İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Hindistan qitəsindəki İslami Təşkilatlar Birliyinin fəaliyyətinin 25 illiyi ərəfəsində – bəhmən ayının 25-26-da bu birliyin bütün Hindistan üzrə təhsil alan iranlı tələbələrin iştirakı ilə keçirilmiş 25-ci seçkiləri münasibətilə bəyanat verib.
Seçkilərin bağlanma mərasimində Asiya qitəsi və Sakit okeanı üzrə təhsil alan iranlı tələbələrin işinə dair Vəliyyi-fəqihin nümayəndəsi Hüccətul-İslam Məhəmməd Əli Nizamzadənin səsləndirdiyi bəyanatın mətni aşağıdakı şəkildədir:
Mehriban və bağışlayan Allahın adı ilə!
Əziz tələbələr!
İran xalqının savadlı və iftixara layiq gənc nəslinə olan ümidləri zaman keçdikcə daha da çoxalır. Bu xalqın gəncləri bütün sahələrdə öz üstünlüklərini isbat etmişlər. Keçmişdə İran düşmənlərinin siyasəti bu ölkənin cavanlarını aciz və qüdrətsiz bir hala salmaq və gənclik ruhiyyəsini qırmaq idi. Bu siyasət boş ümidlər, şübhə və tərəddüdlər yaratmaq, fitnə-fəsadlar, lazımsız və faydasız işlərə çəkmək və sair başqa yollarla İslam İnqilabından sonra da davam etmiş və yeni inkişaf etmiş informasiya vasitələri ilə düşmənə hər cür köməklik göstərilmişdir. Lakin İnqilab dövrünün cavanlarının məsuliyyət hissi və səyləri ilə İranın düşmənləri mənfur məqsədlərinə nail ola bilməmişlər. Hal-hazırda isə ölkənin elmi, ictimai, siyasi tərəqqisi və gənc nəsil arasında olan yüksək əhval-ruhiyyə İran xalqının layiq olduğu işıqlı və aydın üfüqlərin bariz göstəricisidir.
Əzizlərim, hamı, xüsusilə gənclər bugünkü vəzifələrini düzgün dərk edib, elmi və hikməti ilə hər şeyi əhatə edən Allaha təvəkkül etməklə gələcəyin yolunu daha da işıqlı edə bilərlər. Araşdırmanı, öyrənib-tədqiqetməni və novatorluğu özünüzə vəzifə bilin, ölkənizin bugünkü və sabahkı ehtiyaclarını ixtisas seçiminizdə və bütün gələcək planlarınızda nəzərə alın. Gələcək siz gənclərindir və bu gələcəyi qurmaqdan ötrü Allahdan kömək diləyin və bütün səylərinizi bu istiqamətə yönəldin».
Seyid Əli Xamenei
15 fevral, 2009-cu il