Bu gün günorta həcc mərasiminin təşkilatçıları ilə görüşən İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xameneyi dedi: «Təşəbbüs və proqramlar elə hazırlanmalıdır ki, həccin həqiqi siması ötən illərlə müqayisədə daha da parlaq olsun».
O, həcc mərasimi ilə əlaqədar təşkilatların keyfiyyətli işlərini minnətdarlıqla xatırlayaraq dedi: «Həcc çox parlaq, təsirli və nüfuzedici bir mesaj vasitəsidir, onun bu geniş mənasından lazımınca yararlanmalıyıq».
Həzrət Ayətullah Xameneyi həcc məsələsi ilə bağlı mövcud imkanlardan daha səmərəli istifadə etmək üçün bütün əlaqədar təşkilatların yardımını zəruri sayaraq bildirdi: «Həcc mərasimini daha da layiqli bərpa etmək məqsədilə əlaqədar qurumların imkanlarını dəqiq araşdırmaq və bu imkanlardan lazımi səviyyədə faydalanmaq üçün təşkilatlar arasında əlaqə yaratmaq öz təsirini mütləq göstərəcək».
O, İslam dünyasının bütün hacılarının ürəklərini cəlb etməkdə Quranın misilsiz imkanlarına xüsusilə işarə edərək vurğuladı: «İki müqəddəs hərəmdə İranın görkəmli qarelərini dinləmək sözün tam mənasında Allah evinin zəvvarlarının qəlbini Quranın əzəmət və möhtəşəmliyinə cəlb etməyə daha çox kömək edə bilər».
İslam İnqilabının Rəhbəri müxtəlif müxatiblər arasında onların hər birinə uyğun olan dərin mədəni maarifləndirmə işini həccin geniş imkanlarından təsirli və əhəmiyyətli istifadə kimi qiymətləndirdi.
Görüşün əvvəlində İranlı hacıların rəhbəri və vəliyyi-fəqihin nümayəndəsi olan Höccətül-İslam vəl-muslimin Məhəmmədi Reyşəhri bu il keçirilən rahat, izzətli və mənəviyyat dolu həcc mərasimi barədə bunları dedi: «Müxtəlif təşkilatların, eləcə də mədəni-maarif orqanlarının məqsədyönlü həmkarlığı, habelə Xarici İşlər Nazirliyinin daha da aktivləşməsi sayəsində əzəmətli həcc mərasimindən daha da səmərəli faydalanmaq olar».
Görüşdə Həcc və Ziyarət Təşkilatının rəhbəri cənab Xaksar Qəhrudi builki həcc ziyarətinin gedişatı barədə də məlumat verdi: «Gözəl proqramlar, mütəxəssis və peşəkarların dəyərli işləri, həmçinin təhlükələri qabaqcadan nəzərə almaq və s. bu kimi planların nəticəsidir ki, Allah evinin zəvvarları yüksək səviyyədə təşkil olunmuş həcc mərasiminə görə daha çox razılıq bildirirlər».