İran İslam Respublikasının Ali Dini Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Ermənistan Respublikasının prezidenti cənab Serj Sarkisyanla keçirdiyi görüşdə iki ölkə arasındakı münasibətləri müsbət qiymətləndirərək təkidlə bildirdi: “Tehrana hazırkı səfər zamanı əldə edilmiş bütün qarşılıqlı razılaşmalara ciddi əməl olunmasına diqqət yetirin”.
İslam İnqilabının Rəhbəri İran hökuməti və İran xalqı ilə Ermənistan dövləti və erməni xalqı arasındakı səmimi münasibətlərin genişləndirilməsi faktını yüksək dəyərləndirdiyinə işarə edərək, eləcə də müxtəlif dövrlərdə ölkədə cərəyan edən hadisələrdə erməni milliyyətli həmvətənlərinin oynadığı rolu xatırladaraq qeyd etdi: “8 illik məcburi müharibə dövründə bizim erməni milliyyətli həmvətənlərimiz öz müsəlman qardaşları ilə çiyin-çiyinə İslam İnqilabının və İslam Respublikasının müdafiəsi uğrunda vuruşmuşlar”.
Həzrət Ayətullah Xamenei qonşu ölkələrin öz aralarında qarşılıqlı münasibətləri genişləndirməsini həmin ölkələri daxildən möhkəmləndirən və onların təhlükəsizliyini gücləndirən bir amil hesab edərək əlavə etdi: “Nəhəng dövlətlər müxtəlif bəhanələrlə regiondaxili münasibətlərin qaydaya salınmasına mane olmağa çalışırlar”.
İslam İnqilabının Rəhbəri Səddamın İrana hücumunda ABŞ-ın və bəzi Avropa ölkələrinin təhrikedici roluna xüsusi işarə edərək bildirdi: “Regiondaxili münaqişələrin və müharibələrin əksəriyyətində böyük dövlətlərin açıq-aşkar, yaxud gizli formada müdaxilə etdiyi müşahidə olunur. Həmçinin sionist rejiminin Qəzzaya və Livana hücumu da ABŞ-ın dəstəyi ilə həyata keçirilmişdir. Lakin Səddamın İrana qarşı başladığı məcburi müharibədə və sionistlərin Qəzzaya 22 günlük, Livana isə 33 günlük hücumunda planlarının boşa çıxması bir daha sübut etdi ki, xarici qüvvələrə gözlənilən nəticənin əldə olunmasına heç də təminat vermir”.
Həzrət Ayətullah Xamenei bugünkü görüşdə Ermənistan Respublikası ilə bu ölkəyə qonşu olan dövlətlər arasında əmin-amanlığın bərqərar edilməsi ideyasını olduqca müsbət qiymətləndirdi və bu ideyanın həyata keçirilməsinin zəruri olduğunu bildirdi.
İİR-in prezidenti cənab Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Ermənistan Respublikasının prezidenti cənab Serj Sarkisyan öz ölkəsinin əhalisinin səmimi salamlarını İslam İnqilabının Rəhbərinə çatdıraraq dedi: “Biz ölkələrimiz arasında əlaqələrin hərtərəfli genişləndirilməsinə tam hazırlıqlı surətdə İrana səfər etmişik və bu əlaqələrin gələcəkdə də müsbət perspektivlərə malik olacağından əminik”.
Ermənistanın dövlət başçısı İran İslam Respublikasının güclü iradə nümayiş etdirərək regional və dövlət məsələlərində məntiqli və tarazlaşdırılmış formada siyasi fəaliyyət göstərdiyini qeyd etdi. Daha sonra o, cənab Əhmədi Nejadla apardığı müsbət danışıqlara işarə edərək bildirdi: “Bu səfərdə əldə edilmiş bütün qarşılıqlı razılaşmalara əməl olunacaq”.