İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei yeni ilin ilk günündə imam Rza (ə) hərəminin minlərlə zəvvarından və Məşhəd şəhərinin sakinlərindən ibarət böyük bir qrupla görüş keçirdi. Bu görüşmədə Ali Məqamlı Rəhbər çıxış edərkən “tərəqqi və ədalətin müxtəlif zəruri amilləri” məsələsi, düşünülmüş və məqsədyönlü istehlak etalonunun islahı, respublikada keçiriləcək onuncu prezident seçkiləri, həmçinin İran və Amerika problemlərini şərh edərək təkidlə dedi: “Ölkədə mövcud olan müsbət amillərə və aparılmış hazırlıq tədbirlərinə əsasən demək olar ki, əzəmətli və əziz İran xalqı İslam İnqilabının dördüncü dekadasını bu inqilabın ən əsas şüarı olan “tərəqqi və ədalət” prinsiplərinin həyata keçirilməsi yolunda atılan böyük bir addıma və diqqətəlayiq bir sıçrayışa çevirəcək”.
İmam Rza (s) məscidinin həyətində keçirilən bu izdihamlı görüşdə İslam İnqilabının Rəhbəri insanları Novruz bayramı və yeni il münasibətilə təbrik edərək əlavə etdi: “Ötən üç onillik ərzində ölkəmizin qarşılaşdığı problemlərin, eləcə də Konstitusiyanın 44-cü maddəsinin icrası kimi mühüm qərarların verilməsini tələb edən məsələlərin həllində milyonlarla güclü daxili potensiala malik olan ağıllı və savadlı gəncin iştirakı, məsul şəxslərin, görkəmli insanların və rəhbər işçilərin dəyərli fəaliyyəti, ayrılmış subsidiyalardan məqsədyönlü istifadə, məsul şəxslərin ölkənin yaxın-uzaq məntəqələrinə, eləcə də müxtəlif vilayətlərinə etdiyi səfərlər, o cümlədən müxtəlif elm, rabitə və kommunikasiya sahələrində əsas infrastrukturun yaradılması ölkənin daha da sürətli inkişafı üçün lazımi şərait yaratmışdır. Bütün bunlar yeni-yeni layihələrin hazırlanması və reallaşması üçün göstərilən güclü səy və gərgin əmək fəaliyyəti baxımından bu ildən başlayan növbəti – dördüncü dekadanın, sözün həqiqi mənasında, tərəqqi və ədalət dekadasına çevrilməsinə kömək edəcək zəruri amillərdir”.
Həzrət Ayətullah Xamenei ədalətin tərəqqi ilə yanaşı olmasının vacibliyini təkidlə vurğulayaraq cəmiyyətdəki təbəqələr arasında fərqin azalması, mövcud şəraitdən və real imkanlardan bərabər səviyyədə istifadə və ölkənin müxtəlif məntəqələri arasında faydalanma baxımından fərqin azalmasını həqiqi ədalətin bariz göstəricilərindən hesab edərək bildirdi: “Bu böyük arzuların həyata keçməsi çətin, lakin real olan bir işdir. Biz həmin arzulara yalnız və yalnız birgə nümayiş etdirəcəyimiz güclü iradə, səy və çalışmalarla çata bilərik”.
Həzrət Ayətullah Xamenei ədalət etalonlarını şərh edərkən iqtisadi və ictimai fəsadlarla ciddi və davamlı mübarizə məsələsinə də toxundu, həmçinin ədalət və tərəqqinin reallaşması üçün ölkədə mömin, şücaətli, tədbirli, təmiz niyyətli və əzmkar şəxslərin administrativ fəaliyyətinin vacibliyini qeyd etdi. İslam İnqilabının Rəhbəri Novruz bayramı münasibətilə xalqa ünvanladığı müraciətində xüsusi vurğulanan məsələyə – məqsədyönlü istehlak etalonunun islahı probleminə də toxunaraq dedi: “Bu məsələ ədalət və tərəqqi yolunda zəruri bir addımdır. Çünki iqtisadi, ictimai və mədəni baxımdan israf müxtəlif problemlər və çətinliklər yaradır, ölkənin gələcəyini təhlükə altına alır”.
İslam İnqilabının Rəhbəri qənaəti düzgün, səmərəli və effektiv istehlak adlandıraraq dedi: “Etiraf etməliyik ki, bəzi adətlər və xalq arasında yayılmış yanlış metodlu davranışlar istehlakda israfçılığa səbəb olmuş, istehsal və istehlak arasında istehsalın zərərinə olan qeyri-mütənasib vəziyyət yaratmışdır. Belə ki, istehsal olunan çörəyin üçdə bir və içməli suyun minimum beşdə bir hissəsi hədər gedir. Bu isə əsaslı problemlərin və çətinliklərin yaranmasına səbəb olur. İranda bütövlükdə sərf olunan enerjinin orta həcmi dünya ölkələrinə nisbətən iki dəfə çox olmuşdur və ölkəmizdə enerji şiddətinin göstəricisi, yəni sərf olunmuş enerjinin istehsal olunmuş məhsula nisbəti, təəssüf ki, inkişaf etmiş ölkələrdən 8 dəfə çoxdur”.
İslam İnqilabının Rəhbəri məqsədyönlü və qənaətcil istehlakı, eləcə də israfdan çəkinməyi dini və əqli bir məsələ hesab etdiyini vurğuladı. Sonra o, israf probleminə ümumxalq və administrasiya səviyyəsində toxunaraq su və enerji daşıyıcısı olan şəbəkələrin köhnəlməsi, yersiz səfərlər zamanı müxtəlif orqan və təşkilatların, eləcə də məsul şəxslərin yol verdikləri israfçılığa və onların bu məsələyə aristokratik yanaşmasına da işarə etdi.
İslam İnqilabının Rəhbəri bu mövzu ətrafında çıxışını yekunlaşdıraraq dedi: “Yalnız sözlə və danışıqla israfa qarşı mübarizə aparmaq və qənaətə nail olmaq qeyri-mümkündür. Qanunverici və icraedici orqanlar bu sahədə lazımi qanunlar qəbul etməli, eyni zamanda həmin qanunların qəti və müntəzəm şəkildə icra edilməsi üçün çalışmalıdırlar ki, istehsaldan istifadəyə və təkrar istifadəyə qədər olan mərhələlərdə məqsədyönlü və qənaətcil istehlaka nail ola bilsinlər”.
Həzrət Ayətullah Xameneinin imam Rza (ə) zəvvarları ilə görüşündə toxunduğu digər məsələ isə respublika hökumətinə keçiriləcək onuncu seçkilərlə bağlı idi.
İİR-nın Ali Məqamlı Rəhbəri seçkiləri İslami dövlət quruluşunun əsaslarından biri adlandıraraq qeyd etdi: “Dini rəhbərliyin sözdə həyata keçirilməsi mümkün deyil. Xalqa dini əsaslarla rəhbərlik etmək üçün millətin iştirakına, iradəsinə, həmçinin xalq kütləsinin ölkədə baş verən dəyişikliklərə münasibətdə öz rəyini, iradəsini və səmimi münasibətini bildirməsinə böyük ehtiyac var. Bunun həyata keçməsi üçün yeganə yol isə demokratik seçkilər və xalq kütləsinin həmin seçkilərdə hamılıqla geniş surətdə iştirakıdır”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Seçkilər ölkənin düzgün idarə olunması və işıqlı gələcəyə qovuşmaq üçün millətin bir şəxsə bəslədiyi böyük etimadını əyani surətdə bildirməsi deməkdir. Seçki qutusuna atılan hər bir səs əhəmiyyətlidir və hər hansı bir namizədə milli etimadın artmasının real göstəricisidir”.
Həzrət Ayətullah Xamenei seçkilər mövzusunda danışarkən prezidentliyə namizədliyini irəli sürmüş şəxslərə bəzi mühüm məqamları da xatırlatdı.
O, hazırkı və gələcək namizədlərə müraciət edərək xatırlatdı: “Diqqət edin, seçkilər yalnız hakimiyyətə gəlmək üçün bir vasitə deyil. Seçkilər ölkənin güclənməsinə, millətin daha da qüdrətli və şan-şöhrətli olmasına xidmət edir. Buna görə də siz öz təbliğatınızda və davranışınızda bu məsələlərə xüsusi əhəmiyyət verməlisiniz. Sizlərdən heç biriniz öz təbliğat-təşviqat kompaniyasında düşmənin əlinə fürsət verəcək sözlər danışmamalıdır”.
İslam İnqilabının Rəhbəri respublikada keçiriləcək onuncu prezident seçkilərində bütün namizədlərə haqlı tənqid və sağlam rəqabəti tövsiyə edərək dedi: “Sizlərdən hər birinizin, əlbəttə ki, öz rəyiniz və deyiləsi sözünüz var, eyni zamanda tərəf müqabilinizin dediklərini qəbul etməyə də bilərsiniz. Lakin bu zaman siz çox diqqətli olmalı, insaf çərçivəsindən kənara çıxmamalı və reallıqları gizlətməməlisiniz”.
Həzrət Ayətullah Xamenei prezident seçkilərində meydanın hamı üçün açıq olduğunu xatırladaraq qeyd etdi: “Hər bir namizəd öz seçki platformasını xalqa təqdim etməlidir ki, insanlar şüurlu surətdə lazımi qərar verə bilsinlər”.
İslam İnqilabının Rəhbəri 22 xordad tarixinə keçiriləcək prezident seçkilərini artıq indidən xalqın zehnində şübhə altına salmaq üçün faydasız səy göstərməyə başlamış şəxsləri tənqid edərək bildirdi: “İndiyə qədər ölkədə təqribən 30-a yaxın prezident seçkisi keçirilmişdir. Həmin dövrlərdə müəyyən vəzifədə çalışmış məsul şəxslər bu seçkilərin demokratik və şəffaf şəraitdə keçirildiyinə rəsmi surətdə təminat vermişlər. Buna görə də xalq qarşıdan gələn prezident seçkisini artıq indidən şübhə altına salmaq və seçkilərin uğurla baş tutmasına maneçilik törətmək arzusunda olanların təsiri altına düşməyəcək”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mən həmçinin üzümü məsul şəxslərə tutaraq təkidlə tövsiyə etmək istəyirəm ki, onlar seçkilərin şəffaf şəraitdə keçirilməsi üçün əllərindən gəldiyi qədər öz vəzifələrini vicdanla yerinə yetirsinlər. Bu, namizədlərin sərbəst təbliğat-təşviqat fəaliyyətinə, xalqın böyük canlanma nümayiş etdirərək seçkilərdə hamılıqla iştirak etməsinə və istədiyi namizədə səs verməsinə lazımi şərait yaradacaq”.
İslam İnqilabının Rəhbəri seçkilərdə özünün tutacağı mövqe barədə isə bunları qeyd etdi: “Bu haqda müxtəlif güman və şayiələr mövcud olmuş və olacaqdır. Lakin mənim yalnız bir səs hüququm var və mən ondan istifadə edəcəyəm. Mən heç kəsə hər hansı bir namizədə səs verməsi, yaxud verməməsi barədə göstəriş verə bilmərəm. Bu məsələdə qərarı xalq özü verməlidir”.
Həzrət Ayətullah Xamenei sözlərinə belə davam etdi: “Bəzən mən hökumət nümayəndələrini müdafiə etdikdə bəziləri bunu yanlış istiqamətdə yozurlar. Halbuki, mən özümə bir vəzifə borcu hesab edərək daim ölkəyə xidmət göstərən şəxsləri, həmçinin hökumət nümayəndələrini müdafiə etmişəm. Xüsusilə də dövlətin daha çox xalqın kasıb təbəqəsini himayə etdiyini, zülm və müstəmləkəçiliyə qarşı çıxış etdiyini və bununla yanaşı haqsız təzyiqlərə məruz qaldığını gördükdə bu mövqedən çıxış etmişəm. Lakin mənim bu cür davranışımın seçkilərlə heç bir əlaqəsi yoxdur və bu, seçkilərə münasibətdə öz mövqeyini açıqlamaq demək deyil”.
İslam İnqilabının Rəhbəri imam Rza (ə) hərəminin zəvvarları qarşısında etdiyi çıxışının sonunda İran və Amerika mövzusuna da toxundu.
Belə ki, o, İslam İnqilabının baş verdiyi vaxtdan etibarən ABŞ dövləti ilə mövcud olan qarşıdurma və bir növ qarşılıqlı münasibətləri İran xalqı və İran İslam Respublikası üçün böyük bir sınaq hesab edərək və ABŞ-ın istər respublikaçılardan, istərsə də demokratlardan ibarət olan dövlət rəsmilərinin daim İran xalqına və İslam İnqilabına qarşı düşmən münasibət bəslədiyini qeyd edərək dedi: “Müxalif qüvvələri təhrik etmək, həmçinin separatçı və terrorçu hərəkatlara dəstək olmaq amerikalıların İslam Respublikasına qarşı düşmənçilik məqsədilə törətdiyi ilk əməllərdən olmuşdur. Etibarlı mənbələrə istinadən tam əminliklə demək olar ki, həmin siyasət hal-hazırda da Amerika ünsürlərinin İran və Pakistan sərhədlərindəki bandit qüvvələrlə əlaqəsi sayəsində davam etdirilir”.
Həzrət Ayətullah Xamenei Amerika hökumətinin İran xalqına qarşı törətdiyi digər düşmənçilik aksiyaları sırasında bu xalqın milyonlarla dollar məbləğində sərvət və əmlakının ələ keçirilərək dondurulmasını, İrana hücum edən Səddamın dəstəklənməsini, o cümlədən İran xalqının zorla cəlb olunduğu və ölkənin 300 minə yaxın gəncinin şəhid olması ilə nəticələnmiş 8 il davam edən müharibədə BƏƏS rejiminə hərtərəfli yardım göstərilməsini, habelə həmin məcburi müharibənin son ilində İranın sərnişin avialaynerinə edilmiş raket hücumu nəticəsində 300-ə yaxın qadın, kişi və körpənin faciəli soyqırımını xatırladaraq dedi: “İran xalqı bütün bu hadisələri unuda bilərmi?”
İslam İnqilabının Rəhbəri İran xalqına qarşı 30 il müddətində tətbiq edilmiş qadağa sanksiyalarını xatırladaraq Vaşinqton hökumətinin İranda xeyli sayda insana qarşı terror törətmiş cinayətkar terrorçu qruplaşmaları dəstəkləməsini, məntəqədə məqsədli surətdə gərginlik yaratmasını, sionist cinayətkarları qeydsiz-şərtsiz himayə etməsini və İran dövlətini dəfələrlə hərbi müdaxilə ilə hədələməsini də ABŞ-ın İran xalqına qarşı sona çatmaq bilməyən düşmənçilik münasibətinin bariz nişanələri hesab edərək belə əlavə etdi: “Ötən 30 il ərzində ABŞ rəsmiləri dəfələrlə İran xalqını və İran rəsmilərini təhqirlərə məruz qoymuş, hətta bəziləri bu böyük şərəfli xalqın kökünü kəsməyi tələb etmişlər”.
İslam İnqilabının Rəhbəri Amerikada yeni dövlət başçısının və hökumət komandasının hakimiyyətə gəlməsinə öz münasibətini bildirərək dedi: “Onlar deyirlər: “Biz İran dövlətinə (münasibətlərin düzəldilməsi istiqamətində) əlimizi uzatmışıq”. Biz isə deyirik ki, əgər amerikalılar yumşaq məxmər əlcək altında polad əl gizlətmişlərsə, onların bu jestinin heç bir mənası və dəyəri yoxdur”.
Həzrət Ayətullah Xamenei Amerika rəsmilərinin Novruz bayramı münasibətilə İran xalqına ünvanladığı təbrik jestinə xüsusi işarə edərək bildirdi: “Hətta həmin təbrik müraciətində belə İran xalqı terrorizm tərəfdarı və nüvə silahına can atan bir xalq adlandırılmışdır. Bu nədir?! Təbrik müraciəti, yoxsa həmin ittihamların davamı?”
İslam İnqilabının Rəhbəri sözünə davam edərək dedi: “Biz ABŞ-da həqiqətdə qərarların kim tərəfindən – prezident, ölkə konqresi, yoxsa pərdəarxası ünsürlər tərəfindən qəbul edildiyini bilmirik. Hər halda biz əminliklə deyə bilərik ki, İran xalqı özünün taleyüklü məsələlərində emosiyalara deyil, sağlam düşüncəyə və məntiqə əsaslanır”.
İslam İnqilabının Rəhbəri yeni ABŞ prezidentinin danışıqlar aparılması barədə fikrinə və irəli sürdüyü “dəyişikliklər” şüarına da öz münasibətini bildirdi: “Əgər, həqiqətən də, sizin İran xalqına qarşı münasibətinizdə – danışıq tərzinizdəki cüzi dəyişikliyi çıxmaq şərtilə – dəyişilən bir şey varsa, bunu əməli surətdə nümayiş etdirin! Məgər sizin İran xalqına bəslədiyiniz düşmənçilik münasibətiniz sona çatıbmı? İranın əmlakını azad etmisinizmi? Sanksiyaları aradan qaldırmısınızmı? İran ölkəsini nüfuzdan salmaq məqsədi güdən mənfi təbliğat dayandırılıbmı? Sionist rejimini qeydsiz-şərtsiz müdafiəyə son qoymusunuzmu?”
Həzrət Ayətullah Xamenei bir daha dəyişikliklərin yalnız sözdə və qeyri-sağlam şəraitdə həyata keçirildiyini vurğulayaraq dedi: “Əgər siz əvvəlki hədəflərinizi qoruyub saxlamaqla yalnız siyasətinizi və taktikanızı dəyişmək fikrindəsinizsə, bilin ki, bu, “dəyişiklik” demək deyil. Bu, yalan və məkrli bir plandır. Əgər sizin hədəfiniz həqiqi dəyişikliklərə nail olmaqdırsa, bu, sizin əməllərinizdə mütləq özünü büruzə verməlidir. Hər bir halda həm bütün Amerika rəsmiləri, həm də digərləri bilməlidirlər ki, İran xalqını aldatmaq və yaxud qorxutmaq qeyri-mümkündür”.
İslam İnqilabının Rəhbəri Amerika rəsmilərinin ölkədə dəyişikliklər etmək zərurəti qarşısında qaldığına işarə edərək dedi: “Əgər siz islah olunaraq dəyişilməsəniz, əmin olun ki, İlahi sünnət və digər millətlər sizi islah edəcək və dəyişdirəcəklər!”
Həzrət Ayətullah Xamenei Amerika rəsmilərinə öz ölkələrinin dünya ictimaiyyətinin təfəkküründə nə üçün qınaq və nifrət obyektinə çevrildiyi barədə ciddi düşünməyi tövsiyə edərək bildirdi: “Amerika hökumətinin hələ də öz müstəmləkəçi siyasətini davam etdirməsi və öz iradəsini zorla digər millətlərə qəbul etdirməsi, eləcə də müxtəlif məsələlərə münasibətdə ikili yanaşma taktikası ilə çıxış etməsi bu reallığın əsas səbəbləridir”.
İslam İnqilabının Rəhbəri Amerika rəsmilərinə müraciət edərək dedi: “Bu reallıqdan ibrət götürün! Özünüzün və ölkənizin mənafeyi naminə bu cür siyasət və davranışlardan əl çəkin! Yalnız bu halda dünya ictimaiyyətinin məfkurəsində ABŞ dövləti və onun rəsmiləri barədə mövcud olan təsəvvür tədricən dəyişəcək”.
Həzrət Ayətullah Xamenei sözünə əlavə edərək belə dedi: “Mənim dediklərim barədə ciddi şəkildə düşünün! Bu dediklərimi yozmaq üçün isə sionistlərə müraciət etməyin! Saleh insanlarla məsləhətləşin!”
Həzrət Ayətullah Xamenei bu mövzu ətrafında çıxışını yekunlaşdıraraq qeyd etdi: “Bizim demək istədiyimiz budur: nə qədər ki, Amerika hökuməti son 30 il müddətində apardığı düşmənçilik siyasətində israrlı olacaq və bu istiqamətli davranış metodlarından istifadəyə davam edəcək, bir o qədər də xalqımız ötən 30 il ərzində onlara müqavimət göstərmiş, gün-gündən daha da güclənmiş, bərkimiş və təcrübə toplamış bir xalq olaraq qalmaqda davam edəcək”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Xalqımız onunla təhdid və şirnikləndirmə metodu ilə danışanları əsla sevmir. Şübhəsiz, biz yenicə seçilmiş Amerika prezidenti və hökuməti ilə münasibətdə hər hansı bir keçmiş təcrübəyə malik deyilik. Buna görə də yalnız onların nümayiş etdirəcəyi davranışa əsasən mühakimə yürüdəcəyik”.
Həzrət Ayətullah Xamenei çıxışının sonunda imam Xomeyninin (r.ə) əziz xanımının dünyadan köçməsi ilə əlaqədar olaraq dərin hüznlə, kədər və təəssüf hissi ilə İran xalqına, imamın (r.ə) şərafətli ailəsinin bütün üzvlərinə başsağlığı verərək dedi: “Bu görkəmli şəxsiyyət bütün çətin sınaqlarda böyük səbir və mətanətlə imam Xomeyni (r.ə) ilə çiyin-çiyinə dayanmışdır. Allah-Taaladan diləyimiz budur ki, mərhum imam Xomeynini (r.ə), onun əzəmətli həyat yoldaşını və övladlarını Qiyamət günü Öz övliyaları ilə birgə məhşur etsin! Qoy xalqımız daim möhtərəm imam Xomeyninin (r.ə) xidmətlərini layiqincə qiymətləndirərək onun qədrini bilsin!”