Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri:

İran xalqı prezident seçkiləri günü düşmənlərə göz dağı verəcək!

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər ölkənin müxtəlif məntəqələrindən olan minlərlə tibb işçisi, müəllim və fəhlənin qatıldığı izdihamlı görüşdə bu üç təbəqəni cəmiyyətin ən mühüm və təsiredici təbəqəsi adlandıraraq, habelə müxtəlif vəzifəli şəxslərin və dövlət administrasiyasının seçilməsində xalqın misilsiz və həlledici rolunu açıqlayaraq bildirdi: “Düşmənin İran İslam Respublikasında keçirilən seçkiləri qeyri-obyektiv qələmə vermək cəhdlərini boşa çıxaran əzəmətli İran xalqı prezident seçkilərində də hamılıqla və tam səmimi iştirakı ilə düşməni qəzəbləndirəcək seçimini mütləq edəcəkdir!”   

İslam İnqilabının Rəhbəri ölkədə inqilabdan əvvəlki xarici qüvvələrdən asılı olan hakimiyyət nümayəndələrinin keçirdiyi gözdən pərdə asmaq məqsədini güdən sifarişli seçkiləri xatırladaraq dedi: “Pəhləvi və Qacar sülaləsindən olan diktator şahlar ölkəni öz şəxsi mülkləri, xalqı isə öz nökərləri hesab edirdilər. Xalqın arxasında iş çevirərək seçki qutularından diktatura aparatının iradəsinə uyğun gələn nəticələr çıxarılırdı. Lakin İslam İnqilabı həmin vəziyyəti tamamilə dəyişdirdi və seçkilərdə həlledici rolu məhz xalqa həvalə etdi”.

İslam İnqilabının Rəhbəri respublika konstitusiyasına əsasən ölkədə bütün məsul şəxslərin müstəqim və ya qeyri-müstəqim yolla seçilməsində xalqın rəy və iradəsinin həlledici  rol oynadığını xüsusi vurğulayaraq bildirdi: “Son otuz il ərzində bu strategiyaya ciddi surətdə və böyük məsuliyyətlə əməl olunmuşdur. Lakin İranda qeyri-qanuni nüfuzuna son qoyulmuş düşmənlər ölkəmizdə mövcud olan xalqın dövlət idarəçiliyində iştirak etməsi kimi dəyərli və sevindirici bir gerçəkliyi görməməzliyə vurub bilərəkdən inkar etməklə İranda baş tutan seçkilərin üzərinə daim şübhə kölgəsi salmaq niyyətində olublar”.

Həzrət Ayətullah Xamenei İran İslam Respublikasında keçirilən seçkilərin demokratiya iddiasında olan bəzi dövlətlərdə baş tutan seçkilərlə müqayisədə daha azad və izdihamlı olduğunu bildirərək əlavə etdi: “İranda xalqın böyük həvəslə iştirakı nəticəsində daim demokratik, şəffaf və düzgün seçkilər baş tutmuşdur. Lakin təəssüflər olsun ki, bəzi subyektiv fikirli dostlar  və xalqın ictimaiyyətin nəzərini özünə cəlb etmək niyyətində olan bəzi nümayəndələri bu millətin əleyhinə haqsız sözlər danışır, habelə düşmənin yalançı və qərəzli sözlərini təkrar etməklə seçkilərin obyektivliyini sual altına salırlar”.

İslam İnqilabının Rəhbəri keçmiş illərdə baş tutan bütün seçkilərin sağlam və demokratik şəraitdə keçirilməsini ölkədəki vəzifəli şəxslərin və xalqın zəhmətinin nəticəsi hesab edərək vurğuladı: “Seçkilərdən bir-ikisində şübhəli insidentlər baş versə də, ətraflı təhqiqatlar və dəqiq araşdırmalar sübut etmişdir ki, həmin seçkilərin belə demokratikliyinə və düzgünlüyünə heç bir irad tutula bilməz”. 

Həzrət Ayətullah Xamenei ötən illər ərzində baş tutmuş seçkilərdən bir neçəsinin nəticələrinə də işarə edərək dedi: “Ölkədə keçirilən seçkilərin hakimiyyətdə olan cinahın xeyrinə nəticələnmədiyi hallar dəfələrlə müşahidə olunmuşdur. Əgər belədirsə, İran İslam Respublikasında keçirilən seçkiləri kim şübhə altına sala bilər?”

İslam İnqilabının Rəhbəri bu mövzuda söhbətini yekunlaşdıraraq bildirdi: “İnşallah, İran xalqı prezident seçkiləri günü düşmənlərə göz dağı olaraq böyük şövq, həvəs və səmimiyyətlə seçki məntəqələrinə axışacaq və mütləq özünün düşməni qəzəbləndirəcək seçimini edəcəkdir!”

Həzrət Ayətullah Xamenei çıxışının davamında tibb işçilərini, müəllim və fəhlələri ictimaiyyətin ən mühüm təbəqələrinin nümayəndələri hesab etdiyini bildirərək xatırlatdı: “Təhsil və təlim-tərbiyə istiqamətində fəaliyyət göstərən müəllimlər xalqın öz övladlarını əmanət etdiyi şəxslərdir. Məhz onlar bu xalqın övladlarının əsil şəxsiyyət kimi formalaşmasında və təşəkkül tapmasında mühüm və müstəsna rola malikdirlər. Bu isə müəllimin həddən ziyadə böyük dəyərə malik olmasının bariz göstəricisidir”.

İslam İnqilabının Rəhbəri ictimaiyyətə, dövlət administrasiyasına və səlahiyyətli şəxslərə müəllimlərə qayğı ilə yanaşaraq onların qədrini bilməyi tövsiyə edərək bildirdi: “Müəllimlər də öz növbəsində öz məqam və ehtiramını qoruyub saxlamalı, gördükləri işi Allah tərəfindən bəxş edilmiş bir vergi hesab etməlidirlər”.

Həzrət Ayətullah Xamenei  təhsil və təlim-tərbiyə sistemində əsaslı islahatların həyata keçirilməsini birinci dərəcəli vacib əhəmiyyətli məsələ hesab edərək və hazırkı sistemin köhnəlmiş, təqlidçi xarakterli olduğuna xüsusi işarə edərək dedi: “Təhsil və təlim-tərbiyə sistemində dəyişikliklər etmək üçün başqalarının təcrübəsindən maksimum istifadə etməklə yanaşı, əsas etibarilə ölkədəki ənənələr və ehtiyac duyulan aktual problemlər də nəzərə alınmalıdır. Lakin Qərb ölkələrinin təcrübəsini eynilə təqlid etmədən və şablon təkrarlamadan tamamilə çəkinmək lazımdır”.

Həzrət Ayətullah Xamenei hazırkı təlatümlü dünya arenasında İİR-in tutduğu mühüm mövqeyə işarə edərək, eyni zamanda ölkədəki bütünlükdə sabit və təhlükəsiz vəziyyəti əhəmiyyətli işlərin görülməsi, həmçinin təhsil və təlim-tərbiyə sistemində islahatların həyata keçirilməsi üçün əlverişli fürsət hesab edərək bildirdi: “Dövlətin bu sferada apardığı araşdırmalar və irəli sürdüyü effektiv proqramlar həyata keçirilməlidir. Bütün bunların reallaşması üçün isə şücaət, təşəbbüs və optimizmə ehtiyac var”.

İslam İnqilabının Rəhbəri tərbiyə probleminə əhəmiyyət verilməsinin zəruri olduğunu bildirərək xatırlatdı: “Körpənin tərtəmiz lövhəyə bənzəyən zehni yalnız təlimlə formalaşdırıla bilməz. Bunun üçün əlavə olaraq tərbiyəyə və düzgün yetişdirilməyə də ehtiyac vardır. Bütün bunlar dərsliklərdə, müəllim kadrlarının seçilməsində və bütövlükdə təlim-tərbiyə sistemində nəzərə alınmalıdır”.

Həzrət Ayətullah Xameneinin təhsil və tərbiyə mövzusu ilə bağlı vurğuladığı məsələlərdən digəri isə kəmiyyət çoxluğundan çəkinmək və keyfiyyət baxımından genişləndirilməyə üstünlük verilməsi idi.

İslam İnqilabının Rəhbəri həmçinin tibb işçilərini də cəmiyyətin dirçəlməsində və yüksəlişində təsirli rola malik olan təbəqə hesab edərək dedi: “Xalq və məsul şəxslər bu mələkxislətli insanlara böyük ehtiram hissi ilə yanaşmalıdırlar!”

İslam İnqilabının Rəhbəri tibb bacılarının və mamaların vətəndaşların sağlamlığında oynadığı rolu olduqca mühüm hesab etdiyini bildirərək əlavə etdi: “Bu canıyanan və mehriban insanlar gördükləri işi böyük nemət hesab etməli və xalqa xidmət etmək fürsətinin qədir-qiymətini bilməlidirlər. Bu isə hər bir şəxsin gördüyü işin keyfiyyətinin yüksəlməsinə effektiv təsir edir”.

İslam İnqilabının Rəhbəri çıxışının digər hissəsində fəhlələri cəmiyyətin mehvərində duran sosial ünsür hesab etdiyini bildirərək, eləcə də ölkənin ehtiyac duyulan məhsullarla təmin edilməsində fəhlələrin, istehsalatın ayrı-ayrı bölmələrində işə nəzarət edən zəhmətkeşlərin və sex rəislərinin mühüm roluna xüsusi işarə edərək dedi: “İctimaiyyətdə daxili istehsalın genişləndirilməsi və ölkədaxili istehsal məhsullarının rəğbətlə qarşılanması istiqamətində rəy formalaşdırılmalıdır”.

İslam İnqilabının Rəhbəri xaricdə istehsal edilmiş məhsullardan geniş surətdə istifadəni, əslində, “başqa ölkələrdə istehsalat işçilərinin işinin uğurla davam etməsi, İran zəhmətkeşlərinin isə işsiz qalması” faktı kimi qiymətləndirərək bildirdi: “İran İslam Respublikasının gəncləri və zəhmətkeşləri ən mürəkkəb layihə və konstruksiyaları həyata keçirmək, eləcə də daha üstün və keyfiyyətli məhsullar istehsal etmək bacarığına malikdirlər. Bu fakta lazımi diqqət yetirilməlidir”.

Həzrət Ayətullah Xamenei işçilərin əmək təhlükəsizliyini istehsal edilən məh­sul­ların keyfiyyətinin yüksəlməsinə təsir edən mühüm və zəruri amil hesab edərək dedi: “İctimaiyyətə yerli məhsullardan istifadə etməyin sosial dəyər, “mədəniyyət” olması təlqin edilməlidir. Bu məsələnin reallaşması üçün ölkədə istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi, xarici istehsal məhsullarının yersiz reklam və təbliğinin qarşısının alınması, zəhmətkeşlər üçün həvəsləndirici tədbirlərin görülməsi, əmək məsuliyyətinin artırılması, eyni zamanda dövlətin istehsala və idxala aidiyyatı olan bütün ünsürlərlə həmkarlığına və iş birliyinə ehtiyac var”.

Görüşün əvvəlində Tibbi Təhsil, Müalicə və Səhiyyə, Əmək və Sosial Problemlər, Təlim və Tərbiyə nazirləri çıxış edərək rəhbərlik etdikləri qurumların fəaliyyəti barədə hesabat verdilər. Tibbi Təhsil, Müalicə və Səhiyyə naziri tibb bacılarının mütəmadi olaraq təhsil səviyyəsinin yüksəldilməsi və ixtisaslarının artırılması istiqamətində görülən işlərə işarə edərək dedi: “Müasir tələblərə cavab verən peşəkar tibbi xidmət işinin təşkil edilməsi, eləcə də tibb bacılarının məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür”.  

Professor Baqiri Lənkərani mamalıq-ginekologiya sahəsində fəaliyyət göstərən həkimlərin gərgin əməyinə xüsusi işarə edərək son otuz il ərzində hamilə qadınların ölüm statistikasının 10 dəfə azaldığını bildirərək əlavə etdi: “Son üç il ərzində ucqar kəndlərdə hamilə qadınların ölüm halları yüzdə iyirmi faiz azalmışdır”.

Əmək və Sosial Problemlər naziri cənab Cəhrəmi işsizliyin azalması, yeni iş yerlərinin açılması, texniki-peşə təhsilinin genişləndirilməsi və görülən tədbirlərdən maksimum nəticə əldə edilməsini rəhbərlik etdiyi nazirliyin əsas iş prinsiplərindən biri hesab edərək bildirdi: “Son üç il ərzində nazirliyə daxil olan müraciətlər arasında şikayət ərizələrinin və mübahisəli məsələlərin sayının azalması işçilərlə rəhbərlik arasında səmimi münasibətlərin yaradıldığını göstərir”.

Təlim və Tərbiyə naziri də öz növbəsində təlim-tərbiyə sahəsində əsaslı dəyişikliklərin və islahatların həyata keçirilməsi istiqamətində lazımi araşdırmaların aparıldığı barədə ətraflı məlumat verərək qeyd etdi: “Son iyirmi ilin göstəriciləri əsasında yeni təhsil və təlim-tərbiyə proqramının  işlənib hazırlanması  istiqamətində bütün zəruri araşdırmalar və tədqiqatlar həyata keçirilməkdədir”. 

Cənab Əli Əhmədi Təlim və Tərbiyə Nazirliyinin atdığı digər mühüm addımların sırasında müəllimlərin ixtisasının arıtırlması, təhsil və maarif sahəsində çalışanlar üçün böyük bir universitetin yaradılmasına icazə alınması, o cümlədən maarif sahəsində çalışanların yubadılmış əmək haqlarının ödənilməsi istiqamətində görülən tədbirləri sadaladı.        

700 /