Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri:

Yalnız elm, cihad, iman və güclü iradə cəmləşərsə, dünya öz gələcəyindən əmin ola bilər!

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün imam Hüseyn (ə) adına Müdafiə Təlimi və Zabitlər Universitetinin məzunları üçün təşkil olunmuş buraxılış mərasimində təkidlə dedi: “Yalnız elm, cihad, iman və güclü iradə konkret fərdlərin simasında cəmləşib möhkəmləndikdə elə şəxsiyyətlər formalaşa bilər ki, dünya həmin şəxsiyyətlərin fəaliyyətinə arxalanaraq öz gələcəyindən əmin ola bilər”.

Mərasimdə ilk öncə İran İslam Respublikasının müqəddəs himni səsləndirildikdən sonra Ali Baş Komandan “Naməlum Şəhidlər” məqbərə-kompleksində “Fatihə” surəsini oxuyaraq Allah-Taaladan şəhidlərin ruhu üçün ən ali dərəcələri dilədi. Daha sonra meydanda düzlənmiş hərbi bölmələr təntənəli parad nümayiş etdirdilər.

Bu mərasimdə Həzrət Ayətullah Xamenei elmin ilahi nemət olduğunu bildirərək əlavə etdi: “Təəssüflər olsun ki, bəzi insanlar bu ilahi nemətdən fəsad, təcavüzkarlıq, iğtişaş və zülm törətmək məqsədilə istifadə etdilər və nəticə etibarilə dünya zülm edən və zülmə məruz qalanlardan ibarət olan iki qütbə bölündü”.

Həzrət Ayətullah Xamenei İslam İnqilabının bu ədalətsiz reallığa qarşı böyük bir ümumbəşəri üsyan olduğunu xüsusi vurğulayaraq  xatırlatdı: “İran İslam İnqilabı İslam, təkallahlılıq, ədalət və humanizmin zülmlə dolub-daşan dünyada səslənən fəryadı idi”.

İslam İnqilabının Rəhbəri sözlərinə davam edərək bildirdi: “Hal-hazırda İran xalqına dünyaya inteqrasiya olunmağı tövsiyə edənlər bu xalqın İslam İnqilabı uğrunda hərəkata qalxmasından heç də məmnun qalmayanlardır” .

İslam İnqilabının Rəhbəri təkidlə vurğuladı: “Xalqımıza edilən “dünyaya inteqrasiya olunmaq” tövsiyəsinin  əsil mahiyyəti dünyanın diktator qüvvələrinə təslim olmaq və dünyanın ədalətsizliyə söykənən quruluşunu qəbul etməkdir. Lakin İran xalqı geridə qoyduğu 30  il ərzində bu məntiqsiz və cahil istəyə “YOX” cavabını vermişdir”.        

İslam İnqilabının Rəhbəri dedi: “Keçən 30 il müddətində İran xalqına və İslam Respublikasının dövlət quruluşuna göstərilən bütün təzyiqlər İslam İnqilabının yüksək məqamını və mənəvi dəyərini aşağı salmaq məqsədi güdmüşdür. Əlbəttə ki, bütün bu cəhdlər faydasız olmuş və gələcəkdə də heç bir nəticə verməyəcəkdir!”

Ali Baş Komandan imam Hüseyn (ə) adına Zabitlər Universitetinin tələbələrinə və məzunlarına müraciət edərək dedi: “Siz müqəddəs mahiyyət daşıyan belə bir ali gerçəkliyin müdafiəçilərisiniz və belə bir məqamın məhz sizə nəsib olması ilə fəxr etməlisiniz!”

Həzrət Ayətullah Xamenei İslam İnqilabı Müdafiəçiləri Ordusunun məhz mömin, saf əqidəli, möhkəm iradəyə, qətiyyətli əzmə malik olan gənclərin sayəsində formalaşmasına işarə edərək dedi: “Həmin gənclərin xüsusilə Müqəddəs Müdafiə Hərəkatı dövründə göstərdiyi əvəzsiz xidmətlərinin nəticəsində İran xalqı mərhum imam Xomeyninin (r.ə) rəhbərliyi altında qarşısındakı maneələri bir-bir dəf edərək irəliləməyə müvəffəq oldu”.

Həzrət Ayətullah Xamenei qeyd etdi: “İran xalqının bugünkü mömin gəncləri bu xalqın İslam İnqilabından əvvəlki gənclərindən heç də geri qalmırlar”.

İslam İnqilabının Rəhbəri gəncləri müxtəlif elmlərə yiyələnmək, mənəvi-psixoloji tərbiyə baxımından öz üzərində səylə çalışmağa çağıraraq dedi: “Hegemon dövlətlər bir qayda olaraq başqa millətləri qorxu və təhdid altında saxlamağa çalışırlar. Lakin, şübhəsiz ki, imanlı və elmli gənclərin əzəməti müstəmləkəçilərin maddi heybətindən daha möhtəşəm olacaq”.

Həzrət Ayətullah Xamenei daha bir fikri vurğulayaraq dedi: “Bu gün düşmən yaxşı bilir ki, İslami əsaslara söykənən İran İslam Respublikası imanlı, qətiyyətli xalqından və gənclərindən, mənəvi-əxlaqi, bəşəri dəyərlərə bağlı olan dövlət rəsmilərindən və məsul şəxslərindən ibarət güclü bir potensiala malikdir. İran İslam Respublikasını heç kəsin hədələri və təzyiqləri qorxuda bilməz”.

Bu mərasimdə İslam İnqilabını Müdafiə Korpusunun Ali Baş Komandanı, diviziya generalı Cəfəri İslam İnqilabının dördüncü dekadasında mömin, inqilab ruhiyyəli, uzaqgörən və şücaətli insanların varlığını, həmçinin elmi nailiyyətlərin ən yüksək zirvələrini fəth etmək uğrunda gecə-gündüz göstərilən səyləri ordunun həlledici rolunun iki əsas amili hesab edərək dedi: “Buna əsaslanaraq və struktur dəyişikliklərini nəzərə alaraq imam Hüseyn (ə) adına Təhsil Kompleksi iki ali təhsil müəssisəsinə ‒ “Ali Müdafiə Təlimi və Zabitlər Universiteti” və “Hərbi Akademiya”ya çevrilmişdir”.

O əlavə etdi: “Zabitlər Universitetinin vəzifəsi ilk pillədə ‒ bakalavr təhsili müddətində zabitlərin təlim-tərbiyəsini, imam Hüseyn (ə) adına Hərbi Akademiyanın vəzifəsi isə magistratura və doktorluq pillələrində zabitlərin gələcəkdə ordunu elmi-nəzəri cəhətdən istiqamətləndirə bilməsi üçün təhsil prosesini həyata keçirməkdir”.

İmam Hüseyn (ə) adına Müdafiə Təlimi və Zabitlər Universitetinin baş komandanı, briqada generalı Əlirza Təmyizi də çıxış edərək dedi: “Universitetdə 3 mindən çox tələbə təhsil alır. Tələbələrin dini, əxlaqi-psixoloji tərbiyəsini önə çəkmək, nəzəri biliklərin və praktik vərdişlərin mənimsənilməsi, “qeyri-bərabər qüvvələrin müharibəsi” adlı doktrinaya xüsusi diqqət yetirilməsi universitetin qarşısına qoyduğu əsas məqsədlərdəndir”.

Mərasimin davamında şəhidlərin və müharibə iştirakçılarının övladlarından, tanınmış insanlardan, universitetin müəllimlərindən, tədqiqatçılarından, tərbiyəçilərindən və komandanlarından bir neçəsi Ali Baş Komandanlıq tərəfindən mükafatlandırıldı, universitetin təhsil və nizam-intizam baxımından fərqlənən məzunlarından bir qismi isə layiq olduqları hərbi dərəcələrlə təltif edildilər.

Sonda mərasimdə iştirak edən hərbi birləşmələr öz qüvvələrinə əminlik ruhunda əməliyyat nümayiş etdirməklə yanaşı Ali Baş Komandanın qarşısından təntənəli surətdə hərbi  yürüşü  həyata keçirdilər.

Ali Baş Komandan bu gün həmin universitetin nəzdindəki Aerodinamik Tədqiqatlar Mərkəzinə də baş çəkdi. İslam İnqilabını Müdafiə Korpusunun təhqiqatçıları və mütəxəssisləri Ali Baş Komandanı səsdən sürətli hava tunelinin layihə-tikinti işləri ilə yaxından tanış etdilər.

Səsdən sürətli hava tuneli ballistik təyyarə və raketlərin konstruksiyasında mühüm və son dərəcə dəqiqlik tələb edən mərhələlərdən biridir. Belə ki, onun vasitəsilə raketin sərrastlıq əmsalını və konstruksiyanın layihəsini tədqiq etmək mümkündür.

İran İslam Respublikasının Ali Məqamlı Rəhbərinin iştirakı ilə Aerodinamik Tədqiqatlar Mərkəzində səsdən sürətli hava tunelinin sınaqdan keçirilməsi baş tutdu.

Sınaqdan sonra Həzrət Ayətullah Xamenei  ordunun tədqiqatçılarının və mütəxəssilərinin  ən müasir və mürəkkəb texnologiyaların layihə və konstruksiyası işində göstərdiyi dəyərli elmi xidmətlərini yüksək qiymətləndirdiyini bildirərək dedi: “Elmi cəhətdən geridə qaldığımız məqamları aradan qaldırmaq üçün mütləq birbaşa çıxış yollarından istifadə olunmalıdır. Həmin çıxış yollarından biri elmin mənimsənilməsidir, digərləri isə hökmən tapılıb ortaya qoyulmalıdır”.

İslam İnqilabının Rəhbəri İran xalqının imanlı və inqilabçı gənclərinin hər bir çətin işin öhdəsindən gəlməyə qadir olduğunu vurğulayaraq əlavə etdi: “İslam Respublikasının hazırkı inkişaf səviyyəsi və əldə etdiyi nailiyyətlər keçmiş illərlə heç cür müqayisə oluna bilməz. Hazırda ölkənin elmi irəliləyişi olduqca sürətlə həyata keçirilir”.

İslam İnqilabının Rəhbəri xatırlatdı: “Ölkənin sürətli elmi tərəqqisinə  baxmayaraq arzuolunan səviyyəyə çatmağımıza və elmi baxımdan mövcud olan geriliyi aradan qaldırmağımıza hələ var. Bütün bunlar isə yalnız ölkənin gənc alimlərinin əzmi və səyi ilə əldə olunacaq”.

700 /