Bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstinin “İslami Cihad” partiyasının baş katibi cənab Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Bu görüşdə cənab Ramazan Abdullah Qəzza müharibəsi və bu müharibə ilə əlaqədar dəyişikliklər barədə ətraflı məlumat verdi. Həzrət Ayətullah Xamenei Qəzza camaatını və İslam qarşıdurmasını 22 günlük müharibədə qələbə çalma münasibətilə təbrik edərək bildirdi: “Həqiqətən də, Qəzzada baş verənlər sanki bir möcüzədir”.
O, Qəzza müharibəsindəki qələbənin Allah-Taalanın lütfü və köməkliyi ilə mümkün olduğunu bildirərək dedi: “Həqiqətən, Qəzza hadisələri Allahın qüdrəti idi ki, müqavimət qüvvələri və Qəzza camaatının möhkəm imanı, güclü iradəsi və cihadı vasitəsilə həyata keçdi”.
Bu görüşdə İslam İnqilabının Rəhbəri xatırlatdı: “Bu müharibədə Qəzza camaatı, insafla desək, yaxşı imtahan verdilər, həmçinin rəhbər şəxslər və bu səhnəni istiqamətləndirib idarə edənlərlər öz yaxşı əməlləri ilə, müttəhid və qətiyyətli mövqeləri ilə bu imtahandan başıuca çıxdılar”.
Həzrət Ayətullah Xamenei Qəzza hadisələrində dünyanın ümumi fikrinin də çox mühüm və təsirli rol oynadığını bildirərək təkidlə qeyd etdi: “İslam qarşıdurmasının qələbələrindən biri də dünyanın ümumi fikrini özünə cəlb etmək idi və əslində, İslam qarşıdurması belə bir mövqe tutmaqla düşmənin “Fələstin” adını dünya sözlüyündən silmə və Fələstini müxalif bir amil kimi tanıtma istiqamətindəki səylərini puça çıxartdı”.
O, ümumi düşüncə ilə davamlı əlaqədə olmağı da zəruri və önəmli bir amil hesab edərək bildirdi: “Qəzza müharibəsi sona yetdikdən sonra düşmən psixoloji gərginlik yaratmaqla və təbliğat yolu ilə Qəzza camaatının düşüncəsinə təsir etməyə çalışır, habelə İslam qarşıdurmasını xalqın əzablara və möhnətə düşməsinin əsl səbəbkarı kimi tanıdaraq İslam müqavimətinin qarşısını almağın zəruriliyini bildirmək istəyir”.
İslam İnqilabının Rəhbəri sionist rejiminin günü-gündən geriləməsinə xüsusi işarə edərək qeyd etdi: “Amerika və Avropa məhz Orta Şərq regionunda hökmranlıq etməkdən ötrü sionist rejimini yaratdılar. Lakin indi – 60 ildən sonra bu rejim elə bir vəziyyətə düşmüşdür ki, onu qorumaqdan ötrü Amerika və Avropadan müharibə gəmisini gətirib, bu rejimin sahillərində yerləşdirmək istəyirlər”.
Həzrət Ayətullah Xamenei din və İslam ünsürünün Fələstin xalqı üçün əsas uğurun və qələbə dalğasının başlanğıcı olduğunu bildirərək, həmçinin Qəzza müharibəsi və ondan sonrakı hadisələrə dair bəzi məsələlərə də işarə edərək dedi: “Bu müharibə və bu müharibəyə aid dəyişikliklər, həqiqətən də, haqqı batildən ayıran “fürqan müharibəsi”dir ki, münafiqlərin iç üzünü hamıya aşkar etdi”.
O, siyasi mövqedəki möhkəmliyə və hərbi səhnədə qələbənin sabit olmasına xüsusi işarə edərək əlavə etdi: “Siyasi səhnədə şəraitə və düşmənin istəklərinə təslim olmaq lazım deyil, əksinə öz gücünə arxalanaraq qarşı tərəfi hərbi səhnədə olduğu kimi burada da təslim olmağa məcbur etmək lazımdır”.
Sonda İslam İnqilabının Rəhbəri Fələstin torpaqlarının bütünlükdə azad edilməsinə böyük ümid bəslədiyini bildirərək xatırlatdı: “İndi Allah vədəsinin əlamətləri aydın olmuşdur. Biz inanır və yəqin edirik ki, belə davam edərsə, yaxın gələcəkdə son qələbə mütləq reallaşacaqdır”.
Bu görüşdə Fələstinin “İslami Cihad” partiyasının baş katibi cənab Ramazan Abdullah Qəzza müharibəsi və bu müharibə ilə əlaqədar dəyişikliklər barədə ətraflı məlumat verərək İslam İnqilabının Rəhbərinə xitabən belə dedi: “Mən Fələstin xalqı və müqavimət qüvvələri adından sizə və böyük İran xalqına hərtərəfli dəstəyə görə öz dərin təşəkkürümü bildirirəm. Qəzza müharibəsinin qələbəsi, həqiqətən də, İran xalqının qələbəsidir”.
O qeyd etdi: “Düşmən sionistlər 33 günlük Livan müharibəsində zəif nöqtələrini araşdırıb təcrübə toplamağına baxmayaraq Qəzza müharibəsində də öz məqsədlərinə çata bilmədilər ”.
Fələstinin “İslami Cihad” partiyasının baş katibi sionist rejiminin Qəzza müharibəsində yalnız qadın və uşaqları qətlə yetirmək istiqamətində olan istəklərinə çatdığını bildirərək dedi: “Qəzza müharibəsindəki qələbə bir daha sübuta yetirdi ki, sionist rejimi daha ərəb qoşunlarını 6 günə məğlub edən rejim deyil və indi artıq sionist rejiminin geriləmə dövrünün başlanğıcıdır”.
Daha sonra cənab Ramazan Abdullah əlavə etdi: “Düşmən sionistlər və onların tərəfdarları belə təsəvvür edirdilər ki, Qəzza regionda İslam qarşıdurmasının ən zəif dairəsidir. Lakin hərbi qüvvələrin qeyri-bərabərliyinə baxmayaraq bu müharibədə sionist rejimi məğlub oldu və regionda çox böyük dəyişikliklərin olması Fələstində son qələbəyə doğru ümidləri daha da çoxaltdı”.
O, iman, cihad və İslam ideologiyası ünsürlərini müqavimət qüvvələrinin gücünün ən əsas amili olduğunu bildirərək xatırlatdı: “Düşmən sionistlər və onları dəstəkləyənlər hərbi səhnədə məğlub olduqdan sonra bu məğlubiyyəti siyasi səhnədə kompensasiya etmək istəyirlər. Lakin Fələstinin müqavimət dəstələri siyasi səhnədə də vahid şəkildə öz mövqelərini daha da möhkəmləndirərək düşməni geri çəkilməyə məcbur edəcəklər”.