İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Venesuela Respublikasının prezidenti cənab Hüqo Çavez və onu müşayiət edən nümayəndə heyəti ilə bugünkü görüşündə Venesuelanın dövlət başçısının ədalətpərvərliyini, humanizmini və cəsarətli mövqe tutmaqdan çəkinməməsini təqdir etdiyini bildirərək dedi: “Sizin Venesuelada hakimiyyət başına gəlməyiniz Latın Amerikası regionunun tarixində yeni bir dönəmin başlanğıcı oldu. Venesuela dövlətinin, həmçinin əhalisinin qəhrəmanlığı və alicənablığı bu məntəqənin camaatında özünəinam hissi formalaşdırmışdır”.
İslam İnqilabının Rəhbəri rəsmi Venesuelanın və şəxsən ölkə prezidentinin Qəzza olaylarında tutduğu cəsarətli mövqeyi və sionist rejimi ilə əlaqələrini qəti surətdə kəsməsini yüksək qiymətləndirərək qeyd etdi: “Rəsmi Venesuelanın atdığı bu addımı, əslində, insan hüquqlarını və humanizmi müdafiə etdiklərini iddia edən Avropa dövlətləri atmalı idilər. Lakin, təəssüflər olsun ki, Avropanın bu kimi bəşəri dəyərlərdə iddialı olan dövlətləri Qəzzadakı insan qırğınına münasibətdə əks mövqedə durdular”.
Daha sonra İslam İnqilabının Rəhbəri Qəzzada törədilmiş faciədə ABŞ-ın da sionist rejiminin günahında şərik olduğunu bildirərək və müstəmləkəçi dövlətlərin Venesuela hökumətinin Qəzzadakı hadisələrlə bağlı cəsarətli mövqeyinə qarşı kəskin reaksiya göstərməsinə işarə edərək dedi: “İmperialist dövlətlərin bizə qarşı aqressiv reaksiyası və tutduğu əks mövqe bizim varlığımızın onlar üçün nə qədər təsirli bir faktor olduğunu bir daha göstərir”.
Həzrət Ayətullah Xamenei hələ bir neçə il öncə İranda atom enerjisi problemi ilə əlaqədar ortaya atılmış və hələ də davam etdirilən qalmaqala işarə edərək dedi: “Müstəmləkə cəbhəsində duran dövlətlərin bu məsələyə münasibətdə də nümayiş etdirdikləri aqressiya bunu sübut edir ki, İran İslam Respublikasının nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyətlər dünya arenasında haqq cəbhəsinin möhkəmlənməsi yolunda atılan effektiv bir addımdır”.
O, təkidlə dedi: “Qərblilər yaxşı bilirlər ki, bizim məqsədimiz nüvə silahı deyil. Lakin hər hansı bir ölkənin onların icazəsi olmadan bu texnologiyaya yiyələnməsi onlarda kəskin reaksiya və aqressiya doğurur”.
İslam İnqilabının Rəhbəri nüvə enerjisi əldə etmək imkanına malik olan bütün ölkələrin bu texnologiyanı mənimsəmək istiqamətində səy göstərməli olduqlarını təkidlə vurğulayaraq dedi: “Neft resurslarının məhdudluğunu və zəngin neft mənbələrindən düzgün bəhrələnməyin zərurililiyini nəzərə aldıqda aydın olur ki, yeni enerji mənbələrinə, o cümlədən enerji istehsalında ən optimal variant hesab olunan atom enerjisinə müraciət etməkdən başqa bir əlac yoxdur”.
Həzrət Ayətullah Xamenei çıxışının davamında Venesuela Respublikası ilə İİR arasında müxtəlif sahələrdə mövcud olan əlaqələri yüksək qiymətləndirərək dedi: “Ölkələrimiz arasında müsbət istiqamətdə inkişaf etmiş əlaqələri nəzərə alaraq qeyd etmək olar ki, iki ölkə arasında müxtəlif sahələrdə həmkarlığın genişləndirilməsi üçün lazımi zəmin artıq mövcuddur. Həmçinin ölkələrimiz arasında olan ikitərəfli əlaqələr beynəlxalq və regional miqyasda genişlənərək çoxtərəfli əməkdaşlığa da çevrilə bilər”.
İslam İnqilabının Rəhbəri Venesuela xalqının öz prezidentinə etimad göstərərək onu dəstəkləməsini Venesuela dövləti üçün böyük nemət və dəyərli bir amil hesab etdiyini bildirərək dedi: “Hər hansı bir dövlətin dayağı xalq olarsa, həmin dövlət çox böyük qüvvələrin qarşısında mətanətlə dura bilər. Bu İlahi nemət və şərait həm Venesuela Respublikasında, həm də İran İslam Respublikasında mövcuddur”.
İİR-in prezidenti cənab Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Venesuela Respublikasının prezidenti cənab Hüqo Çavez İslam İnqilabının Rəhbəri ilə yenidən görüşmək fürsəti əldə etməsindən çox şad olduğunu bildirdi. Sonra o, özünü İslam İnqilabının və bu inqilabın rəhbərlərinin davamçısı və şagirdi hesab etdiyini bildirərək dedi: “Biz xarici düşmənlərə və imperialist qüvvələrə qarşı müqavimət göstərməkdə İran dövlətinin və İran xalqının siyasi təcrübələrindən mühüm dərslər götürmüşük. Bundan sonra da eynilə bu cür qüvvə və mübarizlik nümayiş etdirərək öz müstəqilliyimizi qoruyub saxlayacağıq”.
O, İİR-in prezidenti ilə apardığı işgüzar danışıqların konstruktiv baxımdan çox faydalı olduğunu bildirərək əlavə etdi: “Bu söhbətlərdə biz İİR ilə Venesuela Respublikası arasında onillik həmkarlıq planı məsələsinin üzərində xüsusi olaraq dayandıq. Ümidvarıq ki, iki ölkə arasındakı əməkdaşlıq əlaqələri əvvəlkindən daha da artıq genişləndiriləcək”.