Bu gün İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bütün ölkə İmam-cümələrinin görüşündə İran xalqının müqavimətinə xüsusilə işarə edərək, həmçinin İslam İnqilabının məqsəd, prinsip və sabitliyinin sirrinin məhz müqavimət ruhunun qorunması və güclənməsində olduğunu təkidlə vurğulayaraq dedi: “Artıq Marksizm məktəbi dağılmış və Qərbin Liberal Demokrat məktəbinin çökmək fəryadları eşidildiyi halda İslami hərəkət günü-gündən daha da genişlənir və İslam İnqilabı bu fikri, eləcə də böyük məktəbin əsas hərəkətverici qüvvəsi kimi öz müqavimət və inkişaf amillərini daha da gücləndirməlidir”.
İslam İnqilabının Rəhbəri İran xalqının İslama, İslam İnqilabına və imam Xomeyniyə (r.ə) olan beyətinə işarə edərək bildirdi: “İran xalqı bütün varlığı ilə öz beyətinə sadiq qaldı və bu sadiqlik həm İranda İlahi vədənin gerçəkləşməsinin, həm də dini hökumətin möhkəmlənməsinin nəticəsi idi”.
Həzrət Ayətullah Xamenei imam Xomeyninin (r.ə) onillik rəhbərliyini, möhkəm imanını və polad əzmini millətin müqavimətinin əsas amili hesab edərək xatırlatdı: “Həmişə olduğu kimi indi də bu beyətə sadiq qalmaq və vəfa etmək Allahın köməkliyi ilə mümkün olacaqdır”.
O, İslam İnqilabının Marksizm və Liberal Demokrat kimi iki təfəkkür hakimiyyəti şəraitində qələbəsinin maddi araşdırmaların və təhlillərin fövqündə dayandığını bildirərək söhbətinə belə davam etdi: “O çətin şəraitdə İslam İnqilabının qələbə çalması ilə İslami hərəkat başlandı, müxtəlif təxribatlara və siyasi tufanlara rəğmən bu hərəkat sadiqliyin bərəkəti və Allahın köməkliyi ilə günbəgün daha da gücləndi və bu gün artıq Marksizm məktəbindən heç bir əsər-əlamət qalmamış, Liberal Demokrat məktəbi isə dünya ictimaiyyətinin qarşısında bütün siyasi, iqtisadi və hərbi səs-küyü ilə bərabər tamamilə sıradan çıxmışdır”.
Sonra İslam İnqilabının Rəhbəri xatırlatdı: “O zaman İslam İnqilabının iki böyük ideoloji iddiaçısı var idi: biri Marksizm məktəbi, digəri isə Qərbin Liberal Demokrat məktəbi idi. Onlar dünya məsələlərini öz düşüncə və təfəkkürlərinə əsasən planlaşdırırdılar”.
Həzrət Ayətullah Xamenei Marksizm məktəbinin rüsvayedici süqutuna işarə edərək əlavə etdi: “Bu məktəbin özünə xas iddiaları və şüarları var idi ki, tədricən öz rəngini itirdi, nəticədə isə Marksizmdən qalan şəkil və zahiri görünüş kiçik zaman fasiləsində bir hörümçək toru kimi dağıldı və aradan getdi”.
O dedi: “Qərbin Liberal Demokrat məktəbi Marksizmin dağılması ilə nəinki dünyada bir qütblük hakimiyyət həvəsinə düşdü, hətta öz siyasətini irəli aparmaqda belə rəqibsiz qaldığından bütün dünyanın öz ixtiyarında olduğunu düşünməyə başladı”.
İslam İnqilabının Rəhbəri Qərbin Liberal Demokrat məktəbinin hal-hazırkı vəziyyətinə işarə edərək bildirdi: “Bu məktəbin yalançı “insan haqları” və “demokratiya” şüarları, həmçinin siyasi iddiaları Quantanamo, Əbu Qureyb, İraq və Əfqanıstana edilən hücumlarla, müxtəlif regionları ardıcıl bombalamaqla bir daha faş oldu. Artıq bu gün Qərb dünyasında saxta pul hakimiyyəti sınmış və onların fəryad səsləri səmaya ucalmışdır”.
Həzrət Ayətullah Xamenei Qərb dünyasının hal-hazırkı problemlərini Qərbin Liberal Demokrat məktəbinin iqtisadi iddialarının əyani göstəricisi kimi qiymətləndirdi. O, liberal-demokrat yönlü iqtisadi strategiyaların qeyri-effektivliyinə dair qərbli tədqiqatçıların düşüncələrinə işarə edərək bildirdi: “Bu gün Qərb dünyasında yalançı bir hakimiyyət sınmış, onların etiraz səsləri havaya ucalmış və artıq özləri də etiraf edirlər ki, Amerikanın mütləq hakimiyyəti sona yetmişdir”.
O, bu məsələ üzərində ciddi düşünməyin zəruriliyini xüsusi vurğulayaraq bildirdi: “Belə bir şəraitdə İslam İnqilabının İslami hərəkatın əsas istiqamətverici qüvvəsi kimi meydana gəlməsinin əsas amillərini və onun davamlığını, yəni İlahi imanı, gələcəyə ümidi, səy və çalışqanlıq ruhiyyəsini daha da gücləndirmək lazımdır”.
İslam İnqilabının Rəhbəri İmam-cümənin xalqla sıx bağlılığına, bu institutun İslam ənənələrinin formalaşdırılmasındakı əhəmiyyətli roluna və cəmiyyətdə İslam mədəniyyətinin yayılmasına işarə edərək bildirdi: “Ümumən mədəni sferanın əsas ehtiyac duyduğu məsələlərdən biri məhz xalq, xüsusilə də gənclər arasında gələcəyə ümidi artırmaqdır və İmam-cümələr bu sahədə daha güclü təsirə malikdirlər”.
Həmçinin Həzrət Ayətullah Xamenei təkidlə qeyd etdi: “Bəziləri hər cür bəhanə ilə xalqı məyus etməyə və onların fikrini əsas istiqamətdən yayındırmağa çalışırlar”.
O xatırlatdı: “İslam İnqilabı böyük əzəmət və qüdrətlə irəliyə doğru addımlayır və bu yolda bir sıra problemlərin olmağı da istisna olunmur. Lakin bəziləri belə deyirlər ki, bu templə gedən qatar xətdən çıxmış və artıq geri qayıdır. Əlbəttə, bu cür düşüncələr reallığın tam əksinədir”.
İslam İnqilabının Rəhbəri cəmiyyətdə İslami əxlaqın yayılmasını İmam-cümələrin əsas işlərindən biri hesab edərək bildirdi: “Xalq arasında qənaətcillik mədəniyyəti, cavabdehlik mədəniyyəti, vicdanla işləmə, fədakarlıq və ciddi çalışqanlıq əhval-ruhiyyəsi, əməkdaşlıq mədəniyyəti, şəxsi və ictimai nizam-intizam, qanuna hörmət, nümunəvi İslami ailə, rahat və vaxtında evlənmənin yayılması, ailələr arasında təşkil olunan dini məclislərin çoxalması və övladların İslami ruhda tərbiyələndirilməsi İslamın zəngin mədəniyyət nümunələri kimi yayılmalıdır”.
Həzrət Ayətullah Xamenei İmam-cümələri xalqa, xüsusilə cəmiyyətin aşağı təbəqəsi və xalq yolunda çalışanlara ailələri ilə daimi səmimi münasibətdə olmağı məsləhət görərək xatırlatdı: “İmam-cümələr məscidlərdə olmaq, alimlərlə əlaqə saxlamaq, həmçinin qohumlara nəzarət etmək və onlarla birlikdə olmağı nəzərdən qaçırmamalıdırlar”.
Görüşün əvvəlində isə “İmam-Cümələr Şurası”nın rəisi Hüccətul-İslam Təqəvi 580 şəhərdə cümə namazının qılınması, eləcə də ölkə üzrə bu şuranın kompüter proqramlarına dair fəaliyyətlərinin genişlənməsi barədə məlumat verdi. Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamlığı ilə zöhr və əsr namazları da qılındı.