Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei:

İsrail və Amerikanın əsas məqsədi Yaxın Şərqi ələ keçirməkdir!

Bu gün səhər Qum şəhərinin minlərlə sakini ilə görüşən İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei məzlum Qəzza əhalisinin, uşaqların və qadınların sionistlər tərəfindən qətli-amını misli görünməmiş dəhşətli bir faciə adlandıraraq dedi: “İsrail və Amerikanın bu qorxunc cinayətləri törətməkdə əsas məqsədi müsəlmanların  müqavimətini sındırmaq və Yaxın Şərqin ən mühüm regionunu ələ keçirməkdir. Lakin Allahın fəzli, fələstinli döyüşçülərin qətiyyətli əzmi və cani-dildən müdafiəsi, xalqın həqiqi ayıq-sayıqlığı və aktivliyi sayəsində bu hadisələr sonda haqqın batil üzərində qələbəsi ilə nəticələnəcək”.

O, imam Hüseyn (ə) və vəfalı dostlarının əzadarlığı münasibətilə başsağlığı verərək və tarix boyunca İslam ümmətinin fəal mübarizəsini unudulmaz aşura qəhrəmanlığının məntiqi nəticəsi kimi qiymətləndirərək əlavə etdi: “Həzrət Peyğəmbərin (s) vəfatından heç 50 il keçməmişdi ki, fasiq və əxlaqsız Yezidin hakimiyyətə gəlməsi ilə yaranan dərin azğınlıq xalqın və həmin dövrün başbilənlərinin diqqətindən yayınmışdı. Həzrət Hüseyn (ə) əməli surətdə bu əzəmətli, təsirli və qəflətdən oyadan qiyamı ilə bütün bəşəriyyətə öyrətdi ki, düşmənin hiyləgər və məxfi planları qarşısında yerində göstərilmiş əks-əməl, şücaətli və fədakar müqavimət, ali məqsədlər naminə lazım olan hər bir şeyi vermək xalqların tarixi və ağır vəzifəsidir. Bu baxımdan gözüaçıq və sağlamfikirli olmaq bu gün İslam ümmətinin bilməsi gərəkən həyat tərzidir”.

İslam İnqilabının Rəhbəri sionizmin Qəzzadakı cinayətlərinin pərdəarxası mahiyyətini açıqlayaraq dedi: “Sionizmin bu cinayətləri törətməklə nail olmaq istədiyi əsas məqsədi regiondakı müqavimət hərəkatını tamamilə məhv etmək, yeraltı və yerüstü sərvətlərlə dolu olan bu torpaqlara hakim kəsilməkdir. Müsəlman dövlətlər və xalqlar bu gizlin məqsədləri dərk etməli və qəddar sionist rejiminin qarşısında münasib əks-əməli mütləq göstərməlidirlər”.

O, böyük şeytanın – Amerikanın və qəsbkar İsrailin 33 günlük Livan döyüşü, daha doğrusu, “müti və kölə olmuş Yaxın Şərq” yuxusu haqqında belə dedi: “Bu yuxu çin çıxmadı. Belə ki, Livan xalqının igidliyi, ayıq-sayıqlığı və fədakarlığı sanki Amerika, İsrail, eləcə də onların bütün havadarlarının və ardıcıllarının ağzına möhkəm  bir yumruq vurdu. Həzrət Ayətullah Xamenei Qərbin İran İslam Respublikasının region xalqları üçün nümunəyə çevrilməsi barədə olan eyhamları belə cavablandırdı: “Artıq onlar da etiraf edirlər ki, İslamçı İran region xalqları özlərinin ayıqlığı ilə sözün tam mənasında müqavimət və qələbənin ümidverici, əzəmətli bir nümunəsinə çevrilmişlər. Amma indi bu müqaviməti, o cümlədən HƏMAS-ın xalq tərəfindən seçilmiş həqiqi dövlətini haqsızcasına təcavüzdə ittiham edirlər”.

İslam İnqilabının Rəhbəri bəzi region dövlətlərinin baş verən hadisələrə etinasız və laqeyd münasibətlərinin acı nəticələr verəcəyi barədə xəbərdarlıq da etdi: “Əgər İslam düşmənləri hal-hazırkı mərhələdə qalib gəlsələr, arxayın olun ki, daha Yaxın Şərqdən əl çəkməyəcək və bu gün Fələstinə yardım etməkdən boyun qaçıran region dövlətləri sonunda atdıqları bu səhv addımların acı və təhlükəli nəticəsini dadacaqlar”.

Həzrət Ayətullah Xamenei müsəlman xalqların rəy bildirməsini müqavimət hərəkatına ən güclü dayaq hesab edərək, o cümlədən Qəzza əhalisini müdafiə edən böyük və ayıq İran xalqının bu istiqamətdə real aktivliyini təqdirəlayiq  bir iş kimi dəyərləndirərək sözünə davam etdi: “Xüsusilə hava limanlarına toplanaraq Qəzzaya getməyə hazır olduqlarını bildirən mömin və coşqun gənclərə öz dərin minnətdarlığımı bildirirəm. Lakin bizim bu sahədə əllərimizin bağlı olduğunu da nəzərə almaq lazımdır”.

O, bu günün gənclərini İslam İnqilabının ilk çağlarındakı coşqun, inqilabçı və Hüseynçi gənc nəslə bənzədərək dedi: “İstənilən halda hamı bilməlidir ki, İslam Respublikası bu günə qədər Fələstin xalqı üçün heç bir köməkdən imtina etmədiyi kimi bundan sonra da əlindən gələn yardımı göstərməyə hazırdır”.

İslam İnqilabının Rəhbəri bir sıra müsəlman dövlətlərinin məzlum Qəzza əhalisini müdafiə etmək üçün göstərdiyi səyləri yüksək, lakin eyni zamanda qeyri-kafi hesab edərək dedi: “Siyasi və ictimai təzyiqlərlə düşməni geri çəkilməyə məcbur etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei dəhşətli Qəzza faciəsini insan haqları iddiaçılarının həqiqi mənada rüsvayçılığı və rəzaləti hesab edərək dedi: “Qəzzanın köməksiz körpələri və məzlum qadınları hər gün payız yarpaqları kimi yerə səpələnməkdədir. Lakin Birləşmiş Millətlər Təşkilatı, eləcə də digər insan haqları təşkilatları, Qərb dövlətləri, xüsusilə Avropa dövlətlərindən heç bir haray gəlmir. Bu acı həqiqət insan haqlarından dəm vuran belə təşkilatların yalançılıq, ziyankarlıq və hiyləgərliyini bütün dünyaya açıq-aşkar göstərməkdədir”.

Həzrət Ayətullah Xamenei bəzi müsəlman mətbu orqanlarından və informasiya vasitələrindən bir sıra ziyalıların Fələstinin qanuni dövlətinə hücum etməsini, bununla da sionistlərin cinayətlərinə bəraət qazandımasını dərin təəssüf hissiylə qarşılayaraq dedi: “Bu insanlar, şübhəsiz ki, Allah dərgahında cinayətkarlarla bir sırada olacaqlar. Lakin xoşbəxtlikdən İranda müsəlman xalq ilə hökumətin qətiyyətli həmrəyliyi Fələstin məzlumlarının qəti himayəsi ilə nəticələnmişdir”.

İslam İnqilabının Rəhbəri Qəzzada baş verən hadisələrin haqqın batil üzərində qələbəsi ilə nəticələnəcəyini bildirərək dedi: “Əgər düşmən, Allah eləməmiş, qətiyyətlə və böyük əzmkarlıqla döyüşən HƏMAS və Fələstin mücahidlərini bir-bir şəhid etsə də Fələstin məsələsi bu faciələrlə sona yetməyəcək və heç şübhə yoxdur ki, Fələstin xalqı Allaha arxalanaraq keçmişdəkindən də artıq qüvvətlənəcək və çətinliklərə sinə gərərək sonda düşmənə qalib gələcək”.

O, ayıq İran xalqının məzlumu müdafiə etmək üçün aktivliyini zəruri hesab etdi və təkidlə bildirdi ki, bu böyük xalq hər zaman zülmə qarşı tutduğu mövqeyini, Allahın razılığını, imam Xomeyninin (r.ə) və müqəddəs şəhidlərin yolunu var-gücüylə qoruyacaq. Həmçinin o: “Xalqların bir-birinə dayaq olması və səylərin nəticəsində bütün müsəlman xalqları çox da uzaq olmayan gələcəkdə qələbəni bayram edəcək” – deyə vurğuladı.

İslam İnqilabının 1356-cı ilin dey ayının 19-da etdiyi qiyamı Pəhləvi rejimin yaxşı dərk edilməsi və bu rejimin imam Xomeyniyə (r.ə) qarşı təhqirlərinin layiqli cavabı kimi dəyərləndirərək dedi: “Ayıqlıq, agahlıq və qəhrəmancasına fədakarlıq imam Hüseyn (ə) aşurasının verdiyi böyük dərslərdəndir. Bu dərslər Qum əhalisinin qiyamında, böyük İslam İnqilabında, Səddama və onu müdafiə edən hegemon qüvvələrə qarşı səkkiz illik müharibədə möhkəm dayanan imam Xomeyninin (r.ə) və mübariz xalqın dözümündə özünü tam mənasıyla göstərdi. Məlum oldu ki, bu əziz xalq İslami məqsədlər uğrunda lazım olan hər şeyi verməyə hazırdır. Bütün bunlar bu diyarın mömin əhalisinin Həzrət Hüseynin (ə) yolunu getdiyini göstərən ən bariz nümunələrdir”.

Görüşün başlanğıcında Həzrət Hüseyn (ə) və onun vəfalı dostları üçün əzadarlıq mərasimi də təşkil olundu.

700 /