İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei yeni ilin başlaması ilə əlaqədar xalqa ünvanladığı müraciətdə qarşıdan gələn yeni ilin əhəmiyyətli olduğunu qeyd edərək, həmçinin İran xalqının öz iman qüvvəsi ilə bu ildə gözlənilən bütün hadisələrdə və dəyişikliklərdə qələbə çalacağına ümidvar olduğunu bildirərək dedi: “Ölkə resurslarından tədbirli və məqsədəuyğun şəkildə istifadə olunmasının əsas və həyati əhəmiyyətli bir məsələ olduğunu nəzərə alaraq qarşıdan gələn yeni ili “bütün sahələrdə məqsədyönlü istehlak ili” elan etmək istəyirəm”.
Həzrət Ayətullah Xamenei bu il Novruz bayramının daha da şərafətli olmasını sonuncu Peyğəmbərin (s) və imam Sadiqin (ə) təvəllüd günləri ərəfəsinə təsadüf etməsi ilə əlaqələndirdi. Daha sonra o, İran xalqının nümayəndələrini, ölkədən xaricdə yaşayan həmvətənlərini və ümumən Novruz bayramını əziz tutan bütün millətləri bu mübarək bayram münasibətilə təbrik edərək hamıya səadət dolu xeyirli bir il arzuladı.
İslam İnqilabının Rəhbəri 1387-ci ili hadisələrlə dolu olan bir il adlandıraraq və bu ildə baş vermiş mühüm daxili və xarici olayları xatırladaraq qeyd etdi: “1387-ci il İran xalqının və bu ölkənin məhsuldar əmək fəaliyyəti ilə məşğul olan elm xadimlərinin qüdrətini nüvə sahəsində sübut edən sevindirici xəbərlərlə başladı. “Ümid” peykinin fəzaya buraxılması İran İslam Respublikasının adının bu cür mühüm texnologiyaya malik olan bir neçə ölkə ilə bərabər siyahıya düşməsinə səbəb oldu. Həqiqətən də, bu dəyərli nailiyyətlər İran xalqına yeni bir nüfuz və etibar qazandırdı”.
Həzrət Ayətullah Xamenei Buşəhr AES-in sınaq müddətinin işə başlaması məsələsinə də toxunaraq dedi: “Artıq dünya heç bir vəchlə İran xalqının nüvə sahəsindəki sürətli inkişafının qarşısını ala bilməyəcəyi ilə razılaşmışdır. Çünki İranın müxtəlif elmi və qeyri-elmi sahələrdəki tərəqqisi bir daha sübut edir ki, tətbiq edilən embarqo və qadağalar faydasızdır. Belə ki, İran xalqının güclü potensialı daxildən coşub-daşaraq bu tərəqqini daha da inkişaf etdirəcək və bu xalq özünün zəhmətkeş və vüqarlı gənclərinə arxalanaraq düşmənlərin bu ölkəyə qarşı yönələn əks-təbliğatını və məkrli planlarını məhv edəcəkdir”.
İslam İnqilabının Rəhbəri Novruz bayramı ilə bağlı müraciətində səkkizinci məclisin təşkil edilməsinə işarə edərək, xüsusilə də bu məclisin dövlətlə həmkarlıq şəraitində gördüyü müsbət istiqamətli işləri qeyd edərək bildirdi: “Ümidvaram ki, bu həmkarlıq gələcəkdə də eynilə bu cür davam etdiriləcək”.
O, iqtisadi problemlərlə əlaqədar olaraq ümumdünya maliyyə böhranı məsələsinə də toxundu: “Amerikada baş qaldıran və güclü tufan kimi bütün dünyanı bürüyən bu nəhəng böhrana, eləcə də mövcud olan embarqo və qadağalara baxmayaraq məsul şəxslər ölkəmizi və millətimizi ümumdünya maliyyə böhranının əmələ gətirdiyi böyük problemlər burulğanına düşməkdən lazımi şəkildə qoruya bildilər. Əlbəttə, bundan sonra da diqqətli olmaq lazımdır ki, iqtisadi nailiyyətlərimiz Allahın izni ilə günü-gündən daha da artsın və çiçəklənsin”.
Həzrət Ayətullah Xamenei novatorluq və tərəqqi ideyalarının 1387-ci ildə əldə edilmiş nəzərəçarpacaq dərəcəli təsirlərindən məmnun olduğunu bildirərək əlavə etdi: “İlkin mərhələdə bu şüarlara qənaətbəxş səviyyədə əməl olunmuşdur. Lakin “yenilik və tərəqqi” devizinə bundan sonra da ciddi surətdə riayət etməliyik ki, Allahın yardımı ilə İran xalqının layiq olduğu zirvəyə çata bilək”.
Həzrət Ayətullah Xamenei 1387-ci ildə dünyada baş vermiş mühüm hadisələrdən söhbət açarkən ümumdünya iqtisadi böhranından başqa sionist rejiminin Qəzzaya 22 gün müddətində davam edən uğursuz hücumu və məzlum Fələstin xalqının tərifəlayiq şərəfli müqavimətinə işarə edərək təkidlə dedi: “Sionistlərin rüsvayedici məğlubiyyəti dünya ictimaiyyətinə ibrət dolu bir mesaj çatdırdı ki, zülmkara müqavimət göstərməklə və ona qarşı çıxmaqla qələbə qazanmaq mümkündür”.
İslam İnqilabının Rəhbəri qarşıdan gələn yeni ilin əhəmiyyətli olduğunu qeyd edərək və yeni ilin “Hulul” duasına işarə edərək dedi: “İran xalqının vəziyyətinin ən gözəl surətdə dəyişilməsi üçün Allah-Taalanın Öz lütfünü və nəzərini bu xalqa doğru yönəltməsinə böyük ehtiyac vardır. Lakin diqqət etmək lazımdır ki, İlahi lütf və mərhəməti özünə cəlb etmək üçün bu xalqın hər bir nümayəndəsi ayrı-ayrılıqda böyük iradə ilə şəxsi və ictimai həyatda dəyişikliklər əldə etmək üçün səy göstərdirlər”.
Həzrət Ayətullah Xamenei ciddi dəyişikliklərə və islahatlara ehtiyac duyulan sferaları sadalayarkən “şəxsi və ümumi miqyasda israf” mövzusuna toxunaraq və ölkənin müxtəlif resurslarına yönələn israfçı münasibətə işarə edərək dedi: “Əziz İslam dini, həmçinin dünyanın bütün ağıllı şəxsləri bu məsələnin üzərində təkidlə duraraq qeyd edirlər ki, istehlak düşünülmüş, məqsədyönlü və tədbirli surətdə həyata keçirilməlidir”.
İslam İnqilabının Rəhbəri Novruz bayramı ilə əlaqədar müraciətinin sonunda təkidlə vurğuladı: “Bizlər hamımız, xüsusilə üçcəhətli hakimiyyət orqanlarının məsul şəxsləri, ictimai nüfuzu olan şəxslər, bütövlükdə bu xalqın nümayəndələri yeni ildə həyati əhəmiyyət daşıyan bu mühüm şüarın, yəni “istehlak modelinin islahına doğru” şüarının həyata keçirilməsi üçün proqramlar hazırlamalı və ciddi səy göstərməliyik ki, ölkənin resurslarından düzgün və məqsədyönlü şəkildə istifadə etməklə millətimizin vəziyyətini müsbət istiqamətə doğru ən yüksək səviyyədə dəyişən və bu işdə başqalarına bariz nümunə olaq”.