İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İslam Konfransı Təşkilatının sədri cənab Ehsanoğlu ilə görüşündə İslam dünyasının məsələlərində yaxından iştirak etməyi bu təşkilatın mühüm vəzifələrindən biri hesab edərək təkidlə dedi: “İslam Konfransı Təşkilatı İslam ölkələri arasında yaxınlıq və vəhdətin yaranmasında mühüm rol oynaya bilər”.
O, müsəlmanlar arasında ixtilaf yaratmaq üçün düşmənlərin irqi, dini və siyasi amillərdən istifadə etməyə ciddi səy göstərdiklərinə işarə edərək bildirdi: “İslam Konfransı Təşkilatı müsəlmanlar arasındakı ixtilaf zəminlərini aradan qaldırmaq məqsədilə tədbirlər planı hazırlamalıdır”.
İslam İnqilabının Rəhbəri Qəzzanın böyük faciəsinə, eləcə də vahid və qüvvətli bir strategiya üçün İslam ölkələrindən gözlənilən addımlara işarə edərək xatırlatdı: “Qəzzanın 22 günlük müharibəsində bir çox mətin millətlər meydana girdilər, lakin bəzi dövlətlər yaxşı mövqe seçmədilər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün Qəzzanın yenidən qurulmasında gözlənilən budur ki, İslam dövlətləri vahid bir cəbhədən çıxış etsinlər”.
O, müxtəlif iqtisadi, ictimai və mədəni sahələrdə İslam dövlətlərinin həmkarlığı məqsədilə İslam Konfransı Təşkilatının tədbirlər planı hazırlamasının zəruriliyini vurğulayaraq dedi: “İİR İslam Konfransı Təşkilatının bir üzvü kimi hər cür həmkarlığa hazırdır”.
Prezidentin birinci müavini cənab Davudinin də iştirak etdiyi bugünkü görüşdə İslam Konfransı Təşkilatının sədri cənab Ehsanoğlu bu təşkilatın müxtəlif sahələrdə, o cümlədən Qərbdə İslam əleyhinə olan işlərə qarşı çıxmaq və müsəlmanlar arasında vəhdət yaratmaq sahəsində göstərdiyi fəaliyyətlərinə dair məlumat verərkən dedi: “Son vaxtlar İslam Konfransı Təşkilatı bütün üzvlərinə məktub ünvanlamışdır və bu məktubda Fələstində müharibə cinayəti törətdiyinə görə sionist rejimi başçılarının məsuliyyətə cəlb olunması məsələsində İslam ölkələrinin dəstəyi istənilmişdir”.