İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Xubriqan Məclisinin(1) başçısı və üzvləri ilə görüşündə millət və dövlətin "çalışmalar və müxtəlif problemlərlə" zəngin olan 30 illik birgə parlaq həyatını və müsbət hadisələri millətin müvəffəqiyyəti, həmçinin hakimiyyətin və İslam İnqilabının yararlığının bariz göstəricisi kimi qiymətləndirərək dedi: “İşıqlı gələcəyə inamla baxan məmurlar və vətəndaşlar onları şeytani bədbinlik və naümidliyə qapamaq üçün çalışan düşmənlərlə daim mübarizə edir, iftixarlı izzət və inkişaf yolunu yorulmaz iradə və əzmkarlıqla davam etdirirlər”.
O, bəzi çatışmazlıqlara və nöqsanlara işarə edərək dedi: “Son 30 ildə problemlərin vətəndaşları və məmurları rahat buraxdığı bir gün belə olmamışdır. Amma həddindən artıq çox olan və bəzən də inanılmaz görünən bu tərəqqi bir daha sübut edir ki, vətəndaşlar və dövlət İslam hakimiyyəti quruculuğunda "fikri, ictimai və siyasi" səylərini səfərbər edərək doğru yolda hərəkət edir və həm indi, həm də gələcəkdə qarşıya çıxan hər hansı bir problemi həll etməyə qadirdir”.
İslam İnqilabının Rəhbəri bəzi problemlərə göz yummamağı təkidlə tapşıraraq əlavə etdi: “Bu qəbildən olan məsələləri həll etmək üçün var-qüvvəylə çalışmaqla yanaşı bir önəmli nöqtəyə xüsusi diqqət yetirilməlidir ki, bəzi napak niyyətlər, həmçinin "mənfi, qətiyyətsiz və məhdud" baxışlar naümidlik toxumu səpməklə xalqı və ölkəni iş, səy və inkişafdan saxlamaq istəyirlər”.
Həzrət Ayətullah Xamenei dedi: “Cəmiyyətimizin gələcəyi aydın və gözəldir. Millət, xüsusilə də gənclər böyük ümid və enerji mənbəyidirlər. Məmurlar və nüfuzlu şəxslər isə səbirsizlik və qeyri-səlis münasibətlər nümayiş etdirməklə cəmiyyətin düşüncəsini müxtəlif sahələrdə bədbinlik və naümidliyə bulaşdırmamalıdırlar”.
İslam İnqilabının Rəhbəri ölkənin konkret elm sahələrində fövqəladə irəliləyişinə işarə edərək dedi: “Doğrudur, bu layihələrin həyata keçirilməsinə son onilliklərdə başlanılmışdır, lakin unutmaq lazım olmaz ki, böyük işlərin faydalı olması üçün göstərilən bəzi təşəbbüslər daha peşəkar, bəzi səylər isə daha effektivdir”.
Həzrət Ayətullah Xamenei İİR-nın “kosmik peyklərin istehsalı, səmaya buraxılması və istehlakı” texnologiyası sahəsində müşahidə olunan yüksək tərəqqisinin əleyhinə olanların İslam Respublikasının həmin sferada əldə etdiyi nailiyyətlərdən məyus olduğunu xatırladaraq dedi: “Bu möhtəşəm xəbər bomba kimi partlayaraq bütün dünyaya səs saldı və dünya alimlərini İran alimlərinin malik olduğu böyük bacarıqdan və elmi tərəqqidən xəbərdar etdi”.
İslam İnqilabının Rəhbəri tibb sahəsindəki tərifəlayiq irəliləyişləri İslam hakimiyyətinin və millətin qarşıya çıxan problemlərə düzgün yanaşmasından doğan digər bir nailiyyət kimi qiymətləndirərək və nüvə enerjisi sahəsinə toxunaraq dedi: «Bu gün ölkəmizin gənc alimlərinin icad etdiyi minlərlə başlıq hərəkətdə və fayda verməkdədir. Bəzi sərnişinlər hiss etməsələr də, bu həqiqət ölkənin inkişaf qatarının sürətlə hərəkət etdiyindən xəbər verir».
Həzrət Ayətullah Xamenei “gələcək problemlərdən qorxmağı” bu problemlərin mövcud olması ehtimalından daha pis hal kimi vurğulayaraq dedi: “Ölkənin inkişafı və qarşımıza çıxan çox böyük problemlərin həlli, əslində, Allahın Öz vədəsinin haqq olması barədə mömin bəndələrinin yəqinə çatması üçün dalğalandırdığı ümid bayraqlarıdır. Lakin təəssüflə deməliyik ki, bəziləri kiçik məsələləri böyüdərək və həqiqətlərə şübhə ilə yanaşaraq həmin ümid bayraqlarını görməməzliyə vururlar”.
O, bu il bəhmən ayının 22-də xalqın əzəmətli nümayişdə iştirakını millətin arxayınçılığının və ümidvarlığının açıq-aşkar əlaməti kimi qiymətləndirərək dedi: «Xalq bu hakimiyyət və inqilab üçün həmişə meydandadır. İnşallah, gələcək prezident seçkiləri də belə olacaqdır».
Həzrət Ayətullah Xamenei çıxışının ikinci hissəsində kainatın ağası Həzrət Muhəmməd Mustəfanın (s) mövludu və vəhdət həftəsi, eləcə də Həzrət imam Cəfər Sadiqin (ə) səadətli mövludu münasibətilə görüş iştirakçılarını təbrik etdi və sonuncu Peyğəmbərin (s) mövludunu nurun doğması adlandıraraq əlavə etdi: «Bəşər tarixinin bu əzəmətli hadisəsində yalnız «mənəviyyat, iman və tovhid» nuru deyil, həm də bütün aləmdə ədalət, təhlükəsizlik və inkişafla əhatə olunmuş səadətli həyat nuru doğdu və bununla da bəşəriyyətin üzünə səadət yolu açıldı».
İslam İnqilabının Rəhbəri müsəlmanların vəhdətini çox mühüm və əsaslı bir məsələ adlandırdı və müxtəlif məzhəblərdən olan insanların arasında yaranmış bəzi fikir ayrılıqlarına işarə edərək dedi: «Ən önəmlisi isə budur ki, bu fikir ayrılıqları qarşıdurma və toqquşma mənşəyi olmasın, eyni zamanda müsəlmanların qardaşlıq və həmrəyliyinə zərər yetirməsin».
O, müsəlmanlar və müsəlman ölkələri arasında təfriqə salmaq üçün həyata keçirilən təşkilati səyləri dünyanın hegemon qüvvələrinin «İslam dünyasının inkişafı, izzəti və istiqlalı» ilə bağlı dərin düşmənçiliyinin əlaməti kimi vurğulayaraq əlavə etdi: «İslam düşmənləri Qəzzanın 22 günlük müharibəsində müsəlmanların məzlum Qəzza və Fələstin xalqı ilə həmrəy olduqlarını elan etmək üçün təşkil etdikləri kütləvi nümayişlərin sionistlərin rüsvayedici məğlubiyyətində nə qədər əhəmiyyətli rol oynadığının bir daha şahidi oldular. Bu səbəbdən onlar müsəlman millətləri və müsəlman dövlətləri arasında təfriqə salmaq üçün heç vaxt öz səylərindən əl çəkməyəcəklər».
İslam İnqilabının Rəhbəri böyük İranda İslam bayrağının asılmasını bütün müsəlman millətlərinin qəlblərinin İslam Respublikasına cəzb olunmasının əsas amili hesab edərək təkidlə dedi: «Qurani-Kərimin nurani ehkamlarına əməl etmək və İslamı yaşatmaq səyləri İran millətini müsəlmanların gözlərində böyüdərək əziz etmiş və dünyanın hər yerində olan İslam cəmiyyətlərini İslam Respublikasının strateji əməkdaşlarına çevirmişdir. Bu gözəl həqiqət və gerçəklik heç bir vəchlə zədələnməməlidir».
Görüşün əvvəlində Xubriqan Məclisinin sədri Ayətullah Haşimi Rəfsəncani yeni rəyasət heyətinin seçilməsi haqqında məruzə edərkən dedi: «Bu iclasda iqtisadi məsələlər, Fələstin məsələsi və Qəzza hadisələri haqqında geniş bəhs olunmuş və ətraflı araşdırılmışdır».
Xubriqan Məclisinin müavini Ayətullah Yəzdi Xubriqan Məclisinin dördüncü mərhələsinin 5-ci iclasına dair qısa məlumat verərək dedi: «Bu ikigünlük iclasda üzvlərdən 13 nəfər, qonaqlardan isə 2 nəfər məruzə etdi, həmçinin 5 komissiya məlumatı dinlənildi və sonda bəyanat qəbul olundu».
(1) Xubriqan Məclisi – Şəriət üzrə Ekspertlər Şurası