Bu gün günorta İslam İnqilabının Rəhbəri HƏMAS siyasi şöbəsinin rəisi cənab Xalid Məşəli qəbul etmişdir. Bu görüşdə Xalid Məşəl 22 günlük Qəzza müharibəsi, İslami Müqavimət Təşkilatının qələbəsi və bu müharibənin siyasi gedişinə dair məlumat vermişdir.
Həmçinin bugünkü görüşdə Həzrət Ayətullah Xamenei Qəzza müharibəsində İslami Müqavimət Təşkilatını sionistlərə qələbə çalması münasibətilə bir daha təbrik edərək bildirdi: «Qəzza əhalisi və İslami Müqavimət Təşkilatı hamımızı başıuca etdi. Onlar yalnız səbirli və düz yolda olduqlarından bu böyük və çox çətin imtahanı arxada qoya bildilər».
O, Qəzza əhalisinin sionist rejiminin ordusu müqabilində qazandığı qələbənin – bu böyük hadisənin iman və cihadın nəticəsi olduğunu bildirdi və «Fələstin dövlətinin baş naziri» mücahid qardaş İsmayıl Haniyənin müqavimətini alqışlayaraq dedi: «Ümid edirəm ki, Fələstin xalqının iman və cihadının bərəkətinə Allah bu qələbəni gələcək qələbələrin müqəddiməsi edəcəkdir».
İslam İnqilabının Rəhbəri sözlərinə belə davam etdi: «Qəzzada müharibə hələ də başa çatmamışdır. Belə ki, siyasi, həmçinin təbliğat xarakterli və psixoloji müharibə indiyədək davam edir. İslami Müqavimət Təşkilatı ağıllı tədbirləri, ayıq-sayıqlığı ilə bütün ehtimalları və şəraiti, hətta «müharibənin yenidən başlanılması» ehtimalını nəzərə alaraq bu müharibəyə tam şəkildə hazır olmalıdır».
Həzrət Ayətullah Xamenei düşmənin müharibə səhnəsində çata bilmədiyi, lakin siyasi müharibədə qazanmaq istədiklərinə işarə edərək bildirdi: «Siyasi səhnədə də müqavimət ruhu, hazırlıq və səylər qorunmalıdır».
O, tezliklə Qəzza şəhərinin yenidən bərpa edilməsinə və bu sahədə köməklik üçün İran İslam Respublikasının hazırlığına, həmçinin düşmənin təbliğat xarakterli və psixoloji müharibəsinə də işarə edərək dedi: «Düşmən bu müharibədə, həqiqətləri əksinə göstərməyə, eyni zamanda Qəzza əhalisinin əziyyətlərə və möhnətə düşməsinə görə HƏMAS-ın və İslami Müqavimət Təşkilatının məsuliyyət daşıdığını bildirməyə çalışır. Çox təəssüflər olsun ki, Qəzzanın qonşuluğunda yerləşən bəzi ərəb dövlətləri bu atmosferi daha da qızışdırırlar».
Daha sonra İslam İnqilabının Rəhbəri xatırlatdı: «Bu psixoloji və təbliğat xarakterli müharibənin qarşısında durmağın yeganə yolu İslam müqavimətinin və Fələstin xalqının haqq mövqeyini açıq şəkildə bildirməkdir ki, məhz bu yolla düşmənin səyi nəticəsiz qala bilər».
Həzrət Ayətullah Xamenei qeyd etdi: «HƏMAS və İslami Müqavimət Təşkilatı bu haqq mövqeni yaymaqdan ötrü ərəb ölkələrinin medialarına müraciət etməlidirlər».
O, sionist rejiminin başçılarının törətdikləri müharibə cinayətlərinə görə mühakimə olunma məsələsinin mühümlüyünü bildirərək dedi: «Bu məsələ ciddi şəkildə araşdırılmalıdır».
İslam İnqilabının Rəhbəri bu məsələnin Qəzza cihadının davamı olduğunu bildirərək qeyd etdi: «Cihad qətiyyət və aydınlıq tələb edir və şübhəsiz ki, belə bir şəraitdə aparılan cihad yalnız Allahın köməkliyi ilə nəticə verəcəkdir».
Həzrət Ayətullah Xamenei Qəzza şəhidlərini, o cümlədən Fələstin dövlətinin daxili işlər naziri şəhid Siyamın xatirəsini yad etdi, şəhid ailələri, xüsusilə şəhidlərin məsum uşaqları üçün Allahdan səbir dilədi.
Bu görüşdə HƏMAS siyasi şöbəsinin rəhbəri cənab Xalid Məşəl Qəzza müharibəsi, eləcə də müharibədən sonrakı hərbi və siyasi dəyişikliklər barədə geniş məlumat verdi: «Qəzza əhalisinin ən çox dəstəkləyən İran İslam Respublikası olmuşdur və mən Qəzza əhalisi və Fələstinin İslami Müqavimət Təşkilatı tərəfindən bizi mənəvi və siyasi cəhətdən dəstəklədiyinizə görə sizə – İranın böyük və başıuca xalqına dərin minnətdarlığımı bildirirəm».
Daha sonra o qeyd etdi: «Qəzza əhalisinin qələbəsində İran İslam Respublikasının müstəsna xidmətləri vardır və bu qələbədə bizimlə şərikdirlər».
HƏMAS siyasi şöbəsinin rəhbəri Qəzza əhalisinin sionist düşmənlərə qarşı qələbəsini «Allahın möcüzəsi» kimi qiymətləndirdi və xatırlatdı: «Qəzzalılar çox çətin və təsəvvüredilməz ağır şəraitdə Allaha təvəkkül edərək və bu ayəni –
حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكِيلُ
«Allah bizə bəs edər. O nə gözəl vəkildir!»
(«Ali-İmran» surəsi, ayə 173)
– dəfələrlə oxuyaraq müqavimət göstərdilər və Allah da bu mömin mübariz xalqa kömək etdi».
Cənab Xalid Məşəl bildirdi: «İnşallah, Qəzza müharibəsinin qələbəsi Fələstin və müqəddəs Qüdsün tamamilə azad edilməsinin müqəddiməsi olacaqdır». O, müharibə vaxtı sionist düşmənlərin öz şərtlərini məcburi şəkildə qəbul etdirməyə nail olmadıqlarına xüsusi işarə etdi və onların qeyd-şərtsiz Qəzzadan geri çəkilmələrinin elan olunmasını xatırladaraq dedi: «İndi siyasi müharibə, Qəzzanın mühasirəsinin sındırılması və keçidlərin açılması prosesi artıq başlanılmışdır. Bütün bu təzyiqlər və psixoloji müharibəyə rəğmən Fələstin dövləti və İslami Müqavimət Təşkilatı sionist düşmənlərin heç bir şərtlərini, o cümlədən Rəfəh keçidi və daimi atəşkəs barədə 2005-ci il müqaviləsinin tələblərini qəbul etmədi və etməyəcək də».
HƏMAS siyasi şöbəsinin rəhbəri Qəzza şəhərinin yenidən bərpa edilməsinin Fələstin dövlətinin prioritet məsələlərindən biri olduğunu bildirərək dedi: «Amerika və sionist rejimi Qəzza şəhərinin yenidən bərpasına əngəl törətməklə, əslində, xalq arasında narazılıq və ümidsizlik yaratmaq istəyirlər. Lakin biz bütün mümkün imkanlardan istifadə edərək bu şəhərin yenidən qurulmasına başlayacağıq. Heç vəchlə icazə verməyəcəyik ki, onların səyi nəticə versin».
Cənab Xalid Məşəl Qəzza şəhərinin yenidən bərpa edilməsindən ötrü Beynəlxalq qurultayın keçirilməsi istiqamətindəki səylərinə görə İran İslam Respublikasına təşəkkür edərək dedi: «Sionist düşmənlərin qarşısında müqavimət və cihad etmək İslami Müqavimət Təşkilatı və Fələstin dəstələrinin əsas strateji xəttidir. Onlar bir an belə bu məqsəddən əl çəkməyəcəklər».
Bu görüşdə Qəzza müharibəsi ərzində şəhərin daxili vəziyyəti, həmçinin Allahın lütfü, qeybi köməklər və xalqın müqavimət ruhiyyəsi barədə məlumatlar da verildi.