İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dünən Türkiyə prezidenti cənab Abdullah Gül və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə hər iki ölkə potensialının əlaqələrin daha da inkişafı üçün əhəmiyyətli olduğunu bildirərək təkid etdi: «EKO Təşkilatı iqtisadi əməkdaşlıqların genişlənməsi üçün bir nümunədir. Amma İran və Türkiyə bölgənin nüfuzlu və mühüm iki ölkəsi olaraq siyasət, təhlükəsizlik və xidmət sahələrində rabitələri genişlətmək imkanına malikdir».
Həzrət Ayətullah Xamenei əlaqələrin əvvəlkindən daha çox genişlənməsi üçün İran və Türkiyə prezidentlərinin qarşılıqlı anlaşmalarından razılığını bildirərək xatırlatdı: «Türkiyə dəmiryolu xəttinin İran ərazisindən keçərək Pakistan və Cənub-Qərbi Asiyaya birləşməsi hər iki ölkə əlaqələrinin inkişafı üçün real bir göstəricidir və bu, digər sahələrin də tərəqqisi üçün yol aça bilər».
İslam İnqilabının Rəhbəri əlavə etdi: «Əlbəttə, bu əlaqələrin inkişafını istəməyən amerikalılar və sionistlər kimi düşmənlər mövcuddur, lakin İran və Türkiyə onların istəklərinə qarşı çıxmaqla öz müştərək mənafeləri əsasında hərəkət etməlidirlər».
Həzrət Ayətullah Xamenei təkid etdi: «Hər iki tərəf qarşılıqlı münasibətlərin inkişafı arzusundadır, çünki İran dövləti fəal və çalışqan dövlətdir və bu ruhiyyə Türkiyədə də müşahidə olunur».
O, Yaxın Şərq hadisələrinə işarə edərək və Fələstin məsələsinin İslam dünyasının ən qlobal məsələsi olduğunu vurğulayaraq əlavə etdi: «Türkiyə Qəzza hadisələrində yaxşı mövqe seçdi və Türkiyənin baş naziri cənab Ərdoğanın DAVOS iclasındakı cəsarətli çıxışı çox gözəl davranış idi».
İslam İnqilabının Rəhbəri İraq və Əfqanıstanın hal-hazırkı vəziyyətini bölgənin digər mühüm məsələlərindən biri hesab edərək dedi: «Amerika Əfqanıstan və İraq hadisələrində böyük səhvə yol verdi və Amerika dövlətinin Qəzzadakı hal-hazırkı mövqeyi bu dövlətin digər böyük səhvlərindən biridir».
Həzrət Ayətullah Xamenei təkid etdi: «Amerika dövləti əvvəlki yanlış yolunu davam etməkdədir və öz səhvlərinin düzəldilməsi ilə bağlı heç bir səy göstərmir. İslam düşmənləri müsəlman ölkələrinin, o cümlədən İran İslam Respublikasının əlindəki İslam bayrağını almaq niyyətindədirlər, amma bu hədəfə çatmayacaqlar».
Cənab Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Türkiyə prezidenti cənab Abdullah Gül hər iki ölkənin əlaqələrini bölgə və İslam dünyası səviyyəsində gözəl bir nümunə kimi dəyərləndirərək bildirdi: «Türkiyə dövləti İran İslam Respublikası ilə həmkarlığın daha da genişlənməsində qəti şəkildə qərarlıdır».
O, təkidlə EKO-nun güclənməsinin zəruriliyini xatırlatdı: «İran İslam Respublikası və Türkiyə «İpək Yolu»nu yenidən dirçəltmək qüdrətinə malikdir».
Türkiyənin prezidenti cənab Abdullah Gül Fələstin məsələsini dünyanın, xüsusilə də İslam dünyasının mühüm məsələsi kimi qeyd edərək dedi: «İslam dövlətləri birləşərək Fələstin xalqının çətinliklərinin azaldılması və haqlarının bərpa olunması istiqamətində əvvəlkindən də artıq çalışmalıdırlar».