Böyük İslam Peyğəmbəri (s) və Həzrət imam Sadiqin (ə) mövlud ildönümü ərəfəsində İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei 3 nazir, dövlət müşaviri, hökumət məmurları, “İslami Vəhdət” beynəlxalq konfransının iştirakçıları, İslam ölkələrinin səfirləri və geniş xalq kütləsi ilə görüşündə əziz İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) mövludunu bəşəriyyətin yolu üçün təyinedici bir hadisə hesab edərək təkidlə dedi: “İslam Peyğəmbərinə (s) tabe olanların və onun yolunu davam edənlərin, xüsusilə siyasətçilər, alimlər, ziyalılar və İslam ümmətinə təsir edən nüfuzlu şəxslərin ən önəmli və mühüm vəzifəsi İslam vəhdətinə nail olmaq və təfriqə amilləri ilə mübarizə aparmaqdır”.
Bu görüşdə o, sonuncu peyğəmbər Muhəmməd Mustafa (s) və imam Sadiqin (ə) mövlud ildönümünü təbrik edərkən Peyğəmbərin (s) mövludunun bəşəriyyətin hərəkət yolunu təyin etməkdə olan önəmli roluna və mövlud zamanı baş verən bəzi mənalı hadisələrə işarə edərək dedi: “Tarixin nəql etdiyinə əsasən Peyğəmbər (s) dünyaya gələrkən bir sıra mühüm hadisələr baş vermişdir. Bu hadisələr, əslində, bir sıra köklü məsələlərə işarə idi, o cümlədən bu doğum günü aləmdə şirk, küfr, materializm, zülm və azğınlığın yox edilməsinin başlanğıcı kimi mənalandırılırdı”.
Həzrət Ayətullah Xamenei dedi: “Hələlik əziz İslam Peyğəmbərinin (s) hidayəti bütün bəşəriyyəti tamamilə əhatə etməsə də, bu işıqlı çıraq və onun günbəgün artan şöləsi tədricən insanları nur çeşməsinə tərəf hidayət edəcək və nəhayət, bütün aləmi əhatə edəcəkdir”.
İslam İnqilabının Rəhbəri bütün bəşəriyyətin İslam Peyğəmbərinin (s) mübarək mövludu kimi böyük bir nemətə borclu olduğunu vurğulayaraq və müsəlmanları bu böyük nemət müqabilində öz vəzifələrini tanımağa çağıraraq təkidlə qeyd etdi: “Müsəlmanların bu böyük İlahi nemət qarşısında əsas vəzifələrindən biri məhz vəhdət məsələsinə əməl etmək və bu yolda yalnız sözlə deyil, əməli şəkildə addımlamaqdır”.
Həzrət Ayətullah Xamenei təkidlə dedi: “Vəhdətə əməl etmək və təfriqə amillərinə qələbə çalmağın çoxlu səy və ciddi cəhdlərə ehtiyacı vardır. Bu vəhdət isə öz növbəsində, İslam dünyasında mövcud olan çoxsaylı problemlərinin həllinə səbəb olacaq və İslam ümmətini əziz edəcəkdir”.
O, müsəlmanların və İslam dövlətlərinin hazırkı vəziyyətinə, İslam ümmətini zəlil etmək üçün hegemon qüvvələrin sui-niyyətlərinə və müstəmləkəçilik təhriklərinə xüsusi işarə edərək dedi: “Bu açıq-aşkar sui-niyyətlərlə mübarizənin yeganə yolu əməli vəhdətdir”.
İslam İnqilabının Rəhbəri müsəlmanlar arasındakı təfriqə amillərini sadalayarkən bu amillərdən birinin məhz əqidə təəssübü olduğunu vurğulayaraq əlavə etdi: “Əqidə, kök və əsaslara iman bəsləmək bəyənilən bir əməldir. Lakin bu etiqad sərhəddi aşıb mənfi toqquşma və ədavətə səbəb olmamalıdır”.
Həzrət Ayətullah Xamenei şiə və sünni firqələrinin bir-birilərinin əqidə və fikirlərinə hörmətlə yanaşmağının zəruriliyini təkidlə vurğulayaraq dedi: “Bu əqidə və fikirlər barəsində elmi məclislərdə bəhs etməyin heç bir eybi yoxdur. Lakin bu elmi mübahisələr kütlə arasında düşmənçilik həddinə gətirilib çıxarılmamalıdır”.
O, İslam düşmənləri və müstəmləkəçi qüdrətlərin təfriqə yaratmaq səylərini müsəlmanlar arasında mövcud olan təfriqənin xarici amili kimi qiymətləndirərək dedi: “Düşmənin təfriqə yaratmaq üçün cızdığı planlar və alovlandırmaq istədiyi düşmənçilik odu müqabilində müsəlmanlar çox ayıq olmalıdırlar ki, onların bu tələsinə düşməsinlər”.
İslam İnqilabının Rəhbəri bildirdi: “Təəssüflə qeyd etməliyəm ki, bəzən müsəlmanlardan bəziləri və ya bəzi İslam ölkələri düşmənlərin öz qərəzli siyasətini yeritmək və təfriqə yaratmaq üçün vasitəyə çevrilirlər”.
Həzrət Ayətullah Xamenei Livanın 33 günlük və Qəzzanın 22 günlük müharibələrində İslami müqavimətin qələbəsini xatırlayaraq dedi: “Bu iki hadisə çox ibrətamiz oldu, çünki Livan və Fələstinin mömin cavanlarının sionist rejimin ən son silahlarla təchiz edilmiş ordusu üzərində çaldığı parlaq qələbədən və müsəlmanlar arasında həmrəylik yaranandan sonra düşmən Livanda şiə-sünni məsələsini araya saldı ki, bu iftixarlı qələbənin heç bir şirinliyi qalmasın”.
O dedi: “Fələstin məsələsi bir İslami məsələdir və onun ərəb, ya qeyri-ərəbə aidiyyatı yoxdur. Əgər İslam dünyasının bu məsələsində millətçilik mövzusu ortaya düşsə, böyük bir təfriqə amili yaranacaqdır”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Belə bir şəraitdə İslam ölkələrinin başçıları, siyasətçiləri və məmurlarının ilkin vəzifəsi budur ki, düşmənin bu hiyləsinin baş tutmasına mane olsunlar”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Biz əsas amili tanımaqda səhvə yol verməyəcəyik. Hətta əgər İslam ümmətinin içərisindən bir fəryad səsi ucalsa belə biz bilirik ki, bu səs istikbarçı qüdrətlərə bağlı bir çağırışdır. Buna görə də İslam ölkələrinin başçıları ayıq olmalıdırlar”.
İslam İnqilabının Rəhbəri dedi: “Alimlər, ziyalılar və İslam dünyasında nüfuzlu şəxslərin ən mühüm vəzifəsi müsəlmanlar arasında mövcud olan təfriqə ilə mübarizə aparmaq və onun əsas amillərini tanıtmaqdır”.
Həzrət Ayətullah Xamenei həmçinin mərhum imam Xomeynini (r.ə) hörmətlə yad edərək dedi: “İmam Xomeyninin (r.ə) ruhuna Allah rəhmət eləsin ki, bizim dövrümüzdə vəhdət səsini ucaldaraq bütün müsəlmanları vəhdətə dəvət etdi”.
Görüşün sonunda “İslami Vəhdət” 22-ci beynəlxalq konfransının iştirakçıları İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə yaxından görüşüb söhbət etdilər.
Bu görüşdə prezident Əhmədi Nejad da öz növbəsində əziz İslam Peyğəmbərinin (s) və imam Sadiqin (ə) mövlud ildönümü ilə əlaqədar təbriklərində Peyğəmbərin (s) günbəgün artan dəvətlərinə, habelə bütün dünyada baş verən İslami canlanmaya işarə edərək dedi: “Biz hal-hazırda dünyada əvvəlki dövrlərdən daha çox ədalət, xeyirxahlıq, məzlumları müdafiə və zülmə qarşı mübarizə ruhiyyəsinin güclənməsinə şahid oluruq”.
Daha sonra prezident əlavə etdi: “Müsəlmanların qələbəsinin rəmzi iman, möhkəmlik, mücahidlik, söz birliyi və imamət yoluna bağlılıqdır”.