üçün başlıca hədəf seçmişdir və bu yolda sona qədər mübarizə aparacaqdır, heç bir qüvvə də xalqın iradəsinə arxalanan dövlət rəsmilərinə təzyiq göstərərək təsir edə bilməyəcəkdir!”
Görüşün əvvəlində Vəliyyi-fəqihin Kürdüstan məntəqəsi üzrə nümayəndəsi, Hüccətul-İslam vəl-muslimin Seyid Musəvi Kürdüstan camaatının İslam İnqilabının Rəhbəri ilə görüşü səbirsizliklə gözlədiyini bildirərək dedi: “Kürdüstan vilayətinin İslam Respublikasının müdafiəsi uğrunda minlərlə şəhid verməsi, hal-hazırda isə burada minlərlə müharibə əlilinin yaşaması bu diyarın camaatının İran İslam Respublikasına dərin sevgi və bağlılığından xəbər verir. Kürdüstan vilayətinin əhalisinin Həzrət Ayətullah Xamenei üçün təşkil etdiyi möhtəşəm qarşılama mərasimi də bu aşkar həqiqətin bariz göstəricisidir”.