Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xameneyi Şərqi Azərbaycan camaatı ilə görüşdə:

Düşmən İslam dövlətini məğlub etməkdə nakam qalacaq!

İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Şərqi Azərbaycanın minlərlə mömin və inqilab ruhiyyəli camaatı ilə görüşündə ayıq olmaq, baş verən hadisələrə və mövcud duruma qarşı laqeyd olmamaq, cəsarətli və münasib addım atmaq kimi xüsusiyyətləri məhz imam Hüseyn (ə) məktəbinin böyük dərslərindən hesab edərək bildirdi: «İran xalqı zamanın nəbzini dərk etməklə düşmənlərin İnqilabı və İslam rejimini dini mahiyyətdən və inqilabi ruhiyyədən çıxartmaq üçün göstərdikləri səylərinin qarşısında tamamilə ayıqdır».

Bu görüş Təbriz xalqının Qum şəhidlərinin 40 günlüyündə – 29 Bəhmən 1356-cı ildəki qiyamının ildönümü ərəfəsinə  təsadüf edən mübarək bir gündə baş tutdu. Həzrət Ayətullah Xamenei Seyidüş-Şühədanın (ə) qiyamını geniş surətdə yaymaq və xalqı cürətləndirməyi Həzrət Zeynəbin (s.ə) və imam Səccadın (ə) xütbələrinin ən mühüm hədəflərindən olduğunu bildirdi: «İmam Hüseynin (ə) ərbəini (1) möminlərin «zülm, istibdad və hegemonluq»la tarixi mübarizəsinin davamı üçün bir zəmin yaratdı. İslam İnqilabında Təbrizin 29 Bəhmən hadisəsi də eynilə həmin rolu oynadı, bütün ölkədə ayıqlıq, qiyam və mübarizə ruhiyyəsini daha da gücləndirdi».

Ayətullah Xamenei hadisələr qarşısında ayıq olmaq, irəliyə doğru cəsarətlə addımlayaraq təhlükələrdən qorxmamaq və gələcəyə inamla, ümidlə baxmaq kimi üç əsas ünsürü Təbriz xalqının əzəmətli qiyamının mühüm dərslərindən hesab edərək qeyd etdi: «Bu mühüm dərslər millətin və dövlətin bu gününə və gələcəyinə işıqlı yol açır».

İslam İnqilabının Rəhbəri düşmənlərin İran xalqını və İslam Respublikasını yox etməyə yönələn bugünkü hədəf və istiqamətlərinə işarə edərək dedi: « Son 30 ildə hegemon qüvvələr İslam İnqilabını məhv etmək üçün bütün siyasi-iqtisadi imkanlarından istifadə etmiş, amma nəticə etibarilə millətin himayəsi və xalqın dərin imanına söykənən İslam rejimi İslam Respublikasını aradan aparmağı qeyri-mümkün etmişdir. Məhz bu səbəbdən düşmən bütün qüvvəsini sərf edərək hegemonluğun müxaliflərini nüfuzdan salmaq, İslam rejiminin dini mahiyyətini və inqilabi ruhiyyəsini zəiflətməyə çalışır. Bu həqiqət millətin və məsul şəxslərin tam ayıq olmalarını tələb edir».

Həzrət Ayətullah Xamenei İran xalqının bu ilin möhtəşəm 22 Bəhmən nümayişini təriflədi və bu əzəmətli nümayişi xalqın İslam İnqilabını əsaslı himayəsi kimi qiymətləndirərək dedi: «Elmi tərəqqi, müxtəlif sahələrdə gənclərin aktiv fəaliyyətləri və inqilabi şüarların yaşanması, əslində, düşmənin İslam dövlətini məğlub etməkdə nakam qalacağını göstərən ən yaxşı nümunələrdir. Həmçinin bu gün heç bir məsul şəxs bu şüarlardan çəkinmir, əksinə fəxr edir».

İslam İnqilabının Rəhbəri mədəni hücumları da hegemon qüvvələrin İslam İnqilabını zəiflətmək üçün göstərdikləri səylərdən biri hesab edərək təkidlə bildirdi: «Bu mövcud durumu dərk etmək, inqilabi və İslami dəyərləri müdafiə etmək xalqın vəzifəsidir. Xalq artıq bu gün Allahın lütfü ilə özünün dərin düşüncə və təfəkkürü əsasında mövcud vəziyyəti doğru təhlil edə bilir».

Həzrət Ayətullah Xamenei Allahın mömin xalqa yardımının İlahi vədənin gerçək təzahürü olduğunu bildirərək dedi: «İran milləti dərin imana söykənərək elə inqilabın əvvəllərində olduğu kimi indi də həmin şüarlar və hisslərlə doğru yolda addımlamaqdadır. Bu günün gənc nəsli hal-hazırkı vəziyyəti düzgün qiymətləndirməklə inqilab dövründəki cavanlardan daha təcrübəli və daha yüksək səviyyədə hisslərini sağlam düşüncəyə bağlayaraq müxtəlif sahələrdə çalışırlar. Bu İlahi nemətin qədrini bilmək lazımdır».

Bugünkü görüşdə Vəliyyi-fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin İmam-cüməsi olan cənab müctəhid Şəbistəri də iştirak edirdi. O, Təbriz xalqının Qum şəhidlərinin qırx günlüyündə etdiyi qiyamlara işarə edərək dedi: «Azərbaycan xalqı imam Xomeyni (r.ə) hərəkatında xalqa edilən zülmlərə qarşı mübarizədə fəal olduqları kimi bu gün də İslam torpağını və İranı müdafiə etməyə hazırdırlar».

Görüşün əvvəlində Əhli-beyt (ə) məddahları imam Hüseynin (ə) ərbəini münasibətilə mərsiyələr oxuyub əzadarlıq etdilər.

1 – İmam Hüseynin (ə) şəhadətinin 40-ci günü

700 /