İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün görkəmli elm xadimləri və universitetlərdə çalışan müəlimlərin böyük bir qrupu ilə görüşündə elmi tərəqqini ölkə üçün həyati əhəmiyyət daşıyan zəruri bir məsələ adlandıraraq təkidlə qeyd etdi: “Bu elmi tərəqqi ölkədaxili intelektual potensiala əsaslanmalı, həmçinin özünəinam, optimizm və cihad hərəkatı ilə yanaşı həyata keçirilməlidir”.
O, görkəmli elm xadimlərinin iştirakı ilə keçirilən belə konfransları cəmiyyətdə məsul şəxslərə və toplumda elm xadimlərinə ehtiram hissinin aşılanması yolunda əhəmiyyətli bir addım hesab etdiyini bildirərək xatırlatdı: “Cəmiyyətimizdə görkəmli alimlərə qarşı dərin hörmət hissinin formalaşmasına böyük ehtiyac var. Belə ki, elm sahələrinin inkişafı üçün ən gözəl stimul elm xadimlərinə cəmiyyətdə dərin hörmətin bəslənilməsidir”.
İslam İnqilabının Rəhbəri elm xadimlərinin və universitet müəllimlərinin müasir cəmiyyətlə əlaqədar rəylərinin şərh olunmasını bugünkü görüşün əsas hədəflərindən biri kimi qeyd edərək dedi: “Elmi mərkəzlər və universitetlərlə qarşılıqlı həmkarlıq şəraitində alimlərin professional rəylərinin öyrənilməsi dövlət administrasiyası, parlament, Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilat və icra aparatlarında mühüm qərarların qəbul edilməsinə kömək edəcək”.
Həzrət Ayətullah Xamenei digər ölkələrin elmi nailiyyətlərinin mənimsənilməsi, həmçinin onların elmi təcrübələrindən yararlanmağı elmi tərəqqinin zəruri amillərindən biri hesab edərək təkidlə vurğuladı: “Başqa ölkələrin elmi nailiyyətlərini mənimsəmək elmi baxımdan asılılıq və ya elmi bazaya malik olmamaq mənasında deyil. Elmi tərəqqi etnik elmi görüşlərə, İslami-milli mədəniyyətə və ölkənin ehtiyaclarına əsaslanmalıdır”.
O, dövlət administrasiyası və icra aparatlarının, həmçinin elm xadimləri və müəllimlərin elmi-tədqiqat mərkəzləri və ali məktəblərin elmi inkişafında böyük rolu olduğunu vurğulayaraq dedi: “Dövlət administrasiya aparatı və alimlər elmi-tədqiqat mərkəzlərində, tədqiqat işi ilə məşğul olan gənclərdə özünəinam, həmçinin millətin həlledici roluna etimad və gələcəyə ümid əhval-ruhiyyəsini təbliğ etməlidirlər”.
İslam İnqilabının Rəhbəri təhsil proqramları hazırlanarkən elmi baxımdan daha əhəmiyyətli və önəmli olan problemlərin müəyyənləşdirilməsini mühüm amil hesab edərək bildirdi: “Əlimizdəki imkanların məhdudluğu və problemlərin çoxluğu faktı elmi-tədqiqat sahəsində daha az əhəmiyyəti olan işlərə sərmayə qoyulmamasını tələb edir”.
Həzrət Ayətullah Xamenei nəzərə çatdırdı ki, elmi tərəqqinin zəruri amillərindən biri də məhz tələbələrdə tədqiqatçılıq və araşdırma ruhiyyəsinin gücləndirilməsidir. Daha sonra o əlavə etdi: “Təhsil sisteminin dəyişdirilməsi işində mühüm olan məqamlardan biri də köhnəpərəstlikdən uzaqlaşmaq, elm və təhsildə araşdırma və tədqiqat psixologiyasının gücləndirilməsidir”.
O, ölkədə elm sahəsində uzun müddət çalışmış təcrübəli müəllimlərlə yanaşı gənc kadrlara da ehtiyac duyulduğuna işarə edərək dedi: “Zəngin elmi təcrübəyə malik olan müəllimlər təhsil sisteminin mühüm resurslarıdır və onlardan maksimum dərəcədə istifadə olunmalıdır. Lakin bununla yanaşı yetişməkdə olan yeni elmi stimullara malik gənc müəllimlər də təhsil mərkəzlərində və universitetlərdə fəaliyyətə cəlb edilməlidirlər”.
İslam İnqilabının Rəhbəri elmi mühitdə gənc kadrların fəaliyyətinə mane olan qapalı dairələrin təşkil edilməsinin qarşısını almağın zəruriliyini təkidlə vurğulayaraq bildirdi: “Tədqiqat mərkəzlərinin genişləndirilməsi təcrübəli müəllim kollektivindən səmərəli istifadə, həmçinin gənc müəllimlər və elm xadimlərinin fəaliyyəti üçün geniş üfüqlər aça bilər”.
Görüşün əvvəlində Şəhid Behiştin adını daşıyan universitetin rəhbərliyi adından ölkənin nümunəvi müəllimi professor Əli Rezaiyan, Bəqiyətullah Universitetinin müəllimi, 200 elmi məqalənin və 20 kitabın müəllifi olan professor Seyid Muəyyid Ələviyan, Şəhid Behişti adına Universitetdən sosialogiya elmləri sahəsində fəaliyyət göstərən və 14 kitabın müəllifi olan pr. Fəramərz Rəfi, Tehran Universitetinin biokimya və biofizika elmləri üzrə professoru akademik Musəvi Muvəhhidi, ölkənin nümunəvi müəllimi və baza elmləri üzrə mütəxəssis pr. Məhəmməd Mehdi Şeyx Cəbbari, Şəhid Çəmran adına Tibb Elmləri Universitetinin müəllimi və 6 kitabın müəllifi olan professor Xodabəxş Kərmi, ölkənin nümunəvi müəllimi və Azad İslam Universitetinin fars ədəbiyyatı müəllimi vəzifəsində çalışan pr. Rza Əşrəfzadə, Şəhid Behişti adına Tibb Elmləri Universitetinin beyin və əsəb sistemi sahəsi üzrə müəllimi professor Seyid Məhmud, Milli Müdafiə Universitetinin strateji administrasiya müəllimi pr. Mubəyyini Dehkərdi, Şəhid Behişti adına Tibb Elmləri Universitetinin müəllimi və 90 elmi məqalənin müəllifi olan professor Məhəmməd Rza Məscidi, xanımlardan isə 20 elmi məqalənin müəllifi və Sosial Həyatın Yaxşılaşdırılması və Həyat Rifahının Yüksəldilməsi Elmləri Universitetinin müəllimi olan pr. Ləya Tehrani, Pedaqoji Universitetin müəllimi və 30 kitabın müəllifi olan professor Şokuh Nəvabi Nejad elmi-tədqiqat mərkəzlərinin və universitetlərin elm, təhsil və tədqiqat sahələrində üzləşdiyi problemli məsələləri İslam İnqilabı Rəhbərinin diqqətinə çatdırdılar.
Universitet müəllimlərinin toxunduğu əsas məsələlər aşağıdakılardan ibarətdir:
- Elmi tədqiqatların kəmiyyət və keyfiyyətinin yüksəldilməsi məqsədilə ölkədə elmi-tədqiqat yönümlü virtual şəbəkələrin yaradılması;
- Ortaya qoyulan elmi məhsulun keyfiyyətinə əsasən elmi-təhqiqat mərkəzlərinin müstəqil fəaliyyəti üçün əlverişli şəraitin yaradılması;
- Gənc tədqiqatçılara elmi dəstək verilməsi və onların işə cəlb olunması;
- Ölkənin aparıcı ideologiyası və onun həyata keçirilməsinə edilən nəzarət arasında balansın yaradılması, həmçinin bu ideologiyanın icra edilən proqramlara hakim olmasına nəzarət;
- Xaricdə yaşayan iranlı tədqiqatçılarla balanslaşdırılmış elmi əlaqələrin yaradılması;
- Dinə və şəriət hökmlərinə əsaslanan milli mahiyyətə malik olma və ictimai ziddiyyətlərin çoxalmasının qarşısını almaq;
- Hərtərəfli inkişaf məqsədilə milli-etnik ənənələrdən yararlanmaq və Qərbin təbliğ etdiyi modellərdən çəkinmək;
- Elmi-tədqiqat mərkəzlərində özüninam və millətin həlledici roluna etimad əhval-ruhiyyəsinin əvvəlkindən də artıq gücləndirilməsi;
- Qeyri-dövlət sektorunda elmi fəaliyyətlə məşğul olan və elmi tərəqqi naminə çalışan şəxslər üçün instansiyaların təsis edilməsinin himayəsi;
- Elmi mərkəzlərdə və universitetlərdə baza elmlərinə əməli müstəvidə xüsusi diqqət göstərilməsi;
- Pedaqoji Universitet ilə sağlam elmi-praktik əlaqənin gücləndirilməsi;
- Təcrübəli elm xadimləri və müəllimlərin zəngin təcrübələrindən səmərəli istifadə edilməsi;
- Universitetlərdə humanitar elmlərə əvvəlkindən daha artıq diqqətin yönəldilməsi;
- Ölkənin aparıcı elmi müəssisələri ilə elmi ekspertləri yetişdirən və istiqamətləndirən mərkəzlər arasında balanslaşdırılmış əlaqənin yaradılması;
- Tədqiqat mərkəzlərinin əldə etdiyi elmi araşdırmaların nəticələrinə müvafiq olaraq büdcənin artırılması.
Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə məğrib və işa namazları qılındı və görüş iştirakçıları İslam İnqilabının Rəhbəri ilə birlikdə iftar etdilər.